Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8481/2021 06.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli 2(004)-3897/2021 saylı qətnaməsindən iddiaçının apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 01.01.2021-ci il tarixindən başlayaraq 21 noyabr 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün qazancından və ya başqa gəlirlərindən hər ay 700 manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə 07 iyun 2009-cu il tarixində rəsmi nikah bağlayaraq ailə qurmuş, cavabdehin valideynlərinə məxsus Bakı şəhəri, Səbail rayonu, Lermontov küçəsi, 113/117 evin 25 nömrəli mənzildə mənzildə yaşamışlar, nikahdan 21.11.2011-ci il təvəllüdlü qızı X3 doğulmuşdur. Bakı Yasamal Rayon Məhkəməsinin 2(004)-4883/2012 saylı, 24.08.2012-ci il tarixli qətnaməsinə əsasən nikahları pozulmuş, Cavabdeh 31.07.2012-ci il tarixdən başlayaraq hər ay 21.11.2011-ci il təvəllüdlü qızı X1 yetkinlik yaşma çatanadək saxlanılması üçün qazancının (başqa gəlirlərin) ¼ hissəsi miqdarında aliment pulu tutularaq onun xeyrinə ödənilməli idi. 31.07.2012-ci il tarixdən başlayaraq cavabdehin maaşından 1/4 hissəsi tutularaq, əvvəl 400 manat, sonra isə artırılaraq 890 manata kimi aliment pulu ona 2021-ci ilin yanvar ayına kimi ödənilirmişdir. Lakin cavabdeh işdən azad olunduğundan və öz qardaşı ilə xüsusi şirkət qurduqdan sonra maaşını az yazdırdığından, maaşın 1/4 hissəsi 160 manat aliment pulu təşkil edir və fevral ayında 160 manat ödənilir. 2009-cu ildə tərəflər cavabdehin valideynlərinə məxsus Bakı şəhəri, Səbail rayonu, Lermontov küçəsi 113/117 evin 25 nömrəli mənzildə ailə qurub 2012-ci ilə kimi yaşamasına baxmayaraq, nikah pozulduqdan sonra o, həmin mənzildə onun və uşağın yaşayış hüququnun tanınmasına dair tələb irəli sürməmişdir. Bu günkü gündə də cavabdeh həmin mənzili üçüncü şəxslərə icarəyə verir və bunun hesabına əlavə gəlir əldə edir. Öz övladını yaşayış sahəsi ilə təmin etmədən ata kimi təkçə alimenti ödəməklə, alimentin məbləğini azaldaraq həmin ödənişlərdən yayınmaq niyyətini gizlətmir. Cavabdeh həmin mənzili üçüncü şəxslərə icarəyə verərək öz övladının kirayədə qalmasına etiraz etmir. 160 manat aliment pulu verməklə cavabdeh hesab edir ki, öz atalıq borcunu yerinə yetirir. Belə olan halda uşağın yetkinlik yaşına çatana qədər cavabdehdən 160 manat aldığı maaşdan tutulması, nikah dövründə uşağın yaşadığı səviyyədə saxlanılması və onun maddi və mənəvi tələbatların təmin edilməsi üçün yetərli deyil və övladının tələbatını təmin etmir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli 2(004)- 3897/2021 saylı qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, 21 noyabr 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmış, Cavabdeh 21 noyabr 2011-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi və alimentin tutulmasının qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti vermiş, iddia ərizəsi ilə eyni məzmunlu apelyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlmədiyinə görə, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən edilmiş hallarına əsasən, tərəflərin birgə nikahından 21 noyabr 2011ci il təvəllüdlü X3 doğulmuşdur. Tərəflər arasında bağlanmış nikah məhkəmə qaydasında pozulmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4883/2012 saylı 24.08.2012-ci il tarixli qətnaməsindən görünür ki, 21.11.2011-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün 31.07.2012-ci ildən başlayaraq Cavabdeh bütün növ qazancının (başqa gəlirlərinin) hər ay dörd bir hissəsi miqdarında alimentin tutularaq X2 ödənilməsi qət edilmişdir. Hazırda iddiaçı həmin qətnamə ilə tutulan alimentin məbləğinin artırılaraq 700 manat sabit pul məbləğinin cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir. Birinci instansiya məhkəməsi uşağın mənafeyini, 2021-ci ildə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləğini, işin faktiki hallarını nəzərə alaraq, hər ay 175 manat sabit pul məbləğində alimentin tutulması qənaətinə gəlmişdir. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti doğrudur. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən istənilən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə müəyyən olunmuş miqdarı dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər; Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər; Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələbinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə görə, valideynlərin uşağın tərbiyəsində bərabər hüququ və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. İddiaçı 700 manat məbləğində aliment tələb etsə də, cavabdehin bu məbləğdə alimenti ödəyə biləcək kifayət qədər maddi imkana malik olmasını təsdiq edən hər hansı bir sübut təqdim etməmişdir. O, cavabdehin öz qardaşı ilə xüsusi şirkət qurduqdan sonra maaşını az yazdırdığını qeyd etsə də, cavabdehin iş yeri, əmək haqqı və gəlirləri barədə hər hansı sübut təqdim etməmişdir. Eləcə də «Elektron Məhkəmə İnformasiya Sistemi»ndə də cavabdehin işləməsi, müəssisə təsis etməsi, fərdi sahibkarlıqla məşğul olması kimi hallar müəyyən edilmədi. Kollegiya hesab edir ki, məhkəmənin gəldiyi nəticə düzgündür. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məsələni həll edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçının apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3897/2021 saylı iş üzrə 24 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8481/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8481/2021
06.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver