Məhkəmə qərarları › İş №2(103)-8379/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8379/2021

14.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8379/2021 14.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər İbayev Vəfaddin Ələm oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X12 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 25.05.2021-ci il tarixli, 2(006)- 2845/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı «mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2003-cü ilin mart ayından "xxxx" QSC-nin İD-nin 2 nömrəli Biləcəri İşarəvermə və rabitə sahəsində elektro-mexanik vəzifəsində işləmişdir. 26.02.2018-ci il tarixdə saat 08.00 radələrində "xxxx" QSC-nin İDnin 2 nömrəli Biləcəri İşarəvermə və rabitə sahəsinin tabeçiliyində olan «Güzdək» stansiyasına işə yerinə gəlmişdir. Böyük elektrik mexniki olan sex rəisi X4 iddiaçı və iş yoldaşı X14 ilə birlikdə «Güzdək» stansiyasına getmələrini və həmin ərazidə işləməyən rabitə xəttinin kabellərini dəyişməyi tapşırmışdır. Həmin rabitə xəttinn kabellərini təmir etməkdən ötrü, təxminən 8-9 metr hündürlüyü olan elektrik rabitə dayağına dırmaşmalı idilər. İş yoldaşı Hüseyn Cəfərov dəmir nərdivanı rabitə dayağına söykəmiş, iddiaçı isə təhlükəsizlik kəməri və kaska olmadan nərdivanla həmin dayağa qalxmışdır. O, nasaz kabelləri açmağa başladıqda kabel dartılıb sinəsinə zərblə dəymişdir. Zərbənin gücündən iddiaçı müvazinətini itirərək yerə yıxılmış və sol qolundan xəsarət almışdır. İş yoldaşının və həmin ərazidə olan sakinlərin köməyi ilə sex rəisi Tahir Əmirəliyevin avtomobilinə mindirilərək Müşfiq qəsəbəsində olan aptekə aparılmışdır. Aptekdə başına sarğı qoyulduqdan sonra Tahir Əmirəliyev tanıdığı sınıqçının yanına aparmış və sınıqçı yıxılan zaman zədə alan əlini yumurta ilə sarımışdır. Sınıqçı ağrılarının və damar əzilməsinin 20 gün ərzində sağalacağını, eləcə də müddət bitdikdən sonra sarğını aça biləcəyini bildirmişdir. Vəziyyətinin ağırlaşdığını görüb Sumqayıt şəhəri, H.Tağıyev qəsəbəsindəki Xəstəxanaya müraciət etmiş və rentgen müayinəsi zaman məlum olmuşdur ki, sol biləyi və sol qolunun 4 barmağı sınmışdır. 45 gün müalicə almasına baxmayaraq, barmaqları, biləyi açılmamış və qatlanmış vəziyyətdə qalmış, həmçinin vaxtında ixtisaslaşdırılmış həkim müdaxiləsi omadığından sol əli əmək qabiliyyətini itirmişdir. Qeyd edilən xüsusatlar 03.12.2018-ci il tarixli X7 haqqında 1 nömrəli (İZ) AKT-da öz əksini tapmış, eləcə də məhkəmə-tibbi ekspertizasının 16.10.2018-ci il tarixli 2230 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, İddiaçı məhkəmə-tibbi və kliniki müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər - «sol mil bilək oynağının qapalı küt travması, sol mil sümüyünün tipik yerindən qeyri-düzgün bitişmiş sınığı, sol mil bilək oynağının travmadan sonrakı bükücü kontrakturası, sol əlin İİ-İİİ-İV-V barmaqlarının travmadan sonrakı bükücü kontrakturası, sol əlinin funksiyasının pozulması» funksional əlverişli vəziyyətdə (yarımbükülmüş) bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, yəni 26.02.2018-ci il tarixli hündürlükdən yıxılma nəticəsində əmələ gəlməsi istisna olunmur, ümumi əmək qabiliyyətinin 1/3-dən çox hissəsinin (35%) dayanıqlı (daimi) itirilməsi ilə nəticələnmişdir və bu əmələ görə sağlamlığa ağır zərər vurmaya aiddir. Bundan əlavə əmək qabiliyyətinin 1/3-dən çox hissəsini (35%) itirdiyinə görə dövlət tərəfindən iddiaçıya İİİ qrup əlillik təyin edilmişdir. Hal-hazıra qədər ona və ailəsinə dəymiş mənəvi zərərə görə heç kim, yəni nə hər hansı səlahiyyətli orqan, nə də hər hansı bir şəxs tərəfindən onlara müraciətlər edilməmişdir. Cavabdeh orqanın məsul vəzifədə çalışan əməkdaşının qanunsuz və hüquqazidd xarakterli hərəkətləri və baş verən hadisə nəticəsində iddiaçı sağlamlığını itirərək işdən çıxarılmış və bunların da nəticəsində ona mənəvi ziyan dəymişdir. Belə ki, əmək qabiliyyətinin 1/3-dən çox hissəsini itirdiyinə görə şikəst və işsiz qalması ailənin maddi durumunu çətinləşdirmişdir, eləcə də iddiaçını bu vəziyyətdə görmək ailə üzvlərini üzür və sarsıdır. Hər dəfə onu bu vəziyyətdə gördükdə onlar dərin sarsıntı və iztirab keçirir. Baş vermiş hadisəsi nəticəsində onun şikəst qalması və bu səbəbdən ailə üzvlərinin mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və bu hadisə nəticəsində və ondan sonrakı proseslər zamanı yaşanan streslər, əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə hüquqları vardır. Qanunverici isə bu halda mənəvi ziyanın pul məbləğində ifadə olunmasını mümkün sayır. İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında 03.12.2018-ci il tarixdə tərtib edilmiş 1 nöbmrəli təhqiqat (İZ) aktında aşağıdakı kimi göstərilmişdir: «11. Bədbəxt hadisənin təsnifatı - 26.02.2018-ci il tarixdə, saat 08.00 radələrində İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin İnfrastruktur Departamentinin 2 nömrəli Biləcəri İşarəvermə və rabitə sahəsinin tabeçiliyində olan «Güzdək» stansiyasına iş yerinə gəlmişdir. Böyük elektrik mexaniki X3 texniki təhlükəsizlik qaydalarına dair təlimat keçdikdən və bu barədə müvafiq qeydiyyat apardıqdan sonra gün ərzində görüləcək işlərin tapşırığını vermişdir. Verilmiş iş tapşırığında uyğun olaraq həmin gün İddiaçı və iş yoldaşı X13 ilə birlikdə Güzdək stansiyası ərazisində işləməyən rabitə xəttinin kabelinin dəyişməsi işi ilə məşğul olurdular. Saat təxminən 10.30 radələrində işçilər dəmir nərdivanı işıq dirəyinə söykəyirlər. X13 həmin nərdivanı saxlayır, İddiaçı isə işıq dirəyinə söykənmiş dəmir nərdivan vasitəsi ilə təxminən 7-8 metr hündürlüyə qalxaraq rabitə xəttinin kabelini açır. Zərbədən Sənan müvazinətini itirərək yerə yıxılaraq sol qolundan xəsarət alır. X2 "xxxx" QSC 2 №-li Biləcəri İşarəvermə və rabitə sahəsinin rəhbərliyi tərəfindən təsdiq edilmiş «Rabitə üzrə böyük elektrik mexaniklərinin» «Vəzifə borcları»nın 3-cü bəndinin (İşçilər tərəfindən texnologi proses qrafikinin yerinə təhdükəsizlik qorma qaydalarına riayət etməklə yerinə yetirmələrinə ciddi nəzarət etməlidir) tələblərinə əməl edilməməsi.

12. Əmək qanunvericiliyinin pozuntusuna yol vermiş şəxslər - T.A.Əmirəliyev». Bu baxımdan keçirdiyi stress, narahatlıq, məyusluq, mənəvi sarsıntı və s. Kimi halları nəzərə alaraq iddiaçıya, ailəsinə dəymiş 500.000 manat məbləğində mənəvi zərər cavabdeh "xxxx" QSC-dən alınaraq iddiaçıya ödənilməlidir. 03.12.2018-ci il tarixli X7 Haqqında 1 nbmrəli (İZ) AKT və digər faktlarla təsdiq olunur, habelə hazırki mülki işdə preyudisial əhəmiyyət daşıyır. Göstərilənlərə əsasən cavabdeh "xxxx" QSC-dən 500.000 manat məbləğində mənəvi zərərə görə kompensasiyanın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Qeyd edilənləri nəzərə alaraq cavabdeh "xxxx" QSC-dən 500.000 manat məbləğində mənəvi zərərə görə kompensasiyanın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 25.05.2021-ci il il tarixli, 2(006)-2845/2021 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İdidaçı apellyasiya şikayəti verərək, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 25.05.2021-ci il tarixli, 2(006)-2845/2021saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini apellyasiya instansiyası məhkəməsindən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuşdur. Belə ki, məhkəmə «İşəgötürən» qismində "xxxx" QSC İD 2 nömrəli Biləcəri İşarəvermə və rabitə sahəsinin sahə rəisi X1 ilə «İşçi» qismində İddiaçı Mirzağa oğlu arasında bağlanılmış 30 №-li, 19.07.2019-cu il tarixli əmək müqaviləsinin ləğv edilməsinə dair 19.07.2019-cu il tarixli Əlavə Razılaşmaya, "X7lər və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa, "xxxx" Sığorta Şirkəti ASC tərəfindən verilmiş 19.07.2019-cu il tarixli, **********00034 saylı sığorta aktına istinad edərək, iddiaçının 26.02.2018-ci il tarixdə X7 nəticəsində xəsarət aldığını, ona 3-cü dərəcəli əlillik təyin olunduğunu və həmin əlillik əsasında "xxxx" ASC tərəfindən iddiaçıya itirilmiş əmək qabiliyyəti faizinə nisbətdə (40 faiz) aylıq sığorta pulunun ödənilməkdə olduğuna istinad edərək iddianı təmin etməmişdir. Məhkəmə kollegiyasının iclasında kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Qeyd etmişdir ki, cavabdehin ona axıırncı dəfə verdiyi pul onun son haqq-hesabı olub. Ona dəymiş mənəvi zərərə görə əlavə heç bir məbləğ ödənilməyib. Halbuki, o, ömürlük şikəst qalmışdır. O, işlə bağlı bir neçə yerə müraciət etsə də, əlinə görə onu götürməyiblər. Hazırda 3-cü qrup əlildir. 300 manat pensiya kəsilib, 109 manat da siğorta pulu alır. Əmək qabiliyyətini 35 faiz itirmişdir. Ona dəymiş mənəvi ziyanın ödənilməsini xahiş edir. Bu şikəstliyin müalicəsi yoxdur. Əlinin işləməsi üçün plastik əməliyyat keçirilməsi ilə bağlı həkimə müraciət etsə də, ona əli açılacağını söz vermirlər. Hadisədən sonra ona düzgün yardım göstərməmiş, sınıqçıya aparıb yumurta qoymuşlar və təcli yarıdmı geri çevirmişlər. Bundan başqa, iş yoldaşlarının onunla əlaqə saxlamasına imkan verilməmiş, işçilərə iclasda bildirmişlər ki, onunla əlaqə saxlamasınlar. O, axırıncı dəfə rəisin yanında olanda ona Biləcəri sahəsində iş təklif edilmiş, lakin o, Sumqayıtda qaldığına görə onu yaşadığı yerə yaxın ərazidə işlə təmin etməklərini xahiş etmiş, onun bu xahişi nəzərə alınmamışdır. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümyəndəsi X16 apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdır ki, cavabdehin sözlərinə görə heç bir təhlükəsizlik qaydalarına riayət olumamışdır. Lakin bu fikirlə razı deyil. İş materiallarında olan sənədlərdən də görünür ki, işçi sahəyə gəlib işə başlayanda təhlükəsizlik qaydaları ilə bağlı jurnala qol çəkir və ona lazımi ləvazimatlar təqdim olunur. Təcrübədə çox belə faktlar olur ki, işçiyə qoruyucu vasitələr verilsə də, işçi özü bunlardan istifadə etmir. Sonra başına belə bir iş gələndə deyir ki, mənə heç bir vasitə verilməyib. İşçinin özünün də hüququ var idi ki, ona qoruyucu vasitələr verilməsini tələb etsin. Lakin onun belə bir tələbinin olmasına dair sübutu yoxdur. Bu hadisə baş verəndə yanında olan işçi də izahat verib göstərmişdir ki, hadisə İddiaçı özünün ehtiyatsızlığı nəticəsində baş vermişdir. Mənəvi ziyanla bağlı bildirir ki, işçi onlar tərəfindən siğortalanmışdır. Bədbəxt hadisə baş verdikdə ona mənəvi ziyanın ödənilməsi şamil olunmur. Dövlət tərəfindən pensiya təyin olunub. Siğorta aktı da var ki, işçi əmək qabiliyyətini 40 faiz itirib. İddiaçıya 6541 AZN sığorta məbləği hesablanıb və ödənilib. Hesab edir ki, baş vermiş hadisəyə görə bütün məsuliyyəti cavabdeh orqanın üzərinə qoymaq düzgün deyil. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Hazırkı apellyasiya şikayətinin həddini apellyasiya şikayəti iddiaçı tərəfindən verildiyindən birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyin və əsaslığının tam yoxlanılması təşkil edir. İş materiallarında olan «Sığortaçı» qismində "xxxx" ASC ilə «Sığortalı» qismində "xxxx" QSC arasında bağlanmış 17.08.2016-cı il tarixli 0592-16 saylı “X7lər və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi”nin surətindən görünür ki, dəmir yolu fəaliyyəti ilə məşğul olan «Sığortalı» "xxxx" QSC-nin Qanunun 13-cü maddəsinə uyğun olaraq müəyyən edilmiş müvafiq sığorta tarifləri əsasında hesablanan və bu müqavilədə razılaşdırılmış müvafiq sığorta haqqını ödəməsi müqabilində onunla bağlanmış əmək müqaviləsi və ya mülki-hüquqi müqavilə əsasında işlərin və ya xidmətlərin həyata keçirilməsinə cəlb edilmiş şəxslərin «sığorta olunanların» həyatına və sağlamlığına X7lər və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından dəyən zərərlə əlaqədar onların peşə əmək qabiliyyətinin itirilməsinə və ya ölümünə görə «Sığortaçı» "xxxx" ASC Qanunun 18-ci maddəsində müəyyən edilmiş qaydada sığorta ödənişinin verilməsi öhdəliyini götürmüşdür. Müqavilənin 2-ci bəndinə əsasən «Sığortalı» "xxxx" QSC bu müqavilənin xeyrinə bağlandığı və müqaviləyə əlavə edilmiş və onun ayrılmaz tərkib hissəsi olan cədvəldə sığorta olunanlar qismində göstərilən «Sığortalı» ilə qanunvericiliyinə uyğun olaraq bağlanılmış əmək müqaviləsi və ya mülki-hüquq müqavilə əsasında əmək funksiyalarını yerinə yetirən şəxslər X7lər və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığorta etdirir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin 16.11.2018-ci il tarixli 162T saylı əmrin surətindən görünür ki, "xxxx" QSC-nin İnfrastruktur Departamentinin 2 nömrəli Biləcəri İşarəvermə və rabitə sahəsinin işçisi İddiaçı 26.02.2018-ci il tarixdə xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə baş verməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.02.2000-ci il tarixli 27 nömrəli Qərarı ilə təsdiq edilmiş «İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları»na əsasən baş vermiş bədbəxt hadisənin təhqiq edilməsi əmr edilmişdir. İş üzrə Sumqayıt şəhər Səhiyyə şöbəsinin X18 Xəstəxanası tərəfindən 6 saylı region üzrə X8 baş məsləhətçisi - baş əmək müfəttişi Vüqar Bəşirova ünvanlanmış 26.11.2018-ci il tarixli məktubun surətindən görünür ki, Səmədov snan Mirzəağa oğlu 01.08.218-ci il tarixdə saat 13.35-də xəstəxananın travmotologiya şöbəsinə stasionar müalicəyə daxil olub. Diaqnoz: «Sol mil-bilək oynağının və əl barmaqlarının posttravmatik kontrakturası. Ağır sindromu ilə. Sol mil müsüyünün tipik yerinin qeyri düzgün bitişmiş sınığı. Sol əlin funksiya pozğunluğu». Xəstə 11.09.2018-ci il tarixdə saat 12.30-da ambulator müalicəyə yazılıb. İddiaçı 26.02.2018-ci il tarixdə Sumqayıt şəhər X18 xəstəxanasına müraciət etməyib. İş üzrə X7 haqqında (İZ forması) 03.12.2018-ci il tarixli, 1 №-li aktın surətindən görünür ki, 26.02.2018-ci il tarixdə, saat 08.00 radələrində İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin İnfrastruktur Departamentinin 2 nömrəli Biləcəri İşarəvermə və rabitə sahəsinin tabeçiliyində olan «Güzdək» stansiyasına iş yerinə gəlmişdir. Böyük elektrik mexaniki X3 texniki təhlükəsizlik qaydalarına dair təlimat keçdikdən və bu barədə müvafiq qeydiyyat apardıqdan sonra gün ərzində görüləcək işlərin tapşırığını vermişdir. Verilmiş iş tapşırığında uyğun olaraq həmin gün İddiaçı və iş yoldaşı X13 ilə birlikdə Güzdək stansiyası ərazisində işləməyən rabitə xəttinin kabelinin dəyişməsi işi ilə məşğul olurdular. Saat təxminən 10.30 radələrində işçilər dəmir nərdivanı işıq dirəyinə söykəyirlər. X13 həmin nərdivanı saxlayır, İddiaçı isə işıq dirəyinə söykənmiş dəmir nərdivan vasitəsi ilə təxminən 7-8 metr hündürlüyə qalxaraq rabitə xəttinin kabelini açır. Zərbədən Sənan müvazinətini itirərək yerə yıxılaraq sol qolundan xəsarət alır. X2 "xxxx" QSC 2 №-li Biləcəri İşarəvermə və rabitə sahəsinin rəhbərliyi tərəfindən təsdiq edilmiş «Rabitə üzrə böyük elektrik mexaniklərinin» «Vəzifə borcları»nın 3-cü bəndinin (İşçilər tərəfindən texnologi proses qrafikinin yerinə təhdükəsizlik qorma qaydalarına riayət etməklə yerinə yetirmələrinə ciddi nəzarət etməlidir) tələblərinə əməl edilməməsi. Əmək qanunvericiliyinin pozuntusuna yol vermiş şəxs - T.A.Əmirəliyev. İş materiallarında olan «İşəgötürən» qismində "xxxx" QSC İD 2 nömrəli Biləcəri İşarəvermə və rabitə sahəsinin sahə rəisi ilə X1 ilə «İşçi» qismində İddiaçı Mirzağa oğlu arasında bağlanılmış 30 №-li, 19.07.2019- cu il tarixli əmək müqaviləsinin ləğv edilməsinə dair 19.07.2019-cu il tarixli Əlavə Razılaşmanın surətindən görünür ki, İddiaçı: 116 №-li, 09.02.2016-cı il tarixli əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən ləğv edilməsi məqsədilə işəgötürənə müraciət etməsi; bu razılaşmaya və işçinin ərizəsinə uyğun olaraq əmək müqaviləsi ləğv edildikdən sonra 1 il müddətinə Cəmiyyətin aparatının struktur bölmələrinə və strukturuna daxil olan qurumlarında, habelə Cəmiyyətin iştirak etdiyi birgə müəssisələrdə işə qəbul barədə hər hansı iddia irəli sürə bilməməsi; əmək müqaviləsi ləğv edildikdən sonra bu Razılaşmaya əsasən ona ödənilən müavinətdən və son haqq-hesabdan başqa işəgötürənə, həmçinin Cəmiyyətə qarşı hər hansı maddi ziyana dair tələbinin olmadığını bəyan etməsi; Cəmiyyəti, habelə işəgötürəni bu Razılaşmanın tələbləri nəzərə alınmaqla əmək müqaviləsinə xitam verilməsi ilə bağlı hər hansı iddia və tələblərdən azad edir və bununla əlaqədar baş verə biləcək mübahisələr, məhkəmə çəkişmələri və hər hansı digər hərəkətlərə görə onlara dəymiş ziyan ödəməsi öhdəsinə götürmüşdür. İşəgötürən: bu Razılaşma ilə müəyyən olunmuş şərtlər daxilində işçi ilə əmək müqaviləsinə xitam verildiyi təqdirdə işçiyə cəmi 1410 manat məbləğində birdəfəlik muavinət ödəməyi öhdəsinə götürmüş, Razılaşmanın 2.1-ci bəndində müəyyən olumuş müavinətin işçiyə işəgötürənin son-haqq hesabı ilə eyni vaxtda, lakin əmək müqaviləsinə xitam verildiyi tarixdən 20 gündən gec olmayaraq ödənilməsini həyata keçirilməsi öhdəsinə görmüşdür. İş üzrə əmək kitabçasının surətindən görünür ki, İddiaçı Mirzağa oğlu "xxxx" QSC-də 17.03.2003-cü ildən əmək fəaliyyətinə başlamış və 19.07.2019-cu il tarixədək həmin qurumda elektrik mexaniki vəzifəsində çalışmışdır. Həmin tarixdə onunla bağlanılmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə (öz xahişi ilə) əsasən xitam verilmişdir. İş materiallarında olan "xxxx" Sığorta Şirkəti ASC tərəfindən verilmiş 19.07.2019-cu il tarixli,**********00034 saylı sığorta aktından görünür ki, 0592/16 saylı sığorta müqaviləsi üzrə sığortalı qismində "xxxx" QSC sığorta olunan İddiaçı bədbəxt hadisələrdən sığorta olunmuş və ona aylıq 109,2 manat olmaqla 6541,20 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Beləliklə, işin araşdırılmış halları ilə müəyyən olunur ki, iddiaçı 26.02.2018-ci il tarixdə X7 nəticəsində xəsarət almış, həmin hadisə iş yerində təmir işləri aparılan zaman cavabdeh təşkilatın vəzifəli şəxsi tərəfindən əməyin təhlükəsizliyi qaydalarına ciddi nəzarət olunmaması nəticəsində baş vermiş, iddiaçı aldığı xəsarətlər nəticəsində əmək qabiliyyətini hissəvi itirmiş və İİİ qrup əlil olmuşdur. Həmin əlillik əsasında "xxxx" ASC tərəfindən iddiaçıya itirilmiş əmək qabiliyyəti faizinə nisbətdə (40 faiz) aylıq sığorta ödənişi ödənilməkdədir. Bundan başqa, iddiaçıya əlilliyə görə pensiya təyin edilmişdir. Hazırda iddiaçı işləmir. İddiaçı iddianın faktiki əsası kimi onun iş yerində xəsarət alması nəticəsində əlil olmasını, iş yerini itirməsini, əmək qabiliyyətini hissəvi itirməsini, nəticədə onun ailəsinin maddi vəziyyətinin ağırlaşmasını, müalicəsi üçün kifayət qədər maddi vəsaitinin olmamasını, ailə üzvlərinin onun şikəst vəziyyətini görüb üzülməsini, bütün bunların isə onun özünün və ailə üzvlərinin ağır mənəvi sarsıntılara məruz qalmasına səbəb olduğuna istinad etmişdir. Cavabdeh təşkilatın nümayəndəsi isə iddiaya etiraz edərkən onlar tərəfindən iddiaçıya lazımi yardım edildiyini, ona aylıq sığorta məbləği ödənildiyini, onun pensiya aldığını, həmçinin işdən azad edilərkən onunla razılaşma bağlandığını və kompensasiya ödənildiyini bildirmişdir. Bununla bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, tərəflər arasında bağlanmış 19.07.2019-cu il tarixli Əlavə Razılaşma iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi və bundan doğa biləcək tələblərlə bağlı olmuşdur. Hazırkı iddia tələbi isə iddiaçının işdən azad edilməsi ilə bağlı deyil, onun işlədiyi müddətdə əmək funksiyalarını yerinə yetirərkən xəsarət alması ilə bağlı olmuşdur. Ona görə də, həmin Razılaşma hazırkı iddianın irəli sürülməsinə mane olan hal deyildir. Kollegiya həmçinin qeyd edir ki, işin hallarından da göründüyü kimi, iddiaçı uzun illər cavabdeh təşkilatın struktur vahidində əmək fəaliyyəti göstərmiş, onun aldığı xəsarət nəticəsində əmək fəaliyyətini dayandırmalı olmuş, üstəlik əmək qabiliyyətini qismən ixtisası üzrə itirdiyindən işlə təmin olmaqda çətinliklərlə üzləşir. Bütün bunlar isə onun makddi vəziyyətinin pisləşməsinə gətirib çıxarmışdır. Bundan başqa, iddiaçının bir əlininin şikəst olması nəticəsində onun fiziki işlə məşğul olmaq imkanları da məhdudlaşmışdır ki, bu da onun gündəlik həyatında davamlı olaraq çətinliklərlə üzləşməsini qaçılmaz edir. Bütün bu hallar iddiaçının və ailə üzvlərinin mənəvi sarsıntılara məruz qalmasına dair iddianın əsaslı olduğuna dəlalət edir. Kollegiya hesab edir ki, ilkin iddia tələbinin qanuni əsasını mülki qanunvericiliyin mülki hüquq pozuntusu ilə bağlı müddəaları təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafıə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarmı pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fıziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfıyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Həmin məcəllənin 21.1.-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin məcəllənin 21.2.-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Bundan əlavə, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, «İnsan hüquqlarının və X9 haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmin Qərarında Plenum həmçinin izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Həmin Qərarın 10-cu bəndində Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X6rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Göründüyü kimi, «İnsan Hüquqlarının və X9 haqqında» Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. İşin məhkəmə iclasında müəyyən edilmiş hallarını nəzərə alaraq və qanunvericiliyin, o cümlədən mövcud məhkəmə praktikasına dair Ali Məhkəmənin Plenumunun qərarında göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə qərara gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Mənəvi zərərin məbləğini müəyyən edərkən məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarına əsaslanır və hesab edir ki, bu məbləğ 2000 manat həddində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İşin yuxarıda sadalanan hallarına və qanunvericiliyin qeyd edilən normalarına əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi qismən əsaslı olmuşdur və birinci instansiya məhkəməsi iddianı tam təmin etməməklə düzgün nəticəyə gəlməmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın tam təmin edilməsinə yönəlmiş apellyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edir və bu qənaətə gəlir ki, mübahisələndirilən qətnamə qiymən ləğv edilməli, iddia qismən təmin edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; Həmin Məcəllənin 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ :

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25.05.2021-ci il tarixli, 2(006)-2845/2021 saylı qətnaməsi qismən ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdehndən vurulmuş mənəvi zərərin əvəzi kimi 2000 (iki min) manat tutularaq İddiaçı verilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar