Məhkəmə qərarları › İş №2(103)-8496/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8496/2021

08.10.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8496/2021 08.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdehlər Bakı şəhəri 11 saylı Notariat Kontoru və Cavabdeh2 qarşı “miras əmlakdan imtina edilməsinə dair ərizənin etibarsız hesab edilməsi və sair tələbi barədə” ilk iddiasına, Cavabdeh2 iddiaçıya qarşı “mənzildən çıxarılma və sair tələbi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 24 noyabr 2020-ci il tarixli qətnamədən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı və cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə, İddiaçı vəkili (nümayəndəsi) Vəkil1 və cavabdehlərin birgə vəkili (nümayəndə) Vəkil2 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, 04.07.2019-cu il tarixdə 11-ci Notariat Kontorunda (mərhum) X11 tərəfindən 17.06.2019-cu il tarixdə vəfat etmiş anası Adilə Bayramovadan miras qalmış əmlakdan düşən paydan qardaşının – Cavabdeh2 xeyrinə imtina etməsi barədə yazılmış ərizəsinin etibarsız hesab edilməsi və ərizədən sonra yaranmış hüquqi nəticələrin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi Rayon Məhkəməsi tərəfindən icraata qəbul edilmişdir. Bundan sonra, Cavabdeh2 iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizələr ilə Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan və Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, bina № 16-yerləşən 81 №-li mənzilindən İddiaçı və qətnamə icra olunan zaman mənzildə olan bütün digər fiziki şəxslərin çıxarılması, 8 ədəd stul, 3 ədəd böyük masa, 2 ədəd televizor altı tumba, 3 ədəd “JVC”, “Star” markalı televizor, “Piranyi” markalı DVD pleyer, 4 seksiyalı birləşdirilmiş divar mebel dəsti, 2 ədəd kiçik tumba, 2 ədəd şifoner, 3 ədəd böyük xalça, 2 ədəd uzun ensiz xalça, 2 ədəd kreslo, 1 ədəd jurnal masası, yataq üçün ləvazimat, 4 ədəd yorğan, 4 ədəd döşək, 8 ədəd yastıq, geyim yataq əşyaları, qab-qacaq dəstləri, vazalar, servizlər, ağ rəngli 2 kameralı soyuducu, pedallı tikiş maşını, 4 ədəd kiçik xalça, dairəvi masa, elektrik pilitəsi, mətbəx sobası, “Samsung” markalı ağ rəngli paltaryuyan maşın, mətbəx mebel dəsti alt-üst, böyük alüminium qazanlar, 2 ədəd kerosin lampası, 4 ədəd tava, hamamdakı su qızdırıcısı, taburetka, ləyənlər, trümo, güzgü, skaf-sekreter, elektrik kiçik manqal, elektrik sobası, 1 ədəd tozsoran, 2 ədəd divar saatı, mənzildə olan bütün karnizlər, 1 ədəd çilçıraq, 2 ədəd bra istisna olmaqla İddiaçı məxsus əşyaların mənzildən çıxarılmaqla mənzilin boşaldılması, həmin mənzilə dair Cavabdeh2 pozulmuş sahiblik, istifadə hüquqlarının bərpa olunaraq, mənzilə daxil olmaq və istifadə hüquqlarına dair yönəldilmiş bütün maneələrin qarşılıqlı iddia üzrə İddiaçı və digər şəxslərə qadağan olunması, maneələrin aradan qaldırılması, həmçinin qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən törədilmiş qanunsuz hərəkətlər nəticəsində ona vurulan mənəvi zərərin əvəzi kimi 2.000 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 2.030 manatın İddiaçı tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia Rayon Məhkəməsi tərəfindən icraata qəbul edilərək ilk iddia ilə birgə baxılmışdır. İlk iddia tələbi və qarşılıqlı iddiaya etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı 26.05.2015-ci il tarixdə İslam Bayramov ilə nikaha daxil olmuş, 2018-ci ildə İslam Bayramov onkoloji xəstəliyə tutulmuş, 31.07.2019-cu il tarixdə vəfat etmişdir. İslam Bayramov vəfat edənə kimi İddiaçı onunla birlikdə gəlin köçdüyü və Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, bina № 16-yerləşən 81 №-li mənzildə yaşamış və hazırda da yaşayır. İslam Bayramov 04.07.2019-cu il tarixdə iddiaçıya məlumat vermədən və qardaşının – Cavabdeh2 təsiri altında 17.06.2019-cu il tarixdə vəfat etmiş anası Adilə Bayramovadan miras qalan əmlakdan imtina etməsi barədə ərizəyə imza etmişdir. Həmin “imtina” etibarsızdır. Belə ki, İslam Bayramovun onkoloji xəstəliyi “yastı etitel karsınoması (yüksək differsansiya) metastaz” olmuş və bu xəstəlikdən əziyyət çəkərək özünü idarə etməkdən uzaq olmuşdur və “imtinanın” mənasını dərk etməmişdir. Bundan başqa İslam Bayramovun mobil telefonu olmasına baxmayaraq “imtina barədə ərizədə” telefon nömrəsi (***-*******) qeyd edilməmişdir. İslam Bayramov latın qrafikası ilə yazıb oxumağı bacarmamışdır. Bu, ərizəyə qoyulan “savadsız” imzadan da görünür. “İmtina barədə ərizəni” imzalayandan 10 gün sonra İslam Bayramov vəfat etmişdir. İş üzrə cavabdeh İ.X10 ölüm günlərinin yaxınlaşmasını bilmiş və İslam Bayramovun ölümündən sonra sonuncunun vərəsəsi kimi İddiaçı miras əmlakdan məhrum etmək üçün bunu məqsədli şəkildə etmişdir. İddiaçı mərhum İslam Bayramovla nikahı pozulmadığından onların ailə nikah münasibətlərinə xitam verilməmiş, bu səbəbdən onun mənzildən çıxarılması tələb oluna bilməz. Qarşılıqlı iddia ərizəsində qeyd olunan əşyaların həqiqətən mövcud olmasına dair sübutlar məhkəməyə təqdim olunmamışdır. Qarşılıqlı iddia tələbi və ilk iddiaya etiraz isə belə əsaslandırılmışdır ki, İslam Bayramov öz iradə ifadəsi ilə 11-ci Notariat Kontoruna gedərək öz payından qardaşı Cavabdeh2 xeyrinə imtina etmişdir. Bu halı iş üzrə keçirilən məhkəmə tibbi ekspertizasının rəyi də bir daha təsdiq edir. Cavabdeh2 qardaşı İslam Bayramovun qırx mərasimini verdikdən sonra, axşam evdə olarkən analarından qalan qızıl-zinət əşyalarını bacısı S.Əliyeva ayıraraq, mənzillərinin otaqlarının birində, dolaba qoymuşdur. Həmin gündən sonra isə S.Əliyeva əlində olan 6.000 manat pulu da həmin dolaba qoymuşdur. İddiaçı da bunların şahidi olmuşdur. Bir neçə gündən sonra, S.Əliyeva səhər saatlarında evdən çıxaraq, evlərində qalan İddiaçı bütün qızıl-zinət əşyalarını, gül formasında 2 ədəd brilyant sırğa, gül formasında brilyant üzük və 50 qramlıq qalın qızıl sep, eləcə də 6.000 manat pulun qaldığı otaqda dolabın içinə qoyduğunu bildirərək, əşyalardan muğayyət olmasını, kənar şəxsləri evə buraxmamasını demişdir. Onlar 14.09.2019-cu il tarixdə mənzilə gələrkən mənzilin qapısının kilidinin dəyişdirilməsini aşkar etmişlər. Bir neçə cəhddən sonra başa düşmüşlər ki, İddiaçı analarına məxsus evə, daimi pasport qeydiyyatında olduqları və orada onun üçün vacib olan, qiymətli əşyalarının saxlanıldığı yerə girməklərinə maneə olaraq qanunsuz olaraq, özbaşınalıq edərək evlərinə girməyi qadağan etmişdir. Bu vaxtdan etibarən nə Cavabdeh2 nə də ki, onun yaxın qohumları evlərinə daxil ola bilmirlər, çünki İddiaçı və qohumları buna qəti olaraq imkan vermirlər. Yəni Cavabdeh2 mülkiyyətçi olaraq mərhum anasından ona miras qalmış mənzildən nəinki istifadə edə bilmir, hətta ora daxil olması qanunsuz olaraq ona qadağan edilmişdir. Beləliklə, Cavabdeh2 2019-cu ilin sentyabr ayından etibarən mənzilə daxil ola bilmir və ümumiyyətlə mülkiyyətindən belə heç bir xəbəri yoxdur. Cavabdeh2 anasının qızıl-zinət əşyaları, həmçinin mətbəxdə ona məxsus olan soyuducu, paltaryuyan maşın, televizorlar və sair əşyaların da harada olmasını bilmir. Bütün bu qanunsuzluqların son qoyulması üçün Cavabdeh2 ilk növbədə Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Orada müvafiq araşdırma aparılsa da, İddiaçı qanunsuzluqlarının son qoyulması mümkün olmamış və Cavabdeh2 06.02.2020-cı il tarixli 061-1628B3220 nömrəli məktubla pozulmuş hüquqlarının bərpası ilə əlaqədar məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Beləliklə, İddiaçı qanunsuzluqlara yol verərək Cavabdeh2 mülkiyyət hüquqlarını kobud surətdə pozmuşdur. Son aylar ərzində İddiaçı tərəfindən törədilmiş özbaşınalıqlar nəticəsində Cavabdeh2 həm maddi, həm də mənəvi ziyan vurulmuşdur. İddiaçı özbaşına və qanunsuz hərəkətləri nəticəsində Cavabdeh2 və yaxın qohumları mərhum analarının yas mərasimini həmin mənzildə keçirə bilməmişlər. Bütün bunlar Cavabdeh2 mənəvi iztirablar vermişdir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 24.11.2020-ci il tarixli qətnamə ilə ilk iddianın təmin edilməməsini, qarşılıqlı iddianın qismən təmin edilməsini, İddiaçı özünə məxsus əşyaları ilə birlikdə mübahisəli mənzildən çıxarılmaqla mənzilin boşaldılmasını, İddiaçı dövlət rüsumuna görə 30 manatın Cavabdeh2 xeyrinə tutulması, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsini qət edilmişdir. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və ilk iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini, qarşılıqlı iddianın isə prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyi üçün baxılmamış saxlanması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Əsasları ilk iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, ilk iddianın rədd edilməsi hissəsində Rayon Məhkəməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Qarşılıqlı iddia tələbi ilə ilk iddia arasında əlaqə olmadığı halda icraata qəbul edilərək ilk iddia ilə birgə baxılması prosessual pozuntu hesab edilməli və qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanmalıdır. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 da Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin qarşılıqlı iddianın təmin edilməməsi hissəsində ləğv edilməsini və qarşılıqlı iddianın tam təmin edilməsini xahiş etmişdir. Əsasları qarşılıqlı iddia tələbinin əsasları ilə eynilik təşkil edən bu apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, Rayon Məhkəməsinin qətnaməsi mübahisə edilən hissədə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. İddiaçı vəkili (nümayəndəsi) Vəkil1 apellyasiya baxışında iştirak edərək Cavabdeh2 apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və təmsil etdiyi şəxsin apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bu apellyasiya şikayətinin və ilk iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Hər iki cavabdehin vəkili (nümayəndəsi) Vəkil2 apellyasiya baxışında iştirak edərək iddiaçı S.Bayramovun apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və təmsil etdiyi Cavabdeh2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bu apellyasiya şikayətinin və qarşılıqlı iddia ərizəsinin, habelə Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin Cavabdeh2 tərəfindən mübahisələndirilməyən hissəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, hər iki apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş 07.07.2009-cu il tarixli, MH seriyalı, ******* saylı “Çıxarışdan” görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, bina № 16-yerləşən 81 №-li mənzil (cavabdeh X6 anası) X1 adına daşınmaz əmlakın dövlət reyestrində 973 nömrəli reyestr kitabının 87184 nömrəli vərəqində qeydiyyata alınmışdır. 1 saylı Bakı “Asan Xidmət” X8 tərəfindən verilmiş 26.01.2015-ci il tarixli. AZ-İİ seriyalı, 025940 saylı “Nikah haqqında şəhadətnamədən” görünür ki, X11 ilə (iddiaçı) X7 26.01.2015-ci il tarixdə nikaha daxil olmuşlar. Binəqədi Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 19.06.2019-cu il tarixli, AZ-İ seriyalı, 999673 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, Adilə Bayramova 17.06.2019-cu il tarixdə ölmüşdür. X6 11 saylı Notariat Ofisinə ünvanladığı 04.07.2019-cu il tarixli ərizədən görünür ki, o, 17.06.2019-cu il tarixdə vəfat etmiş anası Adilə Bayramovadan miras qalmış əmlakdan ona düşən paydan qardaşı Cavabdeh2 xeyrinə imtina edir. X3 11 saylı Notariat Ofisinə ünvanladığı 04.07.2019-cu il tarixli ərizədən görünür ki, o, 17.06.2019-cu il tarixdə vəfat etmiş anası Adilə Bayramovadan miras qalmış əmlakdan ona düşən paydan qardaşı Cavabdeh2 xeyrinə imtina edir. X2 11 saylı Notariat Ofisinə ünvanladığı 04.07.2019-cu il tarixli ərizədən görünür ki, o, 17.06.2019-cu il tarixdə vəfat etmiş anası Adilə Bayramovadan miras qalmış əmlakdan ona düşən paydan qardaşı Cavabdeh2 xeyrinə imtina edir. Binəqədi Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 12.09.2019-cu il tarixli, AZ-İİ seriyalı, 020686 saylı “Ölüm haqqında şəhadətnamədən” görünür ki, X11 31.07.2019-cu il tarixdə Bakı şəhərində ölmüşdür. 18.12.2019-cu il tarixli, 2V-168 saylı “Qanun üzrə vərəsəlik haqqında şəhadətnamədən” görünür ki, Adilə Bayramovanın ölümündən sonra Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, bina № 16-yerləşən 81 №-li mənzil sonuncunun vərəsəsi olan Cavabdeh2 miras qalmışdır. DƏDRX tərəfindən “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş 19.12.2019-cu il tarixli “Çıxarışdan” görünür ki, həmin mənzil Cavabdeh2 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** saylı qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. “X17” Klinikasının 10.07.2020-ci il tarixli, 681 ch/1 saylı arayışından görünür ki, X4 götürülmüş histoloji material müvafiq tədqiqatın aparılması üçün 01.03.2019-cu il tarixdə Klinikaya qəbul olunmuş, 12.03.2019-cu il tarixdə preparatın müayinəsi başa çatmış, nəticə sonuncunun qohumlarına təqdim edilmişdir. Həmin Klinika tərəfindən verilmiş 12.03.2019-cu il tarixli “Laboratoriyaya göndərişindən” görünür ki, İslam Bayramovda “yastı epitel karsinoması (yüksək differensasiya) metastazı” aşkar olunmuş, tumorun ilkin ocağını ən əvvəl yuxarı tənəffüs yollarında axtarmaq məsləhət görülmüşdür. Milli Onkologiya Mərkəzinin Nüvə Təbabəti şöbəsinin 29.03.2019-cu il tarixli PET/KT raportundan görünür ki, 1 ay əvvəl sol çənəaltı limfa düyünü BX olunmuş, “yastı epitel karsinoması” diaqnozu qoyulmuş, xəstə İslam Bayramovda ilkin mənşəyin araşdırılması məqsədilə PET-KT müayinəsi istənilmişdir. Baş beyin görüntülərində FDG hərisliyi göstərən patoloji ocaq müşahidə olunmamışdır. Boyunda sol səviyyə İİ və İH-də ən böyükləri təqribən 4,5 sm ölçülən limfa düyünlərində patoloji xarakterdə və yüksək dərəcədə (SUV max=13.1), FDG toplanması müşahidə olunmuşdur. Toraks və divararalığı görüntülərində FDG hərisliyi göstərən patoloji ocaq müşahidə olunmamışdır. Qaraciyərin konturları nahamardır. Aktivliyin qaraciyərdə biopaylanması homogendir. Sağ sağrı nahiyəsinin dərialtı yağlı toxumasında təqribən 1,5 sm ölçülən ocaqda reaktiv xarakterdə və orta dərəcədə (SUVmax=3,2) FDG toplanması müşahidə olunmuşdur. Skelet sistemi və bədənin digər hissəsində FDG-nin fizioloji biopaylanması müşahidə edilmişdir. Nəticə: “boyunda sol səviyyə İİ və İİİ malign xarakterli yüksək hipermetabolik limfa düyünləri”. İslam Bayramovun adına olan 24.04.2019-cu il tarixli “Ultrasəs müayinə protokolundan” görünür ki, hər iki döş vəzinin müayinəsi zamanı subareolyar nahiyələrdə sağda 12,6 x 5,0 x 14,0 mm ölçülü, solda 15,9 x5,0 mm ölçülü exogenliyi aşağı olan vəz toxumalardan sahələr aşkar olunur. Hər iki qoltuqaltı nahiyədə sağda max 12,6x5,1 mm, 9,2x 4.0 mm, solda max 15,4 x8,4 mm, 14,6x 5,0 mm 9,5x6,0 mm, 8,3x5,1 mm ölçülü qabıq qatı qalınlaşmış (solda daha üstün) limfa düyünləri izlənilir. Boyun hissəsinin KT müayinəsindən müəyyən olunur ki, İslam Bayramovun ağızudlaq hava sahələri anatomik cəhətdən normaldır. Sol və sağ daxili yuxu arteriyaların mühüm dərəcəli aterosklerotik kalsifıkasiyası var. Pasientdə sol tərəfli massiv limfadenopatiya mövcuddur. Burada bütün qrup limfatik vəzlərdən ibarət konqlomerat yaranmışdır. Konqlomerat daxili parçalanma (hipodens) sahələr nəzərə çarpır. Parotid vəz soldan limfatik konqlomerata bitişikdir. Konqlomerat qulaqətrafı sahədən, sternocleidomastoid boyu aşağı boyun qrupuna qədər izlənilir və əzələlərdən demarkasiya dəqiq deyil. Carotidvidacı artifaksiyaya bağlı şərhi mümkün deyil. Onurğa sütununun boyun hissəsinidə sümükdestruktiv dəyişikliklər aşkar olunmur. Nəticə: “sol tərəfli servikal limfadenopatik konqlomerat, daxili karotid arteriyaların arterokserotik kalsifıkasiyası” Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X9 Publik Hüquqi şəxsin 01.09.2020-ci il tarixli T 249/2020 saylı rəyindən görünür ki, İslam Bayramov sağlığında neyrosirkulyar distoniya kardial tip, aterosklerotik kardioskleroz, ilkin ocağı məlum olmayan boyun limfa düyünlərinin karsinomasının metastazı xəstəliklərinə düçar olmuşdur. 31.07.2019-cu il tarixdə mərhum Cavabdeh2 meyiti müayinə olunmadığından hal-hazırda ölümün səbəbi haqqında konkret fikir söyləmək mümkün deyildir. Cavabdeh2 adına tərtib edilmiş tibbi sənədlərdə onun 04.07.2019-cu ildə sənədləri imzalayarkən öz hərəkətlərinin mənasını başa düşməmək və ya onları dərk etməmək iqtidarında olmamasını göstərən hər hansı əlamət aşkar edilməmişdir. 10 saylı poliklinikada Cavabdeh2 adına tərtib edilmiş ******* saylı “Ambulator kartadan” görünür ki, 27.02.1998-ci il tarixdə döş qəfəsi orqanlarının rentgenoskopiyasında ağciyərlərdə patologiya yoxdur. Sinuslar aydındır. Diafraqma hərəkətlidir. Ürəyin hüdudları bir qədər genişlənmişdir. Qəbulda şikayətləri öskürəkdən, hərarətin yüksəlməsindən və ümumi zəiflikdən olmuşdur. Hərarəti 36,7 dərəcədir. Ağciyər üzərində vezikulyar tənəffüs eşidilir. Ürək tonları karlaşıb. Qaraciyər, dalaq əllənmir. Diaqnoz: “kəskin respirator xəstəlik”. 14.08.2008-ci il tarixdə kardioloqun müayinəsi zamanı Cavabdeh2 ürək nahiyəsində sıxıcı ağrılardan, ağrıların sol qola yayılmasından, başağrılarından, ümumi zəiflikdən şikayət edir. Dəri örtüyünün rəngi bir qədər avazıyıb. Arterial təzyiq 140/80 mm civə sütununa bərabərdir. Ürək tonları karlaşmışdır. Nəbzi 1 dəqiqədə 82 vurğudur. Ağciyərlərdə vezikulyar tənəffüs eşidilir. Qarnı yumşaqdır, ağrısızdır. Diaqnoz: “D/S distoniyası kardial”. EKQ-da hiss dəstəsinin sağ ayağının tam blokadası, sol mədəciyin hipertrofıyası müəyyən edilmişdir. 10.12.2012-ci il tarixdə tibbi profilaktika üçün poliklinikaya çağrılıb. 21.06.2019cu il tarixdə ATU-nun Onkoloji Klinikasının 117607/19 saylı ambulator kitabçasının çıxarışından görünür ki, Cavabdeh2 “ilkin ocağı məlum olmayan Cr-in boyun-körpücüküstü limfa düyünlərinə mts-i” diaqnozu ilə müalicə alır. Xəstəliyin başlama tarixi 12.03.2019-cu il. 25.04.2019-cu il tarixindən aktiv hepatit “C” ilə bağlı olaraq capecitabine 2000 mq qəbul edir. Adekvat ağrıkəsicilərdə sahə onkoloqunun nəzarətinə yazılır. 22.06.2019-cu il tarixli müşahidəyə götürülmə epikrizi: xəstə Cavabdeh2 10 №-li poliklinikada “ilkin ocağı məlum olmayan Cr-in böyükkörpücüküstü limfa düyünlərinə mts” diaqnozu ilə “D” müşahidəyə götürülür. Xəstənin deməsinə görə bir neçə aydır ki, sol körpücüküstü nahiyədə şiş əmələ gəlib. Getdikcə şiş böyüyüb, şişin üstündə yara açılıb. Yaradan irinli ifrazat gəlib, arabir qanayıb. Xəstə ATU-nun Onkoloji Klinikasına müraciət edib. Orada xəstəyə KT, USM, analizlər PET müayinələri olunub. Xroniki hepatit “C” ( aktiv forma) aşkar olunub. Lakin ilkin mənbə təyin olunmayıb. Hepatit “C” ilə əlaqədar capecitabine 2000 mq qəbul edir. Dərisi ikterikbozumtul rəngdədir. Huşu aydındır. Ağciyərlərdə sərt tənəffüs eşidilir. Sol körpücüküstü və boyun nahiyəsində çox böyük ölçüdə hərəkətsiz, çox ağrılı, arxadan boyun fəqərələrinə bitişmiş limfa düyünü və ya düyünləri (bir-birinə bitişmiş) görünür və əllənir. Arterial təzyiq 140/90 mm civə sütununa bərabərdir. Nəbzi 1 dəqiqədə 85 vurğudur. Qarında assit var. Assitə görə qaraciyər və dalağı əlləmək olmur. Diurez azalıb, sidik qovucularla tənzimlənir. Aşağı ətraflarda böyük ödəm var. Ağrılar güclü olduğu üçün xəstəyə ağrıkəsici təyin olunur. 20.07.2019-cu il tarixdə xəstə halsızlıqdan, ümumi zəiflikdən, boyunda, başda olan ağrılardan şikayət edir. Deməsinə görə 1 kapsul tramadol qəbul edib, ona pis təsir edib. Ürəkbulanma əmələ gəlib. Xəstə qalan dərmanları tullamışdır. Huşu aydındır. Verilən suallara düzgün cavab verir. Yoldaşının deməsinə görə tramadol pis təsir etdiyinə görə digər ağrıkəsici tabletlərdən (ketanol) istifadə edir. Boyundakı yara böyükdür, irinli, qanlı ifrazat gəlir. Başağrıları və boyundakı ağrılar gecələr çoxalır. Arterial təzyiq 140/90 mm civə sütununa bərabərdir. Nəbzi 1 dəqiqədə 88 vurğudur. Ağciyərlərdə sərt tənəffüs eşidilir. Qarnı yumşaqdır. Diurez sidik qovucularla tənzimlənir. Aşağı ətraflarda və qarnın ön divarında böyük ödəm var. Diaqnoz: “ilkin ocağı məlum olmayan Cr-in boyunkörpücüküstü limfa düyünlərinə mts”. Göstərilənlərə əsasən Məhkəmə tərəfindən müəyyən edilir ki, (iddiaçı) İddiaçı 26.05.2015-ci il tarixdə İslam Bayramovla nikaha daxil olandan sonra sonuncunun anası Adilə Bayramovanın mülkiyyətində olan mübahisəli mənzildə yaşamağa başlamış, daha sonra İslam Bayramov 04.07.2019-cu il tarixli ərizəsi ilə 17.06.2019-cu il tarixdə vəfat etmiş anası Adilə Bayramovadan miras qalan əmlakdakı ona düşən paydan qardaşı (cavabdeh) Cavabdeh2 xeyrinə imtina etmişdir. Bunu nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlili ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1ci maddəsinə görə, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülki Məcəllənin 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətə son qoyulmasını tələb edə bilər. MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İş üzrə İddiaçı 04.07.2019-cu il tarixli ərizə tərtib olunarkən İslam Bayramovun səhhəti ilə bağlı özünü idarə edə bilməməsi, öz hərəkətlərinin mənasını dərk edə bilməməsi səbəbindən ərizənin və onun hüquqi nəticələrinin etibarsız olmasını iddia etsə də, bu halı sübuta yetirə bilməmiş, məhkəmə araşdırması zamanı İslam Bayramovun 04.07.2019-cu ildə sənədləri imzalayarkən öz hərəkətlərinin mənasını başa düşməmək və ya onları dərk etməmək iqtidarında olmamasını göstərən hər hansı əlamət aşkar edilməmişdir. Mülki Məcəllənin 1256-cı maddəsinə görə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Bu səbəbdən ilk iddianı əsassız hesab edərək təmin etməmiş Rayon Məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğundur. Apellyasiya şikayətində qeyd edilən dəlillər qətnamənin ilk iddiaya aid hissədə ləğv edilməsi üçün əsas təşkil etmir. Məhkəmə qarşılıqlı iddia ərizəsinin prosessual hüquq normalarının pozulması ilə icraata qəbul edilməsi ilə bağlı iddiaçının dəlillərinə qiymət verərək bildirir ki, MPM-nin 4.1ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də, maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 127-ci maddəsinin İV hissəsinə görə, ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. MPM-nin 155.1-ci maddəsinə görə, cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşı qarşılıqlı iddia verməyə haqlıdır. MPM-nin 155.3-cü maddəsinə görə, qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. İşdən görünür ki, ilk iddia tələbi miras payından imtina ərizəsinin etibarsız hesab edilməsi və onun hüquqi nəticələrinin ləğv edilməsi barədədir. Miras əmlaka isə mübahisəli mənzil daxildir. İş üzrə Cavabdeh2 isə qarşılıqlı iddia ərizəsində İddiaçı mübahisəli mənzildən çıxarılması və maneələrin qadağan edilməsini xahiş etmişdir. MPM-nin 152.1.1-ci maddəsinə görə, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. MPM-nin 156.1-ci maddəsinə görə, hakim qarşılıqlı iddianı aşağıdakı hallarda qəbul edir: qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə; qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa; qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə. İş materiallarından görünür ki, hər iki tələb arasında qarşılıqlı əlaqə vardır və onlara birlikdə baxılması ilə tərəflər arasındakı mübahisənin daha tez və düzgün baxmaqla nəticələnəcəkdir. Məhkəmə qeyd olunan normalar əsasında mülki işin materiallarını əlaqəli şəkildə araşdırarkən müəyyən etmişdir ki, Rayon Məhkəməsi qarşılıqlı iddia ərizəsini düzgün olaraq icraata götürmüşdür. Məhkəmə tərəfindən qanunvericiliyin tələbləri düzgün qiymətləndirilmiş, prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. buna görə də İddiaçı apellyasiya şikayətinin qarşılıqlı iddianın icraata qəbul edilməsi zamanı prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri əsassızdır. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1.-ci maddəsinə görə, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2.-ci maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Məcəllənin 30.3.-cü maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. Məcəllənin 30.4.-cü maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Məcəllənin 30.5.-ci maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin bu Məcəllənin 30.4- cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilir. Göstərilən müddət başa çatanadək keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə belə hüququn saxlanmasına əsas olmuş hallar aradan qalxdıqda xitam verilir. Göründüyü kimi Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə təsbit olunan yaşayış sahəsindən istifadə hüququnun saxlanılmasından yalnız mülkiyyətçinin keçmiş ailə üzvü yararlana bilər. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16.12.2014-cü il tarixli Qərarında Mülki Məcəllədə “istifadə” sözünün mahiyyətcə müxtəlif institutlarla bağlı müddəalarda geniş şəkildə işlədilməsini qeyd edərək, “istifadə hüququ” ifadəsinin əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə etdiyini göstərmişdir. X5 Məhkəməsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva etməsini müəyyən etmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı mübahisəli mənzilin mülkiyyətçilərinin ailə üzvü olmamaqla yanaşı həmin mülkiyyətçilərin onu saxlamaq vəzifəsi də olmadığından qarşılıqlı iddia ərizəsi İddiaçı mənzildən öz əşyaları ilə birlikdə çıxarılmaqla mənzilin boşaldılması hissəsində əsaslıdır. Qarşılıqlı iddia ərizəsində göstərilən digər şəxslərin kimlər olması bu tələbi irəli sürən iddiaçı tərəfindən müəyyən edilmədiyindən, bu iddia ərizəsində sadalanan əşyaların mövcud olmasına dair sübut məhkəməyə təqdim edilmədiyindən, mənzildən çıxarılan İddiaçı mülkiyyətçinin sahiblik, istifadə hüquqlarının həyata keçirilməsinə maneələr yaratmasına qadağalar qoyulması üçün əsaslar olmadığından Rayon Məhkəməsi bu tələbləri əsassız hesab edərək təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Məhkəmə Cavabdeh2 mənəvi ziyan tələbi ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı Qərarında göstərilir ki, mənəvi zərər, insanın anadan gəlmə və ya qanun əsasında ona məxsus olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində fiziki əzab çəkməsi kimi başa düşülür. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə isə ona qarşı törədilmiş qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi başa düşülür. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verir. Keçirdiyi fiziki və mənəvi sarsıntılarla bağlı öz tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı bir tutarlı sübutu məhkəməyə təqdim edə bilmədiyindən, MPM-in 77.1 və 14.2-ci maddələrinin tələbləri baxımından qarşılıqlı iddia ərizəsi bu hissədə də sübuta yetirilməməsi əsası ilə təmin edilə bilməz. Belə olan halda hesab edilməlidir ki, Rayon Məhkəməsi də eyni əsasla bu nəticəyə gəlməkdə haqlı olmuşdur. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətlərinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, hər iki apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 24 noyabr 2020-ci il tarixli qətnamə dəyişdirilmədən, iş üzrə verilmiş hər iki apellyasiya şikayəti isə təmin edilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları, onları ödəmiş şəxslərin özlərinə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar