Məhkəmə qərarları › İş №2(103)-821/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-821/2023

09.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-821/2023 09.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: “mənəvi zərərin ödənilməsi” hakimlər X3 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Sadıxov Çingiz Elbrus oğlunun katibliyi, "xxxx" ASC-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3354/2022 saylı, 07 oktyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən onun xeyrinə 35000 manat məbləğində mənəvi zərərə görə kompensasiyanın və ödənilmiş 195 manat məhkəmə rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3354/2022 saylı, 07 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh "xxxx" ASC-dən İddiaçı xeyrinə 10000 manat məbləğində mənəvi zərər və 95 manat dövlət rüsumu tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

2. İşin icraatı zamanı müəyyən edilmişdir:- X14 xx.xx.2021-ci il tarixdə Gədəbəy rayonunun Novo-Saratovka kəndində ölmüşdür. Ölümün səbəbi elektrik cərəyanının təsiri olmuşdur;- X14 xx.xx.2004-cü il tarixdə Gədəbəy rayonunun Novo-Saratovka kəndində anadan olmuşdur. X6, anası İddiaçıdır;- Gədəbəy Rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, 1(042)-21/2022 saylı hökmünə əsasən, baş vermiş hadisə ilə əlaqədar hazırkı iddia üzrə İddiaçı oğlu X14 zərərçəkmiş şəxs qismində tanınmış, X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti X5 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmış, X5 üzərinə Gədəbəy rayonunun hüdudlarını tərk etməmək, axşam saat 22:00-dən səhər saat 07:00-dək ünvan 1i ünvanında olan yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini və iş yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmuş, X16 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti X9 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmış, X9 üzərinə Gədəbəy rayonunun hüdudlarını tərk etməmək, axşam saat 22:00-dən səhər saat 07:00-dək Gədəbəy rayonu, Nərimankənd ünvanında olan yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini və iş yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmuş, iş üzrə maddi sübutlar - Gədəbəy rayon Prokurorluğunda saxlanılan mərhum X12 məxsus bir ədəd çəkələyin sağ tayı zərərçəkmişin hüquqi varisi İddiaçı, bir ədəd ildırım ötürücü (torpaqlama) naqil, bir ədəd məftil və bir ədəd kabel qanuni sahibi X1ytarılmışdır. (iş səh. 38, 60-61 ).

3. Qətnamə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 1096, 1097.1, 1099.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77.1, 217.4, 218.3-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli Qərarına; “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 saylı Qərarının 8, Avropa Məhkəməsinin “Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydalarının” 13-cü bəndlərinə istinadən əsaslandırılmış və qeyd edilmişdir ki, iddia tələbi əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, iddiaçının nümayəndəsinin izahatından və təqdim olunmuş sənədlərdən də aydın oldu ki, iddiaçının oğlunun-X10 vəzifəli şəxslərin təqsiri nəticəsində ölməsi nəticəsində iddiaçı və onun ailəsi mənəvi sarsıntı və iztirab keçirmişdir. Ona görə də ona vurulmuş mənəvi zərər ödənilməlidir. Eyni zamanda məhkəmə dəymiş mənəvi zərərin məbləği ilə əlaqədar qeyd edir ki, mənəvi zərərin iddia tələbində göstərilən məbləği çox olmaqla real qiymətləndirilmir. Məhkəmə, zərərçəkmiş şəxsə 10000 manat məbləğində kompensasiyanın ödənilməsini daha ədalətli və ağlabatan hesab edir. Belə ki, baş vermiş cinayət hadisəsi nəticəsində iddiaçının oğlunun ölməsi ilə bağlı iddiaçı və digər ailə üzvləri mənəvi sarsıntı keçirmiş və bu hadisə nəticəsində və ondan sonrakı proseslər zamanı stres yaşanıb, əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək hüquqları yaranmışdır. Beləliklə zərərin mövcud olması, cavabdehin hərəkətsizliyinin qanunsuz olması və zərərin məhz cavabdehin qanunsuz hərəkətsizliyi nəticəsində baş verməsi, yəni səbəbli əlaqənin mövcud olması iş materiallarına əsasən öz təsdiqini tapmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

4. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli 2(006)-3354/2022 saylı qətnaməsinin təmin edilməyən hissədə ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 152.1, 1096.1, 1096.2, 1097.1, 1099.1; Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.4, 88, 217, 385.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, cavabdeh orqanın məsul vəzifədə çalışan əməkdaşının qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətləri və baş verən hadisə nəticəsində ona maddi və mənəvi ziyan dəymişdir. Həyat yoldaşı xəstədir, işləmək qüvvəsi yoxdur. Oğlu işləyib onu və ailələrini dolandırırdı. Oğlunun vəfatından sonra onsuz da çətin olan ailə durumları daha da ağırlaşdı. Oğlu onun ümid yeri idi. Bir ana kimi hisslərini çatdıra bilmir. Həmin duyğuları yalnız onun başına gələnləri yaşayan ana bilər. Baş vermiş cinayət hadisəsi nəticəsində oğlunun ölməsi ilə bağlı onun və digər ailə üzvlərinin mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və bu hadisə nəticəsində və ondan sonrakı proseslər zamanı yaşanan streslər, əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etmək hüquqları vardır. Qanunverici isə bu halda mənəvi ziyanın pul məbləğində ifadə olunmasını mümkün sayır. Bu baxımdan mərhum oğlunun ölümü nəticəsində keçirdikləri stres, narahatlıq, məyusluq, mənəvi sarsıntı və s. kimi halları nəzərə alaraq ona dəymiş mənəvi zərər cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən alınaraq ona ödənilməlidir.

5. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3354/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsini və iddia tələbinin həmin hissədə təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 3 noyabr 2008-ci il tarixli 3 nömrəli Qərarının 10-cu bəndinə istinadən qeyd edilmişdir ki, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Lakin məhkəmə tərəfindən mənəvi zərər müəyyən edilərkən ilk növbədə hüquqazidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqazidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir. Yuxarıda qeyd olunanlara əsasən hesab edirik ki, hazırkı iş üzrə iddiaçıya vurulmuş mənəvi ziyanın miqdarını 10000 məbləğində müəyyən etməklə məhkəmə kompensasiyanın həcmini kifayət qədər əsaslandırmamış və baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmamışdır. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:

6. Məhkəmə iclasında iştirak edən "xxxx" ASC-nin nümayəndəsi X11 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının iddiası qismən təmin edilərkən mənəvi zərərin əvəzi kimi müəyyən edilmiş məbləğin həcmi məhkəmənin qətnaməsində kifayət qədər əsaslandırılmamışdır. Eyni zamanda iddiaçı tərəfindən müəyyən edilmiş məbləğ də əsassızdır. Azərbaycan Respublikasında şəhid statusu müəyyən edilmiş şəxslərin ailələrinə 11000 manat verildiyi halda iddiaçının hansı əsasla 35000 manat tələb etməsi aydın deyil. Qeyd edilənləri nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən iddiaçının iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

9. Məhkəmə kollegiyası mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlillərinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23–cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarı; “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 saylı Qərarının, Mülki Məcəllənin 21.1, 1096-1098, 1114-1115, 1159; "İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya"nın 41; Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 12.2, 181.2.4, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 80-82, 88, 119, 216, 217.4, 218.3, 220, 360, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadən hesab edir ki,

10. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

11. Həmin Məcəllənin 1096.1-1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

12. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

13. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

14. Həmin Məcəllənin 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.

15. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

16. Həmin Məcəllənin 106.1-106.2-ci maddələrinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər.

17. Kollegiya, ali məhkəmə instansiyalarında təsbit edilmiş mövqelərə əsasən diqqətə çatdırır ki, mübahisə edilən hissədə iddiaçının apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan qətnamə kompensasiyanın məbləği hissəsində dəyişdirilməlidir. Belə ki, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.),habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

18. Məhkəmə kollegiyası qeyd edilən xüsusatlar üzrə cavabdehin irəli sürdüyü dəlillərin mənəvi zərərə (sarsıntılara) aidiyyəti olmadığını və əsaslı əks-dəlillər irəli sürülmədiyini nəzərə alaraq, baş vermiş cinayət hadisəsi nəticəsində oğlunun ölməsi ilə bağlı ananın və digər ailə üzvlərinin mənəvi sarsıntı keçirməsinin, yaşanan stres, əzab və əziyyətlər ilə bağlı iddiaçının dəlillərinin mübahisəsiz olduğunu diqqətəlayiq hesab edərək, iddiaçının keçirdiyi mənəvi sarsıntının, dəyərləndirdiyi məbləğə yaxın - 30000 manat məbləğində mənəvi zərərə görə kompensasiyanın müəyyən edilməsini ağlabatan və ədalətli hesab edir.

19. Qətnamə dəyişdirildiyindən, iddiaçıya ödənilən kompensasiya məbləğin və cavabdehin apellyasiya şikayətinin əsassız olduğunu nəzərə alaraq, şikayətlərin verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərcinin onu ödəyən şəxslərə aid edilməsini kollegiya əsaslı hesab edir.

20. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8-14, 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı şikayəti qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3354/2022 saylı işi üzrə 07 oktyabr 2022-ci il tarixli qətnaməsi mənəvi zərərə görə müəyyən edilmiş məbləğ hissədə dəyişdirilsin. Cavabdeh "xxxx" ASC-dən İddiaçı xeyrinə ödənilməli olan mənəvi zərər 30000 (otuz min) manat məbləğində müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar