Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8461/2021 24.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Babayev Fuad Fikrət oğlu və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment tutulması” tələbinə dair iddiа ərizəsi üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 2(005)-2872/2021 saylı qətnaməsindən iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə hər ay saxlanılması üçün 150 manat alimentin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh anasıdır. Həyat yoldaşı X7 09.07.2020-ci il tarixində dünyasını dəyişmişdir. Həyat yoldaşı rəhmətə gedənə qədər mərhum X4 İ qrup əlil olması və ona qulluq etməsi səbəbi ilə ona dövlət tərəfindən 50 manat müavinət ayrılmışdır. O, uzun müddətdir ki, nevroz xəstəliyindən əziyyət çəkir və qanunla müəyyən edilmiş qaydada övladı tərəfindən ona aliment ödənilməsi mütləq və zəruridir. Cavabdeh Hüseynov X2 Nazirliyi yanında ƏMDX yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsində işləyir və əmək haqqının məbləği 576.71 manat təşkil edir. O, qanunla müəyyən edilmiş qaydada anasının saxlanılması üçün aliment ödəmək imkanına malikdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 2(005)-2872/2021 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ailə münasibətləri pozulduqdan sonra Hüseyn evə gec gələ bilər yaxud, ümumiyyətlə gəlməyə bilər. O, onun gəliş-gedişinə artıq nəzarət edə bilmir. Bu baxımdan bir evdə yaşamaları əslində şərtidir. Digər tərəfdən isə, Hüseynin hansısa gündə evə gəlməsi, onu xərclərdən azad etmir. Çünki, Hüseyn konkret olaraq evin heç bir xərcində iştirak etmək istəmir və etmir. Məhkəmənin digər əsası, maddi yardıma ehtiyacı olmasım təsdiq edən sübutlar məhkəməyə təqdim etməmiş olmasıdır. Bu əsas ümumiyyətlə anlaşılmazdır. O, işləmir, bunun konkret səbəblərindən ən əsası sağlıq durumu ilə bağlıdır. İşləməməyini elektron hökumət portalından yoxlamaq məhkəmə üçün problem deyil. İşləmir, müavinət almır, başqa gəlir yeri də yoxdur. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apelyasiya şikayətinin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiya ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Beləliklə, məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində də müəyyən edilmişdir ki, iddiaçının həyat yoldaşı X7 09.07.2020-ci il tarixində ölmüşdür. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli qətnaməsinə əsasən 26 yanvar 2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 175 manat sabit pul məbləgində aliment X5 xeyrinə tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, iddiaçı məhkəmə iclasında maddi yardıma ehtiyacının olmasını və bu səbəbdən oğlundan 150 manat onu xeyrinə tutulmasını xahiş etsə də, maddi yardıma ehtiyacının olmasını təsdiq edən sübutlar məhkəməyə təqdim etməmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cu maddəsinin V hissəsinə əsasən valideynlərə hörmət etmək, onların qayğısına qalmaq uşaqların borcudur. 18 yaşına çatmış əmək qabiliyyətli uşaqlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 82.1-ci maddəsinə əsasən əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. Həmin Məcəllənin 82.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən övladların tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərindən diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən alimentin miqdarı müəyyən olunarkən məhkəmə, tələbin valideynlərin əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlarından hamısına, birinə və ya bir neçəsinə verildiyindən asılı olmayaraq, onların hamısını nəzərə almağa haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 27.07.2016-cı il tarixli qərarına əsasən aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan ər-arvad, valideynlər və uşaqlar arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti (alimenti) ödəməyə borclu olur. İş materiallarından göründüyü kimi, iddiaçı əmək qabiliyyətli olmamaqla maddi yardıma ehtiyaca olmasına dair halları məhkəmədə əsaslandıra bilməmiş və itinad etdiyi təstiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, hər bir tərəf istinad etdiyi halları məhkəmədə sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, qanunvericiliyin qeyd edilən normalarına əsasən birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdur. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, şikayətin dəlilləri iddiaçının şəxsi mülahizələrinə əsaslanır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmişdir. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 2(005)-2872/2021 saylı qətnaməs dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 2(005)-2872/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-8461/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8461/2021
24.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver