Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-841/2024 17.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı (üçüncü şəxs: "xxxx" MMC) qarşı iş üzrə (Açar sözlər: mənəvi ziyanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X2, cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 17 yanvar 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı xx.xx.2023-cü il tarixdə ailə üzvləri ilə birlikdə istirahət etmək məqsədi ilə Şamaxı rayonunda yerləşən “Sis House” istirahət mərkəzində 1 günlük istirahət etmək üçün sosial platformaların birindən, Cavabdeh MMC-yə (bundan sonra Cavabdeh) məxsus “tripsome.az” platformasından müraciət edərək qeyd edilən xx.xx.2023-cü il tarixdə istirahət mərkəzinin bron edilməsi və həmin tarixdə ailə üzvləri ilə birlikdə istirahətin təmin ediməsini cavabdehə sifariş vermişdir. xx.xx.2023-cü il tarixdə səhər tezdən ailə üzvləri ilə birlikdə Şamaxı rayonu Sis kəndi inzibati ərazisində yerləşən ”Sis House” istirahət mərkəzinə yola düşmüşlər. Şamaxı şəhərində cavabdehin təqdim etdiyi telefon nömrəsi ilə əlaqə saxlanılmış, müəyyən olunmuşdur ki, “tripsome.az” tərəfindən bron təsdiq olunmamışdır.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh MMC-yə qarşı (üçüncü şəxs: "xxxx" MMC) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən mənəvi zərərin əvəzi olaraq onun xeyrinə 5000 (beş min) manat pul tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh sistemdə baş vermiş texniki xəta səbəbindən ailənin bronunun qeyd edilmədiyini bildirərək, onlara digər yerlərə istirahət üçün təkliflərini vermişdir. Cavabdehin iddiaçıya və onun ailə üzvlərinə qarşı bu cür ifadə edilməyəcək laqeyd və səhlənkar davranışı istehlakçı kimi hüquqlarının kobud şəkildə pozulmasına əsas olmuşdur.
4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2982/2023 saylı, 05 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim S.Ədilova) iddia təmin olunmamışdır.
5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, “Tripsome üçün Xidmət şərtləri” müqaviləsinə əsasən, cavabdeh yalnız vasitəçi kimi fəaliyyət göstərmiş, müvafiq əməliyyatların icra edilməməsinə görə cavabdeh öhdəlik daşımamışdır. İddiaçının hazırki tələbi Cavabdeh MMC -yə yönəlmişdir. Mənəvi zərərin Cavabdeh MMC-dən tələb edilməsi üçün iddiaçının subyektiv hüququ olmamışdır. Məhkəmə araşdırması zamanı iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirinin olmasını təsdiq edən hər hansı mötəbər sübut təqdim olunmamışdır.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 777.1, 777.2, 779.1, 1097, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 3, 12-ci maddələri, "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a. Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlə uzun sürən yazışmalardan və vəsaiti cavabdehin hesabına köçürdükdən sonra bronun təsdiqi barədə bildirş 3-cü şəxs tərəfindən deyil, məhz cavabdeh tərəfindən ona bəyan edilmişdir. Lakin məhkəmə iclası zamanı 3-cü şəxsin bronun təsdiq edilmədiyi və onlar tərfindən qonaqlanmanın mümkün olmayacağına dair cavabdehə lazımı formada məlumat verildiyi müəyyən edildi. Belə olan halda subyektiv hüququn kimə aid olduğu açıq-aşkar görünür. Bir sözlə desək, cavabdeh onun qeyd edilən tarixdə Şamaxı rayonu, Sis kəndində yerləşən qonaqlamadan 3-cü şəxs tərəfindən imtina olunduğunu bilə-bilə onun ailə üzvləri ilə birlikdə Bakı şəhərindən 180 km qət edərək, orada bunu ona 3-cü şəxs tərəfindən bildiriləcəyini, ona təsdiq edilmiş bron deyil, digər alternativ təkliflər ediləcəyi halda məcbur qalaraq buna razılıq verəcəyini əvvəlcədən bilmiş, buna susmuş, onun ailə üzvləri ilə ucqar Sis kəndində başqa çıxış yolunun olmayacağına görə digər qonaqlanma ilə təmin edilməyinin labüdlüyünü təxmin etməklə bu xususda vicdansızcasına davranmaqla hüquq və azadlıqlarımın pozulmasına səbəb olan hərəkətlərə yol vermişdir. Hesab edir ki, bu hərəkətlər məhz cavabdehin qanunsuz hərəkətləri kimi qiymətləndirilməklə subyektiv olaraq buna özü məsuliyyət daşımalıdır. İddia müstəqil hüquqi şəxs olan Cavabdeh MMCyə qarşı verilmişdir. Bu haldma əhkəmə tərəfindən iddianın qaldırıldığı qurumun subyektiv cavabdeh olmadığı qənaətinə gəlməsi prosessual pozuntu kimi qiymətləndirilməlidir. Göründüyü kimi məhkəmə hələ iddia ərizəsi icraata qəbul edilərkən və işə mahiyyəti üzrə baxılarkən yoxlamalı olduğu məsələlərdən ən vacibi – subyektiv cavabdehlik məsələsinin yoxlamasına baxmayaraq sonradan əsassız məhkəmə qətnaməsinin çıxarılmasına zəmin yaratmışdır. Cavabdehin mənafeyinə xidmət edən hallara qiymət verilməklə, iş materiallarında olan və iş üçün mühüm əhəmiyyət kəsb edən sənədlərin heç biri qətnamədə öz əksini tapmamış və bu sənədlərə dair məhkəmə tərəfindən hər hansı münasibət bildirilməmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
10. İddiaçının nümayəndəsi və vəkili məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
11. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi.
12. Üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
13. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
14. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.
15. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.
16. Maddə 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır.
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu
17. Maddə 3. Azərbaycan Respublikası ərazisində istehlakçılar aşağıdakı hüquqlara malikdir: malların (işlərin, xidmətlərin) və onların istehsalçısının, icraçısının və satıcısının sərbəst seçilməsinə; istehlak etdikləri malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətdə olmasına; malların (işlərin, xidmətlərin) təhlükəsizliyinə; malların (işlərin, xidmətlərin) miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etməyə; qanunvericilikdə nəzərdə tutulan hallarda, lazımi keyfiyyəti olmayan, habelə insanların sağlamlığına, həyatına təhlükəli olan malların (işlərin, xidmətlərin) vurduğu zərərin ödənilməsinə; öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə; ictimai təşkilatlarda (istehlakçılar birliyində) birləşməyə.
18. Maddə 12. İstehlakçıların bu Qanunda nəzərdə tutulan hüquqları istehsalçı (icraçı, satıcı) tərəfindən pozularsa, istehlakçıya dəyən mənəvi ziyan günahkar tərəfindən ödənilməlidir. Ödənilən ziyanın dəyəri, qanunla başqa hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən müəyyən edilir.
«Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarı
19. “mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır.”
Apellyasiya baxışının hədləri
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
21. Hazırkı işdə qətnaməni iddiaçı mübahisələndirdiyindən və iddia rədd olunduğundan qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. İşin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı Cavabdeh MMC-yə məxsus “tripsome.az” platformasından müraciət edərək xx.xx.2023-cü il tarixdə istirahət mərkəzinin bron edilməsi və həmin tarixdə ailə üzvləri ilə birlikdə istirahətin təmin ediməsini cavabdehə sifariş vermiş, təyin olunmuş tarixdə istirahət mərkəzinə yola düşmüş, müəyyən olunmuşdur ki, “tripsome.az” tərəfindən bron təsdiq olunmamışdır.
23. İddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində zərərə məruz qaldığını iddia edərək ondan 5000 manat məbləğində zərərin ödənilməsini tələb etmişdir.
24. Cavabdeh isə iddiaçının belə bir iddia irəli sürməsinə subyektiv hüququnun olmadığını, habelə cavabdehin müqavilə üzrə öhdəliklərini pozmadığını, iddiaçının adına otağın bron edilməməsinə görə məsuliyyət daşımadıqlarını, buna dair internet səhifələrində bildiriş yerləşdirildiyini bildirərək iddiaya etiraz etmişdir.
25. Birinci instansiya məhkəməsi isə tərəflər arasında yaranmış münasibətləri tapşırıq müqaviləsindən irəli gələn münasibətlər kimi qiymətləndirmiş, cavabdehin yalnız vasitəçi kimi fəaliyyət göstərdiyini, müvafiq əməliyyatların icra edilməməsinə görə cavabdehin öhdəlik daşımadığını, iddiaçının cavabdehin hərəkəti nəticəsində mənəvi zərərə məruz qalmadığı barədə nəticəyə gəlmişdir.
26. Məhkəmə Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin müəyyən edilən həqiqi hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmaqla iddia qismən təmin edilməlidir.
27. Kollegiya bu nəticəyə gələrkən aşağıdakılara əsaslanır.
28. Nəzərə alınmalıdır ki, tərəflər arasında istirahətin təşkili üçün xidmət göstərilməsinə dair tapşırıq hüquq münasibəti yaranmışdır.
29. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür (maddə 777.1). Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir (maddə 777.2). Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır (maddə 779.1).
30. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinə əsasən icraçı müqavilənin şərtlərindən kənara çıxaraq, işi (xidməti) pisləşdirmişsə, yaxud işdə (xidmətdə) başqa qüsurlara yol vermişdirsə, istehlakçının istəyinə uyğun olaraq, göstərilən qüsurların icraçının hesabına əvəzsiz olaraq müvafiq müddətdə aradan qaldırılmasını və ya işin (xidmətin) qüsurlarını öz vəsaitləri ilə aradan qaldırarkən çəkdiyi zəruri xərclərin ödənilməsini, yaxud işin (xidmətin) haqqının müvafiq surətdə azaldılmasını tələb etmək hüququ var.
31. Həmin Qanunun 12-ci maddəsinin tələbinə görə istehlakçıların bu Qanunda nəzərdə tutulan hüquqları istehsalçı (icraçı, satıcı) tərəfindən pozularsa, istehlakçıya dəyən mənəvi ziyan günahkar tərəfindən ödənilməlidir. Ödənilən ziyanın dəyəri, qanunla başqa hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən müəyyən edilir.
32. İcraçı (cavabdeh) xidmətdə qüsurlara yol vermiş, tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməmişdir.
33. Belə ki, işin hallarından göründüyü kimi cavabdeh əhaliyə turizmin təşkili xidməti göstərməklə müraciət edən şəxslərə istirahətin keçirilməsini təşkil etdiyindən, bronun təsdiqlənməməsi və bu kimi digər halların baş verməməsi üçün qabaqlayıcı tədbirlər (vaxtında aşkar etməli, nəzarət etməli) görməli idi. Cavabdeh ondan asılı olmayan səbəblərdən belə tədbirləri görə bilmədiyi barədə heç bir sübut təqdim etməmişdir.
34. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hazırkı iş üzrə tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ vardır və bu baxımdan iddiaçıya dəymiş mənəvi zərər cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
35. Kollegiya nəzərə alır ki, iddiaçı ailə üzvləri ilə birlikdə istirahət etməyi planlaşdırmış, bunun üçün hazırlıq görərək uzun məsafə qət etmiş, nəticədə cavabdehin qanunsuz hərəkətləri nəticəsində istirahəti baş tutmamış, üstəlik stress və narahatlıq keçirmiş, bu isə onun şüurunda kifayət qədər mənfi psixi reaksiyaların yaranmasına səbəb olmuşdur. Nəticədə cavabdeh mənəvi və fiziki iztirablar keçirmişdir.
36. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə görə “mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyriəmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.”
37. Ali Məhkəmə Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 10-cu bəndində qeyd edilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
38. Məhkəmə kollegiyası oxşar işlər üzrə məhkəmə təcrübəsinə əsaslanaraq belə bir ümumi prinsipi nəzərə alır ki, mənəvi ziyanın əvəzi kimi tutulan məbləğ bir tərəfi həddən artıq zənginləşdirməməli, digər tərəfi isə müflis etməməlidir.
39. Məhkəmə kollegiyası işin sadalanan hallarını nəzərə alaraq hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan mənəvi zərərin məbləğinin 300 manat müəyyən edilməsi ədalətli və ağlabatandır.
40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
41. Məhkəmə kollegiyası izah edir ki, hazırkı iş üzrə həm təmin olunan, həm də rədd edilən hissələrdə iddianın qiyməti 5000 manatdan az olduğundan MPM-nin 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
42. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılmaqla iddia qismən təmin olunsun. Cavabdeh MMC-dən mənəvi zərərə görə 300 (üç yüz) manat pul tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.