Məhkəmə qərarları › İş №2(103)-8325/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8325/2021

08.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8325/2021 08.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi, İddiaçı Cavabdehnə qarşı «mənzilin yüklülükdən çıxarılması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 2(009)-1303/2021 saylı, 14.06.2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:

1. İddiaçı Cavabdeh MMC-yə qarşı məhkəmədə iddia qaldıraraq, girov predmeti olan ünvan 1 ünvanında yerləşən mənzilinin yüklülükdən azad ediməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, ABB-nin Xətai filialından 694 nömrəli 17 iyun 2008-ci il tarixli kredit müqaviləsinə əsasən, 1 il müddətinə faiz dərəcəsi 18 faiz olmaqla 30000 manat kredit götürmüşdür. Eyni zamanda öz yaşadığı mənzilinin tam mülkiyyət hüquqlarını təsdiq edən çıxarışı bank qarşısında girov qoymuşdur. Kredit öhdəliklərini lazımınca ödəmiş, müqavilədə qeyd olunmuş 30000 manat borc pul müqabilində bankın hesabına 43000 manat pul ödəmişdir. Müqavilə öhdəliyini tam yerinə yetirdikdən sonra girov predmeti olan mənzil çıxarışının ona geri qaytarılmasını tələb etdikdə cavabdeh ABB borcun 30000 manat deyil, 37000 manat olduğunu qeyd etmişdir. İddiaçı bildirir ki onun adından banka saxta ərizə ilə müraciət olunmuş və onun adına 7000 manat kredit borcuna dair əlavə kredit xətti üzrə pul ayrılmışdır.

3. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1303/2021 saylı, 14.06.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməyərək, iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu iddiaçının özünə aid edilməsi qət edilmişdir. (Sədrlik edən: Şəhla Süleymanova)

4. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1303/2021 saylı, 14.06.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və idda tələbinin təmin edilərək, iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti və dəlilləri:

5. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə həm maddi, həm də prosessual hüquq normalarını pozaraq qətnamə qəbul etmişdir. Həmçinin iddiaçı şikayətində iş üzrə mühasibatlıq ekspertizasının keçirlməsini də xahiş etmişdir.

6. Tərəflərə kollegiya iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq kollegiya iclasında iştirak etməmişlər və bununla bağlı məhkəməyə məlumat verməmişlər. Sübutların tədqiqi:

7. İş materiallarında olan 03.06.2008-ci il tarixli ərizədən görünür ki, iddiaçı ona tikinti materiallarının alınması məqsədilə 12 ay müddətinə 37000 manat məbləğində kredit xəttinin açılmasını xahiş etmiş və X3 məxsus Bakı şəhəri Səbail rayonu Əlibəyov qardaşları küçəsində yerləşən 50 saylı evin 14 saylı mənzilini girov kimi təklif etmişdir.

8. İş materiallarında olan No19-5/11822, 19.12.2017-ci il tarixli kredit reyestrinin çıxarışından görünür ki, kreditin verilmə tarixi 20.06.2008, ilkin müqavilə üzrə bitmə tarixi 19.6.2009, son müqavilə ilə bitmə tarixi 19.06.2009, tam ödənilmiş kreditlərin cəmi məbləği isə 30000 manat olmuşdur.

9. İş materiallarında olan No 19-5/2552, 02.03.2018-ci il tarixli kredit reyestrindın çıxarışından görünür ki, borcalan haqqında Mərkəzi Kredit Reyestri Xidməti tərəfindən 19.12.2017 və 03.04.2017 tarixlərində 2 dəfə sorğu qəbul olunmuşdur.

10. İş materiallarında olan ABB-nin No1187, 06.10.2020-ci il tarixli sorğu cavabından görünür ki , müştəri İddiaçı 20.06.2008-ci il tarixdə ABB Xətai filialından 30000 manat məbləğində kredit götürmüşdür.

11. İş materiallarında olan 03.06.2009-cu il tarixli ərizədən görünür ki, İddiaçı kreditə yenidən ehtiyacı olduğu üçün 7000 manat vəsait ödəmək şərti ilə onun adına açılmış kredit xəttindən 30000 manat məbləğində kredit qalığının istifadə müddətinin 12 ay uzadılmasını xahiş etmişdir.

12. İş materiallarında olan 07.02.2021-ci il tarixli ərizədən görünür ki, İddiaçı Cavabdeh MMC-yə qarşı mənzilin yüklülükdən çıxarılmasını tələb etmişdir.

13. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin No 2(009)-1043, 17.03.2021-ci il tarixli qərardadından görünür ki, İddiaçı Cavabdeh MMC-yə qarşı mənzilin yüklülükdən çıxarılması tələbinə dair iddia ərizəsi geri qaytarılmışdır.

14. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 15 iyul 2011-ci il tarixli, 2(102)-2165/2011 saylı qərarı ilə Cavabdeh Həəsnov Nurəddin Surxay oğlunun kassasiya şikayəti təmin edilməmişdir.bakı Apellyasiya Məhkəməsinin MK-nın həmin iş üzrə 25.02.2011-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.(sədrlik edən: B.H.Əsədov)

15. Bakı Apellyasiya Məhkəməsi MK-nın 2(103)-1062/2011) saylı, 25 fevral 2011-ci il tarixli qətnaməsi ilə şikayət qismən təmin edilərək,Səbail rayon məhkəməsinin 13 noyabr 2010-cu il tarixli qətnaməsi qismən - cavabdehlər İddiaçı və X1, onların ailə üzvlərinin ipoteka predmeti olan mənzilə hüquqlarına xitam verilməsi, onların həmin mənzildən çıxarılması hissəsi ləğv edilərək, həmin hissə üzrə yeni qətnamə qəbul edilərək cavabdehlər İddiaçı və X1 ailə üzvləri ilə birlikdə ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları küçəsi 50 saylı evin 14-cü mənzilinə olan hüquqlarına xitam verilməsi və onların həmin mənzildən çıxarılması barədə iddia tələbləri rədd edilmiş, qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılmışdır. (sədrlik edən Raqib Qurbanov) Hüquqi dəyərləndirmə:

16. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, iş materiallarında olan sübutlara hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, şikayət təmin edilməməlidir.

17. Belə ki, borc verən Azərbaycan Beynəlxalq Bankın Xətai Filialı ilə borc alan İddiaçı arasında kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən, borcverən borcalana tikinti materiallarının alınması məqsədilə 37000 manat məbləğindəkredit verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.4-cü bəndinə əsasən, borcalana verilən kredit vəsaitindən istifadə müddəti 12 ay nəzərdə tutlmuşdur. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən, kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına hər gün illik 18 %-lə hesablanması qeyd edilmişdir.

18. İş materiallarında olan qəbzlərdən görünür ki, ******************** saylı hesab nömrəsinə 22.10.2012-ci il tarixdə 1500 manat, 08.04.2013-cü il tarixdə 1000 manat, 15.11.2013-cü il tarixdə 2900 manat, 06.03.2012-ci il tarixdə 8000 manat, 14.05.2012-ci il tarixdə 3000 manat, 12.07.2012-ci il tarixdə 2000 manat, 17.07.2012-ci il tarixdə 1400 manat, 05.09.2011-ci il tarixdə 4000 manat, 10.11.2011-ci il tarixdə 3200 manat, 30.01.2012-ci il tarixdə 3100 manat, 06.02.2017-ci il tarixdə 150 manat, 17.03.2017-ci il tarixdə 150 manat, 26.07.2017-ci il tarixdə 100 manat pul ödənilmişdir.

19. İş materiallarında olan 03.09.2019-cu il tarixli ******************** saylı hesabdan çıxarışdan görünür ki, 05.09.2011-ci il tarixdə 4000 manat, 10.11.2011-ci il tarixdə 3200 manat, 30.01.2012-ci il tarixdə 3100 manat, 06.03.2012-ci il tarixdə 8000 manat, 14.05.2012-ci il tarixdə 3000 manat, 12.07.2012-ci il tarixdə 2000 manat, 17.07.2012-ci il tarixdə 1400 manat, 22.10.2012-ci il tarixdə 1500 manat, 08.04.2013-cü il tarixdə 1000 manat, 15.11.2013-cü il tarixdə 2900 manat, 03.02.2014-cü il tarixdə 1000 manat, 06.02.2017-ci il tarixdə 150 manat, 17.03.2017-ci il tarixdə 150 manat, 26.07.2017- ci il tarixdə 100 manat pul ödənilmişdir. (cəmi 31500 manat)

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414- 416-cı maddələrinə uyğun olaraq həyata keçirilir.

22. Həmin Məcəllənin 319.1-ci və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır.

23. İcra haqqında Qanunun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir.

24. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir.

25. İpoteka haqqında Qanunun 15.1-ci maddəsinə əsasən ipotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir.

26. İddiaçı şikayətində mühasibatlıq ekspertizasının keçirilməsini xahiş etmişdir. Kollegiya hazırki mübahisə predimeti üzrə xüsusi bilik tələb edilən hər hansı hal mövcud olmadığını qeyd edərək, ekspertizanın keçirilməsinə zərurət olmadığı qənaətinə gəlmişdir.

27. Məhkəmə kollegiyası, həmçinin qeyd edir ki, iş materiallarında olan Səbail rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi ilə İddiaçı bankın xeyrinə ümumilikdə 42435 (qırx iki min dörd yüz otuz beş) manat borcun tutulması və tələbin ipoteka qoyulmuş Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları küçəsindəki 50 saylı evin 14cü mənzilinə yönəldilməsi qət edilmişdir.

28. İddiaçı şikayətində məhkəmənin maddi, prosessual hüquq normalarını pozaraq qətnamə qəbul etdiyini və iş üzrə mühasibatlıq ekspertizasının keçirilməsinə zərurət olduğunu qeyd etmişdir. Kollegiya vurğulayır ki, iş materiallarında artıq sadalanan bu hallarla bağlı qanuni qüvvəyə minmiş qətnamə vardır. Həmin qətnamədə maddi, prosessual hüquq normalarını pozaraq qətnamə qəbul edilməsi və iş üzrə mühasibatlıq ekspertizasının keçirilməsinə zərurətin olub-olmaması məsləsi artıq araşdırılmış və öz təsdiqini tapmamışdır. Odur ki, kollegiya hesab edir ki, sözügedən hazırki mübahisə predimeti ilə bağlı iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər əsassızdır.

29. Mülki Prosessual Məcəllənin 233.3-cü maddəsinə görə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərinin, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.

30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətlərində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i:

İddiaçı X2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1303/2021saylı, 14.06.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar