Məhkəmə qərarları › İş №2(103)-8547/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8547/2020

01.12.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8547/2020 01.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı etibarnamə əsasında nümayəndəsi X1, Cavabdeh etibarnamə əsasında nümayəndəsi və vəkili X2 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7965/2019 saylı, xx xxxxxxx 2019cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə arasında olmuş ailə münasibətlərinə əsasən 2019-cu il üçün yaşayış minimumuna uyğun olaraq hər uşağa görə 160 manat, ümumilikdə 320 manat sabit pul məbləğində alimentin, eyni zamanda son üç illik dövr ərzində 5.760 manat sabit pul məbləği şəklində alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2008-ci ildən qeyrirəsmi ailə münasibətlərində olmuşdur. Həmin dövrdə 28 sentyabr 2009-cu il təvəllüdlü X8 və xx xxx 2012-ci il təvəllüdlü X7 anadan olmuşdur. Hal-hazırda cavabdehlə birlikdə yaşamır. Ayrıldıqdan sonrakı müddət ərzində cavabdeh uşaqlara heç bir maddi və mənəvi yardım göstərməmişdir. Hal-hazırda Cavabdeh başqa şəxslə rəsmi formada ailə münasibətindədir. Hazırda o, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7965/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh xx xxxxxxx 2017-ci il tarixdən xx xxxxxxxx 2019-cu il tarixinədək hər ay hər uşağa görə 100 (bir yüz) manat, cəmi 200 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi, icra mərhələsində cavabdehin bu müddət ərzində ödədiyi 970 manat pulun nəzərə alınması, xx xxxxxxxx 2009-cu il təvəllüdlü X4 və xx xxx 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün xx xxxxxxxx 2019-cu il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşağa görə 160 (bir yüz altmış) manat, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi, Cavabdeh 30 (otuz) manat dövlət rüsumunun alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən çəkişmə və tərəfsizlik prinsplərini pozmuş, onun ailə vəziyyətini, maddi imkanlarını araşdırmamış, iddiaçı tərəfin qeyd etdiklərini isə həqiqət kimi qəbul etmişdir. Məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində aliment ala bilmədiyini müəyyən etməmişdir. Bundan başqa birinci instansiya məhkəməsi onun ötən müddət ərzində İddiaçı anasına 350 manat pul, 150 manat dəyərində ərzaq, 2 ay sonra 250 manat pul, 150 manat dəyərində ərzaq, iddiaçı doğulduğu Şərur rayonunun Kərimbəyli kəndində yaşayarkən poçt vasitəsilə ona 3 dəfəyə 200 manat (100 manat + 50 manat + 50 manat = 200 manat), təkrar olaraq anasına 200 manat pul, 100 manat dəyərində ərzaq, xx xxxxxx 2019-cu il tarixdə təkrar iddiaçının anasına 310 manat, yəni cəmi 1.310 manat pul və 400 manat dəyərində ərzaq verməsi barədə izahatına əhəmiyyət verməmiş, həmin xüsusatları araşdırmamışdır. İddia tələbinin 2019-cu il üçün yaşayış minimumuna uyğun olaraq hər uşağa görə ayda 160 manat (cəmi 320 manat) alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsini tam təmin etməkdə də birinci instansiya məhkəməsi haqlı olmamışdır. Belə ki, o, Yardımlı rayonunda yerləşən “xxxx” MMC-də fəhlə kimi işləyir, aylıq əmək haqqı cəmi 250 manatdır, başqa hər hansı bir gəliri yoxdur. Birinci instansiya məhkəməsində işə baxılarkən isə o, ümumiyyətlə işləmirdi, eləcə də işsizlik müavinəti almırdı. Bundan əlavə iddiaçı tərəf adi ailə dəyərlərini pozmuş, Türkiyə Respublikasında yaşayan və işləyən qardaşlarının yanına qonaq getmək adı ilə uşaqlarını da oraya aparmaq məqsədi ilə ondan etibarnamə istəmiş, o yalnız qısa müddət ərzində uşaqlarının Türkiyəyə getməsinə razılıq verməsinə baxmayaraq, uşaqları geri qaytarmamışdır. Apelyasiya şikayətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7965/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin qismən, yəni Cavabdeh xx xxxxxxx 2017ci il tarixdən xx xxxxxxxx 2019-cu il tarixədək hər ay hər uşağa görə 100 (bir yüz) manat, cəmi 200 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi hissəsində ləğv edilməsi, həmin hissədə də iddianın rədd edilməsi, xx xxxxxxxx 2009-cu il təvəllüdlü X4 və xx xxx 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün xx xxxxxxxx 2019-cu il tarixdən başlayaraq Cavabdeh hər ay qazancının (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda alimentin tutulması barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-1433/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7965/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin qismən ləğv edilməsi, iddianın qismən təmin olunması, xx xxxxxxxx 2009-cu il təvəllüdlü X4 və xx xxx 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşağa görə 100 manat, cəmi 200 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı nümayəndəsi X5 və vəkili Hüseynov Azad Məmmədhüseyn oğlu kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4035/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər Gündüz Quliyev (sədrlik edən məruzəçi), İlqar Xələfov və Zaur Əliyev) kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1433/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə qaytarılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1433/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsini xx.xx.2009cu il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşağa görə 100 manat, cəmi 200 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi hissəsində ləğv edərək yenidən baxılması üçün işi apelyasiya instansiya məhkəməsinə qaytarmışdır. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-1433/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi digər hissədə, yəni Cavabdeh xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək hər ay hər uşağa görə 100 (bir yüz) manat, cəmi 200 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsinə dair iddia tələbinin rədd edilməsi hissəsi qüvvədə qalmışdır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yalnız həmin hissədə yoxlanılmalıdır. Apelyasiya məhkəməsinin iclasında Cavabdeh nümayəndəsi və vəkili X6 apelyasiya şikayətini müdafiə etdiyini bildirərək, apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən çəkişmə və tərəfsizlik prinsplərini pozmuş, cavabdehin ailə vəziyyətini, maddi imkanlarını araşdırmamışdır. Bundan başqa birinci instansiya məhkəməsi cavabdehin ötən müddət ərzində İddiaçı cəmi 1.310 manat pul və 400 manat dəyərində ərzaq verməsi barədə izahatına əhəmiyyət verməmiş, həmin xüsusatları araşdırmamışdır. Cavabdeh Yardımlı rayonunda “xxxx” MMC-də fəhlə işləyir və aylıq əmək haqqı cəmi 250 manatdır, başqa hər hansı bir gəliri yoxdur. Bundan əlavə iddiaçı Türkiyə Respublikasında yaşayan qardaşlarının yanına qonaq getmək adı ilə uşaqlarını da oraya aparmaq məqsədi ilə cavabdehdən etibarnamə istəmiş, cavabdeh yalnız qısa müddət ərzində uşaqlarının getməsinə razılıq verməsinə baxmayaraq, uşaqları geri qaytarmamışdır. Uzun müddətdir ki, cavabdeh uşaqlarını görmür. Odur ki, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7965/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin dəyişdirilməsini, yəni xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün xx.xx.2019-cu il tarixdən başlayaraq Cavabdeh hər ay qazancının (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda alimentin tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsinin iclasında İddiaçı etibarnamə əsasında nümayəndəsi X5 Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirdi və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7965/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı və Cavabdeh qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh apelyasiya məhkəməsinə teleqram göndərərək maddi imkanı ilə bağlı məhkəmə iclasinda iştirak edə bilməyəcəyini bildirsədə, bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən həmin şəxslərin iştirakı olmadan apelyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası hesab edir ki, Kassasiya instansiyası məhkəməsinin qərarında şərh edilən göstərişlər nəzərə alınmalı və hazırki halda birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh apelyasiya şikayətinə əsasən hər ay hər uşağa 160 (yüz altmış) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçının xeyrinə ödənilməsi hissəsində yoxlanılmalıdır. İddia tələbinin digər hissəsi Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1433/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə rədd edildiyindən və həmin hissədə qətnamə kassasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılaraq əsaslı hesab edildiyindən məhkəmə kollegiyası qətnamənin həmin hissədə yoxlanılmasını zəruri hesab etmir. Məhkəmə kollegiyası iddiaçının və cvabdehin nümayəndələrinin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti hazırda yoxlanılan hissədə təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7965/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi xx xxxxxxxx 2009-cu il təvəllüdlü X4 və xx xxx 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün xx xxxxxxxx 2019-cu il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşağa görə 160 manat, cəmi 320 manat sabit pul məbləğində alimen tutularaq İddiaçı ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, Cavabdeh apelyasiya şikayətində göstərdiyi dəlillərin hazırda yoxlanılan hissədə apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq iddia tələbi üzrə aşağıdakı sübutları müəyyən edir. Belə ki, iş materiallarında olan, Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən xx xxxxxxxx 2019-cu il tarixdə verilmiş arayışın surətindən görünür ki, X8 xx.xx.2009-cu il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 471 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan, Yardımlı rayon qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2009-cu il tarixdə verilmiş AZ-İ № 147422 saylı Atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2009-cu il tarixdə doğulmuş X4 atasıdır. İş materiallarında olan, Naxçıvan MR Şərur rayon qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2019-cu il tarixdə verilmiş AZ-İV № 168196 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2012-ci il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 41 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan, Naxçıvan MR Şərur rayon qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2019-cu il tarixdə verilmiş AZ-İ № 240563 saylı Atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2012-ci il tarixdə doğulmuş X3 atasıdır. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, uşağın gündəlik zəruri qida və digər zəruri ehtiyaclarının artması hamıya bəlli olan hal olmaqla, həmin ehtiyacların təmin edilməsində valideynlərin hər biri bərabər məsuliyyət daşıyırlar. Həmin ehtiyacların artması, xüsusi ilə də birgə nikahdan xx.xx.2009-cu il tarixdə doğulmuş X4 və xx.xx.2012-ci il tarixdə doğulmuş X3 tələbatının artması mübahisə predmeti təşkil edə bilməz. Hazırda ananın uşağın qayğısına qalması, uşağın zəruri ehtiyaclarının və layiqli həyat şəraitinin təmin edilməsinə cəhd etməsi hazırkı iş üzrə mübahisə edilə bilinməz faktdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməzdən əvvəl onu qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəmələri tərəfindən yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment təyin edilərkən aşağıdakı hallar xüsusilə nəzərə alınmalıdır. 1) Təyin ediləcək alimentin miqdarı yetkinlik yaşına çatmayan uşaqların hüquq və mənafeləri, o cümlədən onların psixi və fiziki inkişafına uyğun həddə təyin edilməli, hər bir halda uşaqların hüquq və mənafeləri birinci gözlənilməlidir. 2) Təyin ediləcək alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qeyd edilən tələbləri gözləməklə istər uşaqların hüquq və mənafelərini, istərsə də valideynlərin hüquq və mənafelərini gözləmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hazırda yoxlanılan hissədə qiymət verərək qeyd edir ki, cavabdehin hazırki vəziyyəti, İddiaçı cəmi 1.310 manat pul və 400 manat dəyərində ərzaq verməsi onun “xxxx” MMC-də fəhlə işləməsi və aylıq əmək haqqının 250 manat olması, başqa hər hansı bir gəlirinin olmaması onun övladları qarşısında qanunvericiliklə müəyyən edilmiş öhdəliyinin yerinə yetirilməməsi üçün heç bir əsas ola bilməz. Bir halda diqqətdə saxlanılmalıdır ki, 2020-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2020-ci il üçün Azərbaycan Respublikasında yaşayış minimumu uşaqlar üçün 170 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, valideynlər uşağı saxlamağa borcludurlar və uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Uşaqların gündəlik zəruri qida və digər zəruri ehtiyaclarının təmin edilməsində valideynlərin hər biri bərabər məsuliyyət daşıyırlar. Uşağın qayğısına qalmaq, onun normal inkişaf etməsinin təmin edilməsi valideynlərin vəzifəsidir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və işin faktiki hallarını və uşağın mənafeyini, tərəflərin maddi vəziyyətini, uşağı saxlamaqda valideynlərin bərabər öhdəlik daşımalarını və uşağın saxlanılması üçün minimum yaşayış xərclərini rəhbər tutaraq hesab edir ki, birinci instansiya məhkəməsi hazırda mübahisələndirilən hissədə qanuni və əsaslı nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideyinlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda, uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. “Uşaq hüquqları haqqında” Konvensiyanın (xx.xx.1989-cu il) 3.1-ci maddəsinin məzmununa görə uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də ödəməyə borclu olan valideyinin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancının hamısını və ya bir hissəsini xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə kollegiyası eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, cavabdeh apelyasiya şikayətində birinci instansiya məhkəməsinin onun ötən müddət ərzində İddiaçı cəmi 1.310 manat pul və 400 manat dəyərində ərzaq vermədiyini, onun “xxxx” MMC-də fəhlə işlədiyini və aylıq əmək haqqının 250 manat olduğunu, başqa hər hansı bir gəlirinin olmamasını nəzrə almadığını, birinci instansiya məhkəməsinin qətnaməsində maddi və prosessual hüquq normalarının pozulmasını, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki hallar araşdırılmadan və sübut edilmədən qətnamə qəbul edilməsini göstərsə də həmin hallar qətnamənin hazırda yoxlanılan hissədə ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsas ola bilməz. Həmçinin cavabdeh qeyd etdiyi hallarla bağlı hər hansı sübutu apelyasiya şikayətinə əlavə etməmişdir. Odur ki, məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətinin həmin dəlilləri ilə bağlı əlavə araşdırma aparılmasını zəruri hesab etmir və həmin dəlilləri əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin 1-ci hissəsində qeyd olunur ki, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xususən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bеləliklə, məhkəmə kollеgiyası, Cavabdeh apеlyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi hazırda yoxlanılan hissədə faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin yoxlanılan hissədə ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7965/2019 saylı, xx xxxxxxx 2019-cu il tariхli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən, iş üzrə Cavabdeh apеlyasiya şikayəti təmin еdilmədən saxlanılmalıdır. Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi: Cavabdeh oğlu tərəfindən verilmiş apelyasiya şikayəti hazırda yoxlanılan hissədə təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7965/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi “xx xxxxxxxx 2009-cu il təvəllüdlü X4 və xx xxx 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün xx xxxxxxxx 2019-cu il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşağa görə 160 (bir yüz altmış) manat, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi” hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar