Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8482/2021 06.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı X2 cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli 2(004)-2546/2021 saylı qətnaməsindən iddiaçının apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı X7 cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 97000 manat sığorta ödənişinin və qətnamə qəbul olunan günə qədər hər gecikdirilmiş günə görə sığorta ödənişinin 0,1% həcmində dəbbə pulunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Salyan rayonu, Dayıkənd kəndində yerləşən, X8 tərəfindən 13.06.2014-cü il tarixdə RAZ ********** saylı sığorta müqaviləsi ilə "xxxx" ASC-də sığortalanmış ticarət obyekti, 21-22 fevral 2015-ci il tarixlərdə Salyan rayonu ərazisində baş vermiş fövqəladə təbiət hadisəsi nəticəsində yararsız hala düşmüşdür. Baş vermiş sığorta hadisəsi barədə "xxxx" ASC-yə məlumat verilmiş ancaq sığorta şirkəti sığorta ödənişini ödəməkdən imtina etmişdir. Sığortalı X8 cavabdeh "xxxx" ASC-yə 03.03.2020-ci il tarixdə pretenziya qaydasında müraciət edərək, mübahisənin məhkəmədən kənar həllinə çalışmağına baxmayaraq cavabdeh 04.04.2020-ci il tarixli 0279 saylı məktubla əsassız olaraq sığorta ödənişindən imtina etmişdir. Sığortalı X8 dəymiş zərər ilə bağlı hüquq və tələblərini İddiaçı güzəşt etmişdir və bu barədə 01.03.2021-ci il tarixdə cavabdeh "xxxx" ASC-yə bildiriş göndərmişdir. İddia ərizəsinə əlavə edilmiş Salyan RİHB aparatının Memarlıq və Tikinti şöbəsi tərəfindən verilmiş 79 saylı, 20.10.2020-ci il tarixli rəydən də göründüyü kimi baş vermiş təbii fəlakət nəticəsində sığortalı əmlaka 97000 manat ziyan dəymişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli 2(004)- 2546/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ilə eyni məzmunlu apelyasiya şikayətində göstərilmişdir ki, sığorta şirkəti sığorta ödənişindən imtinanı heç bir araşdırmanın nəticəsinə və ya səlahiyyətli dövlət orqanının qərarına əsaslanmadan vermiş və sığortalı əmlakın qar ağırlığı nəticəsində yararsız hala düşməsini sübuta yetirən dəlilləri məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi şikayətin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətinə əsasən Salyan rayonu, Sarvan kəndində yerləşən, ümumi sahəsi 367,8 m2 olan qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə X3 adına Daşınmaz Əmlakın Dövlət reyestrində 21.06.2019-cu il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Salyan rayon İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsi tərəfindən verilmiş 19.10.2020-ci il tarixli, 79 nömrəli arayışa əsasən X4 məxsus ticarət obyektinə təbii fəlakət nəticəsində dəymiş ziyan 23.02.2015-ci il tarixli akta əsasən 97000 manat müəyyən edilmişdir. İş materialarında olan "xxxx" ASC-nin 10.03.2015-ci il tarixli, 0228 saylı məktubuna əsasən 22.02.2015-ci il tarixdə X3 istifadəsində olan daşınmaz əmlaka yağan və yığılmış qar yükü nəticəsində dəymiş zərərə görə sığorta ödənişinin verilməsi baş vermiş hadisə qanunvericiliyin tələblərinə əsasən sığorta hadisəsi hesab edilmədiyindən mümkün deyildir. İş materialarında olan "xxxx" ASC-nin 09.04.2020-ci il tarixli, 0279 saylı məktubuna əsasən 22.02.2015-ci il tarixdə X3 istifadəsində olan daşınmaz əmlaka yağan və yığılmış qar yükü nəticəsində dəymiş zərərə görə sığorta ödənişinin verilməsindən baş vermiş hadisə qanunvericiliyin tələblərinə əsasən sığorta hadisəsi hesab edilməməsi səbəbi ilə imtina edilmişdir. İş materiallarında olan 01.03.2021-ci il tarixli bildirişə əsasən X1 rayon, Dayıkənd kəndində yerləşən ona məxsus RAZ********** saylı sığorta şəhadətnaməsi ilə "xxxx" ASCdə sığortalanmış ticarət obyektinə 22.02.2015-c il tarixdə baş vermiş hadisə nəticəsində dəymiş zərərə görə sığorta öhdəliyi daşıyan "xxxx" ASC-yə malik olduğu hüquq və tələbləri X5 güzəşt etmişdir. İşin müəyyən olunmuş halları odur ki, X3 mülkiyyətində olan qeyri-yaşayış sahəsi cavabdeh sığorta şirkətində sığortalanmışdır. "xxxx" ASC-də sığortalanmış ticarət obyektinə 22.02.2015-c il tarixdə baş vermiş hadisə nəticəsində dəymiş zərərə görə tələb hüququ X5 güzəşt edilmişdir. Sözügedən daşınmaz əmlaka yığılmış qar yükü nəticəsində zərər dəydiyindən sığorta ödənişinin ödənilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Məcəllənin 935.1.8-ci maddəsinə əsasən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi sığorta ödənişinin verilməsindən imtinanın əsaslarından biridir. “İcbarı Sığorta haqqında” Azərbaycan Respublikası qanunun 36.1.8-ci maddəsinə əsasən daşınmaz əmlakın təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur. Məhkəmə belə nəticəyə gəlmişdir ki, iddia tələbi əsassızdır, çünki, yığılmış qar yükü “İcbarı Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsi ilə sığorta hadisəsi hesab olunmur. Habelə, sığorta olunan ilə sığortaçı arasında bağlanmış sığorta müqaviləsində qar yükü sığorta hadisəsi kimi təsbit edilməmişdir. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti qanuni və əsaslıdır. Oxşar iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2648/2018 saylı 05.04.2018-ci il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin 15.11.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır və həmin qərardan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12.11.2015-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmiş, Bakı Apelyasiya Məhkəməsinin 02.02.2016-ci il tarixli qətnaməsi ilə həmin qətnamə dəyişdirilmədən saxlanılmış, Ali Məhkəmənin 2(102)-2974/2016 saylı 16.09.2016-cı il tarixli qərarı ilə 02.02.2016-cı il tarixli qətnamə ləğv edilmiş və iş yenidən baxılması üçün göndərilmiş, Bakı Apelyasiya Məhkəməsinin 20.12.2016-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12.11.2015-ci il tarixli qətnaməsi qismən ləğv edilmiş, həmin hissədə iddia təmin edilmiş, Ali Məhkəmənin 2(102)-3191/2017 saylı 29.06.2017-ci il tarixli qərarı ilə 20.12.2016-cə il tarixli qətnamə ləğv edilmiş və iş yenidən baxılması üçün göndərilmiş, Bakı Apelyasiya Məhkəməsinin 15.11.2017-ci il tarixli qətnaməsi ilə 12.11.2015-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılmışdır. Qərarda göstərilmişdir ki, “İcbarı Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən yağmış qar ağırlığı nəticəsində zərər dəyməsi sığorta təminatı dairəsinə daxil deyildir. Qanunvericiliyin tələbinə əsasən hazırki iş üzrə baş vermiş hadisə sığorta hadisəsi hesab edilmir, həmçinin tərəflər arasında bağlanmış sığorta müqaviləsində də qar hadisəsi sığorta hadisəsi kimi təsbit edilməmiş və sığorta təminatı ilə əhatə edilməmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, Kollegiya hesab edir ki, apelyasiya şikayətində göstərilən dəlillər qətnaməni əsassız hesab etmək və onu ləğv etmək üçün əsas deyil. Odur ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçının apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2546/2021 saylı iş üzrə 03 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8482/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8482/2021
06.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver