Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8277/2021 29.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Məmmədovanın sədrliyi və məruzəsi ilə, X2 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun nümayəndəsi X3 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli, 2(004)- 2568/2021 nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X4 və ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı "müqavilənin ləğv edilməsi tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında 19.05.2020-ci il tarixində 32 saylı notariat kontorunda bağlanmış və reyestrdə 3M-243 nömrə ilə qeyd edilmiş kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 19.05.2020-ci il tarixdə Bakı şəhəri 32 saylı notariat ofisində Sevinc Talib qızı ilə aralarında formal olaraq bağlanmış kredit müqaqviləsinə əsasən, guya iddiaçı ona 20000 manat pul borc vermişdir. Hesab edir ki, 19.05.2020-ci il tarixli kredit müqaqviləsi formal olaraq bağlandığından ləğv edilməlidir. Belə ki, Cavabdeh Talib qızı onun keçmiş həyat yoldaşı X5 xalasıdır. 2020-ci ilin may ayının əvvəllərindən başlayaraq keçmiş həyat yoldaşı ilə münasibətləri kəskin pisləşdiyindən nikahı pozdurmaq qərarına gəlmiş, lakin əmlak bölgüsü ilə bağlı aralarında mübahisə olduğundan S.Bədirli Qeydiyya şöbəsinə getməkdən imtina etmişdir. Həmin vaxt Cavabdeh Talib qızının əmlak mübahisəsinə müdaxiləsi nəticəsində keçmiş həyat yoldaşına 60000 manat verməsi ilə bağlı razılıq əldə edilmişdir və o, öz mülkiyyətində olan torpaq sahələrini, (üzərindəki tikili ilə birgə) Cavabdeh tanışının adına alqı-satqı müqaviləsi ilə rəsmiləşdirmiş (pulunu Cavabdeh və keçmiş həyat yoldaşı Bədirli Sevdaya verməklə), S.Bədirliyə cəmi 6000 manat borcu qalmışdır. Qalıq 6000 manat borcu ödəməyə isə heç bir imkanın olmadığından sui-istifadə edən Cavabdeh ona 6000 manat borcu, müqavilədə 20000 manat göstərilməklə verə biləcəyini bildirmiş, o isə məcbur olub razılaşdığından, həmin formal müqavilə üzrə Cavabdeh tərəfindən hesaba qoyulmuş 20000 manatı hesabdan çıxarıb 14000 manatını ona geri qaytarmaqla, 6000 manatını da keçmiş həyat yoldaşına vermişdir. S.Bədirli ilə əmlak mübahisəsi həll olunduğundan 16.06.2020-ci il tarixdə nikahları pozulmuşdur. Göründüyü kimi, cavabdehlə hər hansı bir iş birliyinin olmadığı, həmçinin, doğma bacısı qızı ilə boşanacağı bir ərəfədə, heç bir girov olmadan ona 20000 manat pulu borc verməsi inandırıcı da deyildir. Tərəfindən cavabdehə müqaqvilənin ləğv edilməsindən ötrü 23.02.2021-ci il tarixdə təklif göndərməsinə, aldığı 6000 manat pulu qaytarmasına baxmayaraq, cavabdeh müqavilənin ləğv edilməsinə razılıq vermir. Bu səbəbdən müqavilənin ləğv edilməsindən ötrü məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Birinci instansiya məhkəmə prosesinin gedişatında Cavabdeh İddiaçı qarşı “maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dəymiş 14000 manat maddi, 5000 manat mənəvi zərərin və 30 manat rüsumunun cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, 01.03.2019-cu il tarixdə bacısı qızı X8 ilə İddiaçı arasında nikah bağlanması qeydə alınmışdır. Təxminən 1-2 ay sonra Kənan müxtəlif bəhanələrlə, yəni işə düzəlmək üçün, ev tiktirmək üçün, torpaq sahələrinin alınması üçün, bundan başqa maşın alıb onu yığdırmaq üçün və sairə məqsədləri üçün ondan ümumilikdə 71000 manat pul borca almış, ən qısa müddətdə işə düzəlib aldığı pulu geri qaytaracağına söz vermişdir. Ailənin bir üzvü sayıldığına görə ona inanmışdır. Təxminən 1 il sonra məlum olmuşdur ki, Kənan dələduzluq və alfonsluqla yaşayır. Ona görə də ona borca verdiyi pulları qaytarmasını tələb etmiş və artıq bacısı qızı ondan boşanacağını bidirmişdir. O, da qısa vaxt ərzində pulları qaytaracağına söz vermiş və həmin pula 2 torpaq sahəsi, mercedes markalı avtomobil aldığını və Sərhəd Qoşunlarında yüksək vəzifəyə işə düzəlmək üçün 15000 manat pul verdiyini bildirmiş, həmin 2 torpaq sahəsinin çıxarışlarını və mercedes markalı avtomobili həyətə qoymuş, sənədləri və maşının açarını ona təhvil verib ondan polisə şikayət etməməsini xahiş etmişdir. Lakin bir müddət keçdikdən sonra anlamışdır ki, Kənan onu yenə də aldadir. Ona görə də 27.04.20ci il tarixdə Yasamal RPİ-nə bu barədə şikayətlə müraciət etmişdir. Bundan sonra torpaqlari və maşını sata bilmədiyi üçün Kənan ona torpaqlari bacısı qızınin adina, maşını isə onun adına keçirmiş və kredit müqaviəsi bağlayıb 2 ay müddətinə qalan 20000 manat pulu ödəyəcəyini bildirmişdir. 18.05.20-ci il tarixdə həmin torpaqları 41000 manata satdıqdan və maşını da 10000 manat qiymətləndirildikdən sonra 19.05.20-ci il tarixdə Bakı şəhər 32 saylı notarus dəvət edib yerdə qalan 20000 manat borcunu 2 ay müddətində ödəyəcəyini ona inandırmaq və arxayın etmək üçün sözü gedən müqaviləni rəsmiləşdirmişdir. Deməli Kənanın niyyəti bu müqaviləni bağlamaqla onu bir daha aldatmaq imiş. Ona görə də müqavilədən sonra 6000 manat pulu ödəmiş, yerdə qalan 14000 manatı isə qaytarmaq fikri yoxdur və bu müqavilə ilə öz dələduzluq əməlini örtbasdir etməkdədir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 iyun 2021-ci il, tarixli 2(004)- 2568/2021 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı "müqavilənin ləğv edilməsi tələbinə dair" ilkin iddiasının təmin edilməməsi, ilkin iddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, qarşılıqlı iddia tələbi qismən təmin edilərək, cavabdeh İddiaçı 19.05.20-ci il tarixli kredit müqaviləsinə əsasən 14000 (on dörd min) manat pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı Cavabdeh xeyrinə ödənilməsi, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2568/2021 saylı iş üzrə 04.06.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və ilkin iddiasının təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, Hesab edir ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını kobud şəkildə pozmuşdur. Belə ki, hakim qərar qəbul edərkən 19 may 2021-ci il tarixli kredit müqaviləsinə qədər olan vəziyyəti və həmin müqavilənin bağlanmasına əsas yaradan halları araşdırmamış, bu halları ümumiyyətlə nəzərə almamış və sonunda düzgün olmayan nəticəyə gəlmişdir. İlkin iddia üzrə Cavabdeh Talib qızı keçmiş arvadının xalası olmuşdur. Qeyd edir ki, onun ilkin iddia üzrə Cavabdeh ilə heç vaxt əlaqəsi olmamışdır. Həmişə problemdən və qohumlar arasında nüfuzdan düşməmək üçün keçmiş arvadı Sevda Bədirli və onun xalası Cavabdeh dəyəri real bazar qiymətindən çox aşağı olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, ümumi sahəsi 0,10 ha olan torpaq sahəsini üzərində olan tikili ilə birgə (sahəsi 220 kv.m) və 1 ədəd Mersedes S-500 (buraxılış ili 1994-cü il) ümumilikdə 51000 (əlli bir min) manat olmaqla, onların tanışının adına keçirtmiş. Halbuki qeyd etdiyi hər 2 əmlakın real bazar dəyəri 75000 (yetmiş beş min) manatdan yuxarıdır. Həmçinin, onların ona psixi təzyiq etməklə, bağladıqları, real olmayan müqavilənin imzalanmasından sonra cavandehə 6000 (altı min) manat pul ödədiyini bildirmişdir. Bunları yazmaqla qeyd edir ki, Cavabdeh onun düşdüyü vəziyyətdən sui-istifadə edərək, onu yaxınlarının yanında gözdən salacağı ilə hədələdiyindən real olmayan müqaviləyə imzalamaq məcburiyyətində qalmışdır. Hətta “MuğanBank”ın kassasından götürdüyü 20000 min manatı dərhal kassanın qarşısında cavabdehin özünə qaytardığını qeyd etmişdir. Çünki həmin vəsait ona sadəcə müqavilə bağlamaq, yəni üzərinə məcburi olaraq öhdəlik qoymaq niyyəti ilə verilmişdir. Əgər onun cavabdehə 60000 (altımış min) manat borcu olubsa, artıq artıqlaması ilə həmin məbləğ cavabdehə tərəfindən daşınmaz və daşınar əmlak, o cümlədən 6000 (altı min) manat da pul formasında qaytarılmışdır. Bütün qeyd etdikləri Cavabdeh onun üzərinə əlavə öhdəliklər qoyduğunu və bununla da onun hesabına varlanmaq niyyəti olduğunu qeyd edir. Qətnamədən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2568/2021 saylı iş üzrə 04.06.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və qarşılıqlı iddiasının təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı apellyasiya şikayətini onunla əsaslandırır ki, 01.03.2019-cu il tarixdə bacısı qızı X8 ilə cavabdeh arasında rəsmi nigahın bağlanması qeydiyyata alınmışdır. Təxminən 1-2 ay sonra cavabdeh müxtəlif bəhanələrlə, yəni işə düzəlmək, tortpaq alıb ev tiktirmək üçün, bundan başqa maşın almaq və sairə məqsədləri üçün onlardan ümumilikdə 71000 manat borc alıb ən qısa müddətdə işə düzəlib borcunu qaytaracağına söz vermişdir. Cavabdeh ailələrinin bir üzvü sayıldığına görə ona inanmışlar. Təxminən 1 il sonra onlara məlum olmuşdur ki, cavabdeh dələduzluq və alfonsluqla yaşayır. Ona görədə ona borca verdikləri pulları qaytarmasını tələb etmişlər və bacısı qızı artıq ondan boşanacağını bildirmişdir. O ,da qısa müddət ərzində aldığı pulları qaytaracağına söz vermiş və həmin pula 2 torpaq sahəsi, mercedes markali avtomobil aldığını və Sərhəd Qoşunlarında yüksək vəzifəyə işə düzəlmək üçün 15000 manat pul verdiyni bildirmiş, həmin 2 torpaq sahəsinin çıxarışlarını və mercedes markalı avtomobili həyətlərinə qoymuş, sənədləri və maşının açarını ona təhvil verib, ondan polisə şikayət etməməklərini xahiş etmişdir. Lakin bir müddət keçdikdən sonra başa düşdülər ki, onları yenə də aldadır. Ona görə də 27.04.2020-ciil tarixdə Yasamal RPİ-nə bu barədə şikayət ərizəsi ilə müraciət etmişdir. Bundan sonra cavabdeh həmin torpaq və maşını sata bilmədiyi üçün torpaqları bacısı qızının, maşını isə onun adına keçirmiş və onunla kredit müqaviləsi bağlayaraq 2ay ərzində qalan 20000 manat borcunu ödəyəcəyini bildirmişdir. 18.05.2020-ci il tarixdə torpağı 41000 manata satdıqdan və maşını 10000 manat qiymətləndirdikdən sonra onları 19.05.2020-ci il tarixdə Bakı şəhəri 32 saylı notariusa dəvət edib, qalan 20000 manat borcunu 2ay müddətində ödəyəcəyinə inandırmaq və arxayın etmək üçün bu müqaviləni rəsmiləşdirmişdir. Deməli cavabdehin niyyəti bu müqaviləni bağlamaqla onları bir daha aldatmaq imiş.Ona görədə müqavilədən sonra hissə-hissə cəmi 6000 manat pulu ödəmiş yerdə qalan 14000 manat borcunu isə qaytarmaq fikri olmamışdır və bu müqaviləni bağlamaqda məqsədi öz dələduzluq əməlini örtbasdır emək olmuşdur. Yasamal Rayon Məhkəməsinnin 2(004)-2568/2021 saylı, 04.06.2021-ci il tarixli qətnaməsi ilə qarşılıqlı iddia tələbləri qismən təmin edilmiş, yəni cavabdehdən 19.05.2020-ci il tarixli kredit müqaviləsinə əsasən 14000 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq onun xeyrinə ödənilməsi qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Hesab edir ki, cavabdeh ona uzun müddət vaxt itkisinə və əsəblərinin pozulmasına görə mənəvi zərər də vurmuşdur. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun nümayəndəsi X6 qarşılıqlı iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, qarşılıqlı iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. İş üzrə digər tərəf məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəflərin izahatını araşdıraraq hesab edir ki, hər iki apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 324, 385.1- 386.1, 421.2-ci, 739.1 və 739.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə araşdırılması zamanı müəyyən etmişdir ki, iş materiallarına əlavə edilmiş borcverən Cavabdeh ilə borcalan İddiaçı arasında imzalanmış və Bakı şəhəri 32 saylı mərkəzində Notariat kontoru tərəfindən təsdiqlənərək reyestrdə 3M-243 nömrə ilə qeyd edilmiş 19.05.20-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, bocverən borcalana 31.07.20-ci il tarixədək qaytarılmaq şərti ilə 20.000 manat məbləğində borc vermişdir. İş materiallarında olan 23.02.2021-ci il tarixli “pretenziyadan görünür ki, Bədirli X1 Sevinc Talıb qızına müraciət edərək, 19.05.20-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsinə razılıq verilmsini təklif etmişdir. İlkin iddia üzrə iddiaçı məhkəməyə müraciət edərək, kredit müqaviləsi formal olaraq bağlandığına görə Cavabdeh ilə aralarında imzalanmış 19.05.20-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Buna baxmayaraq, iddiaçı tələbini əsaslandırmaq üçün iddia ərizəsinə heç bir mötəbər sübut əlavə etməmiş, həmçinin, birinci instansiya məhkəmə baxışı zamanı məhkəməyə təqdim edə bilməmişdir. Habelə, iddiaçının gətirdiyi “dəlillər” məhkəmə üçün inandırıcı gəlmir. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə olduğu halda, məhkəmə kollegiyası hesab edir ki, ilkin iddia iddia tələbi qanunsuz və əsassız olduğundan rədd edilməlidir. Həmçinin, qarşılıqlı iddia üzrə iddiaçı məhkəməyə müraciət edərək, dəymiş 14000 manat maddi, 5000 manat mənəvi zərərin və 30 manat rüsumunun cavabdehdən tutularaq onun xeyrinə ödənilməsini xahiş etmişdir. İş materiallarından göründüyü kimi, qarşılıqlı iddia üzrə iddiaçı müvafiq müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyi halda, kredit alanın hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. AR Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Habelə, Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Bununla yanaşı, “Azərbaycan Respublikası MM-nin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına görə mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işguzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir... Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli qərarında göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmçinin, həmin Qərarda məhkəmələrə tövsiyyə olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər. (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddia tələbinin dəymiş maddi ziyanın tutulması hissəsində təmin edilərək, cavabdeh İddiaçı 14000 manat tutularaq, iddiaçı Cavabdeh xeyrinə ödənilməsi, dəymiş 5000 manat mənəvi zərərin cavabdehdən tutulması hissəsində iddia tələbi kifayət qədər əsaslandırılmadığından və bunu təsdiq edən mötəbər sübutlar təqdim edilmədiyindən təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Apellyasiya şikayətlərinin dəlilləri ilə bağlı Kollegiya qeyd edir ki, həm ilk iddia üzrə iddiaçının, həm də qarşılıqlı iddia üzrə iddiaçının apellyasiya şikayətləri hər birinin iddia tələbləri ilə oxşar məzmunlu olmaqla yuxarıda həmin dəlillərə qiymət verilmişdir. Kollegiya nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin olunmasın. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli, 2(004)- 2568/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-8277/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8277/2021
29.09.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver