Məhkəmə qərarları › İş №2(103)-8135/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8135/2021

15.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8135/2021 15.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-353/2021 saylı, 22 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Cavabdeh qarşı uşaq və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12 iyun 2015-ci il təvəllüdlü X4 Cavabdeh alınaraq, onun himayəsinə verilməsi, 12 iyun 2015-ci il təvəllüdlü X4 və 27 iyul 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşma çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa görə 170 manat, ümumilikdə 340 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-353/2021 saylı, 22 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, 12 iyun 2015-ci il təvəllüdlü X4 anası İddiaçı himayəsinə verilməsi, Cavabdeh 12 iyun 2015-ci il təvəllüdlü X4 və 27 iyul 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 170 manat, ümumilikdə 340 manat sabit pul məbləğində alimentin tutularaq, İddiaçı verilməsi, qətnamənin dərhal icra edilməsi və alimentin tutulmasının 12.05.2020-ci il tarixdən hesablanması qərara alınmışdır. Apellyasiya şikayəti və onun dəlilləri: Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermiş və şikayətin dəlilləri ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi tərəfindən tutulması müəyyən edilmiş alimentin məbləği 340 manat təşkil edir ki, onun həmin məbləği ödəmək üçün maddi imkanı yoxdur. Bu səbəbdən, alimentin məbləğinin azaldılması, həmçinin övladı 12 iyun 2015-ci il təvəllüdlü X4 onun himayəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək, övladı 12 iyun 2015-ci il təvəllüdlü X4 hazırda onun yanında olduğunu, buna baxmayaraq, səhvən alimentin hər iki uşağa görə 12.05.2020-ci il tarixindən tutulduğunu bildirdi və onunla qalan uşağının onun himayəsinə verilməsini istədiyini göstərərək, eyni zamanda nikahlarının pozulması barədə ərizə verməyə hazırlaşdığını qeyd edərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayəti ilə razılaşmayaraq, eyni zamanda bildirdi ki, o, övladı 12 iyun 2015-ci il təvəllüdlü X4 atasından alınaraq ona verilməsini tələb etməsinə baxmayaraq, rayon məhkəməsi onun tələbinin tam təmin olunduğunu qeyd etsə də, lakin uşağın atadan alınıb ona verilməsini həll etməmişdir. Həmçinin, övladı 12 iyun 2015-ci il təvəllüdlü X4 hazırda atasının yanında yaşadığını təsdiq edərək, nikahlarının pozulması ilə bağlı məhkəməyə müraciət edəcəyini bildirdi və apellyasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi: Mülki iş materiallarında olan 4 saylı Bakı "ASAN xidmət" mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş çıxarışdan görünür ki, Cavabdeh ilə X3 01.03.2016-cı ildə rəsmi nikah bağlamışlar. Nikah bağlandıqdan sonra arvada "Əhmədova " soyadı verilmişdir. Tərəflərin birgə nikahından 12 iyun 2015-ci ildə X7 və 27 iyul 2016-cı ildə X5 doğulmuşdur. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komisiyasının 1/1153 saylı, 01.04.2021 -ci il tarixli rəyindən görünür ki, Komissiya 12 iyun 2015-ci il təvəllüdlü X4 və 27 iyul 2016-cı il təvəllüdlü X1 İddiaçı himayəsinə verilməsini məqsədəuyğun hesab etmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayətinə əsasən tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iddia tələbləri təmin olunmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin bir dəlili aylıq 340 manat alimenti ödəmək üçün maddi imkanının olmaması ilə bağlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcədə aliment verməyə borcu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideyinin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də, Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Beləliklə, Kollegiya qeyd edir ki, hazırkı iş üzrə cavabdehin işləmədiyini, maddi imkanın aşağı olmasını əsas gətirməsi iddia tələbinin rədd olunması üçün əsas ola bilməz. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Həmin qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin qanunun 19-cu maddəsinin tələbinə görə uşağın maddi və mənəvi tələbətlarının təmin edilməsi valideynlərin əsas vəzifəsidir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. Bundan əlavə, aliment ödəyən əmək qabiliyyətli valideynin qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Yuxarıda qeyd edilənlərə əsasən, Məhkəmə kollegiyası hesab edir ki, rayon məhkəməsi alimentin məbləğini aylıq hər uşaq üçün 170 manat olmaqla, ümumilikdə 340 manat müəyyən etməkdə haqlı olmuşdur. Cavabdehin apellyasiya şikayətinin digər dəlili isə 12 iyun 2015-ci ildə X4 onun himayəsində qalması ilə bağlıdır. Kollegiya bununla bağlı qeyd edir ki, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 1/1153 saylı, 01.04.2021 -ci il tarixli rəyindən görünür ki, Komissiya 12 iyun 2015-ci il təvəllüdlü X4 və 27 iyul 2016-cı il təvəllüdlü X1 İddiaçı himayəsinə verilməsini məqsədəuyğun hesab etmişdir. Cavabdeh ərizə verərək, uşaqların onun himayəsinə verilməsinin məqsədəmüvafiq olmasının müəyyən edilməsi üçün mülki işin təkrar Qəyyumluq və Himayəçilik Komissiyasına göndərilməsini xahiş etmişdir. Məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin həmin ərizəsi kifayət qədər əsaslandırılmadığı üçün təmin edilə bilməz. Cavabdehin apellyasya şikayətinin övladı 12 iyun 2015-ci ildə X4 onun himayəsində qalması barədə dəlili üzrə Kollegiya aşağıdakıları qeyd edir. Belə ki, həm milli qanunvericilikdə, həm beynəlxaq konvensiyalarda, eləcə də Avropa Məhkəməsinin çoxsaylı qərarlarında da uşaqlarla bağlı mübahisələrə baxılarkən hər şeydən öncə uşaqların üstün maraqlarının təmin edilməsi təsbit olunmuşdur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarında göstərilmişdi ki, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. Boşanma zamanı məhkəmə uşağın üstünmənafeyinə zidd olmadığı müddətcə, uşağın öz ata-anası və ailə üzvləri ilə (bacı, qardaş, baba, nənə, və uşağın güclü şəxsi münasibətləri olan digər şəxslər) münasibətlərini davam etdirməsini təmin etməlidir. Uşağın atanın yanında qalmasının müəyyən edilməsi üçün çox ciddi əsasların məsələn, ananın fəliyyət qabiliyyəti olmayan hesab edilməsi, eləcə də xroniki alkoqol və ya narkomaniya xəstəsi olması barədə müvafiq tibbi-həkim rəyinin mövcudluğu və s. bu kimi halların olması gərəkdir. Hazırkı mülki iş üzrə isə iddiaçıya münasibətdə qeyd edilən hallardan hər hansı biri mövcud olmadığından Kollegiya hesab edir ki, cavabdehin 12 iyun 2015-ci ildə X4 onun himayəsində qalması barədə dəlili əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən də hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkəmə iclasında cavabdeh övladı 12 iyun 2015-ci il təvəllüdlü R.Əhmədovun onun yanında olduğunu bildirmiş, rayon məhkəməsi isə hər iki uşaq üçün alimentin tutulma vaxtını iddia ərizəsinin verildiyi tarixdən hesablamışdır. Bundan əlavə, faktiki cavabdehin yanında olan uşağın cavabdehdən alınıb iddiaçıya verilməsi məsələsini qətnamənin əsaslandırma hissəsində qeyd etsə də, “qət etdi” hissəsində göstərməmişdir. Halbuki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarınnın 7.7-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, qətnamənin nəticə hissəsində uşağın kimin yanında qalması məsələsi həll edilərkən uşaq həmin valideynin yanında deyildirsə, onda gələcəkdə qətnamənin icrasında yaranacaq qeyri-müəyyənliyi aradan qaldırmaq, eləcə də yetkinlik yaşına çatmamışın hüquqlarının müdafiəsini təmin etmək üçün onun digər valideyndən alınıb yanında qalması müəyyən edilən valideynə verilməsi məsələsi də həll edilməlidir. Bundan əlavə, rayon məhkəməsi, faktiki olaraq atanın-cavabdehin yanında olan uşaq üçün alimentin tutulma vaxtını uşağın cavabdehdən alınıb iddiaçıya verilməsi vaxtından tutulması yerinə, iddia ərizəsinin verildiyi vaxtdan hesablamaqda da haqlı olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məcəllənin 386-cı maddəsinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Beləliklə, Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən qətnamə ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul olunmalı, uşaqların üstün hüquqi mənafeyini və qanunvericiliyin tələblərini nəzərə alaraq iddia tələbləri təmin olunmalı, 12 iyun 2015-ci il təvəllüdlü X4 və 27 iyul 2016-cı il təvəllüdlü X5 iddiaçının himayəsinə verilməli, 12 iyun 2015-ci il təvəllüdlü X7 cavabdehdən alınaraq iddiaçıya verilməli, 12 iyun 2015-ci il təvəllüdlü X4 və 27 iyul 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat məbləğində aliment Cavabdeh tutularaq, İddiaçı ödənilməli, aliment 12 iyun 2015-ci il təvəllüdlü X6 aid hissədə onun cavabdehdən alınıb iddiaçıya verildiyi vaxtdan hesablanmalı, 27 iyul 2016-cı il təvəllüdlü X2 münasibətdə isə iddia ərizəsinin verildiyi vaxtdan, yəni 12.05.2020-ci il tarixdən hesablanmalıdır. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli və qətnamə ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul olunmalı, uşaqların üstün hüquqi mənafeyini və qanunvericiliyin tələblərini nəzərə alaraq iddia tələbləri təmin olunmalı, 12 iyun 2015-ci il təvəllüdlü X4 və 27 iyul 2016-cı il təvəllüdlü X5 iddiaçının himayəsinə verilməli, 12 iyun 2015-ci il təvəllüdlü X7 cavabdehdən alınaraq iddiaçıya verilməli, 12 iyun 2015-ci il təvəllüdlü X4 və 27 iyul 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat məbləğində aliment Cavabdeh tutularaq, İddiaçı ödənilməli, aliment 12 iyun 2015-ci il təvəllüdlü X6 aid hissədə onun cavabdehdən alınıb iddiaçıya verildiyi vaxtdan hesablanmalı, 27 iyul 2016-cı il təvəllüdlü X2 münasibətdə isə iddia ərizəsinin verildiyi vaxtdan, yəni 12.05.2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətlərinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-353/2021 saylı, 22 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin, iddia tələbi təmin edilsin. Tərəflərin birgə nikahından olan 12 iyun 2015-ci il təvəllüdlü X7 və 27 iyul 2016-cı il təvəllüdlü X5 İddiaçı himayəsinə verilməklə, 12 iyun 2015-ci il təvəllüdlü X7 Cavabdeh alınaraq İddiaçı verilsin. 12 iyun 2015-ci il təvəllüdlü X4 və 27 iyul 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 170 manat, ümumilikdə 340 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq, İddiaçı verilsin. Alimentin tutulma müddəti 27 iyul 2016-cı il təvəllüdlü X5 üçün 12 may 2021-ci il tarixdən, 12 iyun 2015-ci il təvəllüdlü X7 üçün isə onun Cavabdeh alınaraq İddiaçı verildiyi vaxtdan hesablansın. Qətnamə aliment hissəsində dərhal icra edilsin. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar