Məhkəmə qərarları › İş №2(103)-858/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-858/2022

07.02.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-858/2022 07.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4191/2021 saylı, 14 sentyabr 2021-ci il tarixli qətnaməsinədən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" açıq səhmdar cəmiyyətindən 12.10.2018-ci il tarixli ASFX18/285 saylı xidmət müqaviləsinə əsasən 23,630 (iyirmi üç min altı yüz otuz) manat və hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi miqdarında, yəni 5.456 (beş min dörd yüz əlli altı) manat olmaqla, ümumilikdə 29,086 (iyirmi doqquz min səksən altı) manatın tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4191/2021 saylı, 14 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddian təmin edilmişdir. Cavabdeh "xxxx" ASC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və işin baxılması üçün aidiyyəti üzrə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayəti bununla əsaslandırılmışdır ki, cavabdeh məhkəmə aidiyyətini kobud surətdə pozaraq Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Mübahisə kommersiya mübahisəsi olduğu halda Nərimanov Rayon Məhkəməsi aidiyyət qaydalarını pozaraq işə mahiyyəti üzrə baxmış və qərar çıxarmışdı. Cavabdeh qanunvericiliklə kommersiya mübahisəsi məhkəmə qaydasında baxılmadan əvvəl nəzərdə tutulmuş qaydanı pozaraq, mediasiya tələbinə riayət etmədən məhkəməyə müraciət etmişdir. Məhkəmə öz növbəsində bu tələb pozulduğuna baxmayaraq işə mahiyyəti üzrə baxıb qərar çıxarmışdır. İddiaçı X1 fərdi sahibkardır və cavabdehlə xidmət müqaviləsi bağlamışdır. İddiaçın fəaliyyəti sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olduğu üçün onun iddiasına ümumi məhkəmədə deyil, kommersiya məhkəməsində baxılmalıdır. Cavabdeh kommersiya mübahisələri üçün nəzərdə tutulmuş məhkəmədən qabaq mediasiya qaydasına əməl etməmiş, məhkəmə bu kobud pozuntuya baxmayaraq işi icraatına qəbul etmiş və mahiyyəti üzrə baxmışdır. İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməyib. Məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilməli və mülki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 30-cu maddəsinə əsasən bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən , onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, məhkəmələr məhkəmə aidiyyətini müəyyən edərkən üç əsas xüsusiyəti: işdə iştirak edən şəxslərin subyektiv tərkibini (hüquqi, fiziki şəxslər və sahibkarlar), mübahisənin predmetini (iddia ərizəsində və ya ərizədə qoyulan tələbin hansı fəaliyyətin həyata keçirilməsi ilə əlaqədar yarandığını) və hüquq münasibətinin xarakterini (mübahisənin hansı hüquq münasibətindən yaranması, məs, mülki, ailə, iqtisad və.s) yoxlamalıdır. Bununla yanaşı hər üç xüsusiyyət bir-biri ilə birbaşa bağlı olduğundan, məhkəmə aidiyyəti müəyyən edilərkən onların üçünün də yoxlanılması zəruridir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələrində baxılmalıdır. Hazırkı iddia tələbi də - kommersiya mübahisəsi olduğundan bu işə baxılması səlahiyyəti mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəməsinə aiddir. Belə ki, iddiaçı vergi ödəyicisi kimi kimi vergi uçotuna alınmış, VÖEN-ə malikdir, cavabdehlə 12 oktyabr 2018-ci il tarixli xidmət müqaviləsini də sahibkarlıq fəaliyyətini həyata keçirən şəxs kimi bağlayaraq həmin müqaviləyə əsasən İcraçı kimi Sifarişçinin Qazaxıstan Respublikasında icrasını həyata keçirdiyi Almatı layihəsində obyektlərin və mal materialların mühafizəsi üzrə işlərin icrasını və nəzarətini öz üzərinə götürmüşdür. Hazırki iddia ilə də həmin xidmət müqaviləsindən irəli gələn işlərə görə cavabdehdən pul tələb edir. Cavabdeh "xxxx" ASC-nin hüquqi ünvanının olduğu yer də Bakı şəhərində yerləşir. Ona görə də hazırkı iddiaya Bakı Kommersiya Məhkəməsində baxılmalıdır. Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə görə isə apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 387.2 və 387.2.9-cu maddəsinə əsasən işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. Həmin Məcəllənin 402.2 və 402.2.5-ci maddəsinə əsasən bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair qərardadlardan kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4191/2021 saylı, 14 sentyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 24.2, 26.1, 30, 31.1, 384.0.4, 385.1.1, 387.2.9, 402.2 və 402.2.5-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4191/2021 saylı, 14 sentyabr 2021-ci il tarixli qətnaməsi məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxıldığına görə ləğv edilsin və mülki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar