Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8434/2020 16.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi: X1 iştirakı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə və Cavabdeh2 qarşı "dəymiş ziyanın ödənilməsi" tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3520/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadından Cavabdeh2 şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə və Cavabdeh2 qarşı "dəymiş ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda, İddiaçı iddianın təmini tədbiri barədə ərizə təqdim edərək iddianın təmini tədbiri kimi Cavabdeh2 mülkiyyətində olan “Hyundai Sonata” markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyularaq, saxlanılması üçün BDYPİ-nin “Siqnal” İLİ İdarəsinin dayanacağına təhvil verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(006)-3520/2020 saylı qərardadı ilə İddiaçı iddianın təmini tədbirinə dair ərizəsi qismən təmin edilmiş, hazırkı mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək Cavabdeh2 mülkiyyətində olan “Hyundai Sonata” markalı, **- SC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbsin qoyulması, ərizənin qalan hissədə təmin edilməməsi, qərardadın dərhal icra edilməsi, qərardadın icrasının Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X2 və Nəsimi rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh2 tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(006)- 3520/2020 saylı qərardadından şikayət verilərək qərardadın ləğv olunması xahiş etmişdir. Həmin qərardaddan cavabdehin verdiyi şikayət Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı qeyd edir ki, onun avtomobilinə dəymiş ziyan üçün ona cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən 2400 manat pulun verilməli olması müəyyən edilməsinə baxmayaraq, heç bir rəsmi sənəd verilməmişdir. İddiaçı iddia ərizəsində qeyd etdiyi 2400 manat pulu cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən almışdır. Məsələni sorğu verməklə dəqiqləşdirmək olar. İşə baxılmasının vaxtı və yeri haqqında məlumatlandırlmış iddiaçı və Cavabdeh2 məhkəməyə gəlməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi şikayətin təmin edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilərək birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iddianı təmin etmə tədbiri barədə ərizə qismən təmin edilməklə, işə məhkəmədə baxılıb yekun qərar qəbul olunanadək Cavabdeh2 məxsus “Hyundai Sonata” markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobilin özgəninkiləşdirilməsi cavabdehə və digər şəxslərə qadağan edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 157-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci, 158.1.2-ci və 158.1.3-cü maddələrinə görə isə, cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; və mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək növündə iddianı təmin etmək üçün tədbirlər görülə bilər. Qanunun göstərilən müddəaları baxımından iddianı təmin tədbiri, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Özünün mahiyyəti etibarilə iddianı təmin tədbiri institutu iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Bu baxımdan, iddianı təmin etmə tədbiri prosessual-hüquqi tədbirdir, müvəqqəti xarakter daşıyır, işi qabaqcadan mahiyyəti üzrə həll etmir, işə baxılarkən mübahisə obyektinin qorunmasına xidmət edir və onun prosessual-hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. İş materiallarından görünür ki, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədinə nail olmaq üçün avtomobilin özgəninkiləşdirilməsinin qadağan edilməsi məzmununda iddianı təmin tədbirinin görülməsi zəruri olmuşdur. Bununla belə kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi “avtomobilin üzərinə həbs qoyulması” qənaətinə gəlməkdə haqlı olmamışdır. Belə ki, prosessual qanunvericilik müəyyən hərəkətləri etməyin cavabdehə və başqa şəxslərə qadağan olunması növündə iddianı təmin etmə tədbirlərinin görülə biləcəyini nəzərdə tutsa da, bunların tətbiqi də iddianı təmin tədbirinin yuxarıda şərh olunan məqsədləri baxımından qiymətləndirilməlidir. Xüsusilə qeyd olunmalıdır ki, borclunun əmlakının ondan alınması imkanı “İcra haqqında” Qanunda təsbit edilmişdir və həmin qanunun 45-ci maddəsində tələbin borclunun əmlakına yönəldilməsinin bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarət olduğu vurğulanaraq (45.1-ci maddə) bu icra tədbirinin həyata keçirilməsinin ardıcıllığı müəyyənləşdirilmişdir. Bu baxımdan, cavabdehə məxsus avtomobilin üzərinə həbs qoyulması yox, həmin avtomobilin özgəninkiləşdirilməsinə qadağa qoyulması iddianı təmin tədbirlərinin məqsədinə və qanunvericiliklə müəyyənləşdirilmiş məzmununa uyğun hesab edilə bilər. Başqa sözlə, mübahisə predmeti olan əmlakın qorunması üçün onun üzərinə həbs qoyulması zəruri deyildir və bu məqsədə əmlakın özgəninkiləşdirilməsinə qadağa qoyulması yolu ilə də nail olmaq mümkündür. Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(006)-3520/2020 saylı qərardadı ləğv edilməklə iş üzrə yeni qərardad qəbul edilsin. İddiaçı ərizəsi qismən təmin edilsin. İşə məhkəmədə baxılıb yekun qərar qəbul olunanadək Cavabdeh2 məxsus “Hyundai Sonata” markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobilin özgəninkiləşdirilməsi cavabdehə və digər şəxslərə qadağan edilsin. Ərizə qalan hissədə təmin edilməsin Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-8434/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8434/2020
16.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver