Məhkəmə qərarları › İş №2(103)-8491/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8491/2021

14.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8491/2021 14.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər İbayev Vəfaddin Ələm oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı nikahın pozulması və aliment tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 28.04.2021-ci il tarixli, 2(001)- 1906/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus, adları aşağıdakı siyahıda göstərilən cehiz əmlak və qızıl-zinət əlşyalarının və ya onların ümumi dəyəri kimi 18331 manat məbləğində pul vəsaitinin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarımasını xahiş etmişdir: Mebel-qorka – 1500 manat Komod – 1500 manat Stol və 8 ədəd böyük stul – 1200 manat Jurnal stolu – 300 manat Divan-kreslo – 1350 manat Yataq dəsti (taxt, şifoner, termo, tumbalar) – 1650 manat Uşaq yatağı – 300 manat 2 ədəd çılçıraq – 230 manat 1 ədəd “LG” markalı televizor – 700 manat Televizor altlığı – 300 manat DVD pleyer – 50 manat 4 ədəd xalça – 650 manat 2 otaq üçün pərdə və taxt üçün pokrival – 630 manat Qalın odeyal – 50 manat Divan-kreslo üzlükləri – 100 manat Yükün üstünə çəkmək üçün odeyal – 55 manat Sarı rəngli odeyal – 40 manat 3 dəst yorğan-döşək – 500 manat 6 ədəd yastıq – 360 manat 1 dəst uşaq üçün yataq dəsti – 50 manat 6 ədəd divanüstü yastıq – 36 manat 5 dəst taxt üçün postel – 250 manat 6 dəst süfrə - 300 manat Çay dəsmalları – 40 manat əl-üz dəsmalları – 150 manat hamam dəsmalları – 100 manat mətbəx dəsmalları – 30 manat 2 ədəd paltaryuyan maşın – 600 manat Tozsoran – 100 manat Soba – 55 manat 2 ədəd ütü – 60 manat Mikser – 50 manat Blender – 30 manat Qəhvəüyüdən – 30 manat Salatdoğrayan – 10 manat ətçəkən maşın – 50 manat şirəçəkən – 50 manat gecə lampası – 60 manat Tefal çaydan – 30 manat Qazan dəstləri: Aura – 120 manat Qorxmaz – 200 manat 2 ədəd aliminium – 60 manat Aura – 50 manat Cenk – 70 manat Qaşıq dəstləri və əlavə qaşıqlar – 200 manat Servizlər və əlavə qablar – 450 manat Büllur meyvə qabları – 220 manat Büllur stəkanlar – 150 manat Bogemalar – 390 manat Qədəhlər – 50 manat Sadə qablar – 60 manat Bıçaq dəsti – 50 manat Tort bıçağı – 15 manat Tort bıçağı – 25 manat 4 ədəd podnos – 50 manat 2 ədəd vanna – 25 manat 5 ədəd plastmas qab – 30 manat Mətbəx üçün duz-istiot qabları – 50 manat 2 ədəd poroşok qabı – 15 manat Duz qabları – 30 manat Kül qabları – 30 manat Mürəbbə bişirmək üçün ləyən – 30 manat 2 ədəd aşsüzən – 20 manat Çayniklər – 120 manat Suvenir dəvə - 50 manat Çaşka dəstləri – 50 manat Saat – 60 manat Termos – 35 manat Ütüaltı stol – 40 manat Qızıl-zinət əşyaları: Ağ qızıldan – sep, bilərzik, sırğa və üzük – 1200 manat Brilyant qaşlı nişan üzüyü – 500 manat Sarı rus qızılından sep – 120 manat Sarı qızıldan kulon – 80 manat Qızıl üzük – 140 manat İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh 25 aprel 2013-cü il tarixdə ailə qurmuş, 01 noyabr 2013-cü il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahlarından 2 yetkinlik yaşına çatmamış uşaqları vardır. İddiaçı evləndikdən sonra cavabdehin yaşadığı Sumqayıt şəhəri, St.Sumqayıt qəsəbəsi, 27 saylı fərdi yaşayış evinə gəlin köçmüş, yuxarıda göstərilən cehiz əmlakını da həmin evə yerləşdirmişdir. Sonradan cavabdehlə aralarındakı münasibət pisləşmiş, nəticədə Sumqayıt Şəhər Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli, 2(060)-5684/2020 saylı qətnaməsinə əsasən, tərəflər arasındakı nikah pozulmuş, birgə nikahlarından olan uşaqların analarının yanında saxlanmaları və uşaqların yetkinlik yaşa çatanadək saxlanmaları üçün cavabdehdən hər ay hər uşağa 150 manat olmaqla, ümumilikdə 300 manat sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır. Həmin vaxtdan iddiaçı valideynlərinin evində yaşayır, ona məxsus cehiz əmlak və qızıl-zinət əşyaları isə cavabdehin yaşadığı evdə qalmışdır. Buna görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 28.04.2021-ci il tarixli, 2(001)- 1906/2021 saylı qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 28.04.2021-ci il tarixli, 2(001)-1906/2021 saylı qətnaməsinin iddia tələbinin qismən təmin edilməsi hissəsində ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini apellyasiya instansiyası məhkəməsindən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi prosessual qanunvericiliyin tələblərini pozmuş, tam və obyektiv araşdırma aparmamış, nəticədə əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Hesab edir ki, məhkəmə qətnamə qəbul edərkən Sumqayıt icra şöbəsinin icra məmuru tərəfindən tərtib edilmiş əmlakın siyahıya alınmasına dair aktı nəzərə almamışdır. Onun cehiz əşyaları cavabdehin evində olduğu halda, məhkəmə heç bir sübuta əsaslanmayaraq, onun iddiasını rədd etmişdir. Məhkəmə iclasında kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş, səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Hazırkı apellyasiya şikayətinin həddini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyin və əsaslığının tam yoxlanılması təşkil edir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli, 2(060)-5684/2020 satlı qətnaməsinə əsasən, Cavabdeh ilə İddiaçı arasında 01 noyabr 2013-cü il tarixdə bağlanmış nikah pozulmuş, birgə nikahlarından olan 02 yanvar 2014-cü il təvəllüdlü X2 və 21 sentyabr 2015-ci il təvəllüdlü X1 adlı uşaqların analarının yanında qalmaları, uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa görə 150 manat olmaqla ümumilikdə 300 manat sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır. İş materiallarında olan Sumqayıt şəhər İcra İdarəsinin icra məmuru tərəfindən tərtib edilmiş aktdan görünür ki, cavabdehin yaşadığı Sumqayıt şəhəri, St.Sumqayıt qəsəbəsi, 27 saylı fərdi yaşayış evində baxış keçirilən zaman Jurnal stolu, uşaq yatağı, uşaq yataq dəstindən 1 ədəd döşək, 2 ədəd süfrə, tozsoran, blender, qəhvə üyüdən, salat döğrayan, “Qorxmaz” qazan dəsti, “Cenk” qazan dəsti, büllur meyvəqabı, büllür stəkanlar, sadə qablar, tort bıçağı, 1 ədəd vanna, mətbəx üçün duz istiot qabları, külqabıları, ütüaltı stol istisna olmaqla icra sənədində göstərilən digər bütün əşyalar aşkar edilmiş və onların üzərinə həbs qoyulmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsilə nəzərdə tutulan mülki qanunvericiliyin prinsiplərindən biri də mülkiyyətin toxunulmazlığıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ərarvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) də ümumi əmlak üzərində hüquqa malikdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Mülki Məcəllənin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci madəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 255.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 9.2-ci bəndində qeyd olunmuşdur ki, əmlak tələbi barədə iddialar təmin olunduqda, gələcəkdə qətnamənin icrasının müəyyənliyini və mümkünlüyünü təmin etmək məqsədilə qət edilən əşyaların hər birinin ayrı-ayrılıqda dəyəri və qət olunan əmlakın cavabdehdən naturada alınması mümkün olmadığı hallarda, həmin əmlakın dəyərinin pulla ödənilməsi də qətnamədə həll olunmalıdır. Həmçinin, nəzərə alınmalıdır ki, müvafiq iddianı sübut etmə yükü iddiaçının üzərinə düşür və məhz iddiaçı, qaytarılmasını tələb etdiyi qızıl-zinət və digər əşyalarının iddia ərizəsində göstərdiyi sayda olduğunu, həmin əşyaların onun mülkiyyətində olduğunu, iddia irəli sürülən anda isə cavabdehin qanunsuz sahibliyində saxlanıldığını sübut etməlidir. Məhkəmə araşdırması zamanı iddiaçıya məxsus olan əşyalardan icra məmuru tərəfindən tərtib edilmiş aktda göstərilmiş əşyalar (jurnal stolu, uşaq yatağı, uşaq yataq dəstindən 1 ədəd döşək, 2 ədəd süfrə, tozsoran, blender, qəhvə üyüdən, salat döğrayan, “Qorxmaz” qazan dəsti, “Cenk” qazan dəsti, büllur meyvəqabı, büllür stəkanlar, sadə qablar, tort bıçağı, 1 ədəd vanna, mətbəx üçün duz istiot qabları, külqabıları, ütüaltı stol) istisna olmaqla, digər əşyaların cavabdehə məxsus mənzildə olması öz təsdiqini tapmışdır. Həmin əşyaların ümumi dəyəri 16686,00 manat təşkil edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən isə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 222.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edir və nəticəyə gəlir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, iddia qismən təmin edilməklə iddia ərizəsində göstərilmiş əşyalar (jurnal stolu, uşaq yatağı, uşaq yataq dəstindən 1 ədəd döşək, 2 ədəd süfrə, tozsoran, blender, qəhvə üyüdən, salat döğrayan, “Qorxmaz” qazan dəsti, “Cenk” qazan dəsti, büllur meyvəqabı, büllür stəkanlar, sadə qablar, tort bıçağı, 1 ədəd vanna, mətbəx üçün duz istiot qabları, külqabıları, ütüaltı stol istisna olmaqla), onlar mövcud olmadıqda isə onların hər birinə aid iddia ərizəsində göstərilən dəyərləri, ümumilikdə 16686.00 manat pul cavabdehdən alınaraq iddiaçıya verilməli, qətnamə qalan hissədə (jurnal stolu, uşaq yatağı, uşaq yataq dəstindən 1 ədəd döşək, 2 ədəd süfrə, tozsoran, blender, qəhvə üyüdən, salat döğrayan, “Qorxmaz” qazan dəsti, “Cenk” qazan dəsti, büllur meyvəqabı, büllür stəkanlar, sadə qablar, tort bıçağı, 1 ədəd vanna, mətbəx üçün duz istiot qabları, külqabıları, ütüaltı stoluna münasibətdə) dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.0.2-ci maddəsinə görə, apellyasiya instasniya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 28.04.2021-ci il tarixli, 2(001)- 1906/2021 saylı qətnaməsi qismən ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. İddiaçıya məxsus olan mebel-qorka (1500 manat), komod (1500 manat), stol və 8 ədəd böyük stul (1200 manat), divan-kreslo (1350 manat), yataq dəsti (taxt, şifoner, termo, tumbalar) (1650 manat), 2 ədəd çılçıraq (230 manat), 1 ədəd “LG” markalı televizor (700 manat), televizor altlığı (300 manat), DVD pleyer (50 manat), 4 ədəd xalça (650 manat), 2 otaq üçün pərdə və taxt üçün pokrival (630 manat), qalın odeyal (50 manat), divan-kreslo üzlükləri (100 manat), yükün üstünə çəkmək üçün odeyal (55 manat), sarı rəngli odeyal (40 manat), 3 dəst yorğan-döşək (500 manat), 6 ədəd yastıq - 1 dəst (360 manat), uşaq üçün yataq dəsti (50 manat), 6 ədəd divanüstü yastıq (36 manat), 5 dəst taxt üçün postel (250 manat), 6 dəst süfrə (300 manat), əl-üz dəsmalları (150 manat), hamam dəsmalları (100 manat), mətbəx dəsmalları (30 manat), 2 ədəd paltaryuyan maşın (600 manat), soba (55 manat), 2 ədəd ütü (60 manat), mikser (50 manat), ətçəkən maşın (50 manat), şirəçəkən (50 manat), gecə lampası (60 manat), tefal çaydan (30 manat), qazan dəstləri: aura (120 manat), 2 ədəd aliminium (60 manat), aura (50 manat), qaşıq dəstləri və əlavə qaşıqlar (200 manat), servizlər və əlavə qablar (450 manat), bogemalar (390 manat), qədəhlər (50 manat), bıçaq dəsti (50 manat), tort bıçağı (25 manat), 4 ədəd podnos (50 manat), 2 ədəd vanna (25 manat), 5 ədəd plastmas qab (30 manat), 2 ədəd poroşok qabı (15 manat), duz qabları (30 manat), mürəbbə bişirmək üçün ləyən (30 manat), 2 ədəd aşsüzən (20 manat), çayniklər (120 manat), suvenir dəvə (50 manat), çaşka dəstləri (50 manat), saat (60 manat), termos (35 manat), ağ qızıldan - sep, bilərzik, sırğa və üzük (1200 manat), brilyant qaşlı nişan üzüyü (500 manat), sarı rus qızılından sep (120 manat), sarı qızıldan kulon (80 manat), qızıl üzük (140 manat), həmin əşyalar mövcud olmadıqda isə onların hər birinə aid iddia ərizəsində göstərilən dəyərləri, ümumilikdə 16686.00 manat pul cavabdehdən alınaraq iddiaçıya verilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar