Məhkəmə qərarları › İş №2(103)-8221/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8221/2020

13.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8221/2020 13.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamalıyev Fərid Seyfulla oğlunun katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1502/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən birgə qaydada vurulmuş maddi ziyana görə 80 manat, mənəvi ziyana görə 5000 manat olmaqla ümumilikdə 5080 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, övladı xx.xx.2005-ci il təvəllüdlü X4 bir neçə ildir ki, Cavabdeh xəstəxanasında (daha sonra “Dünyagöz” xəstəxanası) gözlərini müayinə və müalicə elətdirir. Növbəti dəfə, xx xxxx 2020-ci il tarixdə sözügedən xəstəxanaya müayinə üçün uşağı aparmışdır. Halit Özhisar adlı əcnəbi həkimin qəbuluna yazılıb və onun qəbulunda oldublar. Həkim Halit Özhisar uşağın gözlərini müayinə etdikdən sonra dedi ki, göz zəyifliyi çox artmışdır, mənfiyə doğru artış olduqça çoxdur, təcili eynək dəyişdirmək və dərhal dərman müalicəsinə başlamaq lazımdır, hər gün ciddi şəkildə dərmanları içməlidir, 3 ay sonra müayinəyə gətirsinlər, baxacaqlar ki, lazımi tədbirlər alınsın. Beləliklə, həmin həkim eynək ölçüləri və dərman müalicəsi üçün resept yazdı və qeyd olunan məsləhətlərini də təkrarlayaraq onları yola saldı. Həkim otağından çıxan kimi bir tibb bacısı onları tələsik xəstəxanada yerləşən optika mağazasına apardı ki, buradan eynək ala bilərlər. O, uşağın gözlərinin sürətlə zəifləməsi xəbərindən tarixində çox mütəəsir oldu, lakin həkimin davranışları, tələskənliyi, qeyri peşəkarcasına münasibəti də onda xeyli şübhə oyatdı Buna görə də, o, təkrar uşağın gözlərini müayinə etdirməyə qərar verdi. Ertəsi gün xx xxxx 2020-ci il tarixdə təkrar “Dunyagöz” xəstəxanası ilə əlaqə saxlayıb yenidən müayinə etdirmək istədiyini söyləmişdir. Xəstəxanadan ona bildirdilər ki, eyni həkim olarsa ödənişsiz, başqa həkim olarsa təkrar ödəniş olunmalıdır. O, başqa həkim olsun demiş, həmin həkimə etimad göstərməmişdir. Ertəsi gün onlar başqa həkimin, Abdulhakim Tekci adlı əcnəbi bir həkimin qəbulunda olmuşlar. Həmin həkim müayinə etdikdən sonra tamamilə fərqli məsləhətlər verdi, bildirdi ki, göz zəifliyində mənfi artım çox cüzidir, eynək dəyişikliyinə heç bir zərurət yoxdur, dərman qəbuluna heç bir ehtiyaç yoxdur, 6 ay sonra növbəti müayinəyə gələ bilərlər. O da kağızda müvafiq qeydlərini apardı və bizi yola saldı. O, həkimə dünənki həkim tam fərqli məsləhət verdiyini və bunu nə ilə izah etdiyini sual etdi, lakin cavab ala bilmədi. Beləliklə onun övladının gözlərini iki gün ərzində “Dunyagöz” xəstəxanasında iki həkim ayrıca müayinə etdi və bir-birindən tamamilə fərqli diaqnoz qoymaqla, tamamilə fərqli məsləhətlər verdilər. Bu olanlar göz kimi çox həssas orqanın müayinə və müalicəsini həyata keçirən xəstəxananın öz işinə ciddi yanaşmadığını, öz vəzifələrini yerinə yetirmədiyini təsdiq edir. O, hazırda bu xəstəxanaya olan etimadımı tamamilə itirmişdir, indiyə kimi övladının müayinələrini bu xəstəxanada apardığım üçün çox peşmandır, həmçinin indiyə kimi də (iki ilə yaxındır) düzgün müayinə və müalicə aparılmasından əmin deyildir, indiyə kimi də doğru müayinə aparıldığına artıq şübhə ilə yanaşır. Xəstəxana, tibb müəssisəsi, insanların sağlamlığı ilə məşğul olan tibbi xidmət qurumu öz işinə olduqca ciddi yanaşmalı, öz fəaliyyəti üçün cavabdehlik daşımalıdır. “Dunyagöz” xəstəxanasının övladının göz sağlığına ciddi və peşəkar tibbi müəssisəsi kimi yanaşmaması, onun göz sağlamlığını təhlükəyə atması onun stress keçirməyimə səbəb olmuş, ona mənəvi zərər vurmuşdur. O, baş verənlərə görə stress keçirir və övladının sağlamlığına görə hədsiz narahatdır. O, övladının gözlərini qeyri-ciddi iş üslubu olan və öz işinin öhdəsindən gələ bilməyən xəstəxanaya etibar etdiyi üçün bir ata kimi davamlı stress və iztirab keçirməkdədir. Əgər o, birinci həkimə qulaq asıb onun dediklərini etsəydi, necə olacaqdı? Gözün yalnış müayinəsi üzrə yalnış müalicəsi aparılacaqdı. O, heç ikinci həkimin də doğru müayinə etdiyindən əmin deyil. O, hazırda bir xəstəxananın iki həkiminin iki tamamilə fərqli olan həkim məsləhəti ilə qarşı-qarşıya qalmışdır. Hər bir halda bu həkimlərin ikisinin də dedikləri doğru ola bilməz və biri yanlış məsləhəti vermişdir. Ona vurulan maddi zərər, bilavasitə təsbit edilə bilən maddi zərər 80 manat (iki dəfə müayinə xərci - hər dəfə 40 manat olmaqla), mənəvi zərəri isə 5000 manat qiymətləndirir. Məhkəmə tərəfindən xəstəxana olanlar barədə də xüsusi qərardad çıxarılmalı, qanunla nəzərdə tutulan bütün tədbirlər təxirəsalınmadan görülməli, insanların sağlamlığının təhlükəyə atılmasının qarşısı alınmalıdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1502/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1502/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və onun dəlilləri: Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə baxışı zamanı sübutlar araşdırılmamış, əlavə sübutlar üçün zərurət və tərəflərin hər hansı vəsatətinin olub-olmaması araşdırılmamışdır. İddiaçı “Sağlam ailə” xəstəxanasında övladını müayinə etdirmiş və əlavə ödəniş etməli olmuşdur. Bubla bağlı həkim reseptini məhkəməyə təqdim etmişdir. Həmin həkimin də məsləhəti “Dünyagöz” klinikasındakı ikinci həkimin məsləhəti ilə eyni olmuşdur. Qeyd edilənlərlə iddiaçıya maddi və mənəvi zərər vurulmuşdur. Cavabdehin nümayəndəsi isə etirazında xəstəxananın iki həkimin məsləhətləri arasında fərq olmadığını sübut etməyə çalışmışdır. -2 ölçülü eynəklə -2.75 ölçülü eynəyi istifadə etməyin gözə heç bir zərərinin olmadığını bəyan etmişdir. Qətnamədə iddiaçı tərəfindən təqdim olunmuş sübutlardan yalnız birindən bəhs edilir. Təqdim edilən sübutların ( üç həkimin resepti, eynək ölçüləri resepti, iki ödəniş qəbzi) çoxundan bəhs etməmişdir, onlara hüquqi qiymət verməmişdir. Məhkəmə özünün mütəxəssis, ekspert yerinə qoymuşdur. Beləliklə hakim mütəxəssis kimi müəyyən etmişdir ki, -2 ölçülü eynək istifadə etməli olan insan -2,75 ölçülü eynək işlədərsə onun gözünə heç bir zərəri ola bilməz, eləcə də hakim həkim mütəxəssi kimi digər həkim məsləhətlərinin doğru olduğunu, həkim məsləhətləri arasında ziddiyət olmadığına qərar vermişdir. Tərəflərin izahatları: Kollegiya iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılması vaxtı və yeri haqqında iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq kollegiya iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan xx.xx.2005-ci il tarixli, AZ-İ 636841 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx xxxx 2005-ci il tarixdə, Bakı şəhərində anadan olmuşdur. Atası İddiaçı, anası X3r. İşdə olan Səhiyya Nazirliyi gözlük üçün resept blankından görünür ki, X5 eynək üçün parametrlər yazılmışdır. İşdə olan Cavabdeh MMC-nin 856700 nömrəli qəbzindən görünür ki, 40 AZN ödəniş nəzərdə tutulmuşdur. İşdə olan Səhiyyə Nazirliyi “X1” tərəfindən verilmiş bioloji fəallığa malik qida əlavəsinə dair B/283/2020 saylı, xx.xx.2020-ci il tarixli ekspert rəyindən görünür ki, “Redom, kapsul № 30” adlı məhsul fosfolipidlər və omeqa-3 yağ turşularının mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları göndəlik istehlakın yuxarı yol verilən həddini aşmır və istifadə qaydalarına görə dərman vasitəsi deyil. İşdə olan Səhiyyə Nazirliyi “X1” tərəfindən verilmiş bioloji fəallığa malik qida əlavəsinə dair B/1895/2019 saylı, xx.xx.2019-cu il tarixli ekspert rəyindən görünür ki, “Virotfal, kapsul № 30” adlı məhsul gözün görmə qabiliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları, onların dərman vasitəsi kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi istifadə qaydalarına görə dərman vasitəsi deyil. Hüquqi dəyərləndirmə: Kollegiya işin hüquqi mahiyyəti ilə bağlı aşağıdakı normaların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1112-ci maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Kollegiya iş materiallarına, apellyasiya şikayətinin məzmununa əsasən müəyyən etmişdir ki, İddiaçı övladı xx.xx.2005-ci il təvəllüdlü X4 cavabdeh "Cavabdeh" MMC-nin xəstəxanasında 4 dəfə müayinə etdirmişdir: İlk dəfə xx xxxx 2019-cu il tarixdə iddiaçının övladı həkim Arif Məlikov tərəfindən müayinə edilmiş və xəstəyə miopiya diaqnozu qoyulmuş, xəstənin görmə dərəcəsi -2 (mənfi iki) olaraq təsbit edilmiş, müalicə olaraq eynək tövsiyə edilmişdir. İkinci dəfə iddiaçının övladı xx xxxxxxx 2019-cu ildə həkim Levent Güllü tərəfindən müayinə olunmuş, xəstəyə eyni diaqnoz və astiqmatizm diaqnozu qoyulmuş, xəstəyə eynəklə bağlı resept yazılmışdır. Üçüncü dəfə xx xxxx 2020-ci il tarixində iddiaçının övladı həkim Halit Özhisar tərəfindən müayinə olunmuş, xəstəyə eyni diaqnoz (miopiya və astiqmatizm) qoyulmuş və miopiya səviyyəsinin artdığı və gözünün -2,75 olduğu təsbit edilmiş, həkim Halit Özhisar xəstəyə eynəklə yanaşı əlavə 3 dərman yazmışdır (Branfos, Vitroft və Redom Oil). Dördüncü dəfə iddiaçı övladını xx xxxx 2020ci il tarixdə təkrar müayinəyə gətirmiş, həkim Abdulhakim Tekci xəstədə eyni diaqnozu təsdiq etmiş və eynək taxmağa davam etməsini tövsiyə etmişdir. İddiaçı Xəstəxanada xx xxxx 2020-ci il tarixdə müayinənin nəticəsi olaraq eynəyinin dəyişdirilməsi və dərmanların yazıldığı halda, bir gün sonra eynəyin dəyişdirilməsinə ehtiyac olmaması və dərman yazılmamasından narazılığını bildirmiş və indiyə qədər cavabdeh tərəfindən düzgün müayinə və müalicə edilməməsindən şikayət edərək məhkəməyə müraciət etmişdir. Kollegiya yuxarıda qeyd edilən normaların hazırki münasibətə tətbiqi ilə bağlı qeyd edir ki, delikt məsuliyyətinin yaranması üçün ziyanın baş verməsi və ziyan vuranın qanunazidd hərəkətləri arasında səbəbli əlaqənin olması, eləcə də həmin hadisədə onun təqsirinin olması zəruridir. Sadalanan əsaslar göstərilən delikt öhdəliklərinin yaranması üçün məcburi xarakter daşıyır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçı cavabdehin hərəkətlərində ona birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməl olmasına, onun övladına cavabdeh tərəfindən hər hansı zərər vurulması faktına dair hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə doğru nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. İddiaçı tərəfindən təqdim edilən 3 həkim resepti, eynək ölçüləri resepti, iki ödəniş qəbzinə məhkəmə tərəfindən qiymət verilməməsinə dair iddiaçının apellyasiya şikayətinin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, qeyd edilən sübutlar iddiaçıya ziyan vurulmasını təsdiq etmədiyindən qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsində hakimin mütəxəssis əvəzində həkimin rəyinə münasibət bildirilməsinə dair iddiaçının apellyasiya şikayətinin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, iş materiallarında iddiaçı tərəfindən ekspertiza rəyinin verilməsinə dait vəsatət aşkar edilməmişdir. Eyni zamanda, birinci instansiya məhkəməsi tərəfindən həkimin təyin etdiyi müalicəyə deyil, həmin müalicənin iddiaçıya ziyan vurulmasına səbəb olması və onlar arasında səbəbli əlaqənin olmasına qiymət vermişdir. Kollegiya iddia tələbinin mənəvi zərərlə bağlı hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə X7 Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və X7 Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və X7 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Həmin qərarın 8-ci bəndində həmçinin qeyd edilmişdir ki, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxıldıqda mülki məsuliyyətin yaranması əsasları müəyyən edilməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunması, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsi, zərərvuran şəxsin təqsiri, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsi, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsi aydınlaşdırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1502/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar