Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8518/2021 01.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı, onun nümayəndəsi X1, vəkili X4, Cavabdeh "xxxx" MMMC-nin nümayəndəsi X3 iştirakı ilə, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 17 iyul 2021-ci il tarixli, 2(006)-5297/2021 saylı qərardadından cavabdeh "xxxx" MMMC tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMMC-yə qarşı "liftdən istifadə kartlarının bloklaşdırılmasının qadağan edilməsi, vurulmuş zərərə görə kompensasiyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMMC-yə liftdən istifadə kartlarının bloklaşdırılmasının qadağan edilməsi, MMMC tərəfindən İddiaçı ailə üzvlərinə vurulmuş mənəvi zərərə görə 5000 manat kompensasiyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. İddiaçı cavabdeh "xxxx" MMMC-yə qarşı "liftdən istifadə kartlarının bloklaşdırılmasının qadağan edilməsi, vurulmuş zərərə görə kompensasiyanın ödənilməsi" tələblərinə dair iddia ərizəsinin məhkəmə icraatı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17.07.2021-ci il tarixli qərardadı ilə mümkün hesab edilmişdir. Eyni zamanda iddiaçının nümayəndəsi iddia ərizəsinə iddianı təmin tədbiri barədə ərizə əlavə edərək, iddianı təmin etmək üçün "xxxx" MMMC-yə liftdən istifadə kartlarının bloklaşdırılmasının qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, "xxxx" MMMC tərəfindən İddiaçı və ailə üzvlərinin liftdən istifadə edilməsinə qadağa qoyulmuş, “liftdən istifadə kartlarının bloklaşdırılmışdır. İddiaçı özü “COVİD-19” virusuna yoluxmuş və ev şəraitində müalicə alır. Mənzilnin binanın 14-cü mərtəbəsində yerləşir və onun liftdən istifadə edə bilməməsi həyatını dözülməz həddə gətirib çıxartmışdır. Ona görə iddianın təmin olunması liftdən istifadə kartlarının bloklaşdırılması "xxxx" MMMC-yə qadağan edilməlidir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 17 iyul 2021-ci il tarixli, 2(006)-5297/2021 saylı qərardadı ilə İddiaçı nümayəndəsi X1 iddianı təmin etmə tədbirinin görülməsinə dair ərizəsi təmin edilərək, "xxxx" MMMC-yə ünvan 1 ünvanında yaşayan İddiaçı ailə üzvlərinin liftdən istifadə kartlarının bloklaşdırılması qadağan edilmişdir. Cavabdeh "xxxx" MMMC tərəfindən Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 17 iyul 2021-ci il tarixli, 2(006)-5297/2021 saylı qərardadından verilmiş şikayət təmin edilməmiş, şikayət mülki iş materialları ilə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" MMMC-nin nümayəndəsi X6 şikayəti müdafiə edərək, onu təmin edilməsini və qərardadın ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı, onun nümayəndəsi X2 və vəkili X8 şikayəti qəbul etməyərək, qərardadının dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 17 iyul 2021-ci il tarixli, 2(006)-5297/2021 saylı qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra-MPM) müvafiq olaraq hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir (maddə 157). İddianı təmin etmək üçün müəyyən hərəkətləri etmək cavabdehə qadağan edilə bilər (maddə 158.1.2). İddianı təmin tədbiri institutu özünün mahiyyəti etibarı ilə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri- mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Öz təbiəti etibarilə iddianı təmin tədbirləri məhkəmə müdafiəsi hüququnun ayrılmaz ünsürü olan qəbul edilən məhkəmə aktının icrasının təmin edilməsinə xidmət edir. Belə ki, iddianın təmin olunması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi özlüyündə pozulmuş subyektiv hüququn bərpasının elanıdırsa, qətnamənin icrası isə həmin subyektiv hüququn real bərpası deməkdir. Ona görə də, pozulmuş hüquqların real bərpasına, başqa sözlə iddianı təmin etmiş qətnamənin icrasına nail olmaq baxımından iddianı təmin tədbirləri mühüm prosessual vasitələr kimi çıxış edirlər. Beləliklə, iddianı təmin etmə tədbiri prosessual-hüquqi tədbirdir, müvəqqəti xarakter daşıyır, işi qabaqcadan mahiyyəti üzrə həll etmir və onun prosessual-hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. İddianı təmin tədbirinin seçilməsi məsələsinin əsaslılığına iddianın özünün əsaslılığı nəzərə alınmaqla qiymət verilmir. Bu mənada iddianı təmin tədbirləri öz təbiətləri etibarilə qaçılmaz olaraq proses iştirakçılarından birinin hüquqlarına toxuna, onların həyata keçirilməsində müəyyən məhdudiyyətlər yarada bilər. Belə hallar bu institutun bilavasitə mahiyyətindən irəli gəlir. Təsadüfi deyildir ki, qanunvericilik bunu nəzərə almaqla iddianın təmin edilməsi nəticəsində vurulmuş zərərin əvəzinin tələb edilməsinin mümkünlülüyünü (MPM-in 164-cü maddəsi) nəzərdə tutmuşdur. Lakin, iddianı təmin tədbiri seçilərkən həm də qarşılıqlı rəqabətdə olan iki maraq - qətnamənin gələcəkdə icrasına nail olunmasına dair iddiaçının marağı və cavabdehin mülkiyyət və digər hüquqlarının həddən artıq məhdudiyyətlərə məruz qoyulmaması marağı - arasındakı ədalətli tarazlığa nail olunmalıdır. Belə ki, hüquqi müdaxilə müdafiə olunan maraqlar arasında ədalətli tarazlığa nail olunması baxımından mütənasib olmalıdır. Həmin maraqlar məhkəmədən tələb edir ki, tətbiq etdiyi iddianı təmin tədbirlərini mütənasiblik prinsipi baxımından ciddi şəkildə dəyərləndirsin. Ona görə də, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin tədbiri barədə ərizənin təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassız olmaqla, qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı dəyişdirilmədən saxlanmalı, şikayət isə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh "xxxx" MMMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 17 iyul 2021-ci il tarixli, 2(006)- 5297/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-8518/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8518/2021
01.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver