Məhkəmə qərarları › İş №2(103)-8359/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8359/2020

30.11.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8359/2020 30.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası, Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı “vərəsəlik şəhadətnaməsinin, dövlət qeydiyyatının, çıxarışın ləğv edilməsi, alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və mənzilə mülkiyyət hüququnun tanınması” barədə ilkin, Cavabdeh İddiaçı qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və əmlakın qaytarılması” barədə qarşılıqlı iddia tələblərinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-689/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin adına rəsmiləşdirilmiş xx.xx.2019-cu il tarixli 2V-749 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin ləğv edilməsi, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən cavabdehin adına verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, cavabdehlə aralarında alqı-satqı müqaviləsinin bağlanılmış hesab edilməsi və Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi ev 13, 28 saylı mənzilə mülkiyyət hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən iki otağlı yaşayış sahəsi mərhum X4 mülkiyyətində olmuşdur. X5 ilə aralarında xx.xx.2018-ci il tarixdə bağlanmış “Daşınmaz əmlakın alqı-satqısına dair ilkin müqavilə”yə əsasən mübahisəli mənzil sahəsi 70110 manata ona satılaraq, ilkin müqavilə bağlandığı an tərəfindən ümumi satış məbləğindən 45000 manat ödənilmiş, qalan 25110 manatın isə əsas müqavilə bağlanarkən razılaşdırılmışdır. Mənzil sahəsinin dəyəri tam ödənilənə qədər X6 vəfat etmişdir. Buna baxmayaraq ailə üzviləri ilə birlikdə mübahisəli mənzilə köçmüş və bu günə qədər də həmin mənzildə yaşayırlar. Bir müddət keçdikdən sonra vəfat etmiş şəxsin vərəsələrinə (cavabdeh və övladları) müraciət edib mənzil sahəsinin rəsmiləşdirilməsini xahiş etmişdir. Belə ki, ölən şəxsin vərəsələri mübahisəli mənzil sahəsini miras olaraq qəbul edib bundan sonra onunla yekun alqı-satqı müqaviləsini bağlamaq öhdəliyini icra etməli idilər. Lakin cavabdeh onun xahişlərini nəzərə almadan özü notariat kontoruna müraciət etmiş və ona xx.xx.2019-cu il tarixdə verilmiş 2V-749 nömrəli vərəsəlik haqqında şəhadətnaməyə əsasən cavabdeh mənzilə olan hüquqlarını Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyatdan keçirərək ********** nömrəli xx.xx.2019-cu il tarixli çıxarış almışdır. Həmçinin, hazırda cavabdeh Yasamal Rayon Məhkəməsinə mənzilin boşaldılmaqla ona təhvil verilməsinə dair iddia ərizəsi ilə müraciət etmişdir.Əlavə qeyd edir ki, mərhum X6 ilə aralarında ilkin müqavilə bağlandığı vaxta qədər mübahisəli mənzil sahəsi ipoteka ilə yüklü olmuş və vəfat etmiş şəxs “xxxx” ASC-yə 54592.35 manat borclu olmuşdur. Mərhum borcun bir qismini ödəmiş, qalıq məbləq vəsaitinin bir hissəsini aralarında müqavilə bağlandığı an, digər vəsaiti isə o ödəməli idi. Pul vəsaiti banka tam ödənildiyi üçün cavabdeh banka müraciət etmiş və borcun olmaması ilə əlaqədar zəruri sənədləri almış, mənzili ipoteka yüklülüyündən azad edərək vərəsəlik qaydasında öz hüquqlarını həyata keçirtmişdir. Həmçinin, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi verərək, Baki-şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, bina 13 ünvanında yerləşən, ümumi sahəsi 42 kv.m. olan 2 otaqlı 28 saylı mənzilin mərhum X5 tərəfindən cavabdehə satılmasına dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, mənzilin İddiaçı və onun ailə üzvləri tərəfindən boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ona qarşı iddia tələbi tam əsasızdır və mənzilə dair alqı-satqı müqaviləsinin etibarsızlığına məhkəmə qaydasında hüquqi qiymət verilməsinin qarşısını almaq məqsədi daşımaqdır. Belə ki, X5 ilə 1984-cü ildən birgə nikahda olmuşlar. 2013-cü ildə özlərinə ünvan 2 ünvanda yerləşən 42 kv.m. sahəsi olan 2 otaqlı 28 saylı mənzili almışlar. Həmin mənzilə dair X2 adına daşınmaz əmlakın dövlət reyestrindən RX ******* saylı çıxarış verilmişdir. xx.xx.2019-cu il tarixdə X5 vəfat etmişdir. O, mərhum X2 qanun üzrə vərəsəsi təyin edilmiş və bununla bağlı 1 saylı Bakı ASAN xidmət mərkəzinin xüsüsi notariusu X3 təsdiqi ilə xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnaməyə əsasən onun ünvan 2, 28 saylı mənzildən 1/1 hissədə, yəni tam olaraq pay almaq hüququ təsdiq edilmişdir. Həmin şəhadətnamə əsasında mənzilə dair mülkiyyət hüququnu təsdiq edən xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Qeyd etmək istəyir ki, mülkiyyətində olan mənzil hazırda İddiaçı və onun ailə üzvlərinin qanunsuz istifadəsindədir.Belə ki, X2 vəfatından sonra mülkiyyət hüquqları ilə ona məxsus olan mənzilə gedərkən cavabdeh İddiaçı və onun ailə üzvlərinin həmin evdə yaşadıqlarını görmüş, onlardan əmlakını tərk etmələrini tələb etdikdə isə İddiaçı və onun ailə üzvləri bu qanuni tələbə etiraz edərək həmin evin onlara məxsus olmasını iddia etmişlər. İddia onunla əsaslandırılmışdır ki, həmin ev X2 vəfatından bir qədər öncə alqısatqı müqaviləsi əsasında İddiaçıİsmayıl qızına satılmışdır. Qeyd edilən alqı-satqı prosessindən heç bir məlumatı olmadığını, belə bir alqı-satqı müqaviləsi olduğu təqdirdə həmin mənzil birgə nikah dövründə əldə edildiyindən müvafiq alqı-satqıya dair onun da razılığı notariat qaydasında tələb olunduğu halda belə bir razılıq alınmadan alqı-satqı həyata keçirilmişsə də həmin müqavilənin etibarsız olduğu bildirilmiş, lakin bu bildirişə və haqlı tələbinə heç bir məhəl qoyulmamışdır. Bununla bağlı vəkili və nümayəndəsi tərəfindən xx.xx.2019-cu il tarixdə bildirişlə mənzildən qanunsuz istifadə edən şəxslərə həmin mənzili qanuni mülkiyyətçisinə təhvil vermələri barədə məlumat verilsə də, bu günə kimi cavabdeh və onun ailə üzvləri mənzildən çıxmırlar. Cavabdehin və onun ailə üzvlərinin bu hərəkətləri ilə onun qanunla qorunan hüquq və mənafelərinə zidd hal yaranmaqla, əmlak və mülkiyyət hüquqları ciddi şəkildə pozulmaqdadır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-689/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbi rədd edilmiş, qarşılıqlı iddia tələbi isə təmin edilərək, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 42 kv.m. olan 2 otaqlı 28 saylı mənzilə dair mərhum X5 ilə cavabdeh İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqısına dair ilkin müqavilə”nin etibarsız hesab edilməsi, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 42 kv.m. olan 2 otaqlı 28 saylı mənzilin Cavabdeh və onun ailə üzvləri tərəfindən boşaldılaraq iddiaçı Cavabdeh təhvil verilməsi, Cavabdeh xx.xx.2018-ci il tarixli “Daşınmaz əmlakın alqısatqısına dair ilkin müqavilə” yə əsasən ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 42 kv.m. olan 2 otaqlı 28 saylı mənzilə görə ödənilmiş 45000 (qırx beş min) manat pul vəsaitinin alınaraq İddiaçı ödənilməsi, qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş 10 (on) manat dövlət rüsumunun cavabdeh İddiaçı tutulub iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Qətnamədən apellyasiya şikayəti verən İddiaçı onun ləğv, ilkin iddianın isə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğu, işin hallarına və sübutlara düzgün qiymət vermədiyi arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış ilkin iddia üzrə iddiaçı məhkəmə iclasına gəlməmiş, bununla belə məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi ev 13, 28 saylı mənzil X2 adına daşınmaz əmlakın dövlət reyestrində 1903 nömrəli reyestr kitabının 175501 nömrəli vərəqində xx.xx.2013-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş AZ-İİ seriyalı, 000262 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə vəfat etrniş X2 vərəsəsi Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi ev 13, 28 saylı mənzildən ibarət miras əmlakdan 1/1 hissədə pay almalıdır. Göstərilən payda şəhadətnamə verilən miras əmlaka dair şəhadətnamə 1 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində təsdiq olunmuş və reyestrdə 2V-749 nömrə ilə qeyd edilmişdir. Birinci instansiya məhkəməsinin sorğusu əsasında Bakı şəhəri 50 saylı notariat ofisi tərəfindən təqdim olunmuş 3M-337 reyestr saylı “Daşınmaz əmlakın alqı-satqısına dair ilkin müqavilə”yə aid notariat işində olan xx.xx.2018-ci il tarixli “Daşınmaz əmlakın alqısatqısına dair ilkin müqavilə”nin surətindən görünür ki, birinci tərəf X1 tərəf: İddiaçı xx.xx.2024-cü ıl tarixə kimi xx.xx.2013-cü il tarixli, reyestr nömrəsi **********14-05101- 093022, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən satıcı X2 mülkiyyətində olan, Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən 13 saylı evin, ümumi sahəsi 42.0 kv/m olan, 28 saylı mənzilinin ipoteka yüklülüyündən azad edildikdən sonra 70110 manata alıcı İddiaçı satılması barədə gələcəkdə alqı-satqı müqaviləsinin bağlanmasına dair razılığa gələrək müqavilə bağlamışlar. Müqavilənin şərtlərinə əsasən satıcı satılacaq 70110 manata qitymətləndırir və gələcəkdə mənzili həmın qiymətə alıcıya satmağı, alıcı ısə mənzılı gələcəkdə 70110 manata almağı öhdəsınə götürür. Alıcı satış məbləğindən 45000 manatı hazırda notariusun bankda açdığı depozit hesabı vasıtəsı ılə satıcıya ödəyir, satış qiymətinın qalan 25110 manatını isə mənzilin alqı-satqısına dair əsas müqavilə bağlanarkən satıcıya ödəməyi öhdəsinə götürür. “Daşınmaz əmlakın alqısatqısına dair ilkin müqavilə” Bakı şəhəri 50 saylı notariat ofisinin notarisu K.Rəhmanov tərəfindən təsdiq edilərək reyestrdə 3M-337 nömrə ilə qeyd olunmuşdur. Kollegiya ilk növbədə qeyd edir ki, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” – “məhkəmə hüququ bilir” prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşıyır və tərəflərin faktlar barəsində hüquqi mövqeləri hakim üçün heç bir halda məcburi deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında da göstərilmişdir ki, “qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır”. Bu kontekstdə kollegiya nəzərə alır ki, hər iki tələb mübahisəsi gedən əmlaka dair ilkin iddiaçı ilə bağlanmış alqı-satqı müqaviləsinin etibarlılığı ilə əlaqədardır və yuxarıda qeyd olunan prinsipə görə həmin müqavilənin mülki qanunvericiliyin tələblərinə uyğun bağlanıb-bağlanmadığını müəyyənləşdirmək bilavasitə məhkəmənin vəzifəsidir. Ümumiyyətlə, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada kollegiyanın qənaətinə görə, ilk olaraq birinci instansiya məhkəməsinin Cavabdeh İddiaçı qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və əmlakın qaytarılması” tələbi üzrə gəldiyi nəticəyə qiymət verilməlidir; çünkü həmin nəticənin əsaslı, yaxud əsassız hesab olunması, İddiaçı Cavabdeh qarşı “vərəsəlik şəhadətnaməsinin, dövlət qeydiyyatının, çıxarışın ləğv edilməsi, alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və mənzilə mülkiyyət hüququnun tanınması” tələblərinin əsaslı və ya əsassız hesab edilməsini şərtləndirir. Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllənin 337.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Beləliklə, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Bu zaman həmçinin nəzərə alınmalıdır ki, qanunvericilik ər-arvadın birgə nikah dövründə əldə etdikləri əmlaka dair bağlanan müqavilələrin etibarlılığı üçün xüsusi qaydalar da müəyyənləşdirmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 33-cü maddəsinə görə isə, ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci maddəsinə görə də, “ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər”. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarına əsaslanmaqla kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəli mənzilin alqı-satqısına dair müqavilənin bağlanması zamanı Cavabdeh razılığının alınmamasının müqavilənin etibarsızlığına səbəb olduğu barədə düzgün nəticəyə gəlmişdir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisəli mənzilin Cavabdeh təhvil verilməsi barədə də düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı "İnsan hüquqları və əsas azadlıqların müdafıəsi haqqında" Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində qeyd edilir ki, mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfındən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmçinin kollegiya haqlı olaraq mənzilin alınması üçün İddiaçı tərəfindən ödənilmiş pul vəsaitinin onu geri qaytarılması barə də düzgün nəticəyə gəlmişdir. Belə ki, ilkin iddiaçı ilə bağlanmış əqd etibarsız hesab edildiyindən belə bir tələbin mövcud olubolmamasından asılı olmayaraq həmin əqd üzrə alınanların geri qaytarılması (restitusiya) məsələsi də həll edilməlidir. Gəldiyi qənaətin məntiqi davamı olaraq kollegiya, İddiaçı Cavabdeh qarşı “vərəsəlik şəhadətnaməsinin, dövlət qeydiyyatının, çıxarışın ləğv edilməsi, alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və mənzilə mülkiyyət hüququnun tanınması” tələbi üzrə də birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşır və bununla bağlı əlavə əsaslandırma aparılmasını zəruri hesab etmir və bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab edir. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı dəlillər nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-689/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar