Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8485/2021 25.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızından və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “qızıl zinət əşyalarının geri qaytarılması və ya dəyərinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3092/2021 saylı, 08 iyun 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı qızıl zinət əşyalarının geri qaytarılması və ya dəyərinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus olan qızıl zinət bəzək əşyalarının və ya onların dəyərini təşkil edən 36.700 manat pulun cavabdehlərdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh3 ilə 24.10.2018-ci il tarixdə rəsmi nikaha daxil olaraq evlənmiş, birgə nikahdan 10.11.2018-ci il təvəllüdlü Cavabdeh2 Ceyhun qızı dünyaya gəlmişdir. Cavabdehlə xasiyyətləri uyğun gəlmədiyindən Yasamal rayon məhkəməsinin 08.02.2021-ci il tarixli qərarı ilə nikahları pozulmuş və Cavabdeh2 Ceyhun qızı anası İddiaçı yanında saxlanılmışdır. İddiaçı gəlin gələrkən ona həyat yoldaşı və ailəsi tərəfindən qiymətli qızıl- zinət əşyaları hədiyyə edilmiş, birgə nikah dövründə yaşadıqları müddətdə həmin qızıl zinyət əşyaları Cavabdeh2 olmuş, o həmin qızılzinət əşyalarını Cavabdeh1 mənzilindəki seyfində saxlamışdır. İddiaçı ilə Cavabdeh3 arasında mübahisədüşdüyündən və sonuncu onu 15.07.2020-ci il tarixdə döyərək ona xəsarət yetirdiyindən iddiaçı uşağını götürüb evdən getmək məcburiyyətində qalmış və 17.07.2020-ci il tarixdə evdən gedərkən qızıl-zinət əşyalarını cavabdehlərdən ala bilməmiş, qeyd olunan qızılzinət əşyaları cavabdehlərdə qalmışdır. Həmin zinət əşyaları dəyəri 10000 manat olan bir ədəd beş qaşlı brilliant nişan üzüyü və bir ədəd bir qaşlı brilliant nişan üzüyündən, dəyəri 15000 manat olan bir dəst brilliant qaşlı sırğa, üzük, qolbaq və kulonlu sepdən, dəyəri 1200 manat olan bir ədəd brilliant qaşlı ürək kulonla qızıl sepdən, dəyəri 5000 manat olan bir dəst brilliant qaşlı üzük və sırğadan, hər biri 800 manat olmaqla ümumilikdə 1600 manat dəyəri olan 2 ədəd briliant qaşlı qolbaqdan, dəyəri 1000 manat olan bir ədəd uşağın brilliant qaşlı üzüyündən, dəyəri 1100 manat olan bir ədəd uşağa məxsus qızıl sepdən və dəyəri 1800 manat olan, iddiaçının özünə məxsus olub ata evindən gətirdiyi 2 ədəd qızıl qolbaqdan ibarətdir. Qızıl-zinət əşyalarının cəmi dəyəri 36700 manatdır. Həmin əşyalar cavabdehlərdə qalmışdır. Dəfələrlə həmin əşyaların cavabdehlərdən ayrı-ayrılıqda tələb edilmələrinə baxmayaraq iddiaçıya məxsus qiymətli əşyaları verməkdən imtina etmişlər. Bu əşyalar iddiaçının şəxsi əmlakları sayıldığından bununla iddiaçıya 36700 manat məbləğində maddi ziyan vurmuşdur. Ona görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia ərizəsinə əlavə edilmiş fotoşəkillərdən iddiaçının qızıl bəzək əşyalarının görüntüləri aydın görünür. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3092/2021 saylı, 08 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbləri təmin edilməmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı, həmçinin onunnümayəndəsi və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin əsassız olduğunu bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış digər cavabdehlər səbələri barədə məlumat vermədən məhkəmə iclasına gəlməmiş, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, iş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 2(004)-288/2021 saylı, 08.02.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh3 ilə İddiaçı arasında 24.10.2018-ci il tarixdə Səadət Sarayı (Bakı Nikah evi) 34 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması qət edilmişdir. İş materiallarına əlavə olunmuş 13.04.2021-ci il tarixli MAPS şöbəsi arayışlarına əsasən müəyyən edilir ki, Cavabdeh1 ünvan 1 ünvanında, Cavabdeh2 Qazax rayonu, Çaylı kəndində, Cavabdeh3 isə Qazax rayonu, Çaylı kəndində qeydiyyatdadır. İş materiallarında olan 24 noyabr 2018-ci il tarixli, 7030 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən görünür ki, Cavabdeh2 Ceyhun qızı 10 noyabr 2018-ci il tarixdə anadan olmuş, atası Cavabdeh3, anası İddiaçıdır. İş materiallarında olan 30 iyul 2020-ci il tarixli qərara əsasən görünür ki, İddiaçı ərizəsinə əsasəm toplanmış material üzrə cinayət müəyyən edilmədiyindən, cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan 13 aprel 2021-ci il tarixli, 175 nömrəli nikahın pozulması haqqında şəhadətnaməyə əsasən müəyyən edilir ki, 08 fevral 2021-ci il tarixli qətnaməyə əsasən 09 mart 2021-ci il tarixdə Cavabdeh3 ilə İddiaçı arasında bağlanmış nikah pozulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ərarvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə kollegiyası nəzərə alır ki, hazırki mübahisənin halları baxımından ilkin iddiaçının tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddəyə əsaslanan iddianın təmin edilməsi üçün isə maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. İddia tələbi ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, hazırki vəziyyətdə iş üzrə sübut etmə yükü iddiaçlarının üzərinə düşür və məhz onlar, qaytarılmasını tələb etdiyi qızıl-zinyət əşyalarının mülkiyyətində olduğunu, iddia irəli sürülən anda isə cavabdehlərin qanunsuz sahibliyində saxlanıldığını sübut etməlidir. Bu zaman nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. İddiaçı hazırkı iddia tələbində ona məxsus olan qızıl-zinyət bəzək əşyalarının ümumi dəyəri 36700 manatlıq əşyaların onlara məxsus əmlak olduğu üçün cavabdehlərdən alınaraq onlara verilməsini xahiş etsələr də, sözügedən əşyaların cavabdehlər tərəfindən götürülməsinə və ya əşyaların cavabdehdə olmasına dair məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. İş materiallarına sübut kimi əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar və həmin iş üzrə alınmış izahatlarla bağlı məhkəmə qeyd edir ki, sözügedən qərarla cinayət işinin başlanması rədd edilmiş, eyni zamanda, cavabdeh izahatında zinət əşyalarını götürməsini etiraf etməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin onu ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayətləri təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçılar tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onların özlərinə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3092/2021 saylı, 08 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya ikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-8485/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8485/2021
25.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver