Məhkəmə qərarları › İş №2(103)-8420/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8420/2021

27.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8420/2021 27.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Şeyda Ədalət qızı Məhərrəmova və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman İmanverdi qızı Şükürlünün katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-168/2021 saylı mülki iş üzrə qəbul etdiyi 06 may 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-nin əmlakın qiymətləndirilməsi barədə 18.02.2020-ci il tarixli, 21 saylı hesabatının ləğv edilməsi və ona məxsus Mersedes Benz GL-450 markalı, **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobilin düzgün bazar qiymətlərinə uyğun qiymətləndirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı “X1 FZCO” şirkəti ona qarşı məhkəmədə iddia qaldıraraq, ondan 789 saylı ixrac satış qaiməsi əsasında iddiaçıdan aldığı 105 ədəd AL-1202 markalı, **********1 kod nömrəli, 70 ədəd Aİ-913 SAC markalı, **********9 kod nömrəli. 25 ədəd AL-1201 markalı **********4 kod nömrəli, 10 ədəd AL-2401 SAC markalı, **********4 kod nömrəli, 50 ədəd AL-1801 SAC markalı, **********4 kod nömrəli kondinsonerləri və dəyəri hesablanmadan pulsuz göndərilən ehtiyat hissələrinə görə borclu qaldığı 56.660 ABŞ dolları vəsaitinin və borcunun vaxtında ödəməməsi, ondan uzun müddət faydalanması nəticəsində iddiaçıya vurduğu maddi zərərin əvəzi olaraq 56.660 ABŞ dolları, ümumilikdə 113.320 ABŞ dolları və 30 manat dövlət rüsumunun alınaraq BƏƏ-nin Dubai şəhərində yerləşən “X1 FZCO” şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin, o '’X1 FZCO” şirkətinə qarşı məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, “X1 FZKO” şirkəti tərəfindən göndərilmiş keyfiyyətsiz malların qəbulu, daşınması və saxlancı nəticəsində ona dəymiş 49.500 manat zərərin şirkətdən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qətnaməsi ilə ilkin iddia tələbi qismən təmin edilmiş, ondan 56660 ABŞ dolları məbləğində əsas borc və ödənilmiş dövlət rüsumun əvəzi olaraq 20 manat tutularaq “X1 FZCO" şirkətinə ödənilməsi, qalan hissədə iddianın təmin olunmaması və onun iddia tələbinin rədd olunması barədə qərar qəbul edilmişdir. Bu işlə əlaqədar verdiyi apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Məhkəmənin qətnaməsi icraata yönəldilmiş, tələbin ödənilməsi ilə əlaqədar tələb əmlakına yönəldilmiş, ona məxsus Mersedes Benz GL-450 markalı, 99-FX- 464 dövlət qeydiyyat nişanlı avtomobili hərraca çıxarılaraq satılması ilə əlaqədar qiymətləndirilməsi üçün daşınar və daşınmaz əmlakları qiymətləndirilməsi xidməti MMC-yə göndərilmişdir. Əmlak qiymətləndirilmiş və 60.000 min manat qiymət müəyyənləşdirilmişdir. Müəyyənləşdirilmiş qiymət düzgün deyildir, halhazırda eyni markalı avtomobillər bazarda 80-90 min manat qiymətə satılır. Avtomobilin texniki xarakterizəsi müəyyənləşdirilərkən hesabatda avtomobilin bütün hissələrini normal və işlək vəziyyətdə olmasını qeyd edilməsinə baxmayaraq avtomobil çox aşağı səviyyədə qiymətləndirilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli 2(005)- 168/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)- 198/2017 saylı, 23.11.2017-ci il tarixli qətnaməsinə əsasən iddiaçı "X1 FZCO” şirkətinin cavabdeh İddiaçı qarşı satılmış malın dəyərinin və vurulmuş maddi zərərin ödənilməsi tələbinə dair ilkin iddiası və İddiaçı cavabdeh "X1 FZCO” şirkətinə qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə ilkin iddia tələbi qismən təmin edilmiş, qarşılıqlı iddia rədd edilmiş, İddiaçı 56,660 (əlli altı min altı yüz altmış) ABŞ dolları məbləğində əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 (iyirmi) manat tutularaq “X1 FZCO” şirkətinə ödənilməsi qət edilmişdir; İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-166/2018 nömrəli, 26 aprel 2018-ci il tarixli qətnaməsindən görünür ki, 2 saylı Bak İnzibati-iqtisadi Məhkəməsinin 2-2(82)-198/2017 saylı, 23 noyabr 2017-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-198/2017 saylı, 23 noyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır; İş materiallarında olan Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(102)- 391/2018 nömrəli, 16.10.2018-ci il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2- 2(103)-166/2018 saylı, 26 aprel 2018-ci il tarixli qətnaməsindən cavabdehin verdiyi kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(103)- 166/2018 saylı, 26 aprel 2018-ci il tarixli qətnaməsi mübahisə olunan hissədə dəyişdirilmədən saxlanılmışdır; İş materiallarında olan "xxxx" MMC-nin 18.02.2020-ci il tarixli, 21 saylı “Əmlakın qiymətləndirilməsi barədə hesabat”ının surətindən görünür ki, Nərimanov rayon İcra və Probasiva Şöbəsinin 14666-251710/2018-15-2A saylı, 13.11.2019-cu il tarixli sifariş məktubuna, 2 saylı Bakı İnziaıi-İqtisadi Məhkəməsinin 2-2(82)-198/2017 saylı, 18.01.2017ci il tarixli icra vərəqəsinə əsasən əmlakın qiymətləndirilməsi işini həyata keçirən "xxxx" MMC tərəfindən İddiaçı məxsus “Mercedes Benz GL-450” minik markalı, **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobilin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti: 60.000 (altmış min) manat təşkil edir; Belə ki, iddiaçı tərəfindən irəli sürülmüş iddia “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun həll olunmalıdır. Həmin Qanunun 7-ci maddəsinin tələblərinə görə qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. Həmin Qanunun 8-ci maddəsində isə təsbit olunmuşdur ki, qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Lakin hazırkı işdə qeyd olunan qanunun tələblərinin pozulması müəyyən edilmir. Birinci instansiya məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, "xxxx" MMC-nin 26.01.2021-ci il tarixli, ƏEM/Y 47-047/21 nömrəli ekspert rəyindən müəyyən olunur ki, aparılmış hesablamalara və təkliflərə əsasən İddiaçı məxsus (2008-ci il buraxılışlı, sedan) “Mercedes Benz” minik markalı,99-FX464 dövlət qeydiyyat nişanlı avtomaşının 2020-ci il tarixinə bazar qiyməti 47500,0 manat, likvid dəyəri 45000,0 manat təşkil edir. Əmlakın qiymətləndirilməsi üzrə göstərilən xidmətin dəyəri 100 manat təşkil edir. İddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi halları nəzərə alaraq və müəyyən edilən qiymətləri müqayisə edərək, kollegiya hesab edir ki, mübahisələndirilən ekspert rəyindəki qiymətin reallığı əks etdirməməsi və bazar qiymətinə uyğun olmaması fikrinə gəlmək üçün əsaslar mövcud deyildir. Çünki mübahisələndirilən 18.02.2020-ci il tarixli, 21 saylı “Əmlakın qiymətləndirilməsi barədə hesabatda “Mercedes Benz GL-450” minik markalı, **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobilin qiyməti 60.000 manat müəyyən edilmiş, "xxxx" MMC-nin 26.01.2021-ci il tarixli ekspert rəyində isə avtomobilin bazar qiyməti 47.500 manat, likvid dəyəri 45.000 manat müəyyən olunmuşdur. İddiaçı isə “Mercedes Benz GL-450” minik markalı, **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobilin bazar qiymətinin 80-90 min manat olduğunu iddia etmişdir. Göründüyü kimi iddiaçına məxsus olan avtomobilin onun qeyd etdiyi dəyərdə olmaması eksert rəyləri ilə öz təsdiqini tapır. Bundan əlavə iddiaçı apellyasiya şikayətində iş üzrə təkrar məhkəmə-əmtəəşünaşlıq ekspertizasının keçirilməsini xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 102.2-ci maddəsinə əsasən məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Məhkəmə kollegiyası qeyd olunan rəylər arasında qiymət fərqi ilə bağlı qeyd edir ki, bir əmlakın iki və ya daha artıq qiymətləndirilməsi nəticəsində müəyyən edilən qiymətlər arasındakı əhəmiyyətli olmayan fərqlər həmin qiymətləndirilmələrin hər hansı birinin düzgün olmaması demək deyildir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə təkrar məhkəməəmtəəşünaşlıq ekspertizasının keçirilməsi üçün əsaslar mövcud deyildir. Beləliklə, kollegiya hesab edir ki, iddianın təmin edilməsi üçün əsaslar mövcud deyildir və ona görə də, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-168/2021 saylı mülki iş üzrə qəbul etdiyi 06 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəfaddin İbayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar