Məhkəmə qərarları › İş №2(103)-8441/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8441/2021

05.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8441/2021 05.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Ruslan Usubovun, Mübahisə barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Respublika Xammal və X3 Mərkəzi "xxxx" MMC-nin vəkili Vüsal Səfərovun iştirakı ilə, İddiaçı cavabdehlər Ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə, Ləğv prosesində olan Cavabdeh1ASC-nin ləğvedcisi Əmanətlərin Sığortalanması Fonduna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (Azərbaycan Respublikası Respublika Xammal və X3 Mərkəzi "xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “ipotekaya xitam verilməsi tələbinə dair” e-2(005)-1956/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 31.05.2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə, Ləğv prosesində olan Cavabdeh1ASC-nin ləğvedcisi Əmanətlərin Sığortalanması Fonduna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (Azərbaycan Respublikası Respublika Xammal və X3 Mərkəzi "xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “ipotekaya xitam verilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 86 saylı evin, 35 saylı mənzilə dair Cavabdeh1 ASC-nin (06 fevral 2014-cü il tarixli, 100.CL.060214.0002/a saylı ipoteka müqaviləsi və 08 may 2015-ci il tarixli, 100.CL.060214.00002/a saylı ipoteka müqaviləsinə əlavə üzrə) ipotekasına xitam verilməsi və İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 86 saylı evin, 35 saylı mənzil ipoteka ilə yüklülükdən azad edilməsi və Azərbaycan Respublikası Daşınmaz Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən bu barədə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlərin aparılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC cavabdehlər İddiaçı, X2 va X1 qarşı iddia ərizəsi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı "xxxx" ASC-nin xeyrinə 08 may 2015-ci il tarixli, 100. LN 1604.080515.00001 saylı kredit müqaviləsi üzrə 27566,28 ABŞ dolları əsas, 11275.25 ABŞ dolları faiz və 7462,93 ABŞ dolları cərimə olmaqla, cəmi 46304,46 ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tutmanın İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 86 saylı evin, 35 saylı mənzilinə yönəldilməsi, ipoteka əmlakının açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına borcun ödənilməsi, satışdan əldə edilmiş pul vəsaiti borcun ödənilməsinə kifayət etmədikdə, qalıq məbləğin cavabdehdən ümumi qaydada tutulması, ipoteka əmlakı olan yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda, ən geci bir ay ərzində cavabdehlərin yaşayış evini boşaldılması və onların həmin yaşayış evində istifadə hüquqlarının itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 fevral 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı 08 may 2015-ci il tarixli 100.LN.1604.080515.00001 saylı kredit müqaviləsinə əsasən kredit borcu üzrə cəmi 39341,53 ABŞ dolları məbləğində pul vəsaitinin (ondan 27566,28 ABŞ dolları əsas borc, 11275.25 ABŞ dolları faiz borcu, 500 ABŞ dolları cərimə borcu olmaqla) iddiaçı Cavabdeh1 ASC-nin xeyrinə tutulması, tutmanın borcun təminatı olaraq ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanındakı 5 mərtəbəli, köhnə tikili binanın 2-ci mərtəbəsində yerləşən, İddiaçı mülkiyyətində olan, 68,8 kv.m. ümumi, 53,0 kv.m. yaşayış, 15,8 kv.m. köməkçi sahədən ibarət 4 otaqlı 35 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, əldə olunmuş pul vəsaitindən İddiaçı Cavabdeh1 ASC-yə olan borcun ödənilməsi, satışdan əldə edilmiş pul vəsaitinin borcun ödənilməsinə kifayət etmədikdə qalıq məbləğin cavabdeh İddiaçı ümumi qaydada tutulması, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaitinin cavabdeh İddiaçı alınması və Cavabdeh1 ASC-yə verilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Cavabdeh tərəfindən Nəsimi Rayon Məhkəməsinin 01 fevral 2019-cu il tarixli qətnaməsindən Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 iyun 2019-cu tarixli qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Nəsimi Rayon Məhkəməsinin 01 fevral 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia qismən təmin edilmiş, Cavabdeh1 ASC və İddiaçı arasında bağlanmış 08 may 2015-ci il tarixli, 100.LN.1604.080515.00001 saylı kredit müqaviləsinə əsasən ödənilməmiş 27566,28 ABŞ dolları məbləğində əsas, 11275,25 ABŞ dolları faiz borcunun, cərimə borcu üzrə tələb azaldılaraq 500 ABŞ dolları, cəmi 39341,53 ABŞ dolları (otuz doqquz min üç yüz qırx bir ABŞ dolları əlli üç sent) (tutulduğu anda Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə), habelə iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manatın İddiaçı tutularaq Cavabdeh1 ASC-yə ödənilməsi, tutmanın İddiaçı tərəfindən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 86 saylı evin, 35 nömrəli mənzilə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 150000 (bir yüz əlli min) manat məbləğində müəyyən edilərək, açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması və bankın tələbinin realizə edilmiş əmlakın dəyərindən ödənilməsi, satışdan əldə edilmiş pul vəsaiti borcun ödənilməsinə kifayət etmədikdə qalıq məbləğin cavabdeh İddiaçı ümumi qaydada tutulması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 27 iyun 2019-cu tarixli qətnaməsindən kassasiya şikayəti verilmişdir. Ali Məhkəmənin 18.11.2019-cu il tarixli, 2(102)-7206/2019 saylı qərarına əsasən kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin həmin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 27 iyun 2019-cu il tarixli, 2(103)-8494/2019 saylı icra vərəqəsinə və Nəsimi rayon İcra və Probasiya Şöbəsinin 19.02.2020-ci il tarixli, 2631-3281/2020-5-22 nömrəli sifariş məktubuna əsasən tələbin yönəldildiyi İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 86 evin, 35 nömrəli mənzili "xxxx" MMC tərəfindən açıq hərraca çıxarılmışdır. İddia ərizəsinə əlavə edilmiş bildirişdən müəyyən edilir ki, 18.09.2020-ci il tarixində açıq hərracdan satılması üçün ilkin satış qiyməti 150000 (yüz əlli min) manat olmaqla ilkin hərraca çıxarılmış, lakin hərracda alıcı olmadığı üçün hərrac baş tutmamışdır. İlkin hərracda alıcı olmadığı üçün "xxxx" MMC tərəfindən hərracın baş tutmaması ilə bağlı Birja yenilikləri qəzetində müvafiq elan verilmişdir. İddia ərizəsinə əlavə edilmiş bildirişdən müəyyən edilir ki, mənzil 15% aşağı qiymətinə yəni, 127.500 (yüz iyirmi yeddi min beş yüz) manata 05.10.2020-ci il tarixində təkrar hərraca çıxarılmışdır. Təkrar hərracda da alıcı olmadığı üçün "xxxx" MMC tərəfindən hərracın baş tutmaması ilə bağlı Birja yenilikləri qəzetində müvafiq elan verilmişdir. İddia ərizəsinə əlavə edilmiş 12.10.2020-ci il tarixli təkliflə (ipoteka predmetinin əldə olunmasına dair) müəyyən edilir ki, qeyd edilən mənzil 95.625 manat qiymətə ipoteka qoyana təklif edilmiş və “İpoteka haqqında” Qanunun 43.7ci və 43.8-ci maddələrinin tələbləri ipoteka saxlayan "xxxx" ASC-yə izah edilmişdir. Həmin elan tarixindən bu günədək ipoteka saxlayan (tələbkar) Cavabdeh1 ASC ilə hərracın təşkilatçısı "xxxx" MMC arasında həmin ipoteka predmetlərinin əldə edilməsinə dair hərracın yekunları barədə protokol bağlanmamışdır. 15.02.2021-ci il tarixli sorğu ilə hərracın keçirilməsi və yekunları barədə məlumat almaq üçün "xxxx" MMC-yə rəsmi müraciət edilmişdir. Müraciətə cavab olaraq "xxxx" MMC tərəfindən 04.02.2021-ci il tarixli, a/589 saylı məktubla bildirilmişdir ki, ipoteka qoyan İddiaçı məxsus ünvan 1, 35 nömrəli mənzil ilkin və təkrar olaraq açıq hərraca çıxarılmış, lakin alıcı olmadığı üçün hərraclar baş tutmamış və bununla bağlı qəzetdə müvafiq elanlar dərc edilmişdir. Həmçinin bildirilmişdir ki, “İpoteka haqqında” Qanunun müvafiq maddəsinə əsasən Hərrac Mərkəzi "xxxx" MMC tərəfindən 95 625 (doxsan beş min altı yüz iyirmi beş) manata ipoteka predmetinin əldə edilməsi üçün ipoteka saxlayana təklif məktubu göndərilmiş və həmin təklifə cavab olaraq ipoteka saxlayan tərəfindən razılıq verilmişdir. Lakin ipoteka saxlayan tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 27.06.2019-ci il tarixli, 2(103)-8494/2019 saylı icra sənədi üzrə borc məbləği (66880.60 manat) ilə ipoteka predmetinin əldə edilməsi (95625 manat) dəyəri arasındakı fərq (95625-66880.60=28744.4 manat) ipoteka saxlayan tərəfindən ödənilmədiyi üçün tərəflər arasında ipoteka predmetlərinin əldə edilməsinə dair hərracın yekunları barədə protokol bağlanmamışdır. Yuxarıda qevd olunanları və qanunvericiliyin tələblərini nəzərə alaraq ”AGBank” ASC il ipoteka qoyan İddiaçı arasında bağlanmış 06 fevral 2014-cü il tarixli, 100.CL.060214.0002/a saylı ipoteka müqaviləsi və 08 may 2015-ci il tarixli, 100.CL.060214.0002/a saylı ipoteka müqaviləsinə əlavə üzrə ipotekaya xitam verilməli, həmin ipoteka müqaviləsi üzrə İddiaçı məxsus ünvan 1, 35 nömrəli mənzil ipoteka ilə yüklülükdən azad edilməli və Azərbaycan Respublikası Daşınmaz Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsi tərəfindən bu barədə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlər aparılmalıdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31.05.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Nərimanov Rayon Məhkəməsinin 31.05.2021-ci il tarixli, 2(005)-1956/2021 saylı qətnaməsi qanunsuz, əsassız, qeyriobyektiv, maddi və prosessual hüquq normalarının pozulması və ipoteka haqqında qanunvericiliyin tələblərinin səhv təfsir olunması ilə qəbul edildiyindən ləğv edilməli və iş üzrə iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, işin hallarından göründüyü kimi Bakı Apellyasiya Məhkəməsinin 27 iyun 2019-cu il tarixli 2(103)- 8494/2019 saylı icra vərəqəsinin icrası ilə bağlı ipoteka predmeti olan əmlak açıq hərracdan satışa çıxarılmış, keçirilmiş hərraclar baş tutmamış, təkrar hərracın baş tutmaması barədə KİV-də elan dərc edilmiş, həmçinin bu barədə ipoteka saxlayan əlahiddə məktubla məlumatlandırılmış, lakin buna baxmayaraq “İpoteka haqqında" Qanunun 43.7, 43.8-ci maddəsində göstərilmiş hüquqi imkandan istifadə edərək əmlakı təkrar hərracdakı ilkin satış qiymətinin 25% aşağı qiymətə əldə etməmişdir. Məhkəmə sorğusuna əsasən Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin 21.04.2021-ci il tarixli 3281/2020-5-22 saylı məktubundan görünür ki, təklifin tələbkar tərəfindən qəbul edilib edilmədiyi, edildiyi təqdirdə protokolun surətinin və ya qəbul edilməyibsə, bu barədə Nəsimi rayon icra şöbəsinə məlumat verilməsinə dair "xxxx" MMC-yə dəfərlərlə müraciət olunsa da, lakin bugünədək qeyd olunan protokol və ya hər-hansı bir məlumat Nəsimi rayon icra şöbəsinə daxil olmamışdır. Məhkəmə işin faktiki halları ilə bağlı səhv hüquqi nəticəyə gələrək mübahisəli qətnamənin əsaslandırıcı hissəsində mövqeyini onunla əsaslandırmağa çalışmışdır ki, "ipoteka saxlayan tərəfindən ipoteka predmetinin əldə edilməsi ilə bağlı təklif vaxtında qəbul edildiyindən müddət ötürülməmişdir. Odur ki, iddia əsassızdır və rədd edilməlidir. ” Hesab edirlər ki, məhkəmənin qeyd olunan mövqeyi mülki qanunvericiliyin, o cümlədən "İpoteka haqqında" Qanunun tələblərinə, habelə Konstitusiya Məhkəməsi Plenumunun "İpoteka haqqında" Azerbaycan Respublikası Qanununun 43.4- 43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair 28 oktyabr 2014-cü il Qərarındakı hüquqi mövqeyinə tamamilə ziddir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun ‘İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair" 28 oktyabr 2014-cü il tarixli qərarının 2-ci bəndində göstərilmişdir ki, ‘İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. Həmçinin, ‘İpoteka haqqında" Qanunun 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair 28 oktyabr 2014-cü il tarixli qərarının 3-cü bəndində qərara alınmışdır ki, ikinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Göründüyü kimi, "İpoteka haqqında" Qanunun 43.7-ci və 43.8-ci maddələrinin məzmunundan və həmin maddələrin şərhindən aydın olur ki, ipoteka saxlayan ikinci hərrac baş tutmadıqdan sonra ipoteka predmetini müstəqil şəkildə, birbaşa, ona bu barədə hər hansı bir əlavə təklifin verilməsinə və ya bu təklifin qəbul edilməsinə dair məktuba ehtiyac duymadan birbaşa əldə etmək imkanı qazanır. “İpoteka haqqında” Qanunun preambulasında qeyd olunmuşdur ki, bu Qanun mülki hüquqi müqavilələrdən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi ilə bağlı ipotekanın yaranması əsaslarını, onun dövlət qeydiyyatı, təmin olunmuş borcun və digər mülki hüquqi öhdəliyin ipoteka hesabına ödənilməsi qaydalarını, tərəflərin hüquq və vəzifələrini müəyyən edir, habelə bu sahədə digər münasibətləri tənzimləyir. Başqa sözlə desək, ipoteka predmetinə tutma yönəldilməsi prosedurunu tənzim edən ixtisaslaşdırılmış normativ-hüquqi akt olan “İpoteka haqqında” Qanunda ipoteka predmetinin ipoteka saxlayana təklif edilməsi və ipoteka saxlayanın həmin təklifi qəbul etməsi barədə məktub ünvanlaması üsulu ilə əldə etməsi forması nəzərdə tutulmamışdır. Çünki yuxarıda qeyd olunduğu kimi "İpoteka haqqında" Qanunun 43.7-ci və 43.8-ci maddələrinin məzmunundan göründüyü kimi təkrar hərrac baş tutmadıqdan sonra ipoteka saxlayanın ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətinin 25 az olmayan qiymətlə əldə etməsinə dair subyektiv hüququ bilavasitə “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsi əsasında yarandığından onun hüququ əldə etməsi üçün hər hansı digər əsasa (ona bu barədə təklif verilməsi, onun əlavə bildirişlə məlumatlandırılması və s.) ehtiyac olmadığından sonuncunun belə bir təklifi qəbul etməsi proseduruna da ehtiyac yoxdur. Eyni zamanda, Mülki Məcəllənin müqavilənin hərracda bağlanmasını tənzim edən 414- 416-cı maddələrində də belə bir prosedur nəzərdə tutulmamışdır. Tələbkara təklif verilməsi və həmin təklifin qəbul edilməsi proseduru isə "İcra haqqında” Qanununun 53.1-ci maddəsinin məzmunundan göründüyü kimi ipotekanın yox, məhz üzərinə həbs qoyulmuş əmlakın icra xidməti tərəfindən realizəsi zamanı həyata keçirilir. Belə ki, “İcra haqqında” Qanununun 53.1-ci maddəsində birmənalı şəkildə göstərilir ki, üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. Göründüyü kimi, məhkəmə mübahisəli hüquq münasibətlərinə “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinin müddəalarını tətbiq etmək əvəzinə, faktiki olaraq “İcra haqqında” Qanunun 53-cü maddəsində nəzərdə tutulmuş proseduraları tətbiq etmiş, bununla da qanunu səhv təfsir edərək iş üzrə hüquq münasibətlərinə aidiyyəti olmayan hüquq normalarını tətbiq etmişdir. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 03 aprel 2019-cu il tarixli Fərmanının 3.2-ci bəndinə əsasən məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və normativ hüquqi aktların tətbiqi ilə bağlı hüquqi mövqeyinin proqnozlaşdırılan olmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsi formalaşdırmaq vəzifəsinin və həmin vəzifənin icra olunması mexanizminin təsbit edilməsi Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Məhkəmə-Hüquq Şurasına tövsiyə edilmişdir. Həmçinin, həmin fərmanın 6.1-ci bəndinə əsasən məhkəmələrdə hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyini təmin etmək məqsədilə vahid məhkəmə təcrübəsinin formalaşdırılması üçün ciddi tədbirlər görülməsi Azərbaycan Respublikasının Ali Məhkəməsinə tövsiyə edilmişdir. Belə ki, analoji işlərlə bağlı məhkəmə təcrübəsinə müraciət edərək Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının qüvvədə olan 2(102)-6883/19 saylı mülki iş üzrə 28 okytabr 2019-cu il tarixli Qərarının əsaslandırıcı hissəsində Mülki Kollegiyanın aşağıdakı hüquqi mövqeyini diqqətə çatdırırlar: “Məhkəmə kollegiyası həmçinin apellyasiya instansiyası məhkəməsinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun yuxanda qeyd olunan müddəalarında təkrar hərracın baş tutmadıqda ipotekasaxlayana ipoteka predmetinin alınması üçün ayrıca təklifin göndərilməsi nəzərdə tutulmamasına dair qənaəti ilə ilə razılaşır. Belə ki, qeyd edilən Qanunun 43.7 və 43.8-ci maddələrinin məzmunundan görünür ki, hərrac baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə almaq hüququna malikdir və o, həmin hüququndan 30 gün müddətində istifadə etməzsə, ipotekaya xitam verilir. Göründüyü kimi, qanunun mənasına görə ipoteka saxlayana ipoteka predmetini almag təklifi (oferta) ayrıca sənədlə (məktubla) deyil, hərracın bas tutmamış elan olunması ilə verilir. “ Eyni zamanda iş üzrə materiallardan göründüyü kimi ipoteka saxlayan təkrar hərracın baş tutmaması barədə elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25%-dən az olmayan qiymətlə yəni 95.625 (doxsan beş min altı yüz iyirmi beş) manata əldə etmək imkanına malik olmuşdur. İpoteka predmetinə yönəldilən tələbin həcmi isə Azərbaycan manatı ekvivalentində 66880.60 manat olmuşdur. İpoteka saxlayan isə əmlakın satış qiymətinin tələbinin həcmindən artıq olan 28744.4 manat hissəsini (95625-66880.60=28744.4 manat) bu günə kimi mülkiyyətçiyə ödəməmişdir. Məsələ burasındadır ki, bankın məhkəmə tərəfindən istinad edilən əmlakın qəbul edilməsinə cavab məktubuna münasibətdə hərrac təşkilatı Banka rəsmi qaydada əmlakın hərracdan əldə edilməsi ilə bağlı xərclərin və məsrəflərin əks olunduğu hesab-faktura təqdim etməsinə baxmayaraq bank bu günə kimi qeyd olunan məbləğləri ödəməmişdir. Bu bir daha onu təsdiq edir ki, bankın ümumiyyətlə əmlakı əldə etmək niyyəti olmamış, məhkəmənin istinad etdiyi məktub isə formal xarakter daşımışdır. Göründüyü kimi bank ipoteka predmetinin hərracdan əldə olunması ilə bağlı hər hansı real addım atmamş, əmlakı hərracdan əldə etməmiş, sadəcə olaraq hərrac təşkilatına əmlakın əldə edilməsinə dair deklarativ bəyanat xarakterli məktub göndərməklə kifayətlənmişdir. Halbuki, ipoteka predmetinin əldə edilməsi dedikdə, həmin əmlakın əldə edilməsi ilə bağlı real addımların və hərəkətlərin edilməsi başa düşülür. Eyni zamanda məhkəmənin işin obyektiv araşdırılmasında maraqlı olmadığını diqqətə çatdırmaq istəyir. Belə ki, bank tərəfindən təklifə münasibət məktubu məhkəməyə təqdim edildikdən sonra məhkəmə araşdırması yekunlaşdırılmışdır. Halbuki, məhkəmə araşdırılması obyektiv aparılsaydı hərrac təşkilatçısının növbəti addımı tələbkar banka ödəniş edilməsi üçün hesab-faktura verilməsi aşkara çıxacaqdı. Burda bankın hərəkətsizliyi ondan ibarətdir ki, təqdim edilmiş hesabfaktura üzrə ödəniş həyata keçirməmişdir. Belə olan halda isə hərrac təşkilatçısı bankla (tələbkara) əmlakın əldə edilməsinə dair müvafiq protokol bağlaya bilməz. Bu barədə hərrac təşkilatçısının 12.10.2020-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “İpoteka haqqında” Qanunun 43.7, 43.8-ci maddələrinə uyğun olaraq ipoteka saxlayan 30 təqvim günü ərzində ipoteka predmetini əldə etdiyi halda Mülki Məcəllənin 298.2, 319.3.5-ci maddələrinə müvafiq isə hərracın xidmət haqqını ödənildikdən sonra protokol tərtib olunur. Həmçinin qeyd etməyi zəruri hesab edirlər ki, Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin qeyd edilən mənzillə bağlı hərrac təşkilatına vermiş olduğu sifariş bu günə kimi geri qaytarılmamışdır. Yəni bu onu deməyə əsas verir ki, bankın qeyd edilən əmlakı əldə etmək niyyəti olsa idi məhkəmə mübahisəsi davam edən zaman da hərrac təşkilatçısı ilə protokol bağlaya bilərdi. “İpoteka haqqında” Qanunun 42.8-ci maddəsinə əsasən hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. Həmçinin, “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 8.0.2-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab edilmişdir. Göründüyü kimi, istər “İpoteka haqqında” Qanunun 42.8-ci maddəsinin, istərsə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 8.0.2-ci maddəsinə əsasən ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi, eləcə də daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, nəhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasın ipoteka saxlayanın hərrac mərkəzinə ünvanladığı hər hansı bir razılıq məktubunun yox, məhz hərracın nəticələri haqqında protokolun təşkil etdiyini nəzərə alsaq mübahisəli məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində istinad olunan hüquqi mövqeyə əsasən ipoteka saxlayanın ipoteka predmetinin əldə edilməsinə dair razılıq məktubunun rəhbər tutulması məntiqsiz, qanunsuz və əsassızdır. Həmçinin, Konstitusiya Məhkəməsinin Plenumunun “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair 28 oktyabr 2014-cü il tarixli qərarının 3-cü bəndində ikinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayanın ipoteka predmetini əldə etmək niyyətində olmadıqda yox, məhz əldə etmədikdə, ipoteka qoyanın mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilməsi qeyd olunmuşdur. Həmçinin, ‘İpoteka haqqında” Qanunun kontekstual təfsiri də onu deməyə əsas verir ki, bu Qanun əmlakın hərracdan əldə edilməsi istiqamətində real iradə ifadəsi kimi yalnız əmlakın hərracdan əldə edilməsinə dair hərracın yekunlarına dair protokolu müəyyən etmişdir. Müqayisə üçün qeyd edək ki, ‘İpoteka haqqında" Qanunun 43.1.3-cü maddəsinə əsasən hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə hərracın təşkilatçısı hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində və özünün rəsmi internet saytında məlumat dərc etdirir. Göründüyü kimi hərracı udmuş iştirakçı “İpoteka haqqında” Qanunun 42-ci maddəsinin tələbinə müvafiq olaraq hərracda iştirak hüququnu əldə etmək üçün tələb olunan zəruri sənədləri hərrac təşkilatına təqdim etməsinə, hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməsinə, hərracda iştirak etməsinə, ipoteka predmeti olan əmlaka iddiaçı olmasına, hətta hərracın qalibi olmasına və bu barədə iradəsini tələbkarın razılıq məktubundan daha aydın, ardıcıl və real addımlarla ifadə etməsinə baxmayaraq hərracın nəticələri barədə protokolu imzalamadığından onun sadalanan hərəkətləri və addımları heç bir hüquqi nəticə doğurmur. Bütün bunlar bir daha onu göstərir ki, ipoteka haqqında qanunvericilik əmlakın hərracdan əldə edilməsini yalnız və yalnız hərrac yekunları barədə protokolun imzalanması aktına müncər etmişdir. Təsadüfi deyildir ki, Konstitusiya Məhkəməsinin Plenumu “İpoteka haqqında” Azerbaycan Respublikası Qanununun 43.4-43.8 ve 48-ci maddələrinin şərh edilməsinə dair 28 oktyabr 2014-cü il tarixli qərarında xüsusilə vurğulamışdır ki, "İpoteka haqqında” Qanunun 43.8-ci maddəsi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, habelə ipoteka saxlayanı öz hüquqlarından vaxtında istifadə etməsi üçün intizamlandırmaq məqsədini daşıyır. İpoteka saxlayan tərəfindən ipoteka predmetini almaq imkanından vaxtında istifadə edilməməsi, ipoteka qoyan üçün mühüm olan ipotekaya xitam verilməsi imkanından istifadə etmək hüququnu yaradır. "İpoteka haqqında" Qanunun başqa şəkildə şərh edilməsi, yəni ipoteka saxlayana bu imkanın qanunla müəyyən edilmiş müddətdən sonra da yenidən verilməsi, ipoteka qoyanın qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarar. "İpoteka haqqında” Qanunun 42.2-ci maddəsinə əsasən hərrac baş tutmadıqda, habelə keçirilməsindən imtina edildikdə hərracın təşkilatçısı behləri 7 təqvim günü müddətində geri qaytarmalıdır. Hərracı udan, lakin bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini ödəməyən şəxsin behi qaytarılmır. Həmin beh bu Qanunun 47-ci maddəsində nəzərdə tutulmuş qaydada istifadə edilir. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin de behi 7 təqvim günü müddətində geri qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda onun verdiyi behin məbləği alış qiymətinə daxil edilir. “İpoteka haqqında” Qanunun 42.4-cü maddəsinə əsasən hərracda iştirak edən ipoteka saxlayan beh ödəmir. Hərracı udduğu halda, ipoteka saxlayan tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunur. "İpoteka haqqında” Qanunun 42.6-cı maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. “İpoteka haqqında” Qanunun 42.7-ci maddəsinə əsasən hərracı udmuş şəxs hərrac qurtardıqdan sonra en geci 7 teqvim günü ərzinde iştirak üçün verdiyi behi çıxmaqla alış qiymətini ödəməlidir. Alış qiymətinin ödənilməməsi bu Qanunla müəyyən edilmiş nəticələrə səbəb olur. "İpoteka haqqında” Qanunun 47.2-ci maddəsinə əsasən ipoteka predmetinə məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldildikdə ipoteka predmetinin satılmasından əldə olunan gəlir icra məmurlarının depozit hesabına daxil olduqdan sonra 7 təqvim günündən gec olmayaraq icra məmuru tərəfindən aşağıdakı qaydada bölüşdürülür. “İpoteka haqqında” Qanunun 47.4-cü maddəsinə əsasən bu Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Mülki Məcəllənin 273-cü maddəsinə əsasən girov saxlayana və ya ipoteka saxlayana girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanı mənimsəmək hüququ verən hər cür razılaşma etibarsızdır. Mülki Məcəllənin 298.2-ci maddəsinə əsasən bu Məcəllənin 298.1-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildkdən sonra girov qoyulmuş əşyanın satışından əldə olunan vəsaitin qalan hissəsi girov qoyulmuş əşyanın satılmasından 10 (on) iş günü müddətində girov qoyana qaytarılır. Mülki Məcəllənin 319.3-cü maddəsinə əsasən ipoteka ilə yüklü edilmiş obyektin alıcısı satınalma qiymətini ödəməyə borcludur. Mülki Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödəniməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. Mülki Məcəllənin 414.1-ci maddəsinə əsasən əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilo bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır. Mülki Məcəllənin 414.2-ci maddəsinə əsasən hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir. Mülki Məcəllənin 415.5-ci maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 597.1-ci maddəsinə əsasən alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Mülki Məcəllənin 598.4-cü maddəsinə əsasən əgər alıcı alqı-satqı müqaviləsini pozmaqla əşyanı qəbul etməkdən və ödəməkdən imtina edirsə, satıcı öz seçimi ilə əşyanın ödənilməsini tələb edə bilər və ya müqavilənin icrasından imtina edə bilər. Mülki Məcəllənin 560.1-ci və 560.2-ci maddələrinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Vergi Məcəlləsinin 150.1.13-cü maddəsindən görünür ki, yaşayış və qeyri-yaşayış sahələrinin, habelə torpaq sahələrinin açıq hərrac qaydasında təqdim edilməsi üzrə hərracın nəticələrini “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.2-ci maddəsində müəyyən olunmuş protokolla təsdiq edən ixtisaslaşdırılmış təşkilatlar ödəmə mənbəyində vergini tutmağa borcludur. Vergi Məcəlləsinin 150.3-1-ci maddəsinə əsasən notarius və ixtisaslaşdırılmış hərrac təşkilatlan bu Məcəllənin 220.8-ci və 220.8-1-ci maddələrinə uyğun olaraq sadələşdirilmiş vergini hesablayaraq 1 (bir) bank günü ərzində dövlət büdcəsinə ödəyir və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə bəyannaməni vergi orqanına verməyə borcludur. Göründüyü kimi, hətta ipoteka saxlayanın hərrac təşkilatına ünvanladığı əmlakın qəbul edilməsinə dair məktubu şərti olaraq fakt kimi qəbul etsək belə, mülki və ipoteka haqqında qanunvericiliyin istinad olunan müddəalarına əsasən ipoteka saxlayan bu halda alıcı qismində əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) tam ödəmədiyindən həmin alqı-satqı müqaviləsi bağlanmamış və əmlak hərracdan əldə edilməmiş hesab olunmalıdır. Başqa sözlə, hazırkı vəziyyətdə hətta “İpoteka haqqında” Qanunun 43.7-43.8-ci maddələrində nəzərdə tutulmuş 30 günlük müddətdən keçdikdən sonra ipoteka qoyan ipoteka predmetinin əldə edilməsinə dair məktub ünvanlasa da, bu dəfə “İpoteka haqqında" Qanunun 42.7-ci maddəsində nəzərdə tutulmuş əmlakın tam dəyərinin ödənilməsinə dair müəyyən edilmiş 7 təqvim günlük müddəti də ötürərək predmetin dəyərini tam ödəməmiş və bununla da nəticə etibarilə predmeti əldə etməmişdir. Təsadüfi deyildir ki, “İpoteka haqqında" Qanuna son əlavə edilmiş 43.7-1-ci maddədə də bu məsələyə xüsusilə aydınlıq gətirilmiş, belə ki, həmin maddədə göstərilmişdir ki, təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Göründüyü kimi qanunvericinin də mövqeyi bundan ibarətdir ki, təkrar hərrac baş tutmadıqdan sonra ipoteka saxlayan ipoteka predmetinin əldə edilməsinə dair real, nəticə yönümlü addım kimi protokol imzalamalı, məhz bu üsulla əmlakı əldə etməlidir. Başqa sözlə qanunvericinin də mövqeyindən aydın olur ki, ipoteka predmetinin hərracdan əldə edilməsinin yeganə üsulu tərəflər arasında protokolun bağlanmasıdır. Lakin buna baxmayaraq, qeyd olunan xüsusatlar məhkəmə tərəfindən araşdırılmamışdır. Bütün bunlar Məhkəmənin işə birtərəfli, qərəzli və səthi yanaşdığına dəlalət edir. Qeyd olunduğu kimi tələbkar - ipoteka saxlayan ipoteka predmetinin alış qiymətini tam ödəməmiş, hərrac təşkilatının təqdim etdiyi hesab-faktura üzrə müvafiq xərcləri və məsrəfləri, habelə vergi öhdəliklərini, o cümlədən ən əsası isə əmlakın satış qiymətinin tələb həcmindən artıq hissəsinin ödənişi icra etməmiş, bununla da əmlakın əldə edilməsinə dair heç bir real addım atmamaqla dolayısı ilə onun alışından imtina etmişdir. Apellyasiya baxışı zamanı iddiaçının təmsilçisi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Mübahisə barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Respublika Xammal və X3 Mərkəzi "xxxx" MMC-nin vəkili Vüsal Səfərov izahatında bildirdi ki, Bakı Apellyasiya Məhkəməsinin 27 iyun 2019-cu il tarixli, 2(103)- 8494/2019 saylı icra sənədi üzrə Nəsimi rayon İcra şöbəsinin 19.02.2020-ci il tarixli, 2631- 3281/2020-5-22 nömrəli sifariş məktubuna əsasən ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 86 evin, 35 nömrəli mənzili "xxxx" MMC tərəfindən açıq hərraca çıxarılmışdır. Həmin mənzilə dair təkrar hərracın baş tutması barədə “Birja yenilikləri” qəzetinin 10.10.2020-ci il tarixli nömrəsində elan dərc edilmişdir. “İpoteka haqqında” Qanunun tələblərinə əsasən ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ipoteka saxlayana 12.10.2020-ci il tarixli məktubla təklif olunmuş, hərracın xidmət haqqını ödədikdən sonra protokol tərtib edilməsi bildirilmişdir. Lakin ötən müddət ərzində hərracın xidmət haqqı ödənilməmişdir. Hazırkı apellyasiya şikayətinin həllini apellyasiya instansiyası məhkəməsinin mülahizəsinə təqdim edirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehlər iclasda təmsil olunmamış və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə cavabdehlərin nümayəndələrin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə iddiaçının təmsilçisini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsində iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, Bakı Apelyasiya Məhkəməsinin 27.06.2019-cu il tarixli, 2(103)8494/2019 nömrəli icra sənədinə əsasən borclu İddiaçı 39341.53 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş gününün məzənnəsi üzrə Azərbaycan manatı ilə və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli, tutma İddiaçı tərəfindən ipoteka ilə yüklü edilmiş ünvan 1, 35 nömrəli mənzilə yönəldilməli, həmin əmlakın ilkin satış qiyməti 150000 (bir yüz əlli min) manat müəyyən edilərək, açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılmalı və bankın tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilməli, satışdan əldə edilmiş pul vəsaiti borcun ödənilməsinə kifayət etmədikdə qalıq məbləğ borclu İddiaçı ümumi qaydada tutulmalıdır. Bakı şəhəri Nəsimi rayon İcra şöbəsi göstərilən əmlakın satışını təşkil edib, satışdan əldə olunan məbləğin Nəsimi rayon icra və probasiya şöbəsinin depozit hesabına köçürülməsinə dair 19.02.2020-ci il tarixli məktubla "xxxx" MMC-yə müraciət etmişdir. Nəsimi rayon İcra şöbəsinin sifariş məktubuna əsasən Hərrac Mərkəzi "xxxx" MMC tərəfindən ipoteka ilə yüklü edilmiş ünvan 2 ünvanındakı 5 mərtəbəli köhnə tikili binanın 2-ci mərtəbəsində yerləşən, 68.8 kv.m ümumi, 53.0 kv.m yaşayış, 15.8 kv.m köməkçi sahədən ibarət 4 otaqlı 35 nömrəli mənzilinin “İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinə uyğun olaraq hərracları keçirilmiş, 43-cü maddəsinə müvafiq olaraq hərraclar baş tutmamış elan edilmişdir. Buna dair “Birja yenilikləri“ qəzetinin 10.10.20-ci il tarixli nömrəsində elan dərc olunmuş və ipoteka saxlayanın ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə əldə etməsi üçün tələbkara məktub göndərilmişdir. Həmin məktub poçt xidməti vasitəsilə Əmanətlərin Sığortalanması Fonduna 18.10.20-ci il tarixində çatdırlmış, Əmanətlərin Sığortalanması Fondunun əməkdaşı Yusifova tərəfindən qəbul edilmişdir. Həmin təklifə cavab olaraq Əmanətlərin Sığortalanması Fondu Azərbaycan Respublikası Respublika Xammal və X6 Mərkəzi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanladığı 29.10.2020-ci il tarixli məktubda ipoteka predmeti olan Bakı şəhəri, Azadlıq prospektində yerləşən ümumi sahəsi 68,8 kv.m 4 otaqlı 86 saylı evin 35 nömrəli mənzilinin təkrar hərracdakı ilkin satış qiymətindən 25%dən az olmayan qiymətlə yəni 95.625 (doxsan beş min altı yüz iyirmi beş) manata ləğv prosesində olan Cavabdeh1 ASC-nin tərəfindən əldə olunması məqsədilə müvafiq alqısatqı müqaviləsinin bağlanması, hərracın nəticləri haqqında yekun protokolun tərtib olunması, hesab-fakturanı, elektron vergi fakturanı təqdim edilməsi və həmin ipoteka predmetinin ləğv prosesində olan Cavabdeh1 ASC-nin adına rəsimləşdirilməsi ilə bağlı göstəriş verilməsi xahiş edilmişdir. Həmin məktub 09.11.2020-ci il tarixdə FM Express poçt xidməti vasitəsilə Azərbaycan Respublikası Respublika Xammal və X6 Mərkəzi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilmiş və 01.12.2020-ci il tarixdə Məmmədova tərəfindən imzalanaraq qəbul edilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində və özünün rəsmi internet saytında məlumat dərc etdirir: 43.1.1-ci maddəsinə əsasən hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2-ci maddəsinə əsasən hərracın iştirakçısı olmadıqda; 43.1.3-cü maddəsinə əsasən hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4-cü maddəsinə əsasən hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. Həmin Qanunun 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Həmin Qanunun 43.8-ci maddəsinə əsasən, ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 oktyabr 2014-cü il tarixli qərarında göstərilir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. Həmin Qanunun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Qeyd edilən maddələrin tələblərinə, o cümlədən Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, ipoteka qoyanın tələbinə əsasən ipotekaya məhkəmə qaydasında o, vaxt xitam verilə bilər ki, təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etməsin. Məhkəmə kollegiyası hesab edir ki, ipoteka predmetinə xitam verilməsi üçün qeyd olunan maddədə nəzərdə tutulan əsasın əmələ gəlməsi mülki iş materialları ilə istisna edilir. Belə ki, ipoteka saxlayan ipoteka predmetinə dair təkrar hərracın baş tutmamış elan edildiyi 10.10.2020-ci il tarixdən sonra 30 təqvim gününü gözləmədən, daha tez yəni, 29 oktyabr 2020-ci il tarixli məktubla hərracın təşkilatçısına rəsmi qaydada məktubla müraciət edərək ipoteka predmetini əldə etmək istədiyini bildirmişdir. “İcra haqqında” Qanunun 61.1-ci maddəsinə əsasən borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. Həmin Qanunun 61.2-ci maddəsinə görə ixtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. İddiaçı tərəf ipoteka saxlayanın ipoteka predmetini əldə etməkdən imtina etməsini özündə ehtiva edən mötəbər sübutlar təqdim edə bilməmişdir. Əksinə, ipoteka saxlayan ipoteka predmetinə dair təkrar hərrac baş tutmamış elan edildikdən 30 təqvim günü keçməmiş hərracın təşkilatçısına rəsmi qaydada məktubla müraciət edərək ipoteka predmetini əldə etmək istədiyini bildirmişdir. İcra məmurunun sifarişi əsasında keçirilən hərracın nəticələrinə dair müvafiq sənədləşdirilmənin aparılması ixtisaslaşdırılmış hərrac təşkilatı tərəfindən həyata keçirilir. Tələbkar öz iradəsini ifadə edərək ipoteka predmetini əldə etmək istəyi barədə ixtisaslaşdırılmış hərrac təşkilatına müraciət etmişdir. Borclunun məhkəmə qətnaməsi ilə ondan tutulan kredit borcunu ödəmədiyi halda tələbkarın həmin borcun təminatı kimi ipoteka predmetini əldə etməkdən imtina etməsi barədə iddiaçının dəlili ağlabatan deyildir. İpoteka predmetinə xitam verilməsi üçün qanunvericilikdə nəzərdə tutulan əsasın əmələ gəlməsi mülki iş materialları ilə istisna edilir, iddiaçının hazırkı tələbi əsaslı deyildir və ipoteka yüklülüyünə xitam verilməsi qeyd edilən kredit borcunu təminatsız qoymuş olar. Göstərilənlərə əsasən ipoteka saxlayanın əmlakın əldə edilməsinə dair real addım atmamaqla dolayısı ilə onun alışından imtina etməsi barədə apellyasiya şikayətinin dəlili əsaslı sayıla bilməz. Birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına, təqdim edilmiş sübutlara mövcud qanunvericilik normaları tətbiq edilməklə düzgün qiymət verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi aidiyyatı maddi hüquq normalarına istinad edərək iddia təmin etməməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin olunmasın. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 31.05.2021-ci il tarixli, e-2(005)- 1956/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar