Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-836/2022 17.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı1 nümayəndəsi-vəkili Nümayəndə, İddiaçı2 hüquqi varisi X3, Cavabdehin nümayəndəsi X4 və nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" MMC-yə qarşı ("xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “icbari sığorta məbləğinin bərpası tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli 2(011)-1992/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin həcminin artırılması və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı1 vurduğu maddi ziyana görə 4187 manat, mənəvi ziyana görə 5000 manat, vəkil xidmətləri üçün ödənilmiş 500 manat pul vəsaitinin, 30 manat dövlət rüsumu olmaqla, cəmi 9717 manat pulun, İddiaçı2 vurduğu maddi ziyana görə 4928 manat, mənəvi ziyana görə 5000 manat, cəmi 9928 manat pulun Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Üfüq” İstehsalat Birliyinin "xxxx" MMC-dən tutulub onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, X5 cavabdeh zavodda işləmiş, 19.01.2020ci il tarixdə istehsalat zədəsi almış və 10 gün sonra, 29.01.2021-ci il tarixdə ölmüşdür. Onun ölümü ilə bağlı bədbəxt hadisə 22.01.2020-ci ildən 09.04.2020-ci il tarixədək tədqiq olunub, bununla bağlı 09.04.2020-ci il tarixli Təhqiqat aktı tərtib olunmuşdur. Rasim Heydərov "xxxx" ASC-də 01.07.2019-cu il tarixdə 1002-19 saylı müqavilə əsasında sığortalanmışdır. Onlar sığorta ödənişi almaq hüququna malikdirlər. Cavabdeh tərəfindən sığorta şirkətinə təqdim olunan məlumatda Rasim Heydərovun bir illik əmək haqqı fondu təhrif olunaraq 1420 manat göstərilmişdir. Lakin 1420 manat 12 aya bölünsə, onun ayda 118,33 manat maaş aldığını düşünmək olar. Halbuki, bu məlumat təqdim olunan vaxt ölkədə minimum əmək haqqı 250 manat idi. Cavabdehin onlara 19.08.2020-ci il tarixdə yazdığı məktubda qeyd olunub ki, Rasim Heydərovun vərəsələrinə qanunla müəyyən edilmiş orta aylıq əmək haqqının üç misli miqdarında birdəfəlik müavinət ödənilmişdir. Həqiqətən də, Rasim Heydərovun maaş kartına 1382,31 manat ödənilmişdir. Bu məbləği 3 aya bölməklə onun 1 aylıq maaşının 460,77 manat olduğunu müəyyən etmişlər. Eyni zamanda, onun bir aylıq maaşını 12-yə vurmaqla Rasim Heydərovun bir illik əmək haqqı fondunun 5529,24 manat olduğunu hesablamışlar. Cavabdeh faktiki olaraq sığorta şirkətinə Rasim Heydərovun illik əmək fondu barədə azaldılmış məbləğdə məlumat verməklə və az sığorta haqqı ödəməklə qanunla müəyyən edilmiş məbləğdən az sığorta ödənişi ödənilməsinə nail olmaqla onlara maddi zərər vurmuşdur. Rasim Heydərovun əmək haqqı fondu 4109,24 manat azaldılmışdır. Qanunvericiliklə nəzərdə tutulmuş düstur əsasında hesablandıqda cavabdehin sığorta şirkətinə Rasim Heydərovun illik əmək haqqı fondu barədə düzgün olmayan məlumat verməsi və sığorta haqını düzgün ödəməməsi nəticəsində İddiaçı1, əvvəl ödənilmiş sığorta ödənişi çıxılmaqla, 4187 manat (5634- 1447=4187), İddiaçı2 isə, əvvəl ödənilmiş sığorta ödənişi çıxılmaqla, 4928 manat (6631- 1703 = 4928) az sığorta ödənişi almışdır və onlara həmin məbləğdə maddi ziyan dəymişdir. Bundan başqa, cavabdehin bu cür hərəkətləri nəticəsində keçirdikləri stres və psixoloji gərginliyə görə onlara dəymiş mənəvi ziyanı hər birinə 5000 manat qiymətləndirirlər. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli 2(011)-1992/2021 saylı qətnaməsi ilə İddiaçı1 iddiası qismən təmin edilmiş, 3701,26 manat, hüquqi xidmət xərcinə görə 190 manat və 11,40 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3902,66 manat pul vəsaitinin Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Üfüq” İstehsalat Birliyinin "xxxx" MMC-dən tutularaq İddiaçı1 ödənilməsi, hüquqi xidmət xərcinə görə ödənilmiş 310 manat və ödənilmiş dövlət rüsmunun 18,60 manat hissəsinin İddiaçı1 aid edilməsi, İddiaçı1 iddiasının qalan hissədə təmin edilməməsi, İddiaçı2 iddiasının qismən təmin edilməsi, 4355,93 manat pul vəsaitinin Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Üfüq” İstehsalat Birliyinin "xxxx" MMC-dən tutularaq İddiaçı2 ödənməsi və İddiaçı2 iddiasının qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, qətnamə qanunsuz və əsassızdır, Rasim Heydərov cavabdeh zavodda dülgər vəzifəsində işləmiş, "xxxx" ASC-də icbari qaydada sığortalanmış və sığorta şirkətinə sığorta haqqı ödənilmişdir, buna görə də sığorta ödənişini ASC ödəməlidir. Məhkəmə yalnız olaraq sığorta ödənişini cavabdehdən tutmuşdur. Məhkəmə Kollegiyası tərəfindən İddiaçı2 hüquqi varisi - qızı X3 ilə əvəz edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və nümayəndəsi-vəkili apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 nümayəndəsi-vəkili apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. İddiaçı2 hüquqi varisi H.Heydərova apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır”. Apelyasiya baxışı zamanı məlum olmuşdur ki, İddiaçı2 27.04.2021-ci il tarixdə vəfat etmişdir. Mərhumun qızı X3 ərizə təqdim edərək, mülki iş üzrə İddiaçı2 (anasının) onunla əvəz edilməsini xahiş etmiş, ərizəyə ölüm haqqında şəhadətnamə və doğum haqqında şəhadətnamənin surətini əlavə etmişdir. Kollegiya tərəfindən İddiaçı2 hüquqi varisi - qızı X3 ilə əvəz edilmişdir. Göründüyü kimi, iddiaçılardan biri İddiaçı2 27.04.2021-ci il tarixdə vəfat etmiş, məhkəmə qətnaməsi isə 17.06.2021-ci il tarixdə qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, yuxarıda şərh olunanlar birinci instansiya məhkəməsinin qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və apelyasiya şikayətinin dəlillərindən asılı olmadan qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Kollegiya izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi qismən təmin edilməlidir. İşin faktiki halları ondan ibarətdir ki, X5 12.10.2015-ci il tarixdə bağlanmış müddətli əmək müqaviləsi əsasında cavabdehin təmir-tikinti sexində 4-cü dərəcəli dülgər vəzifəsinə işə qəbul edilmiş və ölümü ilə nəticələnmiş bədbəxt hadisə baş verənədək həmin vəzifədə işləmişdir. X5 cavabdeh “Radioquraşdırma” Zavodu ilə "xxxx" ASC arasında 01.07.2019cu il tarixdə bağlanmış “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi” üzrə (bundan sonra – İcbari sığorta müqaviləsi) sığortalanmışdır. İcbari sığorta müqaviləsinin 1 saylı X1 sığortalanması ilə bağlı məlumatlar belədir: təvəllüdü – 28.04.1965, vəzifəsi – fəhlə, kateqoriya – F, peşə riskinin dərəcəsi – 9, bir illik əmək haqqı fondu – 1420 manat, sığorta məbləği – 16154,45 manat, sığorta tarifi – 1,5%, cari il üzrə hesablanmış sığorta haqqı – 21,3 manat. X2 2019-cu il üzrə əmək haqqısının cəmi 5052,36 manat olmuşdur. X5 19.01.2020ci il tarixdə istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində aldığı xəsarətlərdən 29.01.2020-ci il tarixdə ölmüş və bu barədə təhqiqat aktı tərtib edilmişdir. X2 ölümü nəticəsində sığorta şirkəti – üçüncü şəxs tərəfindən İddiaçı1 1446,93 manat, İddiaçı2 1702,86 manat sığorta ödənişi verilmişdir. Cavabdehlə sığortaçı "xxxx" ASC arasında 01.07.2019-cu il tarixdə bağlanmış “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabilliyətinin itirilməsi hallarından icbari sığorta” müqaviləsinin 1 saylı Əlavəsinin surətindən görünür ki, sığortalı Rasim Heydərovun bir illik əmək haqqı fondu 1420 manat, sığorta ödənişi isə 16154,45 manat göstərilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq cavabdehin 01.04.2021-ci il tarixdə məhkəməyə göndərdiyi arayışında isə 2019-cu il üzrə Rasim Heydərova verilən illik əmək haqqının cəmi 5052,36 manat olduğu qeyd edilmişdir. Məhkəmənin sığorta ödənişinin hesablanması qaydası barədə sorğusu əsasında Azərbaycan Respublikası Mərkəzi Bankının 03.06.2021-ci il tarixdə məhkəməyə göndərdiyi məktubunda qeyd edilmişdir ki, "xxxx" ASC ilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Üfüq” İstehsalat Birliyinin "xxxx" MMC 01.07.2019-cu il tarixdə bağlanmış istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sinfi üzrə bağlanmış 1002-19 nömrəli müqaviləyə əsasən vətəndaş X2 bir illik əmək haqqı fondu 1420 manat, əmək haqqı fondundan istifadə edərək vətəndaşa verilən təminat 16154,45 manat hesablanmışdır. Lakin məhkəmənin təqdim etdiyi sənədlərdən məlum olur ki, vətəndaşın 2019-cu il üzrə bir illik əmək haqqı fondu 5052,36 manatdır və müvafiq sığorta müqaviləsində qeyd olunan illik əmək fondu məbləğindən fərqlənir. X2 2019-cu il üzrə əmək fondu 5052,36 manat olaraq nəzərə alınıb işəgötürən tərəfindən sığortalansaydı, bu halda baş verən hadisə üzrə sığortaçı tərəfindən sığortalının qızı İddiaçı1 5148,19 manat, anası İddiaçı2 isə 6058,79 manat olmaqla, cəmi 11206,98 manat sığorta ödənişi hesablanacaqdır. Məhkəmənin sığorta ödənişinin hesablanması qaydası barədə sorğusu əsasında cavabdehlə sığorta müqaviləsi bağlamış, iş üzrə üçüncü şəxs "xxxx" ASC-nin 07.06.2021ci il tarixdə məhkəməyə daxil olan cavab məktubunda qeyd edilmişdir ki, mərhum X2 yekun əmək haqqı məbləği 2018-ci il üzrə 5749,63 manat, 2019-cu il üzrə 5052,36 manat olduğu halda ona münasibətdə sığorta məbləğləri müvafiq olaraq 66442 və 57478 manat müəyyən edilməklə, faydalanan şəxsləri sayılan qızı və anası üçün hesablanacaq sığorta ödənişi aşağıdakı kimi olacaqdı: xx.xx.1999-cu il təvəllüdlü İddiaçı1 2019-cu il məlumatları üzrə 5148,19 manat, xx.xx.1934-cü il təvəllüdlü İddiaçı2 isə 6058,79 manat birdəfəlik sığorta ödənişi hesablanacaqdı. Həmçinin, sığorta şirkəti məktubunda qeyd etmişdir ki, cavabdehlə onlar arasında 2016-cı il tarixdə bağlanılmış sığorta müqaviləsi 2017-ci il tarixdə ləğv edilmiş, 2018-ci il üzrə sığorta müqaviləsi mövcud olmamış, daha sonra 01.07.2019-cu il tarixdə icbari sığorta müqaviləsi bağlanmışdır. Sığorta şirkəti icbari sığorta müqaviləsi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, ölən şəxsin faydalanan şəxslərinə - əyani oxuyan qızına və pensiya yaşına çatmış anasına, ümumilikdə 3149,79 manat ödənilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 oktyabr tarixli 192 nömrəli qərarı ilə təsdiq edilmiş “Xeyrinə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi bağlanılmalı olan şəxslərin bir illik əmək haqqı fondunun hesablanması Qaydası”nın 2.1-ci bəndinə görə sığorta haqqının müəyyən edilməsi üçün tətbiq edilən xeyrinə icbari sığorta müqaviləsi bağlanan şəxsin bir illik əmək haqqı fondu onun əmək müqaviləsində nəzərdə tutulan aylıq əmək haqqının (mülki hüquqi müqavilədə nəzərdə tutulan əmək funksiyasının yerinə yetirilməsinə görə muzdun bir aya düşən hissəsinin) on iki mislinə bərabərdir. Cavabdehin məhkəməyə 01.04.2021-ci il tarixdə göndərdiyi arayışından görünür ki, 2019-cu il üzrə Rasim Heydərova verilən illik əmək haqqının cəmi, yəni 12 misli 5052,36 manat təşkil edir. Belə olan halda müəyyən edilir ki, cavabdeh üçüncü şəxslə “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabilliyətinin itirilməsi hallarından icbari sığorta” müqaviləsi bağlayarkən mərhum Rasim Heydərovun illik əmək haqqı fondu barədə məlumatları sığorta şirkətinə tam (real əmək haqqı fondundan az) verməmiş və nəticədə sonuncunun bədbəxt hadisə nəticəsində ölümünə görə sığorta ödənişi almaq hüququna malik olan faydalanan şəxslərə üçüncü şəxs tərəfindən daha az məbləğdə sığorta ödənişi verilmişdir ki, bu da sığorta müqaviləsinin sığorta olunanın (Rasim Heydərovun) vəziyyətini pisləşdirən şərtlərlə bağlanılması kimi qiymətləndirilməlidir. Mülki Məcəllənin 897.3-cü maddəsinə görə icbari sığorta qanunları ilə icbari sığorta etdirmək vəzifəsi müəyyən olunmuş şəxs bu vəzifəni yerinə yetirmədikdə və ya müvafiq sığorta müqaviləsini həmin qanunlarda nəzərdə tutulmuş şərtlərlə müqayisədə sığorta olunanın vəziyyətini pisləşdirən şərtlərlə bağladıqda həmin şəxs müvafiq icbari sığorta üzrə sığorta hadisəsi kimi tanına bilən hadisənin baş verdiyi, yaxud halın yarandığı zaman sığorta olunan qarşısında ən azı həmin icbari sığorta üzrə müəyyən edilmiş sığorta təminatı həddində öhdəlik daşıyır. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabilliyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 7.3-cü maddəsinə əsasən, bu Qanunla sığorta etdirmək vəzifəsi daşıyan sığortalı həmin vəzifəni yerinə yetirmədikdə və ya icbari sığorta müqaviləsini qanunvericiliklə nəzərdə tutulmuş şərtlərlə müqayisədə sığorta olunanın vəziyyətini pisləşdirən şərtlərlə bağladıqda, sığorta hadisəsinin baş verdiyi halda bu Qanuna uyğun olaraq xeyrinə sığorta müqaviləsi bağlanmalı şəxslər qarşısında azı bu Qanunla müəyyən edilmiş sığorta təminatı həcmində öhdəlik daşıyır. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, cavabdeh mərhum Rasim Heydərovun real əmək haqqı fondu barədə məlumatı sığorta şirkətinə düzgün vermədiyindən, Rasim Heydərovun bir illik (2019-cu il üzrə) real əmək haqqı fondu nəzərə alınmaqla, cavabdeh ödənilmiş sığorta ödənişi çıxıldıqdan sonra qalan sığorta ödənişini, yəni İddiaçı1 3701,26 manat (real əmək fondu nəzərə alınmaqla, ödənilməli olan sığorta ödənişi – 5148,19 – 1446,93 (ödənilmiş sığorta ödənişi) = 3701,26 manat), İddiaçı2 isə 4355,93 manat (real əmək fondu nəzərə alınmaqla, ödənilməli olan sığorta ödənişi – 6058,17 – 1702,86 (ödənilmiş sığorta ödənişi) = 4355,93 manat) pulu iddiaçılara ödəməyə borcludur. Mənəvi zərər hissəsində isə Kollegiya iddia tələbini əsassız hesab edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 -ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarında göstərilir ki, şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. İddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1992/2021 saylı iş üzrə 17 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı1 iddiası qismən təmin edilsin. Sığorta ödənişinə görə çatışmayan 3701,26 manat, hüquqi xidmət xərcinə görə 190 manat və 11,40 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3902,66 manat məbləğində pul Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Üfüq” İstehsalat Birliyinin "xxxx" MMC-dən tutularaq İddiaçı1 ödənilsin. Hüquqi xidmət xərcinə görə ödənilmiş 310 manat və ödənilmiş dövlət rüsmunun 18,60 manat hissəsi İddiaçı1 aid edilsin. İddiaçı1 iddiası qalan hissədə təmin edilməsin. İddiaçı2 iddiası qismən təmin edilsin. Sığorta ödənişinə görə çatışmayan 4355,93 manat məbləğində pul Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Üfüq” İstehsalat Birliyinin "xxxx" MMC-dən tutularaq İddiaçı2 ödənilsin. İddiaçı2 iddiası qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-836/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-836/2022
17.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver