Məhkəmə qərarları › İş №2(103)-8417/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8417/2021

02.11.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8417/2021 02.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi: Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, Ərizəçi İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2(005)-1152/2021 saylı qətnaməsindən ərizəçi İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi İddiaçı maraqlı şəxslər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 cəlb edilməklə icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 545 saylı 22.06.2019-cu il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi “Binə” T/M-nin 9-cu sıra 1-ci mağazada sahibkarlıq fəaliyyəti göstərən Rasim Ramazanovun yanında satıcı kimi işləmişdir. Orada işləyən zaman Rasim Ramazanov biznesini inkişaf etdirmək üçün borca ehtiyacının olduğunu və X1 faizə pul götürmək istədiyini bildirdi. X5 borc pul vermək üçün girov istədiyindən Rasim Ramazanov borcu ala bilmirdi. Bu səbəbdən də sonuncunun xahişinə görə ərizəçi öz mülkiyyətində olan mənzili girov qoymalı idi. Qeyd edir ki, X3 Rəhimov arasında olan danışığa əsasən, Nazim Rəhimov 39.100 manat məbləğində pulu faizlə borc verdi. Lakin, bu borc faizlə verilsə də, 19 iyun 2016-cı il tarixli 3M-324 saylı kredit müqaviləsində bu məbləğ faizləri də hesablanmaqla 70.000 manat qeyd etmişlər. Bundan əlavə, qeyd edilən kredit müqaviləsi X2 ilə deyil, Cavabdeh3 arasında rəsmiləşdirilmişdir. Verilən faiz borcundan da dərhal 10.900 manat pul aşağıdakılara görə tutulmuşdur: 6.000 manat 12% şapka; 400 manat notariusun rəsmiləşdirilməsi; 500 manat vasitəçi Teyyuba xidmət haqqı, 4.000 manat borcun 1-ci və 2-ci aylarına görə nəzərdə tutulan ödəniş. Borc müqaviləsi notarial qaydada rəsmiləşdirilsə də, pul vəsaiti notariusun depozit hesabından kənar tərəflərə verilmişdir. Elə həmin gün, yəni, 19 iyun 2019-cı il tarixdə Cavabdeh2ndə rəsmiləşdirilən 3M-325 reyestr nömrəli Girov müqaviləsi ilə iddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, ev 51/59-da yerləşən 23 saylı mənzili girova qoymuşdur. Maraqlıdır ki, 19 iyun 2016-cı il tarixli 3M-324 reyestr nömrəli kredit müqaviləsinin 2-ci bəndinə əsasən, borc məbləği 19/11/2016-cı il tarixinədək tam olaraq ödənilməli idi. Qeyd edilən borc məbləği bu tarixədək ödənilməməsinə baxmayaraq, nə səbəbdənsə kreditor vaxtında aidiyəti üzrə müraciət etməmişdir. Kreditor yalnız ötən ilin iyun ayında notariat orqanına müraciət edərək icra qeydinin verilməsini istəmiş və 22.06.2019-cu il tarixli 3M-325 reyestr nömrəli icra qeydi verilmişdir. Lakin, 22.06.2019-cu il tarixli icra qeydi barəsində o, yalnız bu ilin dekabr ayında iş hərracda olan zaman hərrac mərkəzinin məktub bildirişindən sonra məlumatlanmışdır. Bundan sonra tərəfindən vəkil vasitəsi ilə notariat ofisinə və icra məmuruna müraciət edilmişdir. Notariat ofisi vəkil sorğusuna cavab versə də, icra orqanı müraciətinə koronavirusla əlaqədar ölkədə elan olunan karatin tədbirləri səbəbindən bu günədək cavab verməmişdir. Qeyd etməyi zəruri bilir ki, o icra qeydindən məlumatsız olmuş və kredit müqaviləsində qeyd edilən məbləğdən də məlumatsız olmuşdur. Hətta bu məbləği də vəkil sorğusu əsasında əldə edilən cavabdan sonra bilmişdir. Buna görə də hazırki ərizə ilə məhkəməyə müraciət edərək icra qeydinin ləğvini istəmək qərarına gəlmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2(005)- 1152/2021 saylı qətnaməsi ilə ərizəçi İddiaçı maraqlı şəxslər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 cəlb edilməklə icra qeydinin ləğv edilməsi tələbinə dair ərizəsi təmin edilməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsilə razılaşmayan ərizəçi İddiaçı apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini ərizəsinin dəlillərinə uyğun əsaslandırmış, eyni zamanda qeyd etmişdir ki, daşınmaz əmlak barədə qanunvericiliyin tələblərinə zidd olaraq ipoteka müqaviləsi bağlanmalı olduğu halda girov müqaviləsi bağlanılmış, icra qeydi verilərkən “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələbləri pozulmuş və bu səbəblərdən də verilmiş icra qeydi qanunvericiliyin tələblərinə uyğun olmadığından, ləğv edilməlidir. Buna görə də qətnamənin ləğv edilərək, ərizəsinin təmin edilməsini xahiş etmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə məhkəmə iclasında baxılmasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxslər Cavabdeh1, Cavabdeh2 nümayəndələri və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən onların iştirаkı оlmаdаn mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iş üzrə ərizəçi İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2(005)-1152/2021 saylı qətnaməsinin ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qeyd edilən prosessual qanunvericiliyin tələblərinə əsasən kollegiya hesab edir ki, apellyasiya sikayəti qətnamənin ləğvinə yönəldildiyindən qətnamə tam yoxlanılmalıdir. Kollegiya işin materiallarını, apelyasiya şikayətinin dəlillərini ərizəçinin və onun nümayəndəsi və vəkilinin izahatları ilə qarşılıqlı yoxlayıb, qiymətləndirərək hesab edir ki, apelyasiya şikayəti əsaslıdır və buna görə də birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarından, həmçinin apelyasiya məhkəməsinin sorğusuna əsasən Bakı şəhəri 18 saylı Notariat Kontorundan və Bakı şəhər Nərimanov rayon İcra və Probasiya şöbəsindən təqdim edilmiş sənədlərlə müəyyən olunur ki, 19 iyun 2016-cı il tarixdə Cavabdeh3 Məlikəjdər oğlu ilə ərizəçi İddiaçı arasında kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən ərizəçi 19 noyabr 2016-cı il tarixə kimi olan müddətdə 70000 (yetmiş min) manat məbləğində kreditə pul götürmüşdür. Kredit müqaviləsi həmin gün Bakı şəhəri 18 saylı Notariat Kontorunda rəsmiləşdirilmişdir. 19 iyun 2019-cu il tarixli Girov müqaviləsinə əsasən ərizəçi İddiaçı mülkiyyətində olan, ümumi sahəsi 87,13 kv.m olan, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 51/59, mənzil 23 (yeni qaydalarla Əliyar Əliyev küçəsi, ev 137, M3, m1) kreditin təminatı kimi girov qoymuş və girov müqaviləsi həmin tarixdə Bakı şəhəri 18 saylı Notariat Kontorunda rəsmiləşdirilmişdir. Bakı şəhəri 18 saylı Notariat Kontoru tərəfindən 22 iyun 2019-cu il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında İcra qeydi verilmiş və icra qeydi əsasında Bakı şəhər Nərimanov rayon İcra və Probasiya şöbəsinin icra məmuru Babək Qarayev tərəfindən icraata başlama barədə qərar qəbul edilərək, icra hərəkətləri başlanmışdır. Ərizəçi ərizəsində, həmçinin apelyasiya şikayətində “İcra qeydi” verilərkən “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinin pozulmasına istinad edərək, həmin icra qeydini qanunsuz hesab edir. Kollegiya bununla əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir: “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Qeyd olunan maddənin birinci bəndindən aydın olur ki, əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcumüəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İş materiallarından görünür ki, borclu Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 51/59-da yerləşən 23 saylı mənzildə qeydiyyatda olmaqla yaşayır. Lakin iş materialları ilə borclunun olduğu yerin notariusu tərəfindən borcu müəyyən edən sənəddə icra qeydi aparılması müəyyən olunmur. Bakı şəhəri 18 saylı Notariat Kontorunun notariusu qeyd edilən Qanunun tələblərinə əməl etməmişdir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 79-cu maddəsinin tələblərinə əsasən icra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat ofisinə daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının Elektron icra informasiya sisteminə göndərir. Bakı şəhəri 18 saylı Notariat Kontorunun apelyasiya məhkəməsinə təqdim etdiyi sənədlərin içərisində tələbkarın ərizə verməsi, ərizənin qeyd edilən Qanunun tələblərinə müvafiq olaraq qeydə alınması müəyyən edilmir. Bundan başqa iş materialları ilə müəyyən edilir ki, Cavabdeh2 22 iyun 2019-cu il tarixdə “ipoteka predmetinə tutmanın yönəldilməsi” haqqında İcra qeydi vermişdir. Lakin iş materiallarında “ipoteka müqaviləsi” mövcud deyil, “Girov müqaviləsi” mövcuddur. Kollegiya qeyd edir ki, ipoteka predmeti ilə girov predmetini qanunvericilik fərqləndirmişdir və həmin predmetlərə dair tutmanın yönəldilməsi qaydalarını qanunverici konkret müəyyənləşdirmişdir.(Mülki Məcəllənin 276, 280, 307-ci maddələri) Lakin, Cavabdeh2 İcra qeydini verərkən qeyd edilənləri nəzərə almamışdır. Bununla yanaşı kollegiya qeyd edir ki, notariat orqanı girov müqaviləsi üzrə olan predmeti ipoteka predmeti kimi qəbul edib icra qeydi verərkən “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin 6-cı hissəsinin tələblərinə əməl edilməsini də yoxlamamış və təqdim edilən sənədlərlə həmin tələblərə əməl edilməsi müəyyən edilmir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə icra qeydi institutu tələbkarla yanaşı, eyni zamanda borclunun da hüquqlarının kifayət qədər qorunmasına xidmət edir. Belə ki, icra qeydləri yalnız təqdim edilmiş sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edərsə aparılır. Çünki, tələbkarla borlu arasında bağlanmış müqavilələr üzrə yaranan öhdəliklərə dair mübahisə olduğu halda, icra qeydi aparılmır və bu halda yaranmış mübahisə məhkəmədə öz həllini tapmalıdır. Lakin iş materialları ilə müəyyən olunur ki, notariat ofisi borcun ödənilməsi barədə ərizəçiyə yazılı bildiriş göndərməmiş, onun hüquqlarını pozaraq, borcun mübahisəsiz olub-olmamasını müəyyənləşdirmək üçün heç bir notarial hərəkət etməyərək, yalnız kredit və girov müqaviləsinə əsaslanmaqla, həmin müqavilə üzrə yoxlama aparmadan əsassız icra qeydi vermiş və bununla da “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76, 79-cu maddələrinin, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 saylı qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 162-ci maddəsinin tələbləri pozularaq, aparılmış icra qeydi icra üçün göndərilmişdir. İşə baxan birinci instansiya məhkəməsi ərizəçinin dəlillərini kifayət qədər araşdırmamış və bu səbəbdən gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmadığından, qətnamə qanuni və əsaslı olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.2-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Kollegiya qeyd edilən prosessual normanın tələblərini nəzərə alaraq hesab edir ki, apelyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmaqla ərizə təmin edilməli, Cavabdeh2 545 saylı 22.06.2019-cu il tarixli icra qeydi ləğv edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Ərizəçi İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2(005)-1152/2021 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. Ərizə təmin edilsin. Cavabdeh2 545 saylı 22.06.2019-cu il tarixli icra qeydi ləğv edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar