Məhkəmə qərarları › İş №2(103)-8378/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8378/2020

11.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8378/2020 11.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi ilə, İddiaçı Rzaquliyeva Şəlalə İmamverdi qızının cavabdeh Rzaquliyev Babək Hətəm oğluna qarşı cehiz əmlakın çıxarılması dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5195/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı Rzaquliyeva Şəlalə İmamverdi qızı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Rzaquliyeva Şəlalə İmamverdi qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən evdə ona məxsus cehiz əmlakın, qızıl-zinət əşyalarının və ya onların dəyərinin Rzaquliyev Babək Hətəm oğlundan alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadına əsasən iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmışdır. İddiaçı Şəlalə Rzaquliyeva qərardaddan şikayət vermiş, şikayətində Mülki Prosessual Məcəllənin 39-cu maddəsinə istinad edərək qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Həmin qərardaddan iddiaçının verdiyi şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəməyə gəlməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməyərək mübahisələndirilən qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsində, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddianın cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verildiyi təsbit olunmuşdur: cavabdeh Rzaquliyev Babək Hətəm oğlunun qeydiyyat ünvanı Şəmkir rayonu, Çinarlı qəsəbəsidir. İddia ərizəsində cavabdehin faktiki ünvanı kimi “ünvan 1” göstərilsə də, bunu təsdiq edəcək heç bir sübut iddia ərizəsinə əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə görə, tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. İddia tələbindən aydın olur ki, iddiaçı ünvan 1 ünvanında yerləşən evdə ona məxsus cehiz əmlakın, qızıl-zinət əşyalarının və ya onların dəyərinin cavabdehdən alınara ona verilməsini tələb etmiş və bu tələbin MPM-nin 39.1-ci maddəsində sadalanmış hallarla heç bir əlaqəsi mövcud deyildir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin olunmasın. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5195/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar