Məhkəmə qərarları › İş №2(103)-850/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-850/2021

13.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-850/2021 13.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X6 (sədrliyi və məruzəsilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, Cavabdeh Sığorta Şirkəti ASC-nin nümayəndəsi X14 iştirakı ilə, İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs “X24 Azərbaycan" QSC göstərilməklə) “müqavilə öhdəliklərinin yerinə yetirilməsi və sığorta məbləğinin ödənilməsi" tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2852/2018 saylı işi üzrə xx.xx.2018-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Cavabdeh" Sığorta Şirkəti ASC-dən 105000 ABŞ dolları məbləğində sığorta ödənişinin, 149100 ABŞ dolları məbləğində dəbbə pulunun ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən olunmuşdur ki: İddiaçı məxsus Lexus markalı, LX 570 modelli, 90- NR-747 dövlət qeydiyyat nişanlı, ban nömrəsi JTJHY00W6A4045418, mühərrik nömrəsi 3UR3059474, rəngi qara metal, buraxılış ili 2010-cu il olan avtomobil Cavabdeh Sığorta Şirkəti tərəfindən 105000 ABŞ dolları məbləğində xx.xx.2012-ci il tarixdə sığortalanmışdır. Sığorta müddətinin bitmə tarixi xx.xx.2015-ci il müəyyən edilmişdir. Sığorta riskləri avtonəqliyyat hadisəsi, atılmış və ya düşmüş əşya, oğurluq, quldurluq, qaçırma və soyğunçuluq, yanğın, partlayış, heyvanların hərəkəti, üçüncü şəxslərin qanunazidd hərəkətləri və təbii fəlakətlar müəyyən edilmişdir (səh.11); Ruslan Valeh oğlunun şikayət ərizəsi əsasında toplanmış materiala əsasən fakta görə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə ********** saylı cinayət işi başlanmasına və ibtidai araşdırma aparılması üçün icraata qəbul edilməsinə Nərimanov RPİ-nin İŞ-nin cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx xxxx 2015ci il tarixli qərar verilmişdir. Həmin qərarla müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2012-ci il tarixdə Nərimanov rayonu, M.Araz küçəsində yerləşən avtomobil alqı-satqı salonundan özünə "Lexsus LX 570” markalı, ** NR *** dövlət qeydiyyat nişanlı avtomaşını 105000 ABŞ dolları məbləğinə “Yapı Kredit Bankın”a girov qoymaqla kredit götürərək pulu ödəmiş, 2014-cıi ilin avqust ayında maddi durumu çətinləşdiyinə görə avtomaşını satmaq qərarına gəlmiş və bu barədə “Turbo.az” internet saytına müvafiq məlumatları yerləşdirdikdən sonra avtomobili Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 54 ünvanında yerləşən “Qarant” avtomobil salonuna qoymuş, telefon bağlantıları vasitəsi ilə tanış olduğu X11 xx.xx.2015-ci il tarixdə qeyd edilən avtomobili almaq istəyini ona bildirməklə avtomobilə görə 12500 nəğd pul ödəməklə banka ödənilməli olan müəyyən edilmiş 2774 manat məbləğində aylıq ödənişi 30 ay müddətində ödəyəcəyinə vəd vermiş, elə həmin günü Ramil Mehdiyev qeyd edilən avtomobili özünə deyil, yaxın qohumu kimi təqdim etdiyi X3 alınacağını bildirmiş və sonuncunun İddiaçıla “Qarant” avtomobil salonunda görüşlərini təşkil etmiş, nəticə etibarı ilə Ruslan X1 Ramil Mehdiyevlə razılaşdırılmış şərtlərə uyğun olaraq mülki etibarnamə vermiş və qeyd edilən 12500 manat pulu H.M.Mirnağıyevdən qəbul etmiş, daha sonra X11 qarşısına qoyduğu dələduzluq niyyətinə nail olmaq məqsədi ilə təsvir edilən avtomaşının tanışı X2 adına, daha sonra isə öz adına rəsmiləşdirilməsinə nail olaraq həmin avtomobili ələ keçirməklə naməlum ünvanda gizlədərək vədinə əməl etməmiş və Banka müəyyən edilmiş aylıq ödənişin keçirilməsindən imtina etmişdir (səh.67); Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi İstintaq İdarəsinin xx xxxxxx 2016-cı il tarixli fiziki şəxsin zərərçəkmiş şəxs qismində tanınma haqqında qərarına əsasən, X11 və X15 barələrində CM-nin 178.3.2, 206.3.1, 206.3.2, 206.3.3, 308.2, 313-cii maddələri ilə ********* nömrəli cinayət işi üzrə İddiaçı cinayət prosesi iştirakçısı kimi zərərçəkmiş şəxs qismində tanınması qərara alınmışdır (səh.73); Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2016-cı il tarixli 100-20/xx-xx/013588 nömrəli məktuba əsasən, İddiaçı məxsus **-NR-*** dövlət nömrə nişanlı “Lexus LX 570” markalı avtomobil X9 tərəfindən xx xxxxxx 2014-cü il tarixdə Respublika ərazisindən Gürcüstan Respublikasına qaçaqmalçılıq yolu ilə çıxarılmışdır. Həmin faktla bağlı Dövlət Gömrük Komitəsi İstintaq İdarəsində Azərbaycan Respublikası CM-nin 178.3.2, 206.3.1, 206.3.2, 206.3.3, 308.2 və 313-cü maddələri ilə ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq aparılır. Həmin cinayət işi üzrə İddiaçı zərərçəkmiş şəxs qismində tanınmışdır (səh.74); DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin xx xxxxxxx 2017-ci il tarixli zərərçəkmiş şəxs kimi tanınma haqqında qərarına əsasən, aparılmış ilkin istintaq zamanı müəyyən olunmuşdur ki, iş üzrə təqsirləndirilən şəxs X11 və digərləri qabaqcadan əlbir olub bir qrup şəxs halında İddiaçı məxsus “Lexus LX 570” minik markalı, **-NR-*** qeydiyyat nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsini istintaqa məlum olmayan yolla saxtalaşdıraraq dələduzluq yolu ilə ələ keçirdikdən sonra xx xxxxxx 2014-cü il tarixdə qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasından Gürcüstan istiqamətində keçirərək istintaqa məlum olmayan şəxslərə satmışlar. Həmin cinayət işi üzrə İddiaçı maddi ziyan dəydiyindən zərərçəkmiş şəxs kimi tanınması qərara alınmışdır (səh.9); Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən İddiaçı ünvanlanmış 03/1200 saylı xx.xx.2017-ci il tarixli məktuba əsasən, oğurluq faktının müəyyən edilməməsi, dələduzluq nəticəsində zərərin riskə aid olmaması sığorta hadisəsinin baş verməməsini sübut sığorta tələbi üzrə sığorta ödənişinin verilməsindən imtinanın əsasıdır. Oğurluq faktının müəyyən edilməməsi, dələduzluq nəticəsində dəymiş zərərin riskə aid olmaması siğorta hadisəsinin baş verməməsini sübut edir. Göstərilənlərə əsasən, siğorta tələbi üzrə siğorta ödənişinin verilməsindən imtina edilmişdir (səh.15). Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2852/2018 saylı işi üzrə xx.xx.2018ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883, 888, 899, 922, 926; MPM-in 14, 77, 119, 217-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçı onun avtomobilinin oğurlanmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədi, cinayət işi dələduzluq faktına görə başlanılmışdır. Dələduzluq əməli isə tərəflər arasında imzalanmış sığorta şəhadətnaməsinə əsasən sığorta risklərinə daxil edilməmişdir. Ümumiyyətlə, iddiaçı tərəflər arasında imzalanmış sığorta şəhadətnaməsində müəyyən edilmiş sığorta risklərindən hər hansı birinin baş verməsini təsdiq edən sübutları məhkməyə təqdim edə bilmədi. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(006)-2852/2018 saylı qətnaməsinin tamamilə ləğv edilərək, iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə xx xxxxx 1994-cü il tarixli Qərarına; MPM-in 82, 254; “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il tarixli qərara istinadən qeyd edilmişdir ki, məhkəmə, öz qətnaməsində hər hansı qanuni qüvvəyə minmiş hökm və qərara istinad etməmişdir. İddiaçının avtomobilinin onun iradəsinə zidd olaraq sahibliyindən çıxarılması nəticəsində iddiaçı bu barədə polis orqanlarına şikayət etmişdir və bu barədə cavabdeh sığorta şirkətinə məlumat vermişdir. Lakin cavabdeh şirkət “oğurluq faktının müəyyən edilməməsi, dələduzluq nəticəsində dəymiş zərərin riskə aid olmamasını” əsas gətirərək, sığorta ödənişinin verilməsindən imtina etmişdir. İddiaçının şikayəti əsasında polis orqanları tərəfindən əməlin düzgün tövsif edilməməsi isə, sığorta ödənişinin verilməsindən imtina üçün əsas ola bilməzdi. Belə ki, əvvəla, iddiaçının müraciəti əsasında başlanmış cinayət işi üzrə hər hansı qanuni qüvvəyə minmiş məhkəmə qərarı, hökmü olmadığı halda, həmin əməlin məhz dələduzluq və ya qaçaqmalçılıq olmasına istinad edilə bilməz, belə ki, istintaqın və işə məhkəmədə baxılan zaman həmin əməl oğurluq cinayətinə tövsif edilə bilər; ikincisi, işin mübahisələndirilməyən halı ondan ibarətdir ki, sığortalanmış avtomobil iddiaçının iradəsindən aslı olmayan səbəblərdən onun sahibliyindən çıxarılmışdır. Avtomobilin iddiaçının sahibliyindən qanunsuz olaraq çıxarılmasının konkret olaraq hansı maddəyə tövsif edilməsi həmin cinayət işi üzrə məhkəmə hökmü qanuni qüvvəyə mindikdən sonra məlum olacaqdır. Hazırda şikayət verilən məhkəmə qətnaməsində isə iddianın rədd edilməsi preyudisial hal kimi istinad edilə bilməyən hala-avtomobilin iddiaçının sahiliyindən qanunsuz çıxmasının dələduzluq əməlinin nəticəsi olmasına istinad edilir ki, bu da yuxarıda istinad edilən prosessual normalara və Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə ziddir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 2(006)-2852/18 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş və iddia tələbi qismən təmin edilərək, Cavabdeh sığorta şirkəti ASC-dən (105000 ABŞ dollarından 1000 ABŞ dolları şərtsiz azadolma məbləğ çıxılmaqla) cəmi 104000 ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq) sığorta məbləğinin, məhkəmə xərcləri üçün 45 manatın (30 manat və 15 manat) alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin dəbbə puluna aid hissədə təmin olunmaması qət edilmişdir. Cavabdeh Sığorta Şirkəti ASC kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-1686/2020 saylı Qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Sığorta Şirkəti ASC Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumuna şikayətlə müraciət etmiş və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 29 və 60-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1,8-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 418.1 və 418.2-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş və Azərbaycan Respublikasının inzibati və mülki prosessual qanunvericiliyi ilə müəyyən dilmiş qaydada və müddətdə yenidən baxılması qərara alınmışdır. Qərarda Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 60; MM-in 14, 390, 883, 935; MPM-in 416, 418-ci maddələrinə; Konstitusiya Məhkəməsi Plenumunun K.Qəribovanın şikayəti üzrə 2008-ci il may tarixli Qərarına istinadən qeyd edilmişdir ki, mübahisələndirilən məsələ ilə əlaqədar, ilk növbədə, fiziki və hüquqi şəxslərin qanuni mənafelərinin müdafiəsinin ən əhəmiyyətli vasitələrindən biri olan sığorta institutuna və onun mühüm kateqoriyaları sayılan sığorta müqaviləsi, sığorta hadisəsi anlayışlarını müəyyən edən mülki qanunvericilik normalarına aydınlıq gətirilməsini zəruri hesab edir. Sığorta - insanların maddi və şəxsi maraqlarının, onların həyatının, sağlamlığının, əmlakının və digər mənafelərinin mühafizəsinin təmin edilməsində mühüm iqtisadi-hüquqi kateqoriyadır. Sığorta müqaviləsi onun iştirakçıları olan sığortaçıya və sığortalıya müəyyən hüquqlar və vəzifələr yaradır. Belə ki, sığortalı müvafiq sığorta haqqı ödəmək vəzifəsini və sığorta müqaviləsində nəzərdə tutulmuş sığorta hadisəsi baş verdikdə sığorta ödənişi almaq hüququnu, sığortaçı isə sığortalıdan müvafiq sığorta haqqını almaq hüququnu və sığorta hadisəsi baş verdikdə sığorta ödənişini ödəmək vəzifəsini əldə edirlər. Tərəflər arasında imzalanmış sığorta müqaviləsi və sığorta şəhadətnaməsindən görünür ki, sığorta riskləri bölməsində avtonəqliyyat hadisəsi, atılmış və ya düşmüş əşya, oğurluq, quldurluq, qaçırma və soyğunçuluq, yanğın və partlayış, heyvanların hərəkəti, üçüncü şəxslərin qanunazidd hərəkətləri və təbii fəlakətlər müəyyən edilmişdir. Qeyd olunduğu kimi, sığorta müqaviləsinə əsasən sığorta obyekti olan İddiaçı məxsus avtomobil bir qrup şəxs tərəfindən dələduzluq yolu ilə ələ keçirildikdən sonra qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılaraq atılmışdır. Apellyasiya instansiyası məhkəməsi tərəflər arasında bağlanmış müqaviləsinin 5.1-ci bəndinə istinad edərək belə qənaətə gəlmişdir ki, sığorta müqaviləsində əks olunmuş sığorta risklərinin əhatə dairəsi arasındakı mülkiyyət əleyhinə cinayətlərin bir neçəsi (oğurluq, quldurluq, qaçırma və soyğunçuluq) sadalansa da, əslində istiqamət Azərbaycan Respublikasının Cinayət Məcəlləsində “Mülkiyyət əleyhinə olan cinayətlər" adlı XXİİİ Fəslində yer almış istənilən, o cümlədən dələduzluq cinayət əməli nəticəsində sığortalanmış avtomobilin müxtəlif üsullarla talanması, ələ keçirilməsi və sahiblikdən çıxarılmasını nəzərdə tutur. Lakin Qaydalarda və tərəflər arasında bağlanmış sığorta müqaviləsində sığorta hadisəsi kimi nəzərdə tutulmuş cinayətlərin (oğurluq, quldurluq, qaçırma və soyğunçuluq) əsas elementi ondan ibarətdir ki, həmin cinayətlər nəticəsində zərərçəkmiş şəxs öz iradəsindən asılı olmayan səbəblərdən mülkiyyətindən məhrum olunur. Dələduzluq cinayəti şəxsin etibarından sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında vermiş olur. Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla qanunazidd olmayan istənilən şərtlərlə müqavilə bağlamaq imkanı verir. Bu baxımdan, öhdəliklərinin əmələ gəlməsi əsasları arasında müqavilə aparıcı yer tutur. Müqavilə ilə tərəflər qarşılıqlı razılıq əsasında hüquq və vəzifələrini müəyyən etməklə öz əmlak mənafelərini təmin etmiş olurlar. Beləliklə, İddiaçı və Cavabdeh Sığorta Şirkəti ASC arasında bağlanılmış sığorta müqaviləsindən və “Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası Şəhadətnaməsi”ndən göründüyü kimi, tərəflər avtomobilin sığorta riskləri bölməsinə yalnız oğurluq, quldurluq, qaçırma və soyğunçuluq kimi cinayətləri daxil etmişlər. Lakin dələduzluq cinayəti tərəflər arasında bağlanmış sığorta müqaviləsinin sığorta riskləri dairəsinə salınmamışdır. Beləliklə, dələduzluq cinayətinin tərəflər arasında bağlanmış sığorta müqaviləsində sığorta riski kimi göstərilmədiyinə və sığorta təminatına daxil olunmadığına görə sığorta hadisəsi baş verməmişdir. Sığorta hadisəsinin baş verməməsi sığorta ödənişinin verilməsindən imtina edilməsi üçün əsas hesab edilir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin dələduzluq əməlinin mübahisəli sığorta müqaviləsində sığorta riski olaraq nəzərdə tutulmuş oğurluq, soyğunçuluq, quldurluq, qaçırma əməlləri kimi mülkiyyət əleyhinə olan cinayətlər sırasında olduğuna görə baş vermiş bu hadisənin də sığorta hadisəsi kimi qəbul edilməsi mövqeyi yalnış olmuşdur. Kassasiya instansiyası məhkəməsinin isə apellyasiya instansiyası məhkəməsinin bu mövqeyi ilə razılaşması mülki qanunvericiliyin yuxarıda qeyd edilən normaları ilə uzlaşmır. Kassasiya instansiyası məhkəməsində işə baxmanın hədləri Mülki Prosessual Məcəllənin 416-cı maddəsində təsbit edilmişdir. Bu normanın tələbinə görə, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin gətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.2-ci maddəsinə müvafiq olaraq, bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. Lakin Ali Məhkəmənin Mülki Kollegiyası mülki prosessual qanunvericiliyin göstərilən tələblərinə tam aməl etməmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda qeyd olunan maddi hüquq normalarının pozulmasına düzgün qiymət verməyərək qətnaməni dəyişdirmədən saxlamış, nəticədə ərizəçinin Konstitusiyanın 29 və 60-cı maddələrində nəzərdə tutulmuş hüquqları pozulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 13(102)-4(k)/2020 saylı Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-5213/2019 nömrəli, xx xxxx 2019-cu il tarixli qərarı və onunla bağlı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1283/2019 nömrəli,xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilərək iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Qərarda “Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam siğortası üzrə” Sığorta Qaydalarına; MM-in 6, 14, 390, 926, 935; MPM-in 416, 418, 430, 431-ci madələrinə istinadən qeyd edilmişdir ki, tərəflər arasında imzalanmış sığorta müqaviləsi və sığorta şəhadətnaməsindən görünür ki, sığorta riskləri bölməsində avtonəqliyyat hadisəsi, atılmış və ya düşmüş əşya, quldurluq, qaçırma və soyğunçuluq, yanğın və partlayış, heyvanların hərəkəti, şəxslərin qanunazidd hərəkətləri və təbii fəlakətlər müəyyən edilmişdir. Sığorta müqaviləsinə əsasən sığorta obyekti olan İddiaçı məxsus avtomobil bir qrup şəxs tərəfindən dələduzluq yolu ilə ələ keçirildikdən sonra qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılaraq satılmışdır. Apellyasiya instansiyası məhkəməsi tərəflər arasında bağlanmış sığorta müqaviləsinin 5.1-ci bəndinə istinad edərək belə qənaətə gəlmişdir ki, sığorta müqaviləsində əks olunmuş sığorta risklərinin əhatə dairəsi arasındakı mülkiyyət əleyhinə cinayətlərin bir neçəsi (oğurluq, quldurluq, qaçırma və soyğunçuluq) sadalansa da, əslində bu istiqamət Azərbaycan Respublikasının Cinayət Məcəlləsində “Mülkiyyət olan cinayətlər” adlı XXİİİ Fəslində yer almış istənilən, o cümlədən dələduzluq əməli nəticəsində sığortalanmış avtomobilin müxtəlif üsullarla talanması, ələ keçirilməsi və sahiblikdən çıxarılmasını nəzərdə tutur. Lakin Qaydalarda və tərəflər arasında bağlanmış sığorta müqaviləsində sığorta kimi nəzərdə tutulmuş cinayətlərin (oğurluq, quldurluq, qaçırma və soyğunçuluq) əsas elementi ondan ibarətdir ki, həmin cinayətlər nəticəsində zərərçəkmiş şəxs öz iradəsindən asılı olmayan səbəblərdən mülkiyyətindən məhrum olunur. Dələduzluq cinayəti şəxsin etibarından sui-ıstifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında vermiş olur. İddiaçı və Cavabdeh Sığorta Şirkəti ASC arasında bağlanılmış sığorta müqaviləsindən və “Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası Şəhadətnaməsi’ndən göründüyü kimi, tərəflər avtomobilin sığorta riskləri bölməsinə yalnız oğurluq, quldurluq, qaçırma və soyğunçuluq kimi cinayətləri daxil etmişlər. Lakin dələduzluq cinayəti tərəflər arasında bağlanmış sığorta müqaviləsinin sığorta riskləri dairəsinə salınmamışdır. Beləliklə, dələduzluq cinayətinin tərəflər arasında bağlanmış sığorta müqaviləsində sığorta riski kimi göstərilmədiyinə və sığorta təminatına daxil olunmadığına görə sığorta hadisəsi baş verməmişdir. Sığorta hadisəsinin baş verməməsi sığorta ödənişinin verilməsindən imtina edilməsi üçün əsas hesab edilir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin dələduzluq əməlinin mübahisəli sığorta müqaviləsində sığorta riski olaraq nəzərdə tutulmuş oğurluq, soyğunçuluq, quldurluq, qaçırma əməlləri kimi mülkiyyət əleyhinə olan cinayətlər sırasında olduğuna görə baş vermiş bu hadisənin də sığorta hadisəsi kımı qəbul edilməsi mövqeyi yalnış olmuşdur. Kassasiya instansiyası məhkəməsinin isə apellyasiya instansiyası məhkəməsinin bu mövqeyi ilə razılaşması mülki qanunvericiliyin yuxarıda qeyd edilən normaları ilə uzlaşmır. Konstitusiya məhkəmə icraatında hüquq və azadlıqların pozulmasının müəyyən olunması və Konstitusiya Məhkəməsi tərəfindən məhkəmə aktlarının Konstitusiyaya və qanunlara uyğun olmayan hesab edilməsindən sonra pozulmuş hüquq və azadlıqlar ümumi yurisdiksıyalı məhkəmələrdə bərpa olunmalıdır. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan pozuntuları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, hazırkı qərarda göstərilənlərlə yanaşı Konstitusiya Məhkəməsi Plenumunun qərarında şərh olunan göstərişləri də nəzərə almalı və yerinə yetirməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh Sığorta Şirkəti ASC-nin nümayəndəsi X19 apellyasiya şikayətini qəbil etməyərək, iş materiallarında olan hökmlərin “Lexus” markalı LX 570 modelli ** NR *** dövlət qeydiyyat nişanlı avtomobilə bağlılığı olmadığını, iddiaçının 2014-cü il tarixdə avtomobili satmaq üçün elan verdiyini, 12500 manat pul məbləğinə satdığını, alıcının digər ödənişi banka ödəməli olduğu halda ödəmədiyini, iddiaçının dələduzluq faktının mövcud olduğunu bildirməsi əsasında cinayət işinin başlandığını və zərərçəkmiş qismində cəlb edildiyini, iddiaçıya dələduzluğa görə siğorta ödənişini edə bilməməsi barədə məlumat verildiyini, 2014-cü ildə sığorta hadisəsinin baş verdiyini, iş materiallarında Maliyyə Nazirliyinin üçüncü şəxslərin qanunazidd hərəkətləri ilə bağlı risklə bağlı verdiyi məktubunun mövcud olduğunu və belə olan hallarda kimsənin təqsiri müəyyən edilməyən hallarda belə mülki hüquq pozuntusu əsasında sığorta hadisəsinin baş verdiyini, hazırki halda isə mülki qanunvericiliyə və qaydalara uyğun olaraq sığorta hadisəsinin baş vermədiyini, sığorta hadisəsi baş vermədiyi təqdirdə sığortadan imtina edildiyini, həmin qaydaların müqavilə bağlanan zaman qüvvədə olduğunu və sonradan normaların yerində dəyişiklik olsa da mahiyyətinin dəyişmədiyini, sığorta hadisəsi kimi qiymətləndirildiyi təqdirdə isə avtomobilin artıq köhnəldiyini, onların avtomobilin dəyərində ödəniş etdikləri təqdirdə şəxsin əsassız olaraq varlanacağını, çünki hal-hazırda avtobilin qiymətinin 105000 ABŞ dolları olmadığını, avtomobilin bazar qiymətinin müəyyən edilməli və iddaçının faktiki satışdan bəhrələndiyi məbləğin çıxılmalı olduğunu bildirmişdir. Məhkəmə Kollegiyasının xx.xx.2021-ci il tarixli iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil iddiaçının “Lexus” markalı LX 570 modelli ** NR *** dövlət qeydiyyat nişanlı avtomobili aldıqdan sonra Cavabdeh Sığorta Şirkəti ASC-də siğortladığını, sonra avtomobili satmaq istədiyi üçün elan verdiyini, oradan X5 avtomobilin idarə edilməsi üçün etibarnamə verdiyini, bu barədə siğorta şirkətinə məlumat vermədiyini, sonradan bankdan ona zəng edilərək borcunun ödənilmədiyini bildirdiklərini, H.Mirnağıyevi axtardıqdan sonra Nərimanov RPİ-nə ərizə verdiyini, həmin etibarnaməni ləğv etdirdiyini, H.Mirnağıyev barəsində 2017-ci il tarixdə istinaqın davam etdirildiyini bildirmiş və vəsatət təqdim edərək, DİN-nin müstəntiqi X16 tərəfindən məhkəməyə təhvil verilmiş İddiaçı məxsus sığorta predmeti olan “Lexus” markalı LX 570 modelli **-NR-*** dövlət qeydiyyat nişanlı avtomobilin onun sahibliyindən qanunsuz olaraq çıxarılması epizodu üzrə araşdırılan cinayət işinə baxılıb yekun məhkəmə hökmü və qərar çıxarılanadək, icraatda olan hazırki mülki iş üzrə icraatı dayandırılmasını xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən, İddiaçı, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs “X24 Azərbaycan" QSC-nin nümayəndəsinin iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya icraatı zamanı işdə olan və əlavə əldə edilmiş məlumatlardan müəyyən edilir ki: Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli, 13/03-555- 6365 saylı məktubunda qeyd edilmişdir ki, qeyd olunmuş “üçüncü şəxslərin qanunazidd hərəkəti” dedikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsində verilən anlayış başa düşülməlidir (iş səh.199); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2021-ci il tarixli məktubuna əsasən, İddiaçı məxsus “Lexus” marklaı “LX570” modelli **-NR-*** qeydiyyat nişanlı avtomobilin dələduzluqla ələ keçirilib, qaçaqmalçılıq yolu ilə ölkə hüdudlarından xx xxxxxx 2014-cü il tarixdə Azərbaycan Respublikasından Gürcüstan istinqamətə keçirilməsi xüsusatı üzrə hazırda Baş İstintaq və Təhqiqat İdarəsininin Ağır cinayətlərin istintaqı şöbəsində ********* nömrəli cinayət işi üzrə araşdırma davam etdirilir. Qeyd olunun xüsusat üzrə İddiaçı xx xxxxxx 2016-ci ildə Dövlət Gömrük Komitəsinə ərizə ilə müraciət etmiş, müraciəti istintaqı aparılan ********* nömrəli cinayət işinə əlavə olunmaqla zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş, həmin iş üzrə təqsirləndirlən şəxs X11 ilə üzləşdirmə aparılmış və cinayət işi Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsində istintaq edilən ********* nömrəli cinayət işinə birləşdirilməsi üçün göndərilmişdir. Avtomobilin ələ keçirilərək ölkə hüdudlarından qaçaqmalçılıq yolu ilə keçirilməsində iştirak etmiş X4 olduğu yerin müəyyən edilərək istintaqa təqdim edilməsi üçün müvafiq tədbirlər görülsə də hazırkı vaxta qədər dindirilməsi mümkün olmamışdır. Cinayətin digər iştirakçısı X8 barəsində isə iş üzrə digər xüsusatlar üzrə CM-nin 178.3.1, 178.3.2, 206.4 və 320.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək xx xxxxxx 2017-ci ildə axtarış elan edilmişdir. Hüseyn Mirnağıyev və Şamxal Rajbadinov dindirildikdən və zəruri olan digər istintaq hərəkətləri aparıldıqdan sonra İddiaçı avtomobilin ələ keçirilməsində iştirak etmiş şəxslərin əməllərinə hüquqi qiymət veriləcəkdir(iş İİ cild səh.45); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X22 İdarəsinin xx.xx.2021-ci il tarixli, 29141-1221 saylı məktubuna əsasən, DİN-in Baş X22 İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasına görə «LEXUS LX570» markalı **-NR-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2012-ci il tarixdən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, bağ evi 1533 ünvanında qeydiyyatda olan xx.xx.1981-ci il təvəllüdlü İddiaçı adında qeydiyyatdadır. Qeyd olunan avtomobilin etibarnamə ilə xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixədək X4 istifadəsində olması barədə DİN-in Baş X22 idarəsinin mərkəzi informasiya sistemində məlumat mövcuddur (iş İİ cild səh.79). Birinci instansiya məhkəməsinin qətnaməsinin əsəsaslılığın “Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam siğortası üzrə” Sığorta Qaydalarına; Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydalarının 20-25.27-29; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 7.1, 883- 889,898,904-906,915-916,919,922–926,1096-1099,1114-1115;Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 2, 77, 82, 216-220, 227, 233, 358, 360 və 362, 420-ci maddələrinin tələblərinə müvafiq tədqiq edilən iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin mübahisə edilən əsaslı dəlillərinə münasibətdə qeyd edilməlidir ki, qətnamə qəbul edilərkən tətbiq edilməli olan qanununun norması səhv təfsir (tətbiq) edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, qətnamədə göstərilmiş əsaslar işin həqiqi hallarına və hüquq normaları tələblərinin vəhdətinə rəğmən uyğunlaşdırılmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticə qət edilmişdir. Diqqətə çatdırılmalıdır ki, mülki qanunvericilik - hər bir müddəanın hərfi mənasında deyil, onun normalar sistemindəki yeri (preamblua, fəsil və sair), ümumi prinsipləri (məqsəd və vəzifələri), insan hüquqlarının (azadlıqlarının) sosial təbiəti və normativ iyerarxiya, mülki munasibətlərdə müqavilə azadlığı fəlsəfəsi, qanunda nəzərdə tutulduğundan artıq hüquqların məhdudlaşdırılmasının, sui-istifadə və hökmranlığının yolverilməzliyi, ədalət, insaf və humanizm baxımından təfsir edilməlidir. Apellyasiya icraatının hədləri baxımından qeyd edilməlidir ki, şikayət qərarın ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı (şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından kassasiya instansiyası məhkəməsinin göstərişlərinə əsasən) tam yoxlanılmaldır. Qeyd edilməlidir ki, kassasiya instansiyası məhkəməsi Konstitusiya Məhkəməsinin qərarına istinadən yalnız cavabdehin subyektiv mövqeyindən və birinci instansiya məhkəməsinin cavabdehin mövqeyinə müvafiq qətnamədə təfsir edilmiş hallara qiymət vermiş, iddiaçının hüquqları və cavabdehin vəzifələrinə aid hallara qiymət verməmişdir. Bununla belə kassasiya instansiyası mülki məhkəmə kollegiyasının işin ətraflı araşdırmaq və qanunvericiliyin düzgün tətbiqi üzə göstərişlərinə müvafiq qeyd edilməlidir ki, cavabdeh bir sıra məhkəmə çəkişmələrində münasibət bildirərkən öz etirazının əsası olaraq vəzifələrinin həyata keçirilməsinə dair sübutlar təqdim etməmişdir. Belə ki, sığortaçının sığorta hadisəsi ilə bağlı mövqeyini əsaslandıran dəlilləri ilk növbədə onun özü (əməkdaşları) tərəfindən araşdırmalı idi ki, belə araşdırmanın aparılmasına dair sübutlar təqdim edilməmiş, deməli sonuncunun imtinasının əsası mövcud olmamışdır. Belə ki, iddiaçının tələbinə imtina (etiraz) edən cavabdehin öz etirazının əsasını sübut etmək vəzifəsi məhz onun özünə mənsub olmuşdur. Sığortanın fəlsəfəsi sığortalının risklərdən azad olmaq hüququ üzrə sığortaçının risklərinin müəyyən edilməsi üzrə vəzifəsi ilə və səlahiyyətləri ilə əhatə edilir. Ona görə sığorta risklərinin qiymətləndirilməsi, sığorta predmetinin qiymətinin dəyişdirilməsi, sığorta müqaviləsinin etibarsızlığına və ya xitamına əsas olan halların müəyyən edilməsi və bunlara dair müvafiq tədbirlərin həyata keçirilməsi vəzifəsi sığortaçıya aiddir. Qüvvədə olan sığorta müqaviləsinin predmeti olan əmlakın qiymətinin dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir və bu qanunvericiliklə qadağan edilmişdir. Sığorta ödənişindən imtina barədə cavabdehin bir əsası mübahisə predmeti olduğundan və iş üzrə tələbi olmadığından tələbdən kənar başqa əsasların muzakirəsi yolverilməzdir. Lakin iddiaçıya münasibətdə onun (məhkəmə müdafiəsi) hüquqlarına müvafiq ətraflı muzakirə aparmaq məhkəmənin vəzifəsidir. Bu baxımdan diqqəti çəkən məsələ tərəflər arasında bağlanmış müqavilədə sığorta riskləri daxilində «…üçüncü şəxslərin qanuna zidd hərəkətləri» qeyd edilməlidir. Həmin sığorta riskinin dairəsi də kifayət qədər geniş məzmunludur və qanunvericiliklə də müəyyən edilmişdir. Məhz buna yönəlik normanın bu müzakirə edilməyən struktur elementi iddianın (cinayətin mövcud olmasından asılı olmayaraq) əsaslı olduğunu təsdiq edir. Belə ki, mülki hüquq pozuntusunun mövcudluğu iş materiallarında olan (cinayət işi üzrə qəbul edilmiş qərarlar, izahatlar, aktlar və sair) sübutlarla öz təsdiqini tapmış və iddaçının təqsirli hərəkətini və sığorta ödənişindən imtinaya əsas ola bilən qanunvericiliklə müəyyən edilmiş digər hallar müəyyən edilməmişdir. Qeyd edilən mövqe (yəni mülki hüquq pozuntusu əsası ilə sığorta hadisəsinin baş verə bilməsi) Maliyyə Nazirliyinin üçüncü şəxslərin qanunazidd hərəkətləri üzrə risklə bağlı verdiyi məktub və cavabdehin nümayəndəsinin izahatında da nəzəri mənada öz təsdiqini tapmışdır. Bu hal iş üzrə qanuni qüvvəsini almış yüksək məhkəmə aktlarında müzakirə edilmədiyindən və iddianın qanuni əsaslandırmasından asılı olmayaraq məhkəmənin vəzifəsinə aid olduğu, habelə tətbiq edilməməsi üçün əsaslar mövcud olmadığından mütləq nəzərə alınmalıdır. Sığortaçının öz vəzifələrinə rəğmən sığorta hadisəsi ilə bağlı ətraflı araşdırma aparmadan birmənalı imtinası isə hüquq və vəzifələrdən sui-istifadə kimi qiymətləndirilir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının sığorta ödənişinin verilməsiylə bağlı tələbi əsaslıdır və şərtsiz azadolma məbləğ kimi 1000 ABŞ dolları nəzərə alınmaqla «…üçüncü şəxslərin qanuna zidd hərəkətləri» əsası ilə bu tələb cavabdeh tərəfindən təmin olunmalı idi. Məhkəmə kollegiyası iddiaçının avtonəqliyyat vasitəsinin etibarnamə verməsi əsasında bəhrələndiyi məbləğin sığorta ödənişindən çıxılması ilə bağlı qeyd edir ki, hazırki mərhələdə cinayət işi üzrə araşdırma aparıldığından o sövdələşmə üzrə tələb hüququ cinayət işinin nəticəsi ilə bağlıdır və işin nəticəsindən asılı olaraq maraqlı şəxslərin, o cümlədən cavabdehin qeyd olunan məbləği hazırkı iddiaçıdan və ya digər təqsirli şəxslərdən tələb etmək hüququ istisna edilmir. İddia tələbinin dəbbə puluna aid hissədə qeyd edilməlidir ki, sığortaçı sığorta olunana sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etdiyindən və iddiaçı bildirişdə qeyd edilən əsaslardan fərqli (əlavə) tələb irəli sürmədiyindən səbəbsiz olaraq sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə sığorta məbləğinin ödəməməsi halı müəyyən edilməmişdir. Ona görə, bu hissədə də iddia tələbinin əsasları sübut edilmir, lakin qanuni qüvvəsini almış məhkəmə aktının icrasından üzrsüz yayındığı təqdirdə iddiaçının cavabdehdən dəbbənin də tələb etmək hüququ istisna edilmir. Qeyd edilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin olunmalı, cavabdehdən 104000 ABŞ dolları (105000 ABŞ dollarından 1000 ABŞ dolları şərtsiz azadolma məbləğ çıxılmaqla) sığorta məbləği tutularaq iddiaçıya ödənilməli, iddia tələbi dəbbə puluna aid hissədə təmin olunmamalıdır. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, məhkəmələrə müraciət edilməsi üçün ödənilmiş dövlət rüsumu ödəyən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2852/18 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin və iddia tələbi qismən təmin edilsin. Cavabdeh Sığorta Şirkəti ASC-dən (105000 ABŞ dollarından 1000 ABŞ dolları şərtsiz azadolma məbləğ çıxılmaqla) cəmi 104000 ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq) sığorta məbləği alınaraq İddiaçı ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar