Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8522/2021 18.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-5076/2021 saylı iş üzrə 27 iyul 2021-ci il tarixli qərardadından iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh Əminağa oğluna qarşı uşağın atanın razılığı olmadan ölkə xaricinə çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-5076/2021 saylı iş üzrə 27 iyul 2021-ci il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması, iddiaçıya hazırkı mübahisə ilə bağlı mediasiya təşkilatına müraciət etmək hüququnun izah edilməsi qərara alınmışdır. Qərardaddan iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən şikayət verərək, qərardaddın ləğv edilməsini və mülki işi icraata qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddia ərizəsi 25.07.2021-ci il tarixdə “Mediasiya haqqında” Azərbaycan Respublikasının qanunu qüvvəyə minənə qədər məhkəməyə göndərilmişdir. EMS elektron məktubundan görünür ki, 25.07.2021-ci il tarixdə verilmiş iddia ərizəsi Yasamal Rayon Məhkəməsi tərəfindən 26.07.2021-ci il tarixdə qeydə alınmışdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-5076/2021 saylı iş üzrə 29 iyul 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-5076/2021 saylı iş üzrə 27 iyul 2021-ci il tarixli qərardadı ləğv edilməli, İddiaçı Cavabdeh Əminağa oğluna qarşı uşağın atanın razılığı olmadan ölkə xaricinə çıxarılması tələbinə dair mülki iş iddia ərizəsinin icraata qəbulu məsələsinə yenidən baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı qanunla nəzərdə tutulmuş, cavabdehlə mübahisənin mediasiya qaydasında nizama salınması qaydasına riayət etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qənaəti ilə razılaşmayaraq aşağıdakıları qeyd edir: “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 2.1ci maddəsinə əsasən normativ hüquqi aktların növləri Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsi ilə müəyyən edilir. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən normativ hüquqi aktların hüquqi qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İİ, İİİ, İV, V, Vİ hissələri və 151-ci maddəsi ilə müəyyən edilir. Azərbaycan Respublikasının Konstitusiyasının 148.3-cü maddəsinə əsasən Qanunvericilik sistemi aşağıdakı normativ hüquqi aktlardan ibarətdir: 1) Konstitusiya; 2) referendumla qəbul edilmiş aktlar; 3) qanunlar; 4) fərmanlar; 5) Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları; 6) mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları. Konstitusiyanın 149-cu maddəsinin 3-cü bəndinə əsasən qanunlar Konstitusiyaya zidd olmamalıdır. Yalnız dərc edilmiş qanunların tətbiqi və icrası bütün vətəndaşlar, qanunvericilik, icra və məhkəmə hakimiyyəti, hüquqi şəxslər və bələdiyyələr üçün məcburidir. “Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində, “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında”, “Dövlət rüsumu haqqında”, “Məhkəmə-Hüquq Şurası haqqında” və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” 09 iyul 2021-ci il tarixli 360-VİQD 21 saylı Azərbaycan Respublikası Qanunu 25 iyul 2021-ci il tarixdə “Azərbaycan” qəzetində dərc edilmişdir. Konstitusiyanın istinad olunan maddələrinə əsasən qanun dərc olunduğu andan hüquqi qüvəyə minir və onun tətbiqi və icrası vətəndaşlar ..... üçün məcburidir. Həmin Qanunla Mülki Prosessual Məcəlləyə 152.1.6-1-ci maddə əlavə edilmişdir. Həmin maddəyə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 39-cu maddəsinə əsasən bu Qanunun 3.2-ci, 28-ci və 29-cu maddələri və həmin maddələrlə bağlı olan müddəalar 2021-ci il iyulun 1-dən qüvvəyə minir. Həmin Qanunun 28.1.-ci maddəsinə əsasən də kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Göründüyü kimi, “Mediasiya haqqında” Qanunun ailə mənasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməsi vəzifəsini müəyyən edən 28.1-ci maddəsi 01 iyul 2021-ci il tarixdən, Qanunun həmin maddəsinin tələblərinə əməl edilməsini təsdiq edən sənədin məhkəməyə təqdim edilməməsinin iddia ərizəsinin geri qaytarılmasına əsas olmasını müəyyən edən Mülki Prosessual Məcəllənin 152.1.6-1-ci maddəsi isə 25 iyul 2021-ci il tarixdən qüvvəyə minmişdir. Kollegiya hesab edir ki, iddiaçı yuxarıda qeyd olunan normalar qüvvəyə mindiyi gün (dərc edildiyi gün) hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir ki, bu halda da iddiaçının 26 iyul tarixinədək məhkəməyə ünvanladığı ərizə “Mediasiya haqqında” Qanunun təsir dairəsinə düşmür. Kollegiya hesab edir ki, məhkəmə yalnız iddia ərizəsinin geri qaytarılmasının ümumi prosessual əsasını göstərməklə kifayətlənmiş, şikayətin dəlillərinə qiymət verməməklə mülkiprosessual hüquq normalarının tələblərini pozmuş, bunula da iddiaçının hüquqları, o cümlədən, onun ədalətli məhkəmə araşdırması hüququ pozulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-5076/2021 saylı iş üzrə 27 iyul 2021-ci il tarixli qərardadı ləğv edilməli, İddiaçı Cavabdeh Əminağa oğluna qarşı uşağın atanın razılığı olmadan ölkə xaricinə çıxarılması tələbinə dair mülki iş iddia ərizəsinin icraata qəbulu məsələsinə yenidən baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398- 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-5076/2021 saylı iş üzrə 27 iyul 2021-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı Cavabdeh Əminağa oğluna qarşı uşağın atanın razılığı olmadan ölkə xaricinə çıxarılması tələbinə dair mülki iş iddia ərizəsinin icraata qəbulu məsələsinə yenidən baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-8522/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8522/2021
18.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver