Məhkəmə qərarları › İş №2(103)-8097/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8097/2020

02.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8097/2020 02.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3172/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli, qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3172/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair iddia ərizəsinin geri qaytarılması qərara alınmış, məhkəmə öz mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı cavabdehin qeydiyyata alındığı yerin məhkəməsinə müraciət etməlidir. Həmin qərardaddan iddiaçının verdiyi şikayət birinci instansiya məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, cavabdeh Lerik rayonunda qeydiyyatda olduğundan məhkəməyə gedibgəlməkdə çətinliklər yaranır. Məhkəmə iclasında iştirak edən cavabdeh isə hazırda Buzovna qəsəbəsində yaşadığını, himayəsində azyaşlı uşaq olduğu üçün, işə yaşadığı rayon üzrə məhkəmədə baxılmasının daha düzgün olduğunu, lakin işin ərazi aidyyəti məsələsinin həllini məhkəmənin mülahizəsinə verdiyini bildirmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilərək birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı və iddia ərizəsinin icraatının mümkünlüyü məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Kollegiya cavabdehin hazırda Buzovna qəsəbəsində yaşadığını, işə Xəzər Rayon Məhkəməsində baxılmasına etiraz etmədiyi, iddiaçının da işə həmin məhkəmədə baxılmasını xahiş etdiyini nəzərə alaraq, hesab edir ki, birinci instasniya məhkəməsinin qərardadı ləğv edilməli və iddia ərizəsinin icraatının mümkünlüyü məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə qaytarılmalıdır. Belə ki, iş materiallarında olan Xəzər rayonu İcra Hakimiyyətinin Buzovna qəsəbəsi Nümayəndəliyi tərəfindən xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, Cavabdeh hazırda ünvan 1 ünvanında yaşayır. Beləliklə cavabdehin faktiki olaraq Xəzər rayonu ərazisində yaşamasının rəsmi sənədlə təsdiq edildiyini, həmçinin cavabdehin himayəsində azyaşlı uşağın olmasını və buna görə də onun Lerik rayonuna gedib-gəlməsində çətinlik olacağı da nəzərə alınmaqla işə Xəzər Rayon Məhkəməsində baxılması məqsədəmüvafiqdir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin olunsun. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3172/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin və iddia ərizəsinin icraatının mümkünlüyü məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar