Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-841/2025 14.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı - Cavabdeh qarşı «aliment tələbi» barədə mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “aliment tələbi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Səbail Rayon Məhkəməsinin 2(009)-2098/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı - Cavabdeh qarşı «aliment tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Cavabdeh 19 iyun 2019-cu il təvəllüdlü X1 üçün hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi məbləğində və 450 manat əlavə xərclərdə iştirakına görə aliment tutulması, əvvəlki 6 ay üçün hər ay 350 manatdan hesablanmaqla 2.100 manat alimentin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi belə əsaslandırılmışdır: “Mənim Cavabdehla 19 aprel 2018-ci il tarixdə 3 saylı Bakı “Asan Xidmət” mərkəzi qeydiyyat şöbəsində qeyd etdirdiyimiz nikahımızdan 19 iyun 2019-cu il təvəllüdlü X5 adlı övladımız vardır. Cavabdehlə fikirlərimiz, düşüncə tərzimiz uyğun gəlmir. O, yerli-yersiz mübahisə salır, məni təhqir edir. O, anasının diktəsi ilə hərəkət edir. Mən Cavabdeh ailə dəyərlərinə hörmət etməyi tələb etsəm də o, buna əhəmiyyət vermir. Cavabdehin xasiyyəti və anasının mənimlə yola getməməsi ucbatından 09 mart 2024-cü il tarixdə uşağımla atamın evinə qonaq qismində getdim ki, ara sakitləşsin. Lakin ərim sakitləşmək əvəzinə, şiddətləndi. Artıq 6 aydır ki, atamın evində yaşayıram. Bu müddət ərzində uşağımız mənim himayəmdədir. Cavabdeh elə bil uşağı olmayan şəxs kimi hərəkət edir. Belə ki, 6 aydır uşağına 1 manat pul belə verməyib, uşağının nə yeyib-içdiyi, nə geyindiyi bu ata olan bəndəni maraqlandırmır. Uşağın bütün maddi və mənəvi ehtiyacalarını mən ödəyirəm. O, ata kimi uşağının hansı maddi çətinliklərlə böyüməsi barədə düşünmür. Uşağımızın geyimi, sağlamlığı, təhsili, normal qidalanması və s. ehtiyacları üçün hər ay müəyyən məbləğdə vəsait xərclənməsi tələb olunur. Təbii ki, bütün bu xərcləri mən təkbaşıma ödəyə bilmirəm. Övladını saxlamaq, ona qulluq etmək cavabdeh-ata Cavabdeh boynunun borcudur. O, isə öz atalıq borcunu icra etməkdən qərəzli surətdə boyun qaçırır. Ona görə də uşağımızın saxlanılması üçün cavabdehdən məhkəmə qaydasında aliment tələb etmək zorundayam. Cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankının sığortaya nəzarət departamentində aparıcı mütəxəssis vəzifəsində işləməklə yüksək maaş alır. Onun aylıq gəliri təxmini 2.500 manatdır. Cavabdehin 1 mənzili, 1 ikimərtəbəli evi vardır. Bunları ona görə qeyd edirəm ki, cavabdehin oğlunun saxlanılması üçün istənilən məbləği asanlıqla ödəyə bilər. 6 ay ərzində dəfələrlə cavabdehə uşağına aliment verməsi barədə desəm də, telefon mesajları göndərsəm də cavabdeh uşağına aliment vemədi ki, vermədi. Ona görə də qanunun tələbinə əsasən, cavabdehdən mart, aprel, may, iyun, iyul və avqust ayları üçün də uşağımıza aliment tələb edirəm”.
3. Səbail Rayon Məhkəməsinin 2(009)-2098/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi (hakim İlkin Rüstəmli) ilə iddia qismən təmin edilmiş, 19 iyun 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün 23 sentyabr 2024-cü il tarixdən başlayaraq Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) 1/4 hissəsində alimentin tutulub İddiaçı verilməsi, 50 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən dövlət büdcəsinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
4. İddiaçı qətnaməni mübahisələndirməmişdir.
5. Cavabdeh isə qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəliləri:
6. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş və şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, uşağı saxlamaq hər iki valideynin vəzifəsidir. İddiaçı özü də həkim kimi işləyir, maaşdan əlavə, ginekoloji əməliyyatlar icra edir, əlavə gəlir var. Uşağın aylıq xərcinin bu şəraitdə 300 manatdan artıq olması gözlənilən, ehtimal olunan deyil. İddiaçı məqsədi alimenti təyinatı üzrə deyil, başqa məqsədlərlə, yəni özünə avtomobil almaq məqsədilə istifadə etməsidir. Bundan başqa, cavabdehin anasının sağlamlığında ciddi problemlər var, o, oğlunun himayəsindədir və birlikdə yaşayırlar. Onun bütün xərcləri cavabdehin üzərinə düşür. Cavabdehin öz anasını saxlamaq öhdəliyi vardır. Cavabdehin anası şəkər, ürək xəstəliklərindən əziyyət çəkir. Hər ay alınması zəruri olan peçatla təsdiq olunmuş dərmanları vardır. Həmçinin cavabdehin ödənilməli kredit borcları da var.
7. Bu səbəbdən, birgə nikahdan doğulmuş övladı 19 iyun 2019-cu il təvəllüdlü X2 üçün məhkəmə tərəfindən aliment öhdəliyi müəyyən edilərkən cavabdehin 1.300 (bir min üç yüz) manat həcmində hər ay ödənilməli olan kredit borcu, iddiaçının özünün də işləməsi və 1300 manat məvacib alması, cavabdehin öz anasını saxlamaq öhdəliyi və cavabdehin öz yaşayış minimumu nəzərə alınmalıdır. Bu səbəbdən yaşayış minimumu, ümumi kredit öhdəliklərini nəzərə almaqla cavabdeh övladının saxlanması üçün hər ay 300 (üç yüz) manat ödəməyə razıdır.
8. Odur ki, qətnamənin ləğv olunması və iddianın qismən təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatı:
9. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək bildirdi ki, cavabdehin kredit öhdəliyi var, xəstə anasının müalicəsi ilə bağlı xərcləri də cavabdeh qarşılayır, alimentin aylıq 300 manat müəyyən edilməsinə razıdır.
10. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti ilə razılaşmayaraq bildirdi ki, cavabdehin atası polis polkovniki olub, onun pensiyası 3500-4000 manat arasında olub, o vəfat etdiyindən cavabdehin anası öz ərinin pensiyasını alır, cavabdehin digər qardaşı da polisdə işləyir və yaxşı imkanları var, cavabdehin anasının oğlunun qazancına ehtiyacı yoxdu, şikayətin həmin dəlləri əsassızdır, bu səbəbdən də apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Sübutların tədqiqi:
11. Mülki iş materiallarında olan AZ-İV № 305124 nömrəli Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, 19 iyun 2019-cu il təvəllüdlü X4 atası Cavabdeh, anası İddiaçıdır. Tətbiq edilən maddi hüquq normaları:
12. Azərbaycan Respublikası Konstitusiyası
13. Maddə 34.3. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
14. Azərbaycan Respublikasının Ailə Məcəlləsi
15. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.
16. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
17. Maddə 76.1.2. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə-qazancın (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarda aliment tutulur.
18. Maddə 76.2. Məcəllənin 76.1-ci maddəsində müəyyən edilmiş payların miqdarı məhkəmə tərəfindən, tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.
19. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
20. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu
21. Maddə 8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür.
22. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
23. Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
24. “Uşaq Hüquqları haqqında” Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir.
25. “Uşaq Hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsədə məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən
26. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə görə də, valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar.
27. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsinin tətbiqi üzrə” 08 dekabr 2023-cü il tarixli qərardadı. Tətbiq edilən prosessual hüquq normaları:
28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
32. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
33. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
34. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
35. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
36. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
37. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
38. Cavabdehin şikayətinin dəlilləri ondan ibarətdir ki, uşağın saxlanılması hər iki valideynin vəzifəsidir, iddiaçının daha yüksək gəliri var, ona görə də ondan gəlirinin ¼ hissəsində aliment tutulması əsaslı olmamışdır.
39. AZEMİS-dən çıxarışdan məlum olur ki, iddiaçı iki yerdə işləyir, aylıq əmək haqqı 1318 manat, 239 manat təşkil edir.
40. AZEMİS-dən çıxarışdan məlum olur ki, cavabdehin əmək haqqı aylıq 3323 manat təşkil edir.
41. Göründüyü kimi, iddiaçının gəlirinin daha çox olması barədə apellyasiya şikayətinin dəlili təsdiq edilmir. Digər tərəfdən Məhkəmə kolegiyası qeyd edir ki, iddiaçının daha çox gəlirinin olması halında belə, bu cavabdehi birgə nikahdan olan uşağın saxlanması vəzifəsindən azad etmir.
42. Eləcə də, cavabdehin apellyasiya şikayətinin digər dəlilləri, yəni onun kredit öhdəliyi olması, həmçinin baxmalı olduğu anası olması barədə dəlilləri üzrə də qeyd edilir ki, bütün bunlar cavabdehi birgə nikahdan olan uşağın saxlanması vəzifəsindən azad etmir.
43. ARK-ın 17-ci maddəsinin 2-ci bəndinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.
44. Ailə Məcələsinin 75.1-ci maddəsinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar.
45. Həmin Məcələnin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
46. Cavabdeh tərəfin alimentin aylıq 300 manat müəyyən edilməsi barədə dəlili üzrə Kollegiya qeyd edir ki, Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
47. Hazırkı halda cavabdehin müntəzəm gəliri olduğundan rayon məhkəməsi Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə əsasən, alimenti hər ay 1 uşağa görə-qazancın (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarda müəyyən etməkdə haqlı olmuş, məhkəmənin qənaəti qanunun istinad olunan tələbinə uyğundur.
48. Beləliklə, cavabdehin apellyasiya şikayətinin dəlilləri onu, birgə nikahdan olan uşağı saxlamaq və maddi təminatlarını qanunun tələbinə uyğun miqdarda ödəmək vəzifəsindən azad etmədiyindən, apellyasiya şikayətinin dəlilləri əsassızdır və təmin edilə bilməz. Nəticə:
49. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
50. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Səbail Rayon Məhkəməsinin 2(009)-2098/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.