Məhkəmə qərarları › İş №2(103)-8091/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8091/2021

10.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8091/2021 10.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Xəzər Rayon Məhkəməsinin 04.06.2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində uşağın saxlanması üçün hər ay 176 manat aliment ödənilməsi tələb olunub. Qətnamə ilə qət olunub ki, iddia təmin olunsun, 09.03.2013-cü il təvəllüdlü uşaq X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün 16.05.2021-ci il tarixdən başlayaraq hər ay 175 manat aliment cavabdehdən (atadan) tutularaq iddiaçıya (anaya) verilsin. Apellyasiya şikayətində qətnamənin alimentin miqdarına aid olan hissəsi mübahisələndirilib, alimentin miqdarının 100 manat müəyyən edilməsi xahiş olunub. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağaıdakıları qeyd edir. Qətnamənin alimentin miqdarına aid hissəsi mübahisələndirildiyinə görə yalnız həmin hissənin əsaslılığı apellyasiya qaydasında yoxlanılmışdır. Yoxlanılan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə sabit pul məbləğində tutulan alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Alimentin miqdarının hər ay üçün 175 manat müəyyən edilməsi həmin maddənin göstərişinə uyğundur, bu, birinci instansiya məhkəməsinin qətnaməsində düzgün müəyyən edilib və lazimi qaydada əsaslandırılıb. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, cavabdehin maddi vəziyyəti onun uşağın saxlanması üçün zəruri olan xərcləri ödəmək vəzifəsindən azad edilməsi üçün əsas deyil. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Xəzər Rayon Məhkəməsinin 04.06.2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar