Məhkəmə qərarları › İş №2(103)-8425/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8425/2021

06.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8425/2021 06.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi-vəkili Vəkil1, Cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh Ümumi Təhsil Müəssisəsi QSC-yə qarşı dəymiş mənəvi zərərin ödənilməsi barədə ilkin, Cavabdeh Ümumi Təhsil Müəssisəsi QSC-nin İddiaçı qarşı maddi və mənəvi zərərin ödənilməsi barədə qarşılıqlı tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli 2(004)-1740/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh Ümumi Təhsil Müəssisəsi QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladlarının iztirab və sarsıntı yaşamalarına görə sağlamlıqlarına vurulmuş zərərin aradan qaldırılması üçün hər övladına dəyən 10000 manat, ümumilikdə 20000 manat məbləğində zərərin əvəzinin və 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda Cavabdeh Ümumi Təhsil Müəssisəsi QSC İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin qanunazidd hərəkətləri nəticəsində Cavabdeh Ümumi Təhsil Mərkəzi QSC-yə vurulmuş 16000 manat məbləğində əldən çıxmış fayda qismində maddi zərərin, 100000 manat məbləğində mənəvi zərərin əvəzinin və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 116030 manat məbləğində pulun cavabdeh İddiaçı QSC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdeh arasında 11 may 2018ci il tarixli, 21 və 22 nömrəli təhsil xidməti göstərilməsi haqqında müqavilələr imzalanmışdır. Həmin müqavilələrə əsasən Cavabdeh tərəfindən qızı Nuray Xudiyeva və oğlu Xudayar Xudiyev təhsil müəssisəsinə qəbul olunaraq müvafiq təhsil proqramları əsasında onlara təhsil verilməli idi. Müqavilə imzalandığı andan etibarən onlar tərəfındən dövri olaraq təhsil haqlarının ödənilməsi həyata keçirilmiş, kobud pozuntu halları baş verməmişdir. Lakin 14 sentyabr 2020-ci il tarixdə məktəbin əməkdaşı “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə ona bildirmişdir ki, övladlarının məktəbdə təhsil alması məhdudlaşdırılır. Məktəb tərəfindən övladlarının istifadəsinə verilmiş xüsusi proqram təminatına girişi bloklanmışdır. 15 sentyabr 2020-ci il tarixdə övladlarının məktəbə daxil olmasına maneələr yaradılmışdır. 15 sentyabr 2020-ci il tarixdə ona müqavilələrin ləğv edilməsinə dair sazişin bağlanılması təklif edilmişdir. O, bu sazişi imzalamamışdır. Cavabdehin bu hüquqazidd davranışının səbəbi barədə müraciət ünvanlanmışdır. Vəkil sorğusuna cavab olaraq aralarında bağlanmış 11 may 2018-ci il tarixli müqavilələrin surətləri və 03.06.2020-ci il tarixli ödəniş sənədləri göndərilmişdir. Onun müraciətinə 29.09.2020-ci il tarixli, LS18/782 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, Cavabdeh ÜTM MMC-yə ödənilməli olan təhsil haqları tam ödənilmədiyinə görə övladlarının tədris proqramına buraxılmamaqdan başqa çıxış yolu mövcud deyil. Həmin məktub təhsil qanunvericiliyinin müvafiq normaları və 2018-ci il tarixli müqavilənin “müqaviləyə birtərəfli qaydada xitam verilməsi” barədə maddəsi ilə əsaslandırılmışdır. Daha sonra ona təhsil müəssisəsi tərəfindən 23.11.2020-ci il və 18.12.2020-ci il tarixli bildirişlər ünvanlanmışdır. Lakin bu bildirişlərin məzmunları bir-birilərinə ziddir. Belə ki, 23.11.2020-ci il tarixli bildirişdə qeyd olunmuşdur ki, onunla bağlanmış müqavilələrə 08.12.2020-ci il tarixdən xitam veriləcəkdir. Ona ünvanlanmış sonuncu bildirişdə isə (18.12.2020-ci il tarixli) qeyd olunmuşdur ki, onunla bağlanmış müqavilələrə 07.01.2020-ci il tarixdən xitam veriləcəkdir. Həmçinin, ona sentyabr-noyabr aylarında sözügedən müqavilələrin ikitərəfli qaydada ləğv edilməsinə dair məktəbin rəhbərliyi tərəfindən imzalanmış və möhürlənmiş sazişlər təklif edilmişdir. Bundan əlavə o, övladlarının Cavabdeh təhsil müəssisəsinə buraxılmadıqlarını gördükdən sonra onların “XXİ əsr Beynəlxalq təhsil və innovasiya mərkəzi”ndə təhsil almalarını təmin etmişdir. Təhsil Nazirliyinin “şagirdlərin elektron yerdəyişməsi” sistemi üzrə müraciətlərin qəbulu 08.01.2021-ci il tarixə kimi davam etdiyi üçün övladlarının əvvəlki təhsil müəssisəsinin elektron sistemdən çıxarması məqsədi ilə “XXİ əsr Beynəlxalq təhsil və innovasiya mərkəzi” Cavabdeh təhsil müəssisəsi ilə əlaqə saxlamış, Cavabdeh təhsil müəssisəsi tərəfindən bildirilmişdir ki, “həmin şagirdlərin valideynləri ilə aralarında problemlər var, sistemdən çıxara bilməzlər. Bu o demək idi ki, onun övladları bir il artıq təhsil almalı, 11 illik təhsil sistemini 12 ilə bitirməli idilər. Bu isə özbaşınalıqdan başqa bir şey deyildi. Buna görə müxtəlif yerlərə şikayət edəcəyini bildirmiş, vəkili həmin təhsil müəssisəsinin hüquqşünası ilə əlaqə saxlamış və bir müddətdən sonra övladları həmin məktəbin elektron sistemindən çıxarılmışdır. Göründüyü kimi, məktəbin fəaliyyəti və onunla bağlamış olduğu müqavilələr üzrə davranışı ziddiyyətli, qanunvericiliyin normalarına zidd olmuşdur. Məktəb tərəfindən heç bir xəbərdarlıq edilməmiş, heç bir pretenziya ünvanlanmamışdır. 2018-ci ildən bəri təhsil münasibətləri olmuş və bu müqavilə münasibətlərində heç vaxt qüsurlu davranışı olmamışdır. 2018-ci ildən bəri daim dövri olaraq ödənişlər etmişdir. Əgər ödənişlər məktəbi qane etmirdisə, bu barədə ona etiraz və ya pretenziya bildirilməli idi. Ona hər hansı etiraz təqdim edilməmiş, təhsil haqqını hissəhissə ödəməyi üçün şərait yaradılmışdır. Bundan əlavə, nəinki təkcə o, hətta övladlarının sinfində təhsil alan əksər şagirdlərin valideynləri də ödənişləri onun kimi həyata keçirmişdir. Cavabdehin yuxarıda qeyd edilən hüquqazidd davranışları, övladlarının təhsil hüquqlarının araşdırılması və həmin məktəbdə təhsil almaları hüquqlarından məhrum edilmələri övladlarının durumunda mənfi nəticələrə səbəb olmuş, mənəvi sarsıntı və iztirab çəkmişlər. Onlar 21.10.2020-ci il tarixindən 27.11.2020-ci ilədək psixoloqlar tərəfindən aparılan seanslarda iştirak etmişlər və seansların nəticəsində məktəbə adaptasiya, ünsiyyət çətinliyi və özünə qapanma səbəbləri araşdırılmışdır. Cavabdeh Ümumi Təhsil Müəssisəsi QSC-nin qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə bağlanmış “Təhsil xidməti göstərilməsi haqqında” 11.05.2018-ci il tarixli 21 və 22 nömrəli Müqavilələrin 4.5. bəndinə əsasən, təhsil haqqı ən geci müvafiq təqvim ilinin iyul ayının 15-dək tam ödənilməlidir. Lakin İddiaçı tərəfindən 2020-2021-ci tədris ili üzrə təhsil haqqı qismən hər bir müqavilə üzrə 1500 manat ödənilmişdir. QSC tərəfindən İddiaçı təhsil haqqının tam ödənilməsi üçün bir neçə dəfə müraciət olunsa da, tam ödəniş həyata keçirilməmiş, nəticədə QSC tərəfindən 21 və 22 nömrəli Müqavilələrə birtərəfli qaydada xitam verilmişdir. Belə ki, İddiaçı təhsil haqlarını ödəməməsi ilə, Müqavilələrin həm 8.1.2, həm də 8.1.3. bəndləri üzrə QSC-nin Müqavilələrə birtərəfli qaydada xitam vermək hüququ yaranır. İddiaçı övladları üçün təhsil haqqını ödəməməsi nəticəsində QSC həmin Müqavilələr üzrə əldə etməyə ümid etdiyi, yaxud əldə edə biləcəyi gəlirlərdən məhrum olmuşdur. Belə ki, İddiaçı bağlanmış “Təhsil xidməti göstərilməsi haqqında” 11.05.2018-ci il tarixli 21 və 22 nömrəli Müqavilələr üzrə təhsil haqlarını gecikdirməsi 2020-2021-ci tədris ilinin başlanılmasınadək və ondan sonra da davam etmişdir. Həmin dövr ərzində Cavabdeh Ümumi Təhsil Mərkəzinə tələbə qəbulu üçün bir neçə müraciət daxil olsa da, məktəblərdə tələbələr üçün kvotanın dolu olması nəzərə alınaraq, həmin müraciətlərə baxılmamışdır. Halbuki, İddiaçı öz övladları üçün təhsil haqqını tam ödəməyəcəyini vaxtında bildirməmiş, bununla da, övladları X1 və X4 təhsilini Cavabdeh Ümumi Təhsil Mərkəzində davam etdirib-etdirməməsi barəsində qeyrimüəyyənlik yaranmasına səbəb olmuşdur. Bununla yanaşı, ilkin iddia ərizəsində də qeyd olunduğu kimi, bir neçə dəfə Cavabdeh Ümumi Təhsil Mərkəzi MMC-nin ona ünvanladığı rəsmi xəbərdarlıqları İddiaçı heç vaxt cavablandırmamaqla, Cavabdeh Ümumi Təhsil Mərkəzi MMC-nin tələbələr Xudayar Anar oğluna və X7 qarşı humanist yanaşmasına baxmayaraq, yekunda Cavabdeh ÜTM MMC-ni həmin tələbələr barəsində valideynləri olan İddiaçı ilə bağlanılmış “Təhsil xidməti göstərilməsi haqqında” 11.05.2018-ci il tarixli 21 və 22 nömrəli Müqavilələrə birtərəfli xitam verməyə sövq etmişdir. Halbuki, “Təhsil xidməti göstərilməsi haqqında” Müqavilələrin 3.4.7. maddəsinə əsasən, təhsil müəssisəsinin sorğuları və xəbərdarlıqlarını dərhal cavablandırmaq valideynin vəzifəsidir. Göründüyü kimi, İddiaçı övladlarının təhsil haqlarını gecikdirməsi və təhsil haqlarını ödəmədiyi üçün təhsil almaq hüququnun olmadığı övladları X1 və X4 Cavabdeh ÜTM MMC 2020-2021-ci tədris ili üzrə tələbə (şagird) kvotasını əsassız olaraq doldurması nəticəsində Cavabdeh Ümumi Təhsil Mərkəzi MMC əldə etməyə ümid etdiyi, yaxud əldə edə biləcəyi gəlirlərdən məhrum olmuşdur. 2020-2021-ci tədris ili üçün Cavabdeh ÜTM MMC-də X1 və X4 da cəlb olunduğu KS3 təhsil proqramı üzrə təhsil haqqı 8000 manat təşkil edir. Bundan başqa, öz təqsiri nəticəsində övladlarını təhsil almaqdan məhrum etməsi azmış kimi, İddiaçı 2020- 2021-ci tədris ilinin başlanması ərəfəsindən etibarən Cavabdeh ÜTM MMC-nin təhsil haqlarının ödənilməsinə dair haqlı tələblərinə etiraz olaraq, həm tələbələrin valideynləri, həm də sosial şəbəkələrdə Cavabdeh ÜTM MMC-nin işgüzar nüfuzunu ləkələməklə məşğul olmuş, məktəbdə təhsilin keyfiyyəti barədə yalan, əsası olmayan iddialar irəli sürmüşdür. İddiaçı və əri Anar Xudiyev tərəfindən Cavabdeh ÜTM MMC-yə və onun əməkdaşlarına qarşı işgüzar nüfuzu, şərəf və ləyaqəti ləkələyən ifadələr işlədilmişdir. Təbii olaraq, İddiaçı yuxarıda qeyd olunan işgüzar nüfuzu ləkələməyə yönəlmiş hərəkətləri, habelə onun və əri Anar Xudiyevin təhqir məzmunlu ifadələri həm Cavabdeh ÜTM MMC barəsində istər tələbələr və valideynlər, istərsə də üçüncü şəxslər arasında bəzi mənfi fikirlərin formalaşmasına, həm də kobud ifadələrə və təhqirə məruz qalmış Cavabdeh ÜTM MMC əməkdaşlarının mənəvi sarsıntılar keçirmələrinə gətirib çıxarmış, Cavabdeh ÜTM MMC əməkdaşlarının haqlı narazılığına səbəb olmuş, əmək vəzifələrini yerinə yetirən zaman üçüncü şəxslər tərəfindən layiq olmadıqları münasibətə və təhqirə məruz qaldıqlarına görə rəhbərliyin İddiaçı və əri Anar Xudiyevə qarşı zəruri tədbir görməsini xahiş etmişlər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli 2(004)- 1740/2021 saylı qətnaməsi ilə ilkin və qarşılıqlı iddia tələbi təmin edilməmişdir. Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində işin halları sadalanmaqla göstərilmişdir ki, ona müxtəlif vaxtlarda, müxtəlif məzmunlu və bir-biri ilə uzlaşmayan bildirişlər təqdim edilmişdir. Müqaviləyə birtərəfli qanuni və hüquqi əsaslarla xitam verilməmişdir. Heç bir yazılı xəbərdarlıq edilmədən, bildiriş verilmədən uşaqların tədrisdən uzaqlaşdırılması, onların təhsil hüquqlarının pozulmasıdır və bu delikt nəticəsində uşaqların psixoloji durumunda mənfi nəticələr əmələ gəlmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili iş materiallarına və apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi-vəkili isə apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Kollegiya qeyd edir ki, hazırki apelyasiya baxışının predmetini qətnamənin qismən - ilkin iddia tələbinə aid hissədə yoxlanılması təşkil edir, çünki qarşılıqlı iddia rədd edilsə də, qarşılıqlı iddiaçı qətnaməni mübahisələndirməmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Cavabdeh ÜTM ilə İddiaçı arasında bağlanmış 11.05.2018-ci il tarixli, 21 saylı müqavilədən görünür ki, X9 10.09.2018-ci ildən Təhsil Proqramı yekunlaşana qədər Təhsil Müəssiəsində KS3-2 Proqramı üzrə qəbul olunur. Bu müqaviləyə əsasən təhsil haqqı 2018-2019-cu tədris ili üçün 5400 manat təşkil edir. Eyni tarixli 22 saylı müqavilədən görünür ki, X8 10.09.2018-ci ildən Təhsil Proqramı yekunlaşana qədər Təhsil Müəssiəsində KS3-1 Proqramı üzrə qəbul olunur. Bu müqaviləyə əsasən təhsil haqqı 2018-2019-cu tədris ili üçün 6000 manat təşkil edir. Müqavilələrin 4.5-ci bəndinə əsasən təhsil haqqı tam şəkildə və ya 25% öncədən və 75% iyul ayının 15-ci gününədək ödənilməlidir. Müqavilələrin 8.1.3-cü bəndinə əsasən tərəflərdən biri öz öhdəliklərini kobudcasına pozduqda və digər tərəfin tələbi daxil olduğu vaxtdan 10 iş günü ərzində belə vəziyyət aradan qaldırılmadıqda müqavilə ləğv edilə bilər. Həmçinin müqavilənin 2.4-cü bəndinə əsasən tələbənin qəbulu bilavasitə təhsil haqqı valideyn və ya onun təyin etdiyi üçüncü şəxs tərəfindən bu müqavilənin şərtlərinə uyğun olaraq ödənildikdən sonra həyata keçirilir. Müqavilənin 3.4.1-ci maddəsinə əsasən təhsil haqqını bu Müqavilədə qeyd edilən qaydalara əsasən vaxtında ödəmək valideynin vəzifəsidir. 23.11.2020-ci il tarixli Cavabdeh ÜTM MMC tərəfindən İddiaçı ünvanlanmış bildirişdən görünür ki, Təhsil Müəssisəsi ilə onun arasında olan X5 dair 22 saylı müqaviləyə 08.12.2020-ci il tarixdən etibarən xitam veriləcək və təhsil haqqının ödənilən bir qismi 1495 manat məbləğ onlara geri qaytarılacaq. 23.11.2020-ci il tarixli Cavabdeh ÜTM MMC tərəfindən İddiaçı ünvanlanmış bildirişdən görünür ki, Təhsil Müəssisəsi ilə onun arasında olan X7 dair 21 saylı müqaviləyə 08.12.2020-ci il tarixdən etibarən xitam veriləcək və təhsil haqqının ödənilən bir qismi 1495 manat məbləğ onlaraq geri qaytarılacaq. 18.12.2020-ci il tarixli Cavabdeh ÜTM MMC tərəfindən İddiaçı ünvanlanmış bildirişdən görünür ki, Təhsil Müəssisəsi ilə onun arasında olan X7 dair 21 saylı müqavilə 07.01.2020-ci il tarixdən etibarən ləğv edilir. Cavabdeh ÜTM MMC tərəfindən İddiaçı ünvanlanmış 29 sentyabr 2020-ci il tarixli məktubdan görünür ki, onun övladları X9 və X1 adına bağlanmış 21 və 22 saylı müqavilələrin 4.5-ci bəndinə əsasən təhsil haqqı tam məbləğdə əvvəlcədən ən geci iyul ayının 15-dək ödənilməlidir. Həmçinin 4.7-ci bəndinə əsasən təhsil haqqı müvafiq tədris ili üzrə illik, yəni tədris ili üçün ödənilməlidir. Müqavilənin 2.4-cü bəndinə əsasən tələbənin təhsil proqramına qəbulu, o cümlədən tədris prosesinə buraxılması təhsil haqqı ödənildikdən sonra həyata keçirilir. Müqavilənin 3.4.1-ci bəndinə əsasən, təhsil haqqını vaxtında ödəmək valideynin vəzifəsidir... Belə ki, Cavabdeh ÜTM MMC-nin təhsil haqları tam ödənilmədiyinə görə İddiaçı övladlarının tədris proqramına buraxmamaqdan başqa çıxış yolu qalmamışdır. 11.01.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, tərəflər arasında 11.05.2018ci il tarixli “təhsil xidməti göstərilməsi haqqında” 21 saylı müqavilənin birtərəfli qaydada ləğv edildiyini nəzərə alınaraq, valideyn tərəfindən həmin müqavilənin şərt və müddəalarına uyğun olaraq 2020-2021-ci tədris ili üzrə təhsil haqqının Təhsil Müəssisəsinin ödənilmiş hissəsi 1500 manat məbləğində pul vəsaiti İddiaçı bank rekvizitlərinə əsasən köçürmə yolu ilə geri qaytarılmışdır. İş materiallarında olan 15.01.2021-ci il tarixli Loqos Psixoloji və X11 tərəfindən verilmiş psixoloji rəydən görünür ki, mərkəzdə aparılan ilkin dəyərləndirmə zamanı X2 yeni məktəbə və sinif yoldaşlarına adaptasiya olmaqda, özünə qapanma və ünsiyyət qurulmasında çətinlik çəkdiyi hiss edilib. Onun mənəvi sarsıntı və iztirab çəkməsinə rast gəlinib, müayinə zamanı şüurunda mənfi psixi reaksiya müşahidə olunub. Psixi sağlamlığının pozulması ilə nəticələnib və iztirab çəkməsinə səbəb olmuşdur. Bu səbəbdən X8 21.10.2020-ci il tarixdən 27.11.2020-ci il tarixinədək psixoloq Elanur Seyfidar və Günel Axundova tərəfindən aparılan seanslarda iştirak edib. Seansların nəticəsində məktəbə adaptasiya, ünsiyyət çətinliyi, özünə qapanma səbəbləri araşdırılıb. İş materiallarında olan 15.01.2021-ci il tarixli Loqos Psixoloji və X11 tərəfindən verilmiş psixoloji rəydən görünür ki, mərkəzdə aparılan ilkin dəyərləndirmə zamanı X6 yeni məktəbə və sinif yoldaşlarına adaptasiya olmaqda, özünə qapanma və ünsiyyət qurulmasında çətinlik çəkdiyi hiss edilib. Onun mənəvi sarsıntı və iztirab çəkməsinə rast gəlinib, müayinə zamanı şüurunda mənfi psixi reaksiya müşahidə olunub. Psixi sağlamlığının pozulması ilə nəticələnib və iztirab çəkməsinə səbəb olmuşdur. Bu səbəbdən X9 21.10.2020-ci il tarixdən 27.11.2020-ci il tarixinədək psixoloq Elanur Seyfidar və Günel Axundova tərəfindən aparılan seanslarda iştirak edib. Seansların nəticəsində məktəbə adaptasiya, ünsiyyət çətinliyi, özünə qapanma səbəbləri araşdırılıb. İddiaçı hazırda cavabdehin hərəkətləri nəticəsində övladlarının iztirab və sarsıntı yaşamalarına görə vurulmuş mənəvi zərəri tələb edir. Məhkəmə ilkin iddia ərizəsinin əsassız olması nəticəsinə gələrək göstərmişdir ki, iddiaçı hər uşağa görə 10000 manat məbləğində mənəvi zərərin cavabdehdən tutularaq ona verilməsinə dair iddia tələbi irəli sürmüş olsa da, belə ziyanın həqiqətən övladlarına vurulmasını məhkəmədə işin hər hansı halı ilə sübuta yetirə bilməmişdir. Həmçinin məhkəmə iclasında cavabdeh tərəfindən uşaqların şüurunda müəyyən mənfi psixi reaksiyaya və fiziki əzab çəkmələrinə səbəb olan hər hansı hüquq pozuntusuna yol verilməsi müəyyən edilməmişdir. Kollegiya hesab edir ki, məhkəmənin ilkin iddianın rədd edilməsi barədə qənaəti qanuni və əsaslıdır. Hər iki müqavilədə təhsil haqqının ödənilməsi qaydası razılaşdırılmışdır. İddiaçı əvvəlki təhsil ilində təhsil haqqını hissə-hissə ödəməsinə əsaslanaraq, qeyd edir ki, bu formada ödənişə cavabdeh etiraz etməmişdir. Kollegiya qeyd edir ki, iddiaçının bu dəlili əsassızdır, iddiaçının əvvəlki təhsil ilində təhsil haqqını hissə-hissə ödəməsi növbəti illərdə də ödənişləri eyni qaydada həyata keçirə biləcəyi nəticəsinə gəlməyə əsas vermir. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi-vəkili qeyd etmişdir ki, hər hansı valideynin müraciəti və xahişi nəzərə alınaraq, Təhsil Müəssiəsi tərəfindən ödənişlərin hissə-hissə ödənilməsinə razılıq verilə bilər, bu hal yalnız istisna hal olmaqla, razılıq verilən təhsil ilinin ödənişlərinə aid edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarının 2-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Həmin Qərarın 8-ci bəndində məhkəmələrə izah edilmişdir ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkətləri və hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsirinin müəyyən edildiyi hallarında, AR MM-nin 1097-ci maddəsinə müvafiq olaraq, mənəvi zərərin ödənilməsi barədə iddia təmin edilə bilər. Mənəvi zərərlə bağlı iddianı təmin etməyən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə də razılaşan məhkəmə kollegiyası qeyd edir ki, mənəvi ziyanın ödənilməsini təmin etmək üçün iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, bu zaman zərərvuran şəxsin təqsirinin müəyyən edilməsi və qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması kimi şərtlər mövcud olmalıdır. Bu hallar isə müəyyən edilməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş psixoloji rəyləri mötəbər sübut kimi qəbul etməyən, məhkəmə haqlı olaraq qeyd etmişdir ki, həmin rəylərdə hər iki uşağın psixoloji vəziyyəti eyni cümlələrlə qeyd edilmişdir, uşaqların bir məktəbdən çıxarılıb digər məktəbə keçirilməsi onların mənəvi iztirab və sarsıntı yaşamasına səbəb olan amil kimi qiymətləndirilə bilməz. Məhkəmə Kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas deyildir. Xüsusilə qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1740/2021 saylı iş üzrə 31 may 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar