Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8579/2020 30.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)-620/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh «xxxx» ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 ilə Cavabdeh İKB ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli 11-G-1- 0-1053-14 nömrəli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, DƏDRX tərəfindən verilmiş yüklülük çıxarışının ləğv edilməklə əmlakın yüklülükdən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)-620/2020 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin olunması bardə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, həyat yoldaşı 2014-cü ildə kredit götürmüş və onlara məxsus birgə nikah dövründə aldığı evi girov qoymuşdur. Yoldaşının kiminləsə problemi olduğuna görə pulu götürüb onlara verib, həmin şəxslərdən də xəbəri olmayıb. Onun həmin evin girov qoyulmasından xəbəri olmayıb. Ev girov qoyularkən notariat kontorunda razılıq ərizəsi verməmişdir. Həmin ev girov qoyularkən yəni xx.xx.2014-cü il tarixdə nə o, nədə övladları notariat kontorunda iştirak elməmişlər. Notariat kontoru bu ipoteka müqaviləsini necə rəsmiləşdirib onun də anlayışı yoxdur. Daha doğrusu bilmirdi ki, ev girov qoyularkən onun və övladlarının hökmən, razılığı lazımdır. Məhkəmədə işə baxarkən bank tərəfindən ekpertizaya və notariat kontoruna təziqlərin olduğuna dair şübhələri var. Çünki, bu işin baxılmasına diqqət yetirilsə məhkəmənin dəfələrlə sənədlərin təqdim edilməsinə dair sorğusu və qərarı olmasına baxmayaraq notarius sənədin əslini məhkəməyə təqdim etmirdi. Hər sorğuda yenidən surətlərini çıxardıb məhkəməyə təqdim edirdi. Şübhələri işin ekspertizadan geri qayıtmasından sonra, sonuncu dəfə rəy verilməsindən sonra daha da artmışdır. Çünki, ekspert rəyi də bütövlükdə natamamdır və onun imza nümünələri ilə və verdiyi yazı ilə ümumiyyətlə uyğun gəlmir. Hazırki iş üzrə işin obyektiv və ədalətli həlli üçün verilmiş razılıq ərizəsindəki imzanın İddiaçı tərəfindən imzalanmaması sübuta yetirilməlidir. Bunun yeganə yolu apellyasiya icraatında yenidən xətşünaslıq ekspertizasının keçirilməsidir. Sonda ekspertiza keçirimiş və rəy verilmişdir. Ancaq həmin rəy aşağıdakılara əsasən tam əsassızdır. Ekspert rəyinə diqqət yetirilsə görünər ki, rəy cəmi 1 səhifədən ibarətdir. Bu ona dəlalət edir ki, ekspert rəyi tam əsaslandırılmamışdır. Ekspert rəyi bir neçə səhifədən ibarət olmalı və tam işin hansı üsulla olması əsaslandırılmalıdır. İşə baxılması vaxtı və yeri haqqında işdə iştirak etməli olan şəxslər lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq səbəbini göstərmədən məhkəmə iclasına gəlməmişlər. Apellyasiya instansiyası məhkəməsi, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini onunla əsaslandırmışdır ki, mülkiyyətdə olan daşınmaz əmlakın girov və ya ipoteka ilə yüklü edilməsi onun özgəninkiləşdirilməsi anlamına gəlmir. Bu əsasdan ailə üzvlərinin və digər şəxslərin razılıqlarının alınması şərtini qanunvericilik istisna edir. Görünüdüyü kimi, bu əsasa istinad etməklə ipoteka müqaviləsinin etibarsız hesab edilməsi yol verilməzdir. Məhkəmə iddianı yüklülük barədə çıxarışın ləğv edilməsi və əmlakın yüklülükdən azad edilməsi hissəsinə dair qeyd etməyi zəruri hesab edir ki, əmlakın ipoteka ilə yüklü hesab edilməsinə dair verilmiş çıxarış mübahisə predmeti olan ipoteka müqaviləsi ilə əlaqəlidir. İddiaçı tərəfindən həmin ipoteka müqaviləsi mübahisələndirilsə də, onun qanuniliyini şübhə altına alan hər hansı bir sübut müəyyən olunmamışdır. Odur ki, bağlanmış ipoteka müqaviləsi əsasında verilmiş yüklülük barədə çıxarış əsaslı olmuşdur və onun ləğv edilməsinin hüquqi əsası yoxdur. Eyni ilə də mübahisəli mənzil ipoteka ilə yüklü edildiyindən və həmin yüklülüyə əsas olan kredit borcu tam şəkildə ödənilmədiyindən mübahisəli mənzil girovluqdan azad edilə bilməz. Odur ki, iddia həmin hissədə də təmin edilə bilməz. Həmçinin məhkəmə iddia müddətinin hazırki mübahisəyə tətbiq edilib-edilməməsi ilə bağlı qeyd edir ki, iddiaçı müqavilə tələbləri üzrə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanunla bu cür iddialar üçün nəzərdə tutulmuş iddia müddətini keçirmişdir. İddiaçı iddiası həm məhkəmə ekspertizası ilə müəyyən edilmiş imzanın iddiaçıya məxsus olması səbəbindən hesablanma vaxtı imzalandığı andan götürülməklə və qanunla bu cür iddialar üçün müəyyənləşdirilmiş iddia müddəti keçdiyindən (buraxıldığından) iddia müddəti tətbiq olunmaqla təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılması üçün əsas ola bilməz. Əvvəla, iddiaçı mübahisə predmeti olan mənzilin girov qoyulmasından xəbəri olmadığını və ipotekaya qoyulmasına notarial qaydada təsdiq olunmuş yazılı razılıq ərizəsini vermədiyini bildirsə də, onun bu dəlili inandırıcı və ağlabatan hesab edilə bilməz. Çünki, özü şikayətində qeyd edir ki, əri aldığı kreditə görə həmin mənzil ipotekaya qoyulmuşdur. İkincisi, iddiaçının bankın ekpertizaya və notariat kontoruna təziqlərin olduğuna dair şübhələrinin olması onun şikayətinin və iddiasının əsaslılığına dəlalət etmir. Çünki, ilk növbədə şübhənin əsası, daha sonra isə şübhələnmək üçün əsaslar da real olmalıdır. İddiaçının şikayətində göstərdiyi hallar isə nə şübhənin əsasının, nədəki şübhələnmək üçün əsasların real olduğunu təsdiq etmir. Üçüncüsü, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə xətşünaslıq ekspertizası təyin edilmiş və rəy alınmışdır. İddiaçı bu rəylə razılaşmır və yenidən xətşünaslıq ekspertizasının keçirilməsini istəyir. Əsas kimi, ekspert rəyinin bir səhifədən ibarət olmasını göstərir. Əvvəla, rəy bir səhifədən ibarət deyil. Bir səhifədən ibarət olsa belə, bu onun əsassızlığına dəlalət etmir. Ekspert rəyi məhkəmədə tədqiq olunur. Məhkəmə üçün məcburi deyil və nəzərə almaya bilər. Məhkəmə ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda əlavə ekspertiza, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda isə təkrar ekspertiza təyin edə bilər. Hazırki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən alınmış ekspert rəyinin əsaslılığı hər hansı bir şübhə doğurmur. Ona görə də əlavə yaxud təkrar ekspertiza təyin edilməsi üçün əsas və zərurət olmalıdır. Belə bir əsas və zərurətin olmasını isə apellyasiya instansiyası məhkəməsi müəyyən etmədi. Ona görə də, işdə olan ekspert rəyinin mötəbər sübut növü kimi qəbul edilməməsinin əsası yoxdur. Dördüncüsü, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. İşdən görünür ki, mübahisələndirilən “ipoteka müqaviləsi” xx xxxxxx 2014-cü il tarixdə bağlanmış, həmin müqavilənin etibarsız hesab edilməsinə dair iddia isə xx xxxxxx 2019-cu il tarixdə verilmiş, yəni müqavilə bağlandığı vaxtdan 4 il, 9 ay sonra qaldırılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, mübahisələndirmə (kəsici) müddəti Mülki Məcəllənin 354.2-ci maddəsində bir il nəzərdə tutulduğundan, iddiaçı isə “ipoteka müqaviləsi” bağlandığı vaxtdan 4 il, 9 ay sonra məhkəməyə müraciət etdiyindən qeyd olunan müddəti ötürmüşdür. Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş bir illik müddət kəsici müddət olduğundan həmin müddətin tətbiq edilməsi üçün ərizə verilməsinə zərurət yoxdur. Çünki, bu müddət kəsici müddət olduğundan onun keçməsi avtomatik olaraq iddianın təmin edilməməsi üçün müstəqil əsasdır. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla mübahisələndirilən hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)-620/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8579/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8579/2020
30.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver