Məhkəmə qərarları › İş №2(103)-8160/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8160/2021

11.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8160/2021 11.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakı ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1732/2021 saylı iş üzrə 09 iyun 2021-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1732/2021 saylı iş üzrə 09 iyun 2021-ci il tarixli qətnaməsi ilə 16.05.2021-ci il tarixindən başlayaraq 08.09.2010-cu il təvəllüdlü X2 və 05.12.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün Cavabdeh hər ay qazancının və ya başqa gəlirlərinin 1/3 (üçdə bir) hissəsi miqdarında və əlavə olaraq hər ay hər uşağa görə 25 (iyirmi beş) manat, iki uşağa görə 50 (əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-569/2020 saylı, 12 mart 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh azyaşlı uşaqları 08.09.2010-cu il təvəllüdlü X2 və 15.12.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanədək saxlanmaları üçün qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında 21.01.2020-ci il tarixdən təyin edilmiş alimentin tutulması qaydasını dəyişdirməklə, həmin 21.01.2020-ci il tarixdən başlayaraq ondan hər ay hər uşağa görə 250 (iki yüz əlli) manat, cəmi 500 (beş yüz) manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə iddianın təmin edilməmiş hissəsində əsassızdır və həmin qətnamə azyaşlı uşaqlarının mənafeinə tamamilə ziddir. Aşağıdakılara görə qismən ləğv edilməli və alimentə dair iddia tələblərin tam təmin edilməlidir. Belə ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-569/2020 nömrəli 12.03.2020-ci il il tarixli qətnaməsi ilə cavabdehlə olan nikahlarının pozulması, uşaqlarının 08.09.2010-cu il təvəllüdlü X2 və 15.12.2011-ci il təvəllüdlü X3 onun yanında qalması, 21.01.2020-ci il tarixdən onların yetkinlik yaşlarına çatanədək saxlanmaları üçün hər ay cavabdehin qazancının (başqa gəlirlərinin) 1/3 hissəsinin miqdarında alimentin tutulması qət edilmişdir. Bundan sonra, icra sənədi 06.04.2020-ci il tarixdə Masallı Rayon İcra və Probasiya Şəbəsinin icraatına daxil olmuşdur. Rəis müavini vəzifəsini icra edən icra məmuru Əvəz Bədəlovun ona ünvanladığı 18.11.2020-ci il tarixli, M-570/4 nömrəli məktubundan da görünür ki, icra tətbirləri nəticəsində Cavabdeh "xxxx" MMC-də işlədiyi müəyyən edilmiş və tələb 11.11.2020-ci ildə borclunun əmək haqqına yönəldilmişdir. Hazırki müraciətə baxıldığı dövrdə götürülmüş tətbirlər nəticəsində 110 manat alimentin ödənilməsi təmin edilmişdir. Göründüyü kimi, cavabdeh məhkəməni və onu aldatmağa nail olmuşdur. Nikahın pozulması və aliment tələbnə dair mülki işdə, cavabdeh əmək haqqının yüksək olduğunu bildirmişdir. Məhkəmə də, ona inanmışdır. Bundan başqa, təxminən bir ilə yaxın müddətdən sonra ondan ilk dəfə 110 manat pul tutlmuşdur. Bundan sonra isə, o, yalnız 500 manat pulu kartına keçirmişdir. Yəni 1 (bir) ilə cəmi 610 manat. Əslində isə, cavabdehin əmək haqqı rəsmi olaraq həqiqi gəlirlərindən dəfələrlə az göstərilmişdir. Bu səbəbdən, 2 azyaşlı qız uşaqlarının saxlanması üçün ondan hər ay (hər birinə 50 manat) cəmi 100 manat aliment tutulur. Bu hal isə, absurddur və azyaşlı uşaqlarının maraqlarına və mənafelərinə ziddir. Uşaqları ilə onun hüquqlarını və azadlıqlarını əhəmiyyətli dərəcədə pozur. Halbuki, birgə yaşadıqları dövrdə cavabdeh öz gəlirlərindən hər ay ailəyə 1000 manatdan yuxarı pul gətirirdi. Onda həmin ərəfədə cavabdehlə birgə həmin şirkətdə işləmiş və bütün gəlirlərini ailəsinə gətirmişdir. Onun gəlirlərinin hər ay ailəyə gətirdiyi bu hissəsinin təxminən yarısından çoxu və onun əmək haqqının demək olar hamısı uşaqların təminatına xəclənirdi. Halhazırda isə, cavabdeh başqa gəlirinin olmamasını bəhanə gətirərək, alimenti ödəməkdən boyun qaçırır, alimentin tutulmasına çətinliklər yaradır. O, tək uşaqların əvvəlki yüksək olan təminatlarının səviyyəsini saxlaya bilmir. Məlum olan səbələrdən hal-hazırda heç bir yerdə işləmir. Cavabdeh, evin qapısının açarını dəyişərək, oraya buraxmır. Onun qızıl-zinət, cehiz və digər əşyaları (əmlaklarım), hətta uşaqlarla onun geyim əşyaları cavabdeh və onun yaxın qohumları tərəfindən qanunsuz olaraq orada saxlanılmışdır. Polis orqanları isə, şikayətlərinə baxmaqdan imtina edərək məhkəməyə müraciət etməyi tövsiyyə etmişlər. Azyaşlı qız uşqaları ilə evsiz qaldığı üçün, kirayə evdə qalmaq məcburiyyətindədir. Cavabdehin isə qazancı (gəliri) qeyri-müntənzəm, qeyri-sabit, dəyişən və yüksəkdir. Onun rəsmi işindən başqa, əlavə gəlirləri var. Uşaqlarının Konstitusiya ilə qorunan maraq və mənafelərini, hüquq və azadlıqlarını qorumaq, o cümlədən, uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlamaq məqsədi ilə, məhkəmə tərəfindən təyin edilmiş alimentin cavabdehin bütün qazancının müəyyən hissə kimi tutulması mümkün olmadığından həmin aliment ondan qazancının (gəlirlərinin) 1/3 hissə kimi deyil, sabit pul məbləğində, həmçinin əvvəlki dövr üçün təyin edilmiş müddət həddində də tutulmalıdır. Cavabdeh isə 21.01.2020-ci il tarixdən hər uşaqa nəinki 170 manat civarında, hətta 50 manatı vaxtlı-vaxtında ödəmir. 50 manata həkimlər tərəfindən 1 (bir) uşağa təyin olunmuş Kalsiy (Ca) və Dəmir (Fe) vitaminlərinin siropları belə aptekdən almaq olmur. Halbuki, həmin vitaminlərin 1 (bir) flakonu yalnız 10 günə bəs edir. Baxmayaraq ki, ən azı bu vitaminlər analizlərin nəticəsindən aslı olaraq 1-4 ay müddətində qəbul olunmalıdır. Digər 50 manat isə uşaqların yalnız yavan çörəyinə bəs edir. Bunun kimi bir çox misallar çəkmək olar. Məhkəmə təcrübəsindən də göründüyü kimi, qanunvericilik 2020-ci ilin yanvarın 1-dən 2021ci ilədək ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 170 manat, 2021-ci ilin yanvarın 1-dən isə 175 manat müəyyən edilmişdir və bir uşağın saxlanması üçün həmin məbləğlərdə alimentin tutlması məqsədə müvafiq hesab olmuşdur. Cavabdeh da apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etdi. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnamə qət edərkən cavabdeh olaraq onun özünümüdafiə hüquqlarına müdaxilə edərək onu işə cəlb etməmiş, bununla da maddi və xüsusən də prosessual hüquq normalarını pozmuşdur. Ona görə də, hesab edir ki, maddi və xüsusən də prosessual hüquq normalarının pozulması ilə qət edilən sözügedən 2(002)-1732/2021 saylı, 09.06.2021-ci il tarixli qətnamə ləğv edilməlidir. Məhkəmə iclasında İddiaçı bildirdi ki, neçə il ailəli olduğundan cavabdehin aldığı bütün maaşı bilir. Cavabdeh vergidən yayınmaq üçün maaşını az yazdırıb. O, isə uşaqların xərclərini çatdıra bilmir. Cavabdeh qəsdən aliment ödəməkdən yayınır. Uşaqlara deyir ki, gəlin onunla qalın, onlar üçün hər cür şərait yaratsın. Halbuki uşaqlarla görüşməyinə mane olmur, hətta ataları ilə də qalırlar. Heç olmasa hər uşağa görə 100 manat, cəmi 200 manat aliment ödəsin ki, o, da uşaqları saxlaya bilsin. Məhkəmə iclasında Cavabdeh iddiaçının apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, maaşından 100-110 manat aliment tutulur. Əmək haqqı cəmi 280 manat təşkil edir. Başqa yerlərə də maaşı yüksək olan iş üçün təklif göndərmişdir, lakin hələ də iş tapa bilmir. Həm də özü yeni ailə qurmuş və uşağı da doğulacaq. İmkanı və əlavə gəliri yoxdur. Apellyasiya məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, cavabdehin apellyasiya şikayəti isə təmin edilməməlidir. Belə ki, işdən görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 12.03.2020-ci il tarixli, 2(002)-569/2020 saylı qətnaməsi ilə X5 ilə Cavabdeh arasında 30 avqust 2010-ci il tarixdə bağlanmış nikahın pozulması, 05.12.2011-ci il təvəllüdlü X3 və 08.09.2010-cu il təvəllüdlü X2 iddiaçı X1 himayəsində və yanında saxlanılması, Cavabdeh 05.12.2011-ci il təvəllüdlü X3 və 08.09.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və ya başqa gəlirlərinin 1/3 (üçdə bir) hissəsi miqdarında alimentin tutularaq iddiaçı X4 xeyrinə ödənilməsi, alimentin 21.01.2020-cu il tarixdən tutulması qət edilmişdir. Qəribova X6 qəsəbəsi, 2-ci massiv, ev 11 ünvanında yaşayır. Cavabdeh "xxxx" MMC-də operator vəzifəsində işləyir və aylıq əmək haqqı 280 manat təşkil edir. Belə ki, son vaxtlar Azərbaycan Respublikasında yaşayış minimumunun məbləği hər il ölkə üzrə, o cümlədən uşaqlar üçün artmaqda davam edir. Bununla əlaqədar, sabit pul məbləğində müəyyən edilmiş alimentin miqdarının artırılmasına dair iddiaların sayı da artır. Məhkəmələr tərəfindən uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu əsas götürülməklə bu cür iddialar demək olar ki, əksər hallarda təmin olunur. Aliment ödəyən şəxslər isə maddi vəziyyətlərinin buna imkan vermədiyini əsas gətirərək alimentin bu qaydada artırılmasına etiraz edir, həmçinin bu cür artırmalar nəticəsində məhkəmə aktlarının icrası da çətinləşir. Ailə Məcələsinin 78.2-ci maddəsində sabit pul məbləğinin miqdarının müəyyən edilməsinin 4 meyarı (maddi vəziyyət, ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar, əvvəlki təminatın səviyyəsi) göstərilsə də, bu meyarlar ümumi xarakterli olduğundan vahid məhkəmə təcrübəsinin formalaşdırılmasına imkan vermir. Bununla əlaqədar, bu sahədə vahid məhkəmə təcrübəsinin formalaşdırılmasını təmin etmək üçün konkret işdə olan sübutlar həmin 4 meyarı konkretləşdirməyə imkan vermədikdə, alimentin miqdarı “Azərbaycan Respublikasında yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hər il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün məbləğ və uşaqların sayı əsas götürülməklə Ailə Məcəlləsinin 76-cı maddəsinə müəyyən edilmiş nisbətdə müəyyən edilməsi daha düzgün olardı. Bu qayda müəyyən edilərkən 2 meyar əsas götürülür. Yaşayış minimumunun ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş məbləği və Ailə Məcəlləsinin 76-cı maddəsində nəzərdə tutulmuş nisbət. İşdə başqa sübutlar yoxdursa və aliment ödəyən şəxsin qazancını və digər gəlirlərini müəyyən etmək mümkün deyilsə bu qeyd olunan meyar əsas götürülməklə bu təcrübədən istifadə edilə bilər. Bu qayda həm də obyektiv göstərici ola bilər. Belə ki, məhkəmə təcrübəsində sabit pul məbləğində aliment müəyyən edilərkən hər il "Azərbaycan Respublikasında yaşayış minimumu haqqında" Qanunda göstərilən(artan) minimumu uşaqların sayına vurularaq müəyyən edilir. Bu təcrübə isə çoxuşağı olan və daimi iş yeri olan aliment ödəyicilərinin maddi vəziyyətinə təsir etdiyinə görə məhkəmə aktlarının icrasını çətinləşdirir və süni surətdə hüquqi məsuliyyətə(inzibati və cinayət) cəlb edilən şəxslərin sayını durmadan artırır. Bu cür vəziyyət isə digər neqativ nəticələr yaratmaqla yanaşı bəzən aliment ödəyən şəxslərin haqlı narazılığına da səbəb olur. Əlbətdə ki, bu qayda “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələblərinə, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.2-ci bəndindəki məhkəmələrə etdiyi tövsiyəsinə və “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı formalaşdırdığı hüquqi mövqe ilə dolayı da olsa uzlaşmaya bilər. Lakin sözügedən qərarlarda da, 2, 3 və daha artıq uşağa görə aliment müəyyən edilərkən, mütləq ki, hər uşağa görə yaşayış minimumunu adi qaydada üst-üstə toplanılmalı olması nəzərdə tutulmamışdır. Çünki, 2, 3 və daha artıq uşağa görə aliment ödəyən şəxslərin aylıq qazancının və digər gəlirlərinin artım dinamikasının hər il artan yaşayış minimumunun dinamikası qədər olmasına dair aliment tələb edən şəxslər tərəfindən məhkəməyə hər hansı bir mötəbər sübut təqdim olunmur. Bununla yanaşı, aliment müəyyən edilərkən uşaqların, o cümlədən hazırki işdə olan uşaqların da mənafeyi nəzərə alınmalıdır. Əvvəla ona görə ki, cavabdehin göstərdiyi dəlillər onu ,bhby]b ybrfolfy ljmekvei uşaqları ilə bağlı hər hansı bir vəzifəsindən, o cümlədən uşağı saxlamaq, saxlamadıqda isə uşağın saxlanması üçün məhkəmə qaydasında müəyən edilmiş aliment ödəmək vəzifəsindən azad etmir. Cavabdehin göstərdikləri onu həm mənəvi, həm də hüquqi cəhətdən borclu olduğu birinci nikahından doğulmuş uşaqlarının saxlanılmasına görə müəyyən edilmiş aliment ödəmək öhdəliyindən azad edilməsi üçün əsas ola bilməz. Çünki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin da valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. İkincisi, uşağa qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi iddiaçının üzərinə düşdüyündən qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi cavabdehdən tutulmasına əsas verir. Bu hal “Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə etdiyi tövsiyə ilə də təsdiq edilmişdir. Şərh olunanlara əsasən, apellyasiya instansiya məhkəməsi iddiaçının mövqeyini, uşaqların da mənafeyni nəzərə alaraq hər uşaq üçün sabit pul məbləğində müəyyən olunmuş alimentin məbləğinin 25 manatdan, 50 manatadək artırılmasını işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun hesab edir. Bununla yanaşı, cavabdehin apellyasiya şikayətində göstərdikləri dəlillər tam əsassızdır. Belə ki, cavabdeh məhkəmənin onu işə cəlb etmədiyini göstərsə də bu dəlil iş materialları ilə təsdiq olunmur. Çünki, cavabdeh məhkəmə iclaslarından xəbəri olmuş, iddia tələbinə qarşı məhkəməyə yazılı etiraz göndərmiş, hazırlıq iclasında iştirak etməsə də məhkəmə baxışı iclasında iştirak etmişdir. Buna görə də hansı maddi yaxud prosessual hüquq normalarının pozulmasından söhbət getdiyi bəlli deyil. Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin, Cavabdeh apellyasiya şikayəti isə təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1732/2021 saylı iş üzrə 09 iyun 2021-ci il tarixli qətnaməsi sabit pul məbləğində tutulan alimentin məbləği hissəsində qismən, yəni əlavə olaraq hər ay hər uşağa görə 25 (iyirmi beş) manat, iki uşağa görə 50 (əlli) manat sabit pul məbləğində alimentin tutulması hissəsində dəyişdirlsin və həmin məbləğ artırılaraq hər ay hər uşağa görə 50 (əlli) manat, iki uşağa görə 100(yüz) manat məbləğində müəyyən edilsin. Qətnamə, mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar