Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8110/2021 29.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə, İddiaçı vəkili Nümayəndə2, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh1 qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-142/2021 saylı, 20 may 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə birgə nikah dövründə əldə etdikləri VAZ 21214 minik markalı, ** VN *** dövlət nömrə nişanlı avtomobilin dəyərinin ½ hissəsini təşkil edən 6750 manatın cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh1 ilə 10 noyabr 2012-ci il tarixdə nikaha daxil olmuşlar, birgə nikahlarından 06.08.2013-cü il tarixdə X1 və 01.07.2015-ci il tarixdə isə X2 dünyaya gəlmişdir. Cavabdeh1 ilə aralarında olan 10 noyabr 2012-ci il tarixli nikah Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1376/2017 saylı, 30 yanvar 2017-ci il tarixli qətnaməsi ilə pozulmuş və bu barədə 05 aprel 2017-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Cavabdehlə birgə nikah dövründə 19.10.2015-ci il tarixdə VAZ 21214 minik markalı, ** XC *** dövlət nömrə nişanlı avtomobili əldə etmişlər. Sonradan həmin avtomobilin nömrə nişanı dəyişərək, ** EO *** kimi qeydiyyata alınmış və hazırda isə dövlət nömrə nişanı ** VN ***-dur. Belə ki, Cavabdeh1 qarşı “əmlak tələbi”-nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək VAZ 21214 minik markalı, ** VN *** dövlət nömrə nişanlı avtomobil üzərində onun və Cavabdeh1 1/2 hissədə mülkiyyət hüququnun tanınması və həmin avtomobilin açıq-hərracdan satılaraq-əldə edilmiş vəsaitin mülkiyyətçilərin paylarına mütənasib olaraq bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O cümlədən işə mahiyyəti üzrə baxılıb qurtaranadək VAZ 21214 minik markalı, ** VN *** dövlət nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulması və həmin avtomobilin saxlanca verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Lakin, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5433/2018 saylı, 19.08.2019-cu il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Həmin qərardaddan şikayət vermiş və Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-2657/2019 saylı, 02 Oktyabr 2019-cu il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5433/2018 saylı, 19.08.2019-cu il tarixli qərardadı ləğv edilmiş və mübahisəli avtomobilin özgəninkiləşdirilməsi cavabdehə qadağan edilmişdir. Bundan sonra Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5433/2018 saylı, 19.08.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş və mübahisəli avtomobil üzərində cavabdehlə bərabər pay hüququnun olması müəyyən edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş və apellyasiya şikayəti ilə tanış olarkən məlum olmuşdur ki, cavabdeh birgə nikah dövründə əldə olunmuş mübahisəli avtomobili Cavabdeh2 oğluna satmışdır. Cavabdeh2 Cavabdeh1 dostudur. Beləliklə, Cavabdeh1 ilə ailə münasibəti pozulduqdan sonra birgə nikah dövründə əldə etdikləri avtomobil bölünməsin deyə, 01.10.2019-cu il tarixdə formal alqı-satqı müqaviləsi bağlayaraq avtomobili dostunun adına keçirmişdir. Göründüyü kimi cavabdeh birgə nikah dövründə əldə etdiyi və birgə mülkiyyəti olan avtomobili onun razılığı olmadan dostunun adına formal alğı-satqı müqaviləsi əsasında keçirmiş və onun mülkiyyət hüquqlarını kobud şəkildə pozmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-142/2021 saylı, 20 may 2021-ci il tarixli qətnaməsi ilə iddia ərizəsinin qismən – Cavabdeh1 5250 (beş min iki yüz əlli) manat məbləğində pulun tutularaq İddiaçı verilməsi hissəsində təmin edilmiş, həmçinin ekspertiza tədqiqatının dəyəri olaraq 200 (iki yüz) manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Qətnamədən apellyasiya şikayəti verən cavabdeh qətnamənin iddia tələbinin təmin edildiyi hissəsində ləğv edilməsi və iddia tələbinin tamamilə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, apellyasiya şikayətinin dəlillərini müdafiə etməklə yanaşı bildirdi ki, tərəflər arasında məhkəmənin icraatında olan dayandırılmış - ər-arvad arasında əmlak bölgüsü tələbinə dair mülki işlə, hazırki mülki işin birləşdirilməsi mümkün deyil və həmin işlər ayrıca icraatda baxılmalıdır. Apellyasiya baxışı zamanı İddiaçı vəkili Nümayəndə2 apellyasiya şikayətinə etiraz etməklə yanaşı bildirdi ki, tərəflər arasında məhkəmənin icraatında olan dayandırılmış - ərarvad arasında əmlak bölgüsü tələbinə dair mülki işlə, hazırki mülki işin birləşdirilməsi işə qısa müddətdə baxılmasına xidmət etmiş olacaqdır. Belə ki, dayandırılmış işdə olan tələb avtomobilə dair payların müəyyən edilməsi, hazırki işdə isə tələb avtomobilin dəyərinin ½ hissəsini təşkil edən pulun Cavabdeh1 tutulması təşkil edir. Hesab edir ki, hər iki mülki iş bir icraatda birləşdirilməlidir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, hazırki 2(103)-8110/2021 saylı mülki iş, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının icraatında olan İddiaçı Cavabdeh1 Aydin oğluna qarşı ər-arvad arasında əmlak bölgüsü tələbinə dair 2(103)-275/2021 saylı mülki işlə (sədrlik edən hakim Xəyal Sarıyev) birlikdə baxılması üçün birləşdirilməlidir. Kollegiya qeyd edir ki, sözügedən mülki işlər eyni tərəflərin iştirak etdiyi bir-biri ilə əlaqəli işlər olduqları üçün onların bir icraata birləşdirilməsi məqsədəuyğundur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh1 qarşı əmlak bölgüsü tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Vaz 21214” minik markalı, 10- VN-019 dövlət nömrə nişanlı avtomobil üzərində onun və Cavabdeh1 ½ (ikidə bir) hissədə mülkiyyət hüquqlarının tanınması və həmin avtomobilin açıq hərracdan satılaraq əldə edilmiş vəsaitin mülkiyyətçilərin paylarına mütənasib olaraq bölünməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qeyd olunan mülki işin icraatı apellyasiya baxışı zamanı dayandırılmışdır. Hazırki mülki işdə isə İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə birgə nikah dövründə əldə etdikləri yuxarıda mübahisələndirilən avtomobilin dəyərinin ½ hissəsini təşkil edən 6750 manatın cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi qeyd olunan işlərin birləşdirilməsi məqsədəmüvafiqdir və onlar birlikdə baxılmaq üçün bir icraatda birləşdirməlidir. Məhkəmə kollegiyası, mülki-prosessual hüquq institutu olan “işlərin bir icraatda birləşdirilməsi” institutunun yuxarıda qeyd olunan iddia tələblərinə (mülki işlərə) münasibətdə tətbiqini həm ədalətli, həm də hüququn ümumi prinsiplərinə uyğun sayır. Bu həm də, ədalət mühakiməsinin səmərəliliyini şərtləndirən amillərdən olan və onun məqsədlərinə nail olunmasında mühüm rol oynayan “mübahisələrə mümkün olan qısa müddətlərdə baxılması” prinsipinə də uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: 2(103)-8110/2021 və 2(103)-275/2021 sayıları altında qeydə alınmış mülki işlər birlikdə baxılması üçün bir icraatda 2(103)-275/2021 №-si altında birləşdirilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Vəfaddin İbayev Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-8110/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8110/2021
29.09.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver