Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8422/2021 10.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Şadiyev Namiq Ənvər oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “əmək haqqının, son haqq-hesabın, əmək kitabçasının verilməsini ləngitdiyinə görə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 22 iyun 2021-ci il tarixli qətnamədən cavabdeh MMC-nin verdiyi apellyasiya şikayətinə əsasən mülki işə iddiaçının vəkili (nümayəndəsi) Nümayəndə1 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh MMC-dən əmək müqaviləsi əsasında işlədiyi lakin 2020-ci ilin yanvaraprel ayları üçün ödənilməmiş (319 manat x 4 ay=) 1.276 manat əmək haqqının, son haqq-hesaba (istifadə etmədiyi məzuniyyət günlərinə) görə 319 manat və əmək kitabçasının qanunla müəyyən edilmiş müddətdə verilməsini ləngitdiyi 10 ay 15 günə (01.05.2020-ci il tarixdən 15.03.2021-ci i tarixədək) görə 3.349 manat, ümumilikdə 4.944 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 03.04.2019-cu il tarixdə MMC-yə anbardar vəzifəsinə işə qəbul edilmiş və həmin MMC-nin direktoru (qanuni təmsilçisi) X1 ilə aralarında müddətsiz əmək müqaviləsi bağlanmışdır. Aralarında bağlanılmış əmək müqaviləsinə əsasən iddiaçının vəzifə maaşı 319 manat təşkil edirdi. İddiaçının əmək funksiyasına MMC-nin müxtəlif təşkilatlardan (o cümlədən xarici ölkələrdən) aldığı mühərrik yağlarını anbara mədaxil etmək və sonradan həmin yağları təqdim edilmiş sənədlər əsasında müştərilərə çatdırılması üçün anbardan məxaric etməkdən ibarət olmuşdur. İddiaçı həmin vəzifədə çalışaraq əmək müqaviləsi ilə üzərinə düşən öhdəlikləri vicdanla yerinə yetirmişdir. İddiaçı həmin vəzifədə 2020-ci ilin may ayına qədər işləmişdir. Ceyhun Nəcəfov həmin vaxt iddiaçıya və digər əməkdaşlara hal-hazırda iş yükünün az olması səbəbindən bir müddət işə çıxmalarına lüzum olmadığını, iş yükü artan zaman yenidən öz işlərinə davam edəcəklərini bildirmişdir. Onlar da Ceyhun Nəcəfovun sözlərinə inanaraq bir müddət işə çıxmadılar. İddiaçı mütəmadi olaraq Ceyhun Nəcəfov ilə əlaqə saxlayaraq vəziyyətin dəyişib-dəyişmədiyini, nə vaxt işə çıxacaqlarını öyrənəndə, Ceyhun Nəcəfov bildirirdi ki, “narahat olma hər şey qaydasındadır, sən bir neçə günə işə çıxacaqsan, onsuz da sənin günlərin işdə olduğun kimi qeyd olunur və sən öz əmək haqqını alacaqsan”. Bu məsələ uzandıqca iddiaçı narahat olmağa başlamış və MMC-yə müraciət edərək işlədiyi lakin əmək haqqını almadığı 2020-ci ilin yanvar ayından 2020-ci ilin may ayına kimi əmək haqqını istədikdə, Ceyhun Nəcəfov müxtəlif bəhanələrlə bu günsabah deyərək əmək haqqını ödəməkdən yayınmışdır. Onunla danışıq aparmağın nəticəsiz olduğunu başa düşərək iddiaçı, əmək hüquqlarının pozulması ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə ərizə ilə müraciət etmişdir. X2 Xidmətinin Bakı Şəhər İdarəsində iddiaçının müraciəti əsasında araşdırma aparılmış və iddiaçıya məlumat verilmişdir ki, MMC-nin rəhbərliyi iddiaçı ilə bağlanmış əmək müqavilənizə xitam verərkən əmək qanunvericiliyinin tələblərinin pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4cü maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İdarə tərəfindən verilmiş cavabdan da bir daha aydın olur ki, MMC-nin direktoru Ceyhun Nəcəfov tərəfindən iddiaçının əmək hüquqları kobudcasına pozularaq, iddiaçıya 2020-ci ilin yanvar ayından qeyri-qanuni işdən çıxarıldığı 2020-ci ilin may ayına qədər olan dövr üçün (4 ay) əmək haqqı ödənilməmiş, son haqq-hesabı və əmək kitabçası verilməmişdir. MMC tərəfindən iddiaçı ilə bağlanmış “Əmək müqaviləsinə” Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərin qarşılıqlı razılığı) əsasən xitam verildiyi ona yalnız həmin İdarə tərəfindən verilmiş cavabdan sonra məlum olmuşdur. Bundan sonra iddiaçı, MMC-nin qanuni təmsilçisi Ceyhun Nəcəfovdan əmək müqaviləsinə qanunsuz olaraq xitam verdiyini, əmrin surətini, əmək kitabçasını, işlədiyi son 4 ay üçün əmək haqqısını və son haqq-hesabını tələb etsə də, Ceyhun Nəcəfov yenə də, müxtəlif bəhanələrlə bunları etməkdən yayınmışdır. Əmək kitabçasının iddiaçıya verilməməsi səbəbindən o bu günə kimi başqa işə qəbul edilməmiş və hal-hazırda da işsizdir. Beləliklə göstərilənlərə əsasən işəgötürən MMC tərəfindən iddiaçıya əmək müqaviləsinə qanunazidd olaraq xitam verildiyi günədək işlədiyi lakin ödənilməmiş 4 ay üçün 1.276 manat əmək haqqının, əmək kitabçasının qanunvericiliklə müəyyən edilmiş müddətdə verilməməsinə görə işə düzələ bilmədiyi 10 ay 15 gün üçün 3.349 manat orta əmək haqqı, istifadə etmədiyi məzuniyyət günləri üçün orta aylıq əmək haqqı 319 manat miqdarında, ümumilikdə 4.944 manat məbləğində pul MMC tərəfindən ödənilməlidir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 22.06.2021-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir. Cavabdeh MMC həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, MMC-nin direktoru Ceyhun Nəcəfov MMC iddiaçının əmək hüquqlarının pozulmasına görə cərimə edilməmişdir. Bundan başqa nəzərə alınmalıdır ki, əmək haqqı, son haqq-hesab və "xxxx" MMC tərəfindən iddiaçıya verilmişdir. İddiaçı adına olan "xxxx" MMC-nin direktorunun köməkçisindən 2020-ci ilin yay aylarında şəxsən qəbul etmişdir. "xxxx" iddiaçıya verilməməsi ilə bağlı MMC-yə və ya məhkəmə orqanlarına iddiaçının hər hansı müraciəti mövcud deyildir. Həmin müddət ərzində iddiaçının digər iş yerinə işə götürülməsi ilə bağlı müraciəti və müraciətinə "xxxx" olmaması əsası ilə imtina olunması barədə hər-hansi sübutu mövcud deyildir. İş üzrə cavabdeh olan MMC işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilməsinə baxmayaraq məhkəmə baxışı iclasında nümayəndəsinin iştirakı etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə MMCnin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. İddiaçının vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin əsaslarına uyğun izahat verdi. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, cavabdeh MMC ilə iddiaçı arasında bağlanmış 03.04.2019-cu il tarixli "xxxx" görünür ki, iddiaçı, 03.04.2019-cu il tarixdən 2 ay sınaq müddəti ilə anbardar vəzifəsinə işə qəbul edilmişdir. “Əmək müqaviləsi” müddətsiz bağlanmışdır. İşçi olan iddiaçının əmək haqqı 208 manat məbləğində müəyyən edilmişdir. MMC-nin 17-k nömrəli, 03.04.2019-cu il tarixli əmrindən görünür ki, iddiaçı 03.04.2019-cu il tarixdən anbardar vəzifəsinə qəbul edilmişdir. İşdə olan sənədlərdən görünür və tərəflər arasında mübahisə doğurmur ki, iddiaçının aylıq əmək haqqısı əvvəllər 208 manat, sonra 347,64 manat və nəhayət 319 manat məbləğində olmuşdur. "xxxx" görünür ki, MMC-nin 23.01.2020-ci il tarixli əmri ilə iddiaçı ilə bağlanmış “Əmək müqaviləsinə” Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərin qarşılıqlı razılığı) xitam verilmişdir. X2 Xidmətinin Bakı Şəhər İdarəsinin MN seriyalı, ******* saylı, 10.08.2020-ci il tarixli “İnzibati tənbeh vermə haqqında qərardan” görünür ki, iddiaçının müraciətinə baxılarkən işəgötürən MMC tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.2-ci maddəsinin tələblərinin pozulması müəyyən edilmişdir. Nəticədə MMC-nin direktoru Ceyhun Nəcəfov tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyi müəyyən edildiyindən Ceyhun Nəcəfov 1.000 manat məbləğində cərimə olunmuşdur. Həmin İdarə tərəfindən iddiaçının 30.06.2020-ci il tarixli müraciətinə dair ünvanlanmış məktubdan görünür ki, iddiaçı tərəfindən MMC-də əmək hüquqlarının pozulması barədə İdarəyə ünvanlanmış müraciət əsasında aparılmış araşdırma zamanı MMC-nin rəhbərliyi tərəfindən təqdim edilmiş sənədlərdən iddiaçı ilə MMC arasında bağlanmış “Əmək müqaviləsinə” 01.05.2020-cu il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərin qarşılıqlı razılığı) xitam verildiyi müəyyən edilmişdir. Göstərilənlərə əsasən müəyyən edilir ki, iddiaçı ilə cavabdeh MMC arasında 03.04.2019-cu il tarixdə bağlanmış "xxxx" və MMC-nin 23.01.2020-ci il tarixli əmrindən görünür ki, qeyd edilən tarixlər arasında (işçi) iddiaçı ilə (işəgötürən) cavabdeh MMC əmək münasibətlərində olmuş və bu münasibətlərə Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərin qarşılıqlı razılığı) xitam verilmişdir. İddiaçının müraciəti əsasında X2 Xidmətinin Bakı Şəhər İdarəsində aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə bağlanmış “Əmək müqaviləsinə” xitam verilən zaman işəgötürən Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin tələbləri pozmuş, iddiaçıya ödənilməli olan son haqq-hesabı sonuncu iş günü iddiaçıya ödəməmişdir. Cavabdeh MMC apellyasiya şikayətində direktor Ceyhun Nəcəfovun iddiaçının əmək hüquqlarının pozulmasına görə cərimə edilmədiyini bildirsə də, X2 Xidmətinin Bakı Şəhər İdarəsinin yuxarıda qeyd edilmiş MN seriyalı, ******* saylı, 10.08.2020-ci il tarixli "xxxx" görünür ki, aşkar edilmiş pozuntuya görə, MMC-nin direktoru Ceyhun Nəcəfov Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 1.000 manat məbləğində cərimə olunmuşdur. Odur ki, bu baxımdan hesab edilməlidir ki, apellyasiya şikayətinin bu dəlili əsassızdır. Apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, əmək haqqı, son haqq-hesab və "xxxx" MMC tərəfindən iddiaçıya verilmişdir. "xxxx" olmaması əsası ilə iddiaçıya müvafiq işin verilməsindən imtina olunması barədə hər-hansi sübutu mövcud deyildir. Apellyasiya şikayətinin bu dəlili ilə bağlı Məhkəmə bildirir ki, bu qəbildən olan iddiaların baxılması zamanı sübutetmə yükü işçinin üzərinə deyil, işəgötürənin üzərinə düşür. Lakin cavabdeh MMC apellyasiya şikayətində göstərdiyi dəlilləri təsdiq edə biləcək sübutları Məhkəməyə təqdim etməmişdir. Buna görə də hesab edilməlidir ki, apellyasiya şikayətinin bu dəlili də əsassızdır. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə görə, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfındən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Əmək Məcəlləsinin 87-ci maddəsinin 3-cü hissəsinə görə, işdən çıxan işçilərə əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) verilir. Məcəllənin 172-ci maddəsinin 4-cü hissəsinə görə, işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Məcəllənin 172-ci maddəsinin 6-cı hissəsinə görə, işçinin əmək kitabçasının bu Məcəllənin 87-ci maddəsinin üçüncü hissəsi ilə müəyyən edilmiş vaxtda verilməsi işəgötürənin təqsiri üzündən ləngidildikdə, işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqı ödənilməlidir. Məcəllənin 178-ci maddəsinin 1-ci hissəsinə görə, işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. Qeyd edilən maddi hüquq normalarının tələbindən işin müəyyən edilmiş və yuxarıda göstərilən hallarına tətbiqi nəticəsində müəyyən edilir ki, işə baxmış Rayon Məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi hazırki iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlili formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh MMC tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 22 iyun 2021-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh MMC tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8422/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8422/2021
10.09.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver