Məhkəmə qərarları › İş №2(103)-8127/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8127/2020

12.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8127/2020 12.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Babayeva Ülkər Nazim qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı X4 qarşı “alimentin azaldılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi əsasında azyaşlı övladları Rüstəm və Nurayın saxlanılmaları üçün ondan hər ay tutulmasına qərar verilmiş cəmi 300 manat aliment məbləğinin hər uşağa görə 100 manat olmaqla 200 manat müəyyənləşdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmamışdır. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddiasının təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini məhkəmənin işə ədalətli yanaşmadığı, cəmi 529 manat əmək haqqı almaqla ikinci dəfə ailə həyatı qurduğunu, hamilə həyat yoldaşına qulluq etməsini, keçmiş həyat yoldaşı olan cavabdehin 1000 manata yaxın maaş aldığını nəzərə almadığı arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin olunmasını xahiş etmiş, cavabdeh isə məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin müəyyən olunmuş hallarına görə, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahlarından doğulmuş xx xxxx 2005-ci il təvəllüdlü X2 və xx xxxx 2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları məqsədilə hər uşaq üçün 100 manat alimentin iddiaçıdan tutulması qərara alınmış, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə aliment məbləği hər uşaq üçün 150 manata artırılmış, həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Beləliklə iddiaçının iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının azaldılmasından və aliment borcundan azad edilmədən ibarətdir.Belə növ iddia tələbinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdansonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qanunvericiliyin qeyd olunan müddəasının mənasına görə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra alimentin müəyyən olunmuş miqdarını dəyişdirilməsi üçün tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik baş verməlidir. Hazırki mübahisənin hallarından görünür ki, iddiaçı alimentin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi əsasında müəyyən olunmuş miqdarının azaldılmasını ikinci dəfə ailə həyatı qurmuş olması, özünün 529 manat, cavabdehin isə 1000 manata yaxın maaş aldığı arqumentlərinə istinad edərək irəli sürmüşdür – hansı ki, bu hallar əvvəlki məhkəmə qətnaməsi çıxarılarkən da mövcud olmuşdur. Çünkü Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən aydın olur ki, iddiaçı bu halları həmin işə baxılarkən iddiaya etiraz kimi irəli sürmüşdür. Məhkəmə kollegiyasının qənaətinə görə iddiaçının əsaslandığı hallar, alimentin miqdarı müəyyən olunduqdan sonra onun ailə və ya maddi vəziyyətində baş vermiş və müvafiq olaraq alimentin miqdarının azaldılmasını (aliment borcundan azad edilməsini) zəruri edən dəyişiklik kimi qəbul edilə bilməz. Bu zaman xüsusilə nəzərə alınmalıdır ki, Ailə Məcəlləsi alimentin təyin edilməsində olduğu kimi, onun müəyyən olunmuş miqdarının dəyişdirilməsi zamanı da yalnız uşağın valideynlərinin ailə və ya maddi vəziyyəti ilə bağlı meyarların nəzərə alınmasını tələb edir. Məhkəmə kollegiyası onu da nəzərə alır ki, hazırki iddia tərəflər arasında alimentin məbləğinin müəyyənləşdirilməsi ilə bağlı məhkəmə mübahisəsi bitdikdən çox da uzun olmayan müddət keçdikdən sonra təxminən 10 ay sonra qaldırılmışdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3748/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar