Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8197/2020 23.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası, Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “aliment miqdarının azaldılması” barədə ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “alimentin artırılması” barədə qarşılıqlı iddia tələblərinə dair iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3292/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh övladları 2008-ci il təvəllüdlü X2 və 2012-ci il təvəllüdlü X3 təyin olunmuş 320 manat alimentin miqdarının azaldılaraq hər bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 90 manat cəmi 180 manat alimentin müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 2007- ci il tarixdə nikaha daxil olmuşdur. Birgə nikahdan 2008-ci il təvəllüdlü X2 və 2012-ci il təvəllüdlü X4 adlı övladları dünyaya gəlmişdir. Cavabdehlə birgə yaşadıqları dövrdə xasiyyətləri uyğun gəlmədiyindən 2015-ci il tarixdə aralarında bağlanmış nikah pozulmuşdur. 2015-ci ildə yenidən ailə qurmuş və bu münasiətləri 2017-ci il tarixdə rəsmiləşdirmişdir. Həmin nikahdan xx.xx.2015-ci il təvəllüdlü X6 adlı övladı dünyaya gəlmişdir. Cavabdeh 2019-cu ildə alimentin artırılması tələbi ilə məhkəməyə müraciət etmiş, lakin məhkəmə onun ailəli olmasını, himayəsində azyaşlı övladının olmasını nəzərə almayaraq iddianı təmin etmişdir. Ailənin və uşaqların saxlanılması üçün hər iki valideynin məsuliyyət daşımasına baxmayaraq Cavabdeh buna cəhd etmir. İddiaçı qeyd edir ki, o, heç yerdə işləmir, maddi vəziyyəti yoxsulluq səviyyəsindən aşağıdır. 2016-cı ildə avtomibil qəzasında aldığı xəsarərlər onun işləməsinə imkan vermir. Mütəmadi olaraq müalicələr alır və ona görə 320 manat aliment ödəmək həddindən artıq çoxdur. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı 2008-ci il təvəllüdlü X2 və 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşağın saxlanılması üçün 170 manat olmaqla cəmi 340 manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsi tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Yasamal rayon Məhkəməsinin 2(004)-6418/2019 saylı, xx.xx.2019 tarixli qətnaməsi ilə alimentin miqdarı hər bir uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat müəyyən olunmuşdur. İddiaçı isə müxtəlif bəhanələrlə qət olunmuş məbləği ödəməkdən yayınmaq istəyir. Bu günə qədər cavabdehin 2196 manat ödənilməmiş aliment borcu var. Məhkəmənin qətnamələri tam icra olunmamış, icra olunması üçün cavabdeh barəsində təsirli tədbirlər görülməmişdir. Elə ilkin iddia üzrə verilmiş tələb də alimenti ödəməkdən yayınmağa xidmət edir. Himayəsində olan uşağın biri əsəb xəstəliyindən, digəri isə nitq qabiliyyətinin zəifliyindən əziyyət çəkir. Mütəmadi müalicə alırlar. Tam müalicə etdirməyə maddi imkanı yetərli deyildir. Özü işləmir, anasının hesabına dolanırlar. Anasının evi şəraitsiz olduğundan uşaqlarla kirayədə yaşamağa məcburdur. Ailədə qazanc, gəlir gətirən yoxdur, hər hansı əmlak sahibi deyil. Maddi cəhətdən çətinlik çəkir. İddiaçı isə könüllü olaraq köməklik göstərmir, alimenti vaxtı-vaxtında ödəmir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3292/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qətnaməsi ilə ilkin və qarşılıqlı iddia tələbləri rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, ruhi xəstədir və hazırda müalicə alır. Onun əmək faəliyyəti yoxdur. Cavabdeh isə sahibkarlıqla məşğul olur və onun kifayət qədər qazancı vardır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası cavabdehin iştirak etməməsinin işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onlarınn iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya ilk növbədə qeyd edir ki, hazırki apellyasiya baxışında qətnamənin ilkin iddia tələbinin rədd edilməsi ilə bağlı hissəsinin əsaslılığı və qanuniliyi yoxlanılır. Belə ki, İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etsə də, şiakyətin məzmunundan onun qətnaməni yalnız ilkin iddia tələbinin rədd edilməsi ilə bağlı hissəsini mübahisələndirdiyi aydın olur. Xüsusilə nəzərə alınmalıdır ki, qarşılıqlı iddia tələbinin də təmin olunmamasına baxmayaraq, Cavabdeh qətnaməni mübahisələndirməmişdir. Məhkəmə kollegiyası qeyd olunan kontekstdə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İşdə olan Yasamal Rayon Məhkəməsinin 2(004)-6418/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən olunur ki, tərəflər arasında nikah ləğv edilmiş, birgə nikahdan doğulmuş 2008-ci il təvəllüdlü X5 və 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşağın saxlanılması üçün İddiaçı 160 manat olmaqla cəmi 320 manat miqdarında alimentin Cavabdeh xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri 1 saylı Uşaq Poliklinikası tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 473 №-li məktubdan müəyyən olunur ki, 27 09.2008-ci il təvəllüdlü X5 xx.xx.2009-cu il tarixdən 1 nömrəli Uşaq Poliklinikasında qeydiyyata alınaraq mütəmadi olaraq sahə həkiminin nəzarətində olmuş, sonuncu dəfə xx.xx.2020-ci il tarixdə müayinə olunaraq həkim-pediatr tərəfindən Remissiya dövrü, Bronxial astma, Atopik rinit diaqnozu qoyulmuş, İİİ sağlamlıq qrupuna aid edilmiş, xx.xx.2012-ci il təvəllüdlü X4 xx.xx.2013-cü il tarixdən 1 nömrəli Uşaq Poliklinikasında qeydiiyata alınaraq mütəmadi olaraq sahə həkiminin nəzarətində olmuş, sonuncu dəfə xx.xx.2020-ci il tarixdə müayinə olunaraq həkim-pediatr tərəfindən Loqonevroz, Uşaq yaşlı nevroz diaqnozu qoyularaq həkimnevropotoloq tərəfindən uşağa müvafiq müalicə təyin olunmuşdur. «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun tələbinə əsasən uşaqlar üçün yaşayış minimumu 2019-cu ildə 160 manat, 2020-ci ildə isə 170 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Bəyannaməyə görə uşaq, qanunla və digər vasitələrlə sosial müdafıə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi və sosial baxımdan sağlam və normal yolla, azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə görə, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. Qanunun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunun19-cu maddəsinə görə, valideynlərin uşağın tərbiyəsində bərabər hüququ və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. BMT-nın “Uşaq hüquqları haqqında Konvensiyasının” 18-ci maddəsinə görə, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşaqların ən yaxşı maraqları onların əsas qayğı obyektidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (maddə 112.1). Qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi sabit pul məbləğində alimentin müəyyən edilməsi zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Qanun, həmçinin tərəflərdən birinin ailə və ya maddi vəziyyətində yaranmış dəyişikliklə əlaqədar alimentin miqdarının azaldılması imkanını nəzərdə tutur. Lakin qanunun mənasına görə bu, yalnız o halda mümkündür ki, daha az alimentin ödənilməsi ilə də uşağın layiqli həyat şəraitini təmin etmək mümkün olsun. Hal-hazırda iddiaçı ailə və maddi vəziyyəti ilə əlaqədar alimentin miqdarının azaldılmasını xahiş edir. Kollegiya yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq etməklə belə hesab edir ki, uşağın mənafeləri nəzərə alınaraq, onun sağlam şəraitdə böyüməsi və tərbiyəsi, maddi və mənəvi tələbatlarının təmin edilməsi üçün iddianı rədd etməklə Rayon Məhkəməsi düzgün nəticəyə gəlmişdir. Ailə qanunvericiliyi məhz tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğu halda alimentin miqdarını dəyişməyin mümkünlüyünü nəzərdə tutur. İddiaçı isə maddi vəziyyətinin dəyişməsi səbəbindən müəyyən edilmiş məbləğdə aliment ödəməyə imkanı olmadığını təsdiq edən hər hansı yeni sübutlar təqdim etməmişdir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, Rayon Məhkəməsi ilkin iddianı təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, MPM-nin 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində müəyyən olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3292/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “aliment miqdarının azaldılması” barədə ilkin iddia tələbinin təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-8197/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8197/2020
23.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver