Məhkəmə qərarları › İş №2(103)-8138/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8138/2021

28.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8138/2021 28.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X7 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əlavə xərci ödəməkdən azad olunma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli, 2(003)-1249/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “əlavə xərci ödəməkdən azad olunma” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3824/2019 saylı, 05 dekabr 2019-cu il tarixli qətnaməsi ilə 04 mart 2018-ci il təvəllüdlü X2 müalicə xərci olaraq ondan tutulan 50 manat pul vəsaitindən azad olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı, iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 05.12.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı “aliment tələbinə dair” iddia ərizəsi qismən təmin edilərək cavabdehdən 04 mart 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşma çatanadək saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində alimentin və uşağın müalicə xərci olaraq 50 manat pul vəsaitinin (uşaq sağalanadək) tutularaq iddiaçıya verilməsi qət olunmuşdur. Məhkəmə qətnamədə iş materiallarında olan inkişaf tarixçəsi və 14 saylı Birləşmiş Şəhər Xəstəxanasının 30.11.2019-cu il tarixli məktubuna əsaslanaraq azyaşlı X2 xəstə olması qənaətinə gəlmişdir. Hazırda isə, uşaq tam sağalıb, onun səhhətində heç bir problem yoxdur. Buna baxmayaraq, cavabdeh uşağın müalicə xərci adı altında ondan hər ay 50 manat pul alır ki, bu da onun hüquqdan sui-istifadə qadağasını pozduğunu göstərir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli, 2(003)-1249/2021 saylı qətnaməsi ilə (hakim Ramilə Xəzri) iddia rədd olunmuşdır. İddiaçı, birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini, iddia ərizəsində göstərilənlərə uyğun əsaslandırmış, əlavə olaraq göstərmişdir ki, cavabdeh uşağın sağaldığını bildiyi halda, qətnamənin müalicə xərclərinin tutulması hissəsindən imtina edilməsi barədə icra şöbəsinə müraciət etmir. Bu isə açıq şəkildə hüquqdan sui-istifadədir. İddiaçı hazırda AFFA-nın təlim-məşq bazasında resepşn işçisi kimi işləyir və 450 manat əmək haqqı alır, başqa gəliri yoxdur. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən iddiaçı, apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsindəki izahatına uyğun eyniməzmunlu izahat vermiş və məhkəmə kollegiyasından şikayətin təmin olunmasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin müəyyən edilmiş faktiki hallarına əsasən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 3824/2019 saylı, 05 dekabr 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh xeyrinə 04 mart 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 160 manat sabit pul məbləğində aliment və uşağın müalicə xərci olaraq 50 manat pul vəsaitinin tutulması qət edilmiş, qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. Qətnamədə qeyd olunmuşdur ki, iş materiallarında olan 14 saylı Birləşmiş Şəhər Xəstəxanası tərəfindən verilmiş 30.11.2019-cu il tarixli məktubundan görünür ki, uşaq doğum evindən çıxdığı tarixdən etibarən poliklinikanın uşaq şöbəsində qeydiyyatdadır və hal-hazırda kəskin respirtor xəstəlik diaqnozu ilə xəstələndiyinə və obstruktiv sindroma meyilli olduğuna görə mütəmadi nəzarət və möhkəmləndirici müalicəyə ehtiyacı vardır. 14 saylı Birləşmiş Şəhər Xəstəxanasının hazırkı işə əlavə edilmiş 17.02.2021-ci il tarixli məktubunda isə qeyd olunmuşdur ki, uşağın inkişaf tarixçəsinə müvafiq olaraq, R.Hüseynova bir yaşına kimi nevroloji, oftalmoloji, travmatoloji-ortopedik səbəblərə görə 2019-cu ildə 3 dəfədən artıq obstruksiya ilə müşahidə olunan kəskin respirator xəstəlik keçirdiyinə görə ikinci sağlamlıq qrupuna aid edilmişdir. Son 2020-ci il ərzində xəstəliyə görə uşaq poliklinikasına müraciət edilməmişdir. Uşağın hazırkı durumunu qiymətləndirmək üçün anaya müraciət edilmiş və poliklinikaya dəvət olunmuşdur. Lakin valideyn uşağı müayinə etdirməkdən yayınmışdır. Birinci instansiya məhkəməsi, iddianı rədd edərkən gəldiyi qənaəti belə əsaslandırmışdır ki, iddiaçı uşağın artıq sağaldığını və müalicəyə ehtiyacı olmadığını əsas gətirərək, uşağın müalicəsi üçün ondan tutulan əlavə xərci ödəməkdən tamamilə azad olunmasını məhkəmədən xahiş etmiş, lakin Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 05.12.2019-cu il tarixli qətnaməsi ilə ondan cavabdehin xeyrinə aliment və əlavə xərcin tutulması müəyyən olunduqdan sonra, uşağın sağalmasını və pul vəsaitinə ehtiyacı olmamasını məhkəmə iclasında sübutlarla əsaslandıra bilməmiş, məhkəməyə uşağın son iki ildə müayinə olunmamasına dair məktub əlavə etsə də, məhkəmə bu dəlili uşağın sağalmasına dəlalət edən sübut hesab etməmişdir. Məhkəmə kollegiyası, rayon məhkəməsinin mövqeyi ilə razılaşaraq, mübahisənin hüquqi həlli ilə bağlı həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən, valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Göründüyü kimi, qanunverici valideynlərin uşağına münasibətdə əlavə xərclərdə iştirakını ağır xəstəlik, şikəstlik kimi müstəsna hallarla əlaqələndirmiş və məhz göstərilən hallardan biri mövcud olduğu təqdirdə valideynlərdən birinin uşağa münasibətdə əlavə xərclərdə iştirakını mümkün hesab etmişdir. Buradan belə nəticəyə gəlmək olar ki, qanunla müəyyən edilmiş müstəsna hallardan hər hansı birinə görə əlavə xərclərdə iştiraka cəlb olunmuş valideyinin bu öhdəliyinə yalnız onun yaranmasına əsas olmuş həmin hal aradan qalxdıqdan sonra xitam verilməsi mümkündür. Baxılan işdən görünür ki, iddiaçı, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə uşağın xəstəliyi ilə əlaqədar əlavə xərclərə cəlb olunmaqla ondan uşaq sağalanək hər ay 50 manat sabit pul məbləğində tutulması qət edilmişdir. Belə olan halda isə, Kollegiyanın yuxraıdakı hüquqi mövqeyinə əsasən iddiaçının bu öhdəliyinə yalnız uşağın tam sağalması halında xitam verilə bilər ki, bunu sübuta yetirmək vəzifəsi iddiaçının üzərinə düşür. Çünki, MPM-in 14.2-ci və 77.1-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında da göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. İddiaçı isə, iddia tələbinin əsası kimi istinad ediyi hallara (uşağın tam sağalması, heç bir müalicəyə ehtiyacının olmaması) dair məhkəməyə əsaslı sübutlar təqdim edə bilməmişdir. Birinci instansiya məhkəməsinə təqdim etdiyi 14 saylı Birləşmiş Şəhər Xəstəxanasının 17.02.2021-ci il tarixli məktubu isə bu halın müəyyən edilməsi baxımından kifayətedici dəlil sayıla bilməz. Ona görə ki, məktubda uşağın tam şəkildə sağalması ilə bağlı qəti mövqe əks olunmamış, sadəcə 2020-ci ildə müayinə üçün aparılmadığı qeyd olunmuşdur. Bu hal isə, uşağın tam sağalması qənaətinə gəlmək üçün yetərli hesab oluna bilməz. Beləliklə, məhkəmə kollegiyası, işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsaslı və qanunidir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 404-1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “əlavə xərci ödəməkdən azad olunma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli, 2(003)-1249/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli, 2(003)- 12492021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar