Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8125/2021 19.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaova Ülkər Nazim qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) X7 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “əvvəlki dövr üçün alimentin tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 29.09.1999-cu il təvəllüdlü X1 üçün 12.09.2017-ci il tarixindən 2019-cu ilin avqust ayına qədər olan dövr üçün aliment fərqini təşkil edən 6900 manatın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, cavabdehlə 12.07.1985-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, nikahlarından 29.09.1999-cu il tarixdə Ləman adını verdikləri uşaqları dünyaya gəlmiş, sonradan münasibətləri pozulduğundan nikahlarını pozmaq qərarına gəlmiş, cavabdehin iddiası əsasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13.03.2018-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, uşağın saxlanılması üçün cavabdehdən hər ay 100 manat alimentin onun xeyrinə tutulması qət edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 06.06.2018-ci il tarixli qərardadı ilə həmin qətnamənin aliment hissəsi aliment növünün səhv seçilmi olduğu əsas göstərilməklə ləğv olunmuş və ona alimentlə bağlı Ailə Məcəlləsinin 80-ci maddəsinə əsasən (əmək qabiliyyəti olmayan yetkinlik yaşma çatmış övladların aliment almaq hüququ) məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Beləliklə, ilk dəfə aliment tələbi ilə məhkəməyə müraciət edərkən aliment növünü düz seçilmədiyindən Bakı Apellyasiya Məhkəməsi Məhkəməyə müraciət edərkən bunu bilməmiş, hətta nümayəndəsi belə bu barədə onu xəbərdar etməmiş, məhkəməyə müraciət etməkdə niyyəti övladının saxlanılması və ona qulluq göstərilməsi ilə bağlı aliment təyin edilməsi olmuşdur. X4 anadangəlmə sağlamlıq imkanları məhdud olmuş, fiziki inkişafında və bədən üzvlərinin fəaliyyətində həm mürəkkəb, həm də ağır çatışmazlığı ilə yanaşı, dayaq hərəkət fəaliyyəti də daimi pozulmuş vəziyyətdə doğulmuşdur. Nikahları pozulduqdan sonra, anadangəlmə sağlamlıq imkanları məhdud olan övladı onun himayəsində qalmış, uşağın bütün maddi, mənəvi və daimi müalicə tələb edən ehtiyaclarını qohumlarının maddi yardımı hesabına ödəmişdir. Cavabdeh, bir ata kimi ağır xəstə olan əlil övladının necə yaşaması və hansı maddi çətinliklər çəkməsi barədə nə düşünür, nə də ki, maraqlanır. Anadangəlmə sağlamlıq imkanları məhdud olan övladının mövcud olan və günbəgün də ağırlaşaraq iflic qüsurluluğuna çevrilən vəziyyəti, daimi diqqət, qayğı, nəvaziş, qulluq, nəzarət, mütamadi müayinə və müalicə, o cümlədən, müalicə dərmanlarının alınmasını tələb edir. Təkbaşına üzləşdiyi belə vəziyyətin ucbatından işləyə bilmir. Övladının ana nəvazişindən başqa, digər maddi məsrəflərə də ehtiyacı vardır. Belə vəziyyətdə lazım olan xərclərin ödənilməsinin təkbaşına edə bilmir. Buna görə də, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29.08.2019-cu il tarixli qətnaməsi ilə 1999-cu il təvəllüdlü X2 maddi cəhətdən saxlanılması üçün hər ay 300 (yüz) manat məbləğində xeyrinə tutulan aliment 2019-cu ilin avqust ayından deyil, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinə ilk dəfə müraciət etdiyi vaxtdan, yəni 12 sentyabr 2017-ci tarixdən hesablanmalı və yaranmış 6900 manat fərq cavabdehdən alınıb ona ödənilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 29.09.1999-cu il təvəllüdlü X1 üçün 1800 (min səkkiz yüz) manat məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddiasının tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin işin hallarına və sübutlara düzgün qiymət vermədiyini, ləğv olunmu qətnamədə göstərilən aliment məbləğini əsas götürdüyünü, anlaşılmaz qərar çıxardığını irəli sürmüşdür. Məhkəmə iclasında iştirak edən İddiaçı və nümayəndəsi (vəkili) X8 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmiş, cavabdeh isə məhkəməyə gəlməmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddia tələbinin təmin olunmayan hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni cavabdeh mübahisələndirməmiş, iddiaçı isə faktiki olaraq qeyd edilən hissə ilə bağlı apellyasiya şikayəti vermişdir. Başqa sözlə, iddianın təmin olunan hissəsi hazırkı apellyasiya baxışının predmeti deyildir. Qeyd olunan kontekstdə məhkəmə kollegiyası iş materiallarında toplanmış sübutları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının mübahisələndirdiyi hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş hallarına görə, tərəflər 12.07.1985-ci il tarixdə rəsmi nikaha daxil olmuş, nikahlarından 29.09.1999-cu il tarixdə Ləman adını verdikləri uşaqları doğulmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 mart 2018-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, uşağın anasının himayəsində qalması, Cavabdeh 25.10.2017-ci il tarixdən başlayaraq 29 sentyabr 1999-cu il təvəllüdlü X1 üçün hər ay 100 manat məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmiş, Bakı Apelyasiya Məhkəməsinin 06 iyun 2018-ci il tarixli qərardadı ilə həmin qətnamənin alimentin tutulması ilə bağlı hissəsi ləğv olunmuş, İddiaçı alimentlə bağlı Ailə Məcəlləsinin 80-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29.08.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı iddia tələbi qismən təmin edilmiş, Cavabdeh ağır xəstə, əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladı - 29.09.1999-cu il təvəllüdlü X3 münasibətdə əlavə xərclərin ödənilməsinə cəlb olunması, ondan bu məqsədlə İddiaçı xeyrinə 13.05.2019-cu il tarixdən başlayaraq hər ay 300 manat sabit pul məbləğində alimentin tutulması qət olunmuşdur. İş materiallarından aydın olur ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin həmin qətnaməsi Bakı Apelyasiya Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli qətnaməsi ilə, apellyasiya instansiyasının aktı isə Ali Məhkəmənin 30.07.2020-ci il tarixli qərarı ilə dəyidirilmədən saxlanılmışdır. Yuxarıda qeyd olunduğu kimi iddiaçı, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29.08.2019-cu il tarixli qətnaməsi ilə xeyrinə tutulan alimentin tutulma müddətinin daha əvvəldən hesablanmalı olduğunu irəli sürmüş, birinci instansiya məhkəməsi isə onun alimentlə bağlı ilk dəfə 12 sentyabr 2017-ci il tarixdə məhkəməyə müraciət etdiyini və bu müraciət əsasında çıxarılan qətnamənin sonradan ləğv edildiyini vurğulamaqla, əvvəlki dövr üçün 3 illik müddət həddində alimentin tutulmasının 12 sentyabr 2017-ci il tarixdən 13.05.2019-cu il tarixədək hesablanmalı olduğu nəticəsinə gəlmişdir. Ailə Məcəlləsinin 80-ci maddəsinə əsasən, valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. Aliment ödənilməsi barədə saziş olmadıqda, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların saxlanması üçün alimentin miqdarı, tərəflərin ailə və maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur; 100.3-cü maddəsinə görə isə, məhkəmə, iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Kollegiya hesab edir ki, qanuni qüvvəsini almış qətnamə ilə tutulma müddəti müəyyənləşdirilmiş alimentin daha əvvəlki dövrdən hesablanmaqla tutulmalı olması qənaəti Ailə Məcəlləsinin 100.3-cü maddəsinin dispozisiya şərtlərinə uyğun deyildir; bununla belə, qətnamə cavabdeh tərəfindən mübahisələndirilmədiyindən və iddianın təmin olunan hissəsində yoxlanılmadığından, hazırkı halda həmin məsləyə qiymət verilməyəcəkdir. Lakin bu o deməkdir ki, iddiaçının apellyasiya şikayəti təmin oluna bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1544/2021 saylı iş üzrə 03 may 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni iddia tələbinin təmin olunmaması ilə bağlı hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-8125/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8125/2021
19.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver