Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-822/2020 10.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi və vəkili X2 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6075/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları: İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində aliment tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.2003-cü il təvəllüdlü X3 və xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 1.000 manat olmaqla, cəmi 2.000 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6075/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək xx.xx.2003-cü il təvəllüdlü X3 və xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün xx.xx.2019-cu il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün 250 manat olmaqla, cəmi 500 (beş yüz) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qərara alınmışdır. Apellyasiya şikayətləri və onun dəlilləri: İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş və şikayətinin dəlili ondan ibarət olmuşdur ki, uşaqların saxlanması üçün xeyli vəsait tələb olunur, cavabdeh dovlət orqanında yüksək vəzifədə çalışır, buna görə də cavabdehin iş yeri və əmək haqqı barədə məlumat alınmalıdır. Göstərilənlərə əsasən, qətnamənin qismən, iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili apellyasiya şikayətini müdafiə edərək qeyd etdi ki, cavabdeh əvəllər “Nikoyl” bankın idarə heyətinin sədri vəzifəsində çalışıb, onun çoxsaylı obyektləri və mağazaları da var, onun 5-7 min aylıq gəliri olub, lakin bunları təsdiq edən sübutları yoxdu, bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili T.Vəliyev apellyasiya şikayəti ilə razılaşmayaraq, cavabdehin əvvəllər “Nikoyl” bankın idarə heyətinin sədri vəzifəsində çalışdığını təsdiq etsə də, onun çoxsaylı əmlakı olması barədə iddiaçının dediklərini təsdiq etmədi, Məhkəməyə cavabdehin əmək müqaviləsi barədə bildirişi təqdim edərək, cavabdehin hazırda Müdafiə Sənayesi Nazirliyində nazirin müşaviri vəzifəsində çalışdığını, aylıq əmək haqqının 1471,50 manat olduğunu bildirdi. Bu səbəbdən apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi: Tərəflər xx.xx.2000-ci il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuşlar, xx.xx.2002-ci il tarixdə onların arasındakı nikah pozulsa da, tərəflər ailə münasibətləri faktiki olaraq davam etmiş. Faktiki nikahdan tərəflərin xx.xx.2003-cü il təvəllüdlü X3 və xx.xx.2008-ci il təvəllüdlü X4 adlı iki uşağı var (Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsinin xx.xx.2004-cü il tarixli AZ-İ № 537884; xx.xx.2008-ci il tarixli AZ-İİ № 193893 seriyalı doğum haqqında şəhadənamələrinin surəti işə əlavə edilib). Əmək müqaviləsinə dəyişiklik edilməsi barədə əmək müqaviləsi bildirişindən məlum olur ki, Cavabdeh Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyində nazirin müşaviri vəzifəsində çalışır, aylıq əmək haqqı 1471,50 manat təşkil edir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən qətnaməni iddiaçının apellyasiya şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə dəyişdirilməlidir. Məhkəmə kollegiyası cavabdehdən uşaqların saxlanılması üçün hər ay sabit pul məbləğində tutulacaq alimentin miqdarı məsələsini müzakirə edərkən, qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini, uşaqların yaş həddini, diqqətəlayiq olan digər halları, uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını əsas tutaraq hesab edir ki, cavabdehdən hər ay hər uşağın saxlanılması üçün 300 manat məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılıması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcədə aliment verməyə borcu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideyinin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də, Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu xx xxxx 2016-cı il tarixli Qərarında da göstərmişdir ki: “Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.” “Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2019-cu il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 160 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, kollegiya uşaqların üstün mənafeyini nəzərə alaraq hesab edir ki, qətnamə alimentin məbləği hissəsində dəyişdirilməli, hər ay hər uşağa görə 300 manat olmaqla, ümumilikdə hər ay 600 manat sabit pul məbləğində aliment iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Nəticə: Göstərilənlərə əsasən, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6075/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi alimentin məbləğinə aid hissədə dəyişdirilməli, xx.xx.2003-cü il təvəllüdlü X3 və xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün xx.xx.2019-cu il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün 300 manat, ümumilikdə hər ay 600 manat sabit pul məbləğində aliment cavabdehdən alınaraq iddiaçıya ödənilməli, qətnamə qalan hissədə onun apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçıtərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6075/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi alimentin məbləğinə aid hissədə dəyişdirilsin, xx.xx.2003-cü il təvəllüdlü X3 və xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün xx.xx.2019-cu il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün 300 manat, ümumilikdə hər ay 600 manat sabit pul məbləğində aliment cavabdehdən alınaraq iddiaçıya ödənilsin, qətnamə qalan hissədə onun apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə alimentə aid hissədə dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:imza: Hakimlər:imzalar: Əsli ilə düzdür,Hakim: İkram Şirinov
Məhkəmə qərarları › İş №2(103)-822/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-822/2020
10.01.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver