Məhkəmə qərarları › İş №2(103)-810/2021

Bakı Apellyasiya Məhkəməsi Əlavə qətnamə — İş №2(103)-810/2021

15.12.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından ƏLAVƏ QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-810/2021 15.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “əmək haqqının, son haqq-hesabın, vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbi barədə mülki işə dair Bakı Apellyasiya Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli qətnaməsi üzrə əlavə qətnamə çıxarılması barədə iddiaçının ərizəsinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək , İddiaçı işdən azad olunduğu vaxtdan hesablanmış 4.879,16 manat əmək haqqı, ödənilməmiş əmək haqqına gündəlik 1 faiz ödənc kimi 10.689,85 manat və dəymiş mənəvi ziyana görə 10.000 manat pul cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3380/2020 saylı, 08 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı işdən azad olunduğu 12.02.2020-ci ilədək hesablanmış 5.379,16 manat əmək haqqı və son haqqhesabından 08.09.2020-ci il tarixədək ödənilməmiş qalan 4.879,16 manat pul, əmək haqqının gecikdirilməsinə görə 500 manat cərimə olmaqla, cəmi 5.379,16 manat pulun cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun qismən ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini iddia tələbinin məzmununa uyğun əsaslandırmaqla əlavə olaraq bildirmişdir ki, məhkəmə əsassız olaraq onun tələb etdiyi məbləğləri tam təmin etməmiş, həmçinin mənəvi ziyan tələbini təmin etməməkdə səhvə yol vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin olmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e- 2(004)-3380/2020 saylı, 08 sentyabr 2020-ci il tarixli qətnaməsi iddia tələbinin qismən təmin edilən “ödənilməmiş əmək haqqında gündəlik 1 faiz ödəncin verilməsi” hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş və İddiaçı ödənilməmiş əmək haqqında gündəlik 1 faiz ödəncin verilməsi qismində 8523,4 manat (səkkiz min beş yüz iyirmi üç manat dörd qəpik) pul cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilmiş və qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Hazırda İddiaçı iş üzrə əlavə qətnamə çıxarılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə xərcləri ilə bağlı, xüsusən apellyasiya mərhələsində mühasibatlıq ekspertizasına görə onun tərəfindən ödənilmiş və sübutlarla təsdiq olunan 400 manat xərcin cavabdehdən tutulması məsələsinin həll edilməsi xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə ərizənin dəlillərini müdafiə edərək, əlavə olaraq bildirdi ki, apellyasiya baxışı zamanı təyin edilmiş ekspertiza baş tutmadığından özləri məcbur olaraq ekspert rəyi əldə etmişlər və ekspert xərci iddiaçı tərəfindən tam ödənilmişdir. Hesab edir ki, həmin xərc cavabdehdən tutulmalıdır. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X3 ərizəyə etiraz edərək. İzahatında əlavə olaraq bildirdi ki, iddiaçının öz təşəbbüsü ilə əldə etdiyi rəyə görə xərclər cavabdeh tərəf olaraq onlardan tutula bilməz. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməklə iş üzrə əlavə qətnamə qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə müvafiq olaraq iş üzrə qətnamə çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə işdə iştirak edən şəxslər tələblərdən hər hansı biri üzrə sübutlar təqdim etmiş və izahatlar vermişlərsə, bu tələblər barədə qətnamə çıxarılmamışsa; hüquq barədə məsələ həll etmiş hakim alınmalı məbləğin, verilməli əmlakın miqdarını, yaxud cavabdehin etməli olduğu hərəkətləri göstərməmişsə; məhkəmə xərcləri haqqında məsələ hakim tərəfindən həll edilməmişsə əlavə qətnamə çıxara bilər (maddə 229.1). İş materiallarından göründüyü kimi apellyasiya baxışı zamanı işin obyektiv həllinə nail olmaq üçün mülki iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və ekpert qarşısında – “İddiaçı cavabdeh "xxxx" MMC-də işlədiyi dövr ərzində tutduğu vəzifə üzrə nəzərdə tutulmuş, lakin almadığı əmək haqqının və son haqq-hesabın məbləğləri ayrıayrılıqda hesablanmaqla müəyyən edilməsi” sualı qoyulmuşdur. Ekpertizanın keçirilməsi üçün tələb edimiş sənədlər təqdim edilmədiyindən ekspertiza aparılmasından imtina edilmişdir Bundan sonra iddiaçı X1 294 saylı, 12 noyabr 2021-ci il tarixli rəyini təqdim etmişdir və həmin rəy iş üzrə sübutlarla birlikdə araşdırılmaqla iş üzrə yekun qərar qəbul edilərkən nəzərə alınmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 115.0 və 115.0.1-ci maddələrinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından göründüyü kimi Bakı Apellyasiya Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi - iddia tələbinin qismən təmin edilən “ödənilməmiş əmək haqqında gündəlik 1 faiz ödəncin verilməsi” hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə həmin hissədə iddia tələbi qismən təmin edilmişdir. Göründüyü kimi X1 ekspertiza xərci 400 (dörd yüz) manat tərəflərdən bərabər qaydada tutulmalıdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iş materiallarında olan ödəniş qəbzindən görünür ki, yuxarıda qeyd edilən ekspert xərci iddiaçı tərəfindən ödənilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışı zamanı iddiaçı tərəfindən çəkilmiş ekspert xərci olan 400 manatın 50% hissəsi iddiaçıya aid edilməli, qalan 50%, yəni 200 manat iddiaçı tərəfindən ödənilməsi nəzərə alınaraq 200 manat pul cavabdehdən tutularaq iddiaçının xeyrinə verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 229-cu maddəsini rəhbər tutaraq, Məhkəmə QƏT E T D İ: İş üzrə əlavə qətnamə qəbul edilsin. Apellyasiya baxışı zamanı İddiaçı tərəfindən çəkilmiş ekspert xərci olan 400 manatın 50% hissəsi iddiaçıya İddiaçı aid edilsin, qalan 50%, yəni 200 manat İddiaçı tərəfindən ödənilməsi nəzərə alınaraq 200 manat pul cavabdeh "xxxx" MMC-dən tutularaq iddiaçının İddiaçı xeyrinə verilsin. Əlavə qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Vəfaddin İbayev Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar