Məhkəmə qərarları › İş №2(103)-8427/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8427/2021

27.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8427/2021 27.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, Cavabdeh1 ASC-nin nümayəndəsi X3 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3477/2021 saylı, 14 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə və Cavabdeh2 qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər arasında bağlanmış 13.03.2015-ci il tarixli kredit müqaviləsi üzrə borclunun öhdəliyinin təminatı məqsədi ilə Bakı şəhəri, Yasamal rayonu, Murtuz Muxtarov küçəsində 0.102024 ha torpaq sahəsində yerləşən 185 nömrəli, 13 mərtəbəli binanın 4a girişində, 10-cu mərtəbəsində 131.54 kv.m ümumi, 73.04 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 39 nömrəli mənzilin ipoteka qoyulmasına dair bağlanmış 13.03.2015-ci il tarixli sonrakı ipoteka müqaviləsinin, həmin müqaviləyə 17.04.2015-ci il tarixli 01 saylı və 23.07.2015-ci il tarixli 02 saylı əlavə sazişlərin etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.Məmmədov, iş № 2(004)-3477/21) iddia təmin edilməmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, ümumi birgə mülkiyyətdə olmuş Bakı şəhəri, Yasamal rayonu, Murtuz Muxtarov küçəsində 0.102024 ha torpaq sahəsində yerləşən 185 nömrəli, 13 mərtəbəli binanın 4a girişində, 10-cu mərtəbəsində 131.54 kv.m ümumi, 73.04 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 39 nömrəli mənzil Cavabdeh2la "xxxx" ASC arasında bağlanmış 13.03.2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliyin təminatı məqsədi ilə eyni tarixli sonrakı ipoteka müqaviləsi əsasında ipoteka ilə yüklü edilmişdir. Həmin müqaviləyə 17.04.2015-ci il və 23.07.2015-ci il tarixlərdə əlavə və dəyişikliklər edilmişdir. Nə 13.03.2015-ci il tarixli, nə 17.04.2015-ci il tarixli, nə də 23.07.2015-ci il tarixli müqavilələrin bağlanmasına razılığı və iştirakı olmamışdır. Halbuki, mənzilin ümumi birgə mülkiyyətçisi kimi, onun razılığı olmadan nə ipoteka müqaviləsi bağlana bilərdi, nə də onun şərtləri sonradan dəyişdirilə bilərdi. Odur ki, həmin əqdlər etibarsız sayılmalıdır. Birinci instansiya məhkəməsində cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək, məhkəməyə verdiyi izahatında göstərmişdir ki, iddiaçının notariat qaydada təsdiqlənmiş yazılı razılıq ərizəsi ilə qanunvericiliyə uyğun müqavilələr bağlanmışdır. Odur ki, iddia tələbi rədd olunmalıdır. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı iddia ərizəsi ilə eyni məzmun daşıyan apellyasiya şikayətində əlavə olaraq göstərmişdir ki, Cavabdeh2 izahatında bildirmişdir ki, İddiaçı və özünün razılığı və xəbəri olmadan qardaşına verdiyi etibarnamə əsasında qardaşı onun adından razılıq ərizəsi vermişdir. Cavabdehin nümayəndəsi F.Əliyev məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb göstərmədən məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, cavabdehin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə 14 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29.08.2016-cı il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2, X5 və X4 qarşı kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, 13.03.2015-ci il tarixli **********82015 saylı kredit müqaviləsi üzrə yaranmış cəmi 245.904,38 manat borcun cavabdeh X1 iddiaçının xeyrinə tutulması, tələbin Cavabdeh X5 məxsus ilkin satış qiyməti 110000 manat olan Bakı şəhəri, Nərimanov rayonu, Kaveroçkin küçəsində 22 ha torpaq sahəsində yerləşən 38 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində 66,8 kv.m ümumi, 46 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 3 nömrəli mənzilinə və Cavabdeh2 məxsus ilkin satış qiyməti 245000 manat olan Bakı şəhəri, Yasamal rayonu, Murtuz Muxtarov küçəsində 2024 ha torpaq sahəsində yerləşən 185 nömrəli, 13 mərtəbəli binanın 4a girişində, 10-cu əbəsində 131,54 kv.m ümumi, 73.04 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 39 nömrəli mənzilinə yönəldilərək həmin əmlakların açıq hərracdan satılması, əldə edilən vəsaitdən borcun ödənilməsi qət edilmişdir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 noyabr 2016-cı il tarixli qətnaməsi ilə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi isə Ali Məhkəmənin Mülki Kollegiyasının 13 aprel 2017-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, hazırda mübahisələndirilən müqavilənin qanuniliyi artıq bir neçə il əvvəl qanuni qüvvəyə minmiş məhkəmə aktları əsasında yoxlanılmış və həmin ipoteka müqaviləsi üzrə yüklü edilmiş əmlaklara tutma yönəldilmişdir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Birinci instansiya məhkəməsi bununla yanaşı həmçinin müəyyən etmişdir ki, mübahisəli mənzil ipoteka ilə yüklü edilərkən iddiaçı tərəfindən notariat qaydasında təsdiq olunmuş razılıq ərizəsi verilmişdir. Qeyd olunanları, eləcə də mübahisələndirilən əqdin etibarsızlığı üçün qanunla nəzərdə tutulan əsasların olmadığını nəzərə alan birinci instansiya məhkəməsi iddianı əsassız sayaraq rədd etmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı sayır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə 14 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar