Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8399/2021 23.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ləman İmanverdi qızı Şükürlünün katibliyi ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3466/2021 saylı mülki iş üzrə qəbul etdiyi 25 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 03.11.2007-ci il təvəllüdlü X2 və 22.07.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 175 manat, cəmi 350 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli 2(010)- 3466/2021 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Masallı Rayon Məhkəməsinin 2(050)-1810/2013 saylı, 21.10.2013-cü il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin məbləğinin artırılması, Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi gündən 03.11.2007- ci il təvəllüdlü X2 və 22.07.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşağa 100 manat, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin olunmaması, 30 (otuz) manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, 1-ci instansiya məhkəməsi qətnamə qəbul edərkən, uşaqların hər ikisinin məktəbli olmasını, yaşlarına uyğun olaraq qanunla müəyyən olunmuş minumum dolanacaq xərclərinin artmasını nəzərə almamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazimi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflərin birgə nikahından 03.11.2007-ci təvəllüdlü X4 və 22.07.2010-cu təvəllüdlü X5 anadan olmuşdur. Masallı Rayon Məhkəməsinin 2(050)-1810/2013 saylı, 21.10.2013-cü il tarixli qətnaməsi ilə Cavabdeh 03.11.2007-ci il təvəllüdlü X2 və 22.07.2010-cu il təvəllüdlü X1 üçün İddiaçı xeyrinə 12.09.2013-cü il tarixdən başlayaraq uşaqlar yetkinlik yaşına çatanadək hər ay hər uşağa 75 manat olmaqla, cəmi 150 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddiaçının tələb etdiyi məbləğdə alimenti ödəməyə maddi imkanı yoxdur. O, tikintidə fəhlə işləyir və hazırda 400-500 manat əmək haqqı alır. Hazırda məhkəmə qətnaməsi ilə uşağın saxlanılması üçün təyin edilmiş 150 manat məbləğində alimenti ödəməkdə çətinlik çəkir. Onun artıq ikinci ailəsindən də iki övladı vardır. İddiaçı isə özü işləyir və hər ay normal əmək haqqı alır. İddiaçı alimentin artırılması üçün onun maddi vəziyyətinin yaxşı olmasına dair heç bir sübut təqdim edilməyib. Qeyd olunanlara əsasən iddianın rədd olunmasını məhkəmədən xahiş edir. Məhkəmə kollegiyasınin mövqeyi aşağıdakılardan ibarətdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli qərarında da qeyd olunmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələblərinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd olunan maddədən görünür ki, məhkəmə tərəfindən aliment miqdarı müəyyən olunduqdan sonra həmin miqdarın dəyişdirilməsi əsaslarını tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişikliklərin baş verməsi təşkil edir. İşin faktiki hallarını nəzərə alaraq kollegiya hesab edir ki, hazırkı işdə Ailə Məcəlləsinin 112.1-ci maddəsinin dispozitiv şərtləri mövcuddur. Belə ki, Masallı Rayon Məhkəməsinin 2(050)-1810/2013 saylı 21.10.2013-cü il tarixli qətnaməsi qəbul edilərkən 03.11.2007-ci il təvəllüdlü X2 6, 22.07.2010-cu il təvəllüdlü X3 3 yaşları olmuşdur. Hazırda isə Əlizadə Nigarın 14, Əlizadə Ayxanın isə 11 yaşları var. Uşaqlar orta məktəbdə təhsil alırlar. Bu isə uşaqların saxlanılması üçün zəruri olan xərclərin artmasına səbəb olur. Həmçinin alimentin miqdarı müəyyən edildikdən sonra yaşayış minimumu haqqında qanunvericiliyin tələbləri dəyişmiş, yəni uşaqların saxlanılması üçün tələb olunan məbləğ kifayət qədər artmışdır. Lakin kollegiya hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsi, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası qanunun 19-cu maddəsi, Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 78.2-ci maddələrindən göründüyü kimi uşaqların saxlanılması və onların maddi tələbatlarının təmin edilməsi valideynlərin mübahisəsiz və şərtsiz vəzifəsidir. Valideynlər bu vəzifəni yerinə yetirmədikdə isə qanunverici uşaqların saxlanılması üçün lazım olan vəsaiti, yəni alimenti məhkəmə qaydasında tutulmasını müəyyən etmişdir. Məhkəmə sabit pul məbləğində alimentin miqdarını müəyyənləşdirərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Həmçinin Ailə Məcəlləsinin 56.1-ci maddəsində təsbit olunmuşdur ki, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Bu baxımdan kollegiya hesab edir ki, alimentin məbləği müəyyən edilərkən hər iki valideynin maddi vəziyyəti nəzərə alınmalıdır. Cavabdeh fəhlə işlədiyini və ikinci ailəsindən də iki övladının olduğunu, iddiaçının özünün də işlədiyini və hər ay normal əmək haqqı aldığını bildirir. Tərəflər arasında alimentin ödənilməsi barədə sazişin olmadığını, hər iki valideynin maddi vəziyyətini, uşağın saxlanılması vəzifəsinin hər iki valideynə aid olduğunu, həmçinin hazırkı yaşayış səviyyəsini, minimum əmək haqqının miqdarını, yaşayış minimumu haqqında qanunun tələblərini, uşağın mənafeyini və yuxarıda şərh olunan mənada qanunverici tərəfindən müəyyən olunmuş alimentin məqsədini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Masallı Rayon Məhkəməsinin 21.10.2013-cü il tarixli, 2(050)-1810/2013 saylı qətnaməsi ilə müəyyən edilən alimentin miqdarı artırılaraq hər ay bir uşağa 130 manat, cəmi 260 (iki yüz altmış) manat məbləğində müəyyən edilməlidir. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.3, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3466/2021 saylı mülki iş üzrə qəbul etdiyi 25 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilsin. Masallı Rayon Məhkəməsinin 21.10.2013-cü il tarixli 2(050)-1810/2013 saylı qətnaməsi ilə müəyyən edilən alimentin miqdarı dəyişdirilsin, 03.11.2007-ci il təvəllüdlü X2 və 22.07.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay bir uşağa 130 manat, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəfaddin İbayev
Məhkəmə qərarları › İş №2(103)-8399/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8399/2021
23.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver