Məhkəmə qərarları › İş №2(103)-8165/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8165/2021

19.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8165/2021 19.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 aprel 2021ci il tarixli 2(006)-277/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı sığorta ödənişinin verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 29.01.2004-cü il tarixdə Füzuli rayonunun Əhmədbəyli kəndi ərazisində düşmənlə təmas xəttində N saylı hərbi hissənin tərkibində döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfinin atdığı odlu silah nəticəsində baş beynindən aldığı güllə yaralarından ağır yaralanan, 08.02.2004-cü il tarixdə 214 saylı hərbi klinik hospitalda vəfat edən mərhum övladı X2 görə ödənilməli olan 11000 manat məbləğində dövlət icbari şəxsi sığorta pulunun Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, övladı X4 29.01.2004-cü il tarixdə döyüş bölgəsində hərbi xidmətdə olarkən düşmən tərəfinin atdığı odlu silah nəticəsində güllə xəsarəti almış və 08.02.2004-cü il tarixdə 214 saylı hərbi klinik hospitalda vəfat etmişdir. Hərbi qulluqçuların icbari sığortası haqqında qanunvericiliyə uyğun olaraq ona 11000 manat məbləğində sığorta pulu verilməli olduğu halda, hal-hazırkı dövrə qədər həmin pul ödənilməmişdir. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin 14 yanvar 2020-ci il tarixli məktubunda ona guya 27 fevral 2004-cü il tarixdə ******* AZM (1100 AZN) sığorta ödənişi verilməsi göstərilsə də, məktubda qeyd olunanlar həqiqətə uyğun deyil. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli 2(006)- 277/2021 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilib iddia tələbinin təmin edilməsini və ya işin yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmununa uyğun olmaqla qətnamə qəbul olunarkən maddi hüquq normalarının pozulması ilə əsaslandırılmışdır. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh sığorta şirkətinin nümayəndəsi Azər Həsənov apellyasiya şikayətinin əsassız olduğunu, şəhid X1 vərəsəsinə 2004-cü ildə ******* AZM, yəni 1100 AZN məbləğində icbari sığorta pulu ödənildiyini göstərdi və şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli 2(006)-277/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, əsgər X5 29.01.2004-cü il tarixdə xidməti vəzifəsini yerinə yetirərkən odlu silahdan açılan atəş nəticəsində aldığı yaradan 08.02.2004-cü il tarixdə 214 saylı hərbi klinik hospitalda vəfat etmişdir. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin elektron informasiya bazasından çıxarışdan görünür ki, 27.02.2004-cü il tarixdə şəhid X1 vərəsəsinə ******* AZM (1100 AZN) sığorta ödənişi verilmişdir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən, bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir. Həmin Qanunun 5-ci maddəsinin a) bəndinə görə sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə sığorta ödənişi 100 faiz məbləğdə verilir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı sığorta ödənişinin verilməsi tələbinə dair iddiasını təmin etməməkdə haqlı olmuşdur. Birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin müəyyən edilmiş hallarına və qanunvericiliyin tələblərinə uyğun olmaqla apellyasiya şikayətində göstərilənlər qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin apellyatora izah edir ki, Azərbaycan Respublikası MPM-in 384-cü maddəsində nəzərdə tutulmuş apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri içərisində qətnamənin ləğv olunub işin yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılması səlahiyyəti yoxdur. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli 2(006)- 277/2021 saylı qətnaməsi İddiaçı apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar