Məhkəmə qərarları › İş №2(103)-8200/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8200/2021

16.08.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8200/2021 16.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-875/2021 saylı, 19 mart 2021-ci il tarixli qərardadından iddiaçının nümayəndəsi X1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MTK Cavabdeh qarşı 19.10.2017-ci il tarixli müqavilənin ləğvi və ödənilmiş vəsaitin geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-875/2021 saylı, 19 mart 2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh İddiaçı MTK-ya qarşı pul tələbinə dair iş üzrə yekun qərar qəbul edilənədək, Nəsimi Rayon Məhkəməsinin icraatında olan İddiaçı MTK-nın Cavabdeh qarşı 19.10.2017-ci il tarixli müqavilənin ləğvi və ödənilmiş vəsaitin geri qaytarılması tələbinə dair 2(006)-875/2021 saylı mülki iş üzrə icraat dayandırılmışdır. İddiaçı qərardaddan şikayət verərək ləğv edilməsini, eyni zamanda müddətin bərpası barədə ərizə verərək qərardaddan şikayət vermək müddətinin bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-875/2021 saylı, 01 iyun 2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-875/2021 saylı, 19 mart 2021-ci il tarixli qərardadından şikayət vermək üçün müddət buraxılmamış hesab olunmuş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-875/2021 saylı, 19 mart 2021-ci il tarixli qərardaddan iddiaçının nümayəndəsi X1 tərəfindən verilmiş şikayət təmin edilməyərək, baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Cavabdeh şikayətin təmin olunmamasını xahiş etmişdir. İşə baxılması vaxtı və yeri haqqında iddiaçıya məlumat verilməsinə baxmayaraq, nümayəndəsi səbəbini göstərmədən m əhkəmə iclasına gəlməmişdir. Apellyasiya instansiyası məhkəməsi, onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinə əsasən, Konstitusiya məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa, həmin iş üzrə icraat dayandırmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair 25 mart 2004-cü il tarixli qərarında göstərilmişdir ki,... məhkəmə prosesi zamanı elə hallar meydana çıxır ki, onlar mübahisənin operativ və obyektiv həll olunmasına mane olur. İcraatın dayandırılması qanunda göstərilən əsaslarla və məhkəmə icraatının davam etməsinə mane olan halların meydana çıxması ilə mümkündür. Belə vəziyyətdə mübahisənin həll olunması üçün müvəqqəti mane olan hallara başqa bir icraatda aydınlıq gətirilənə qədər həmin iş üzrə icraat dayandırılır. X2 Məcəllədə məhkəmənin üzərinə iş üzrə icraatı dayandırmaq vəzifəsi qoyan (MPM-nin 254-cü maddəsi) və məhkəməyə belə hüququ verən (MPM-nin 255-ci maddəsi) konkret hallar müəyyən edərək, icraatın dayandırılması hallarını məcburi və qeyri-məcburi növlərə ayırır. İcraatın dayandırılmasının məcburi hallarından biri Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulan Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işin baxılmasının mümkün olmamasıdır. Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətlə mümkün olmasın. İş üzrə icraatın dayandırılması - məhkəmə və ya inzibati orqan tərəfindən işə baxılmasının qeyri-mümkünlüyünün müəyyən edildiyi halda işin icraatının dayandırılması üçün başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir. İşə baxan bütün məhkəmələr tərəfindən hər hansı bir iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya hökmü ilə müəyyən edilmiş faktlar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayətdə göstərilən dəlillər qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Əvvəla, 19 mart 2021-ci il tarixdə işə baxılan zaman Binəqədi Rayon Məhkəməsinin icraatında olan işin icraatı 14 fevral 2021-ci ildən baxılmamış saxlanılsa da, elə şikayətin özündən də görünür ki, o işin icraatı 02 aprel 2021-ci ildən təzələnmişdir. İddiaçı məhkəmənin icraatı dayandırarkən Binəqədi Rayon Məhkəməsinin icraatında mövcud olmayan mülki işə istinad etdiyini göstərsə də əslində iddia ərizəsinin baxılmamış saxlanılması mülki işin mövcud olmaması demək deyil. Bununla yanaşı, mübahisələndirilən qərardaddan verilən şikayətə baxılan tarixdə artıq həmin işin icraatı təzələnmiş vəziyyətdə olmuşdur. İkincisi, işdən görünür ki, hər iki iddiada nəzərdə tutulan eyni müqavilədir və tərəflərdən biri müqavilənin icrasını, digəri isə ləğvini tələb edir. Məqsədəuyğun olardı ki, hər iki iddiaya bir icraatda baxılsın. Çünki, bu iddialar bir-birindən asılıdır. Birinin təmin edilməsi, digərinin rədd olunması ilə nəticələnə bilər. Ona görə də, icraatın dayandırılması barədə qərardad mahiyyət etibarı ilə düzgün olduğundan ləğv edilməsinə də əsas yoxdur. Ona görə də, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-875/2021 saylı, 19 mart 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400- 402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-875/2021 saylı, 19 mart 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar