Məhkəmə qərarları › İş №2(103)-8208/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8208/2021

29.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8208/2021 29.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı nümayəndəsi X2, Cavabdeh nümayəndəsi və vəkili X3 iştirakları ilə İddiaçı Cavabdeh qarşı «əmlak» tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-763/2021 saylı, 14 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cehiz-zinət əşyalarının Cavabdeh alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə el adəti ilə 2012-ci ildə toy edərək faktiki nikaha daxil olmaqla, ailə qurmuşdur. Onların faktiki nikahlarından bir qızları, 18.04.2013-cü il təvəllüdlü X9 doğulmuşdur. Cavabdehlə bir-birilərini daha yaxından tanıdıqlarına və o, cavabdehə inandığına görə sonuncu ilə faktiki nikaha daxil olmuşdur. Cavabdeh onun inamını doğruldaraq toy etsə də, sonradan kənar təsirlərə məruz qalaraq nikahlarını rəsmiləşdirmək istəmədiyindən, aralarında əmələ gələn soyuqluq sonradan ayrılmalarına gətirib çıxarmışdır. Ona görə də, məhkəmə yolu ilə atalığın müəyyən edilməsi ilə qızlarına doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqəsi düzəltməli olmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-763/2021 saylı, 14 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xəstəliyi ilə bağlı məhkəmə posesində iştirak etməmiş,işə cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili X3 iştirakı ilə baxılmışdır. İşə baxan hakim onun şahidlərini dinləməyib, məhkəmə porosesində şahidlərinin iştirakına icazə verməyib. Cavabdehin evində olarkən Cavabdeh toy hədiyyəsi kimi ona alınmış qızıl-zinət əşyalarımı ondan alıb lombarda qoyub pul götürmüş, onu evdən qovandan sonra həmin qızılları lombarddan çıxarıb anası X6 verib, hal-hazırda da toy zamanı ona hədiyyə alınmış qızılları qaynanasındadır, həmin qızılları özü istifadə edir, fotoşəkli apellyasiya şikayətinə əlavə edir. Cehiz əmlaklarından bir dəst yataq mebeli, stol və 6 ədət stul, kondisioner, paltaryuyan maşın, soyuducu və bir dəst mətbəx mebellərini aparmış, digər mebelləri - künc divanı, bir ədəd kreslo və jurnal stolu, yataq dəsti mebeli (taxt, şifoner, kamot, iki ədəd tumboçkalar) Adilin anası tərəfindən Adilin xalası X8, digər mebeli - mətbəxt mebeli isə Sevilin digər bacısı X1, hazırda da onların istifadəsindədir. Əmlak tələbinə dair iddia ərizəsində qızıl-zinət əşyalarını və cehiz əmlaklarını göstərməsə də iddia ərizəsinə əlavədə göstərmiş və mülki işə əlavə olunmuşdur. Ümumilikdə onun cavabdehdə 9010.00 manat qızıl-zinət əşyaları, 17038.00 manat dəyərində cehiz əmlakları qalmışdır, cavabdehdən onun xeyrinə heç bir əmlakın verilməsi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi işə qərəzli yanaşmış, iddia tələbimi rədd etmişdir, şəhid ailəsidir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, əlavə olaraq bildirdi ki, İddiaçı Cavabdehlə faktiki olaraq ailə həyatı qurub yaşadığı vaxt cavabdeh iddiaçıya müxtəlif bədən xəsarətləri yetirməklə onu mütamadi olaraq döymüşdür. Həmçinin iddiaçıya hədiyyə kimi verilmiş qızıl-zinət əşyaları lombarda qoyulmaqla pul götürülmüş və sonradan cavabdeh həmin qızıl-zinət əşyalarını götürmüşdür. Bundan başqa cehiz kimi verilmiş əmlakların hesabına cavabdeh özünə yeni ailə qurmuşdur. Hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə səhv nəticəyə gəlmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili X5 apellyasiya şikayəti ilə razılaşmayaraq izahatında bildirdi ki, iddiaçı ilə cavabdeh faktiki ailə münasibətlərində olmuşlar, lakin həmin ailəni məhz iddiaçının anası dağıtmışdır. İddiaçı Cavabdeh faktiki olaraq ayrıldıqdan sonra özləri avtomobil tuturaq evdə olan əmlaklarını götürmüşlər, həmçinin qızıl-zinət əşyalarını da aparmışlar, evə nə əmlak nə də ki qızıllar qalmışdır. Cavabdeh yeni ailə qurduğundan özü maraqlı idi ki, iddiaçıya məxsus əşyalar evdən götürülsün. İddiaçı cavabdehlə ölkə xaricində istirahətdən qayıtdıqdan sonra atasına evinə çıxıb getmiş və bir daha geri qaytarmamışdır. Qeyd olunanlara əsasən hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya izahatlarg dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə kollegiyası nəzərə alır ki, hazırki mübahisənin halları baxımından iddiaçının tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddəyə əsaslanan iddianın təmin edilməsi üçün isə maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. İddia tələbi ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, iş üzrə sübut etmə yükü iddiaçının üzərinə düşür və məhz iddiaçı qaytarılmasını tələb etdiyi qızıl-zinyət əşyalarının mülkiyyətində olduğunu, iddia irəli sürülən anda isə cavabdehlərin qanunsuz sahibliyində saxlanıldığını sübut etməlidir. Bu zaman nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. İddiaçı hazırkı iddia tələbində iddia ərizəsinə əlavə etdiyi siyahıda göstərdiyi qızıl-zinət əşyalarının eləcə də əmlakların siyahısında qeyd etdiyi əmlakların (qaytardığı əmlaklar istisna olmaqla) ona məxsus əmlak olduğu üçün cavabdehdən alınaraq ona verilməsini xahiş etsə də, sözügedən əşyaların cavabdeh tərəfindən götürülməsinə və ya əşyaların cavabdehdə olmasına dair məhkəməyə heç bir sübut təqdim edə bilməmişlər. Digər tərəfdən iddiaçı apellyasiya şikayətinə müxtəlif müqavilə eləcə də ödəniş qəbzlərini təqdim etsə də, həmin əmlakların iddiaçıya məxsus olması və cavabdehin qanunsuz mülkiyyətində olması barədə hər hansı sübut təqdim etməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin onu ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayətləri təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçılar tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onların özlərinə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-763/2021 saylı, 14 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Vəfaddin İbayev Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar