Məhkəmə qərarları › İş №2(103)-861/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-861/2025

25.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-861/2025 25.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “məhkəmə qətnaməsi əsasında sabit pul məbləğində tutulan alimentin cavabdehin qazancının və başqa gəlirinin 1/4 hissəsində tutulması və sair tələbləri barədə” iddiasına dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 08 oktyabr 2024-cü il tarixli qətnamədən iş üzrə tərəflərin ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətlərinə əsasən işə, İddiaçı özünün, Cavabdeh vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizələr ilə Rayon Məhkəməsinə müraciət edərək, aşağıda qeyd edilən iddia tələblərinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir: - onunla cavabdehin nikahından doğulmuş 1 uşağın – xx.xx.2022-ci il təvəllüdlü Hüseynin yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-595/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə təyin olunmuş 220 manat sabit pul məbləğində alimentin cavabdehin əmək haqqısının və başqa gəlirlərinin 1/4 hissəsinin tutulması ilə əvəz edilsin; - bu qaydada aliment xx.xx.2023-cü il tarixdən (münasibətləri pozulduğu vaxtdan) başlayaraq tutulsun; - həmçinin nəzərə alınsın ki, həmin tarixədək, yəni uşaq 1 yaş 3 aya çatana kimi cavabdeh uşağın xərclərini ödəməyib və həmin müddət üçün də aliment tutulsun; - uşaq 3 yaşına çatana kimi iddiaçının özünə görə cavabdehdən hər ay 400 manat aliment tutulsun; - uşağın müalicəsi üçün (anadangəlmə iki yastıpəncəlik) hər ay 150 manat pul tutulsun.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-595/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsi ilə hazırkı iş üzrə tərəflərin arasındakı nikahın pozulması, nikahın pozulmasından sonra uşağın – Hüseynin iddiaçının yanında saxlanılması, uşağın yetkinlik yaşınadək saxlanması üçün hər ay 220 manat alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. Cavabdeh işləyir və yüksək miqdarda əmək haqqı alır. Ona görə də əvvəlki qətnamə ilə hər ay tutulması qət edilmiş 220 manat sabit pul məbləğində aliment dəyişdirilməli və cavabdehin qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında müəyyən edilməlidir. Aliment bu qaydada tutularkən nəzərə alınmalıdır ki, iş üzrə tərəflərin münasibətləri xx.xx.2023-cü il tarixdə pozulmuşdur. Buna görə də, aliment həmin tarixdən başlayaraq tutulmalıdır. İş üzrə tərəflərin münasibətləri pozulan vaxt uşaq 1 yaş 3 aylıq olmuş, lakin cavabdeh uşağın zəruri xərclərinin qarşılanmasında iştirak etməmişdir. Buna görə də, həmin müddət üçün də cavabdehdən iddiaçının xeyrinə aliment tutulmalıdır. Uşaq doğulandan sonra iddiaçının özünün maddi dəstəyə ehtiyacı olmuşdur. Lakin cavabdeh iddiaçıya bu kimi dəstəyi göstərməmdir. Buna görə də, uşaq 3 yaşına çatana kimi iddiaçının özünə görə cavabdehdən hər ay 400 manat aliment tutulmalıdır. Uşaqda anadangəlmə iki ayağında da yastıpəncəlik var. İddiaçı uşağın müalicə xərclərini təkbaşına qarşılamış, amma cavabdeh həmin xərclərin qarşılanmasında heç vaxt iştirak etməmişdir. Buna görə də, uşağın müalicəsi üçün cavabdehdən iddiaçının xeyrinə hər ay 150 manat məbləğində pul tutulmalıdır. b) cavabdehin iddiaya münasbəti barədə məlumat

3. İşə baxmış Rayon Məhkəməsi məhkəmə iclasları barədə cavabdehə lazımi qaydada məlumat versə də, cavabdeh məhkəmə baxışında iştirak etməmiş və bunun səbəbləri barədə Rayon Məhkəməsinə məlumat verməmişdir. Bu səbəbdən də Rayon Məhkəməsi işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, 1 uşağın yetkinlik yaşınadək saxlanması üçün Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)-595/2024 nömrəli qətnaməsi ilə cavabdehdən tutularaq iddiaçıya ödənilən hər ay 220 manat sabit pul məbləğində alimentin cavabdehin qazancının və başqa gəlirlərinin 1/4 hissəsinin tutulması ilə əvəz edilməsini, uşaq 3 yaşına çatanadək cavabdehdən hər ay 50 manat məbləğində aliment tutularaq iddiaçıya ödənilməsini, iddianın qalan hissələrdə təmin edilməməsini, cavabdehdən 7,81 manat dövlət rüsumunun alınaraq dövlət büdcəsinə ödənilməsini qət etmişdir.

5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, yuxarıda qeyd edilən qətnamə ilə cavabdehdən uşağın saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin tutulması qət edilsə də, iddiaçı hazırda cavabdehin müntəzəm qazancının (aylıq əmək haqqının) olduğunu və həmin qazancın 1/4 hissəsinin 220 manatdan artıq olduğunu bildirərək, alimentin məhz qazancın müəyyən hissəsi kimi tutulmasını tələb edir. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, iddia həmin hissədə təmin edilməlidir. Alimentin bu qaydada tutulmasının xx.xx.2023-cü ildən başlanması barədə iddia tələbini isə Rayon Məhkəməsi əsaslı hesab etməmişdir. Belə ki, "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də Rayon Məhkəməsi hesab etmişdir ki, alimentin cavabdehin qazancının və başqa gəlirlərinin müəyyən hissəsi kimi tutulması hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlanmalıdır. Bundan başqa, Rayon Məhkəməsi uşaq 3 yaşına çatanadək iddiaçı üçün cavabdehdən hər ay 400 manat aliment tutulması tələbi ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında olan nikah pozulmuş və uşaq xx.xx.2025-ci il tarixdə 3 yaşına çatacaq. Uşağın doğulduğu gündən 3 il ərzində iddiaçının maddi yardıma ehtiyacının olub-olmamasından asılı olmayaraq cavabdehdən aliment almaq hüququ vardır. Həmin alimentin məbləğini müəyyən edərkən iddiaçının mənafeyi ilə yanaşı cavabdehin də mənafeyini, onun uşaq üçün də aliment ödəməsini nəzərə almış və belə qənaətə gəlmişdir ki, uşağın 3 yaşına çatanadək hər ay əlavə 400 manat alimentin tutulması işin hallarına uyğun deyil. İddia bu hissədə qismən, yəni 50 manat məbləğində təmin edilməlidir. Həmin ödənişin xx.xx.2023-cü il tarixdən başlanması barədə iddiaçının tələbi əsaslı deyil. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı qeyd olunan tələbi iddianın dəyişdirilməsi barədə xx.xx.2024-cü il tarixli ərizədə irəli sürdüyünə görə aliment məhz həmin tarixdən tutulmalıdır. Bundan başqa, uşağın müalicə xərci olaraq cavabdehdən hər ay 150 manat pulun tutulması barədə iddia tələbi də əsassız hesab edilməlidir. Belə ki, tərəflərin ümumi övladına “Anadangəlmə yastıpəncəlik (ikitərəfli)” diaqnozu qoyulmuşdur. Lakin iddiaçı məhkəməyə həmin uşağın əmək qabiliyyətinin olmaması, eləcə də xəstəliyi ilə əlaqədar göstərilən tibbi xidmətə, müalicəyə, yaxud kənar xidmətə görə hər hansı maddi vəsait tələb olunması barədə sübut təqdim edə bilməmişdir. Əksinə, müəyyən edilir ki, uşağa tibbi xidmətlər icbari tibbi sığorta hesabına həyata keçirilir. Ona görə hesab edilməlidir ki, iddiaçı cavabdehdən uşağın müalicə xərci qismində pul tələb etməkdə haqlı deyil. Bundan başqa qeyd edilməlidir ki, tərəflər arasında olan nikah hazırkı iş üzrə cavabdehin iddiası əsasında Sabunçu Rayon Məhkəmənin 2(008)-595/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə pozulmuş, həmin qətnamədə alimentin iddia ərizəsinin məhkəməyə daxil olduğu xx.xx.2023-cü ildən başlayaraq tutulması qət edilmişdir. İddiaçı hazırkı iddiada uşağın 1 yaş 3 ayına qədər olan müddət dedikdə, məhz xx.xx.2023-cü il tarixdən əvvəlki dövrü nəzərdə tutur. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı qeyd olunan müddətə görə aliment tələb edə bilmək üçün aliment almaq məqsədilə məhkəməyə müraciət edənədək tədbirlər görməsini, cavabdehin isə aliment verməkdən boyun qaçırmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməlidir. Lakin o, belə sübutlar təqdim edə bilməmişdir. Ona görə də qəbul edilməlidir ki, uşağın saxlanması üçün alimentin uşağın 1 yaş 3 ayına qədər olan müddət üçün də tutulması tələbi təmin edilməməlidir. d) apellyasiya şikayətləri barədə məlumat

6. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək uşağın 3 yaşınadək saxlanması üçün və digər əlavə xərcləri üçün cavabdehdən hər ay 150 manat məbləğində aliment tutulması, uşağın saxlanması üçün 1 yaş 3 ayına qədər olan müddət üçün də alimentin tutulması, uşağın müalicə xərcləri üçün cavabdehdən uşağın müalicəsi bitənə qədər hər ay ən azı 50 manat pul yardımının tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Əsasları iddianın əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd olunmuşdur ki, uşağın 3 yaşınadək saxlanması və əlavə xərcləri üçün cavabdehdən tutulan 50 manat məbləğində alimentin miqdarı azdır. Çünki cavabdehin rəsmi və yüksək maaşlı işi vardır. Uşağın istər qidası, istərsə də saxlanması üçün kifayət qədər əlavə xərcləri var. İddiaçı övladını tək və heç kimdən maddi yardım dəstəyi görmədən çox çətinliklə böyüdür. Həmin məbləğ artırılaraq ən azı 150 manat müəyyən edilməlidir. Bundan başqa, uşaq dünyaya gəldiyi gündən 1 yaş 3 ayına qədər atası tərəfindən heç bir maddi yardım görməmişdir. İddiaçı dəfələrlə cavabdehdən maddi yardım göstərməyini xahiş etsə də cavabdeh onu qovmuş və övladı üçün heç bir maddi yardım göstərməmişdir. Eyni zamanda, uşağın anadangəlmə yastıpəncəlik (ikitərəfli) xəstəliyi üçün müalicəsinə də ən azı 50 manat cavabdehdən tutulmalıdır.

8. Daha sonra iddiaçı “apellyasiya şikayətinin dəqiqləşdirilməsi barədə” vəsatətlə Məhkəməyə müraciət edərək xahiş etmişdir ki, aşağıdakı tələblər barədə qətnamə qəbul edilsin: - sabit məbləğdə tutulan aliment dəyişdirilsin və cavabdehin qazancının, başqa gəlirlərinin 1/4 hissəsi ilə əvəz edilsin; - uşaq 3 yaşına çatana kimi cavabdehdən hər ay 150 manat aliment tutulsun; - uşaq 1 yaş 3 aya çatana kimi (xx.xx.2023-cü il tarixədək) olan müddət üçün cavabdehdən iddiaçının xeyrinə aliment tutulsun; - uşağın müalicəsi üçün cavabdehdən hər ay 150 manat pul tutulsun; - göstərilən tutulmalar o, ərizə ilə Rayon Məhkəməsinə müraciət etdiyi vaxtdan (xx.xx.2024 tarixdən) tutulsun; - mediasiya xərci – 60 manat cavabdehdən onun xeyrinə tutulsun; - qəbul ediləcək qətnamə dərhal icraya yönəldilsin.

9. Cavabdeh də Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün onun aylıq əmək haqqısının 1/4 hissəsi miqdarında aliment tutularaq iddiaçıya ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi məhkəmə baxışının vaxtı və yeri barədə cavabdehə məlumat verilməmiş, cavabdehin və vəkilinin məhkəmə iclaslarında iştirakı təmin edilməmişdir. Nəticədə hərtərəfli məhkəmə araşdırması aparılmadan, cavabdeh tərəfin mövqeyi və sübutları, iddiaçının işlədiyi və yüksək məbləğdə əmək haqqı aldığı nəzərə alınmadan ədalətsiz və birtərəfli qətnamə qəbul etmişdir. Bundan başqa Rayon Məhkəməsi iş üzrə qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, cavabdehin özünün və ailəsinin vəziyyətini, işin diqqətəlayiq hallarını nəzərə almamışdır. Belə ki, cavabdehin büdcə təşkilatında işləməsini, aylıq stabil məvacib almasını, heç bir digər gəlirlərinin olmamasını və himayəsində müalicəsinə külli miqdarda vəsait xərclədiyi onkoloji xəstə anasının olmasını nəzərə almamış və bu barədə sənədləri əldə etməmişdir. e) apellyasiya baxışı iclasında tərəflərin iştirakı və verdikləri izahatlar barədə məlumat

11. Apellyasiya baxışı iclasında iştirak edən iddiaçı cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə etiraz etdi, özü tərəfindən verilmiş apellyasiya şikayətinin və “apellyasiya şikayətinin dəqiqləşdirilməsi barədə” vəsatəti müdafiə edərək, özünün apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi. O, əlavə olaraq bildirdi ki, uşağın ayaqlarını masaj etdirir və bunun üçün ayda 100- 150 manat pul xərcləyir. Buna görə də, hesab edir ki, cavabdeh ən azından ona ayda 50 manat pul verməlidir.

12. Cavabdehin vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin və “apellyasiya şikayətinin dəqiqləşdirilməsi barədə” vəsatətinə etiraz edərək, təmsil etdiyi cavabdehin şikayətini müdafiə etdi və bu şikayətin məzmununa uyğun izahat verdi. f) apellyasiya baxışının hədləri barədə məlumat

13. Hazırki apellyasiya baxışının hədləri ilə bağlı Məhkəmə bildirir ki, iddia tələblərindən birinin – “uşağın yetkinlik yaşınadək saxlanması üçün məhkəmə qətnaməsi əsasında sabit pul məbləğində tutulan alimentin dəyişdirilərək cavabdehin qazancının və başqa gəlirinin 1/4 hissəsində tutulması barədə” tələbin təmin edilməsi hissəsində Rayon Məhkəməsinin qətnaməsi mübahisələndirilməmişdir.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

15. Odur ki, göstərilənləri və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alan Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. g) mülki mübahisənin həlli və apellyasiya şikayətlərinin dəlillərinin qiymətləndirilməsi

15. Məhkəmə, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, cavabdehin apellyasiya şikayəti isə təmin edilməməlidir.

17. Belə ki, işdə olan sənədlərdən, iş üzrə tərəflərin məhkəmələr verdikləri məlumatlardan bəlli olur və tərəflər arasında mübahisə doğurmur ki, iddiaçı ilə cavabdeh xx.xx.2021-ci il tarixdə rəsmi nikaha daxil olmuş, həmin nikahdan onların 1 övladları doğulmuşdur: xx.xx.2022-ci il təvəllüdlü Hüseyn. Nikahdan uşağın olmasına baxmayaraq iş üzrə tərəflərin münasibətləri korlanmış və Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-595/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə nikahın pozulması, nikahın pozulmasından sonra uşağın hazırkı iş üzrə iddiaçının yanında saxlanılması, uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün, hər ay 220 manat sabit pul məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. İddiaçının iddiası əsasında Rayon Məhkəməsi hazırkı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə həmin alimentin cavabdehin qazancının və başqa gəlirlərinin 1/4 hissəsinin tutulması ilə əvəz edilməsini qət etmişdir.

18. İş üzrə tərəflər arasında mübahisə doğuran hallar iddia tələbinin qalan hissələri ilə bağlıdır.

19. Uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəlki qətnamə ilə cavabdehdən tutularaq iddiaçıya ödənilən hər ay 220 manat sabit pul məbləğində alimentin cavabdehin qazancının və başqa gəlirlərinin 1/4 hissəsinin tutulması ilə əvəz edilməsi məsələsində tərəflər arasında mübahisə olmasa da, iddiaçı hesab edir ki, işə baxmış Rayon Məhkəməsi yeni alimentin tutulması ilə bağlı tarixi qətnamədə göstərməməklə, belə mövqe nümayiş etdirmişdir ki, yeni qaydada aliment qətnamə qanuni qüvvəyə mindikdən sonra tutulmalıdır. İddiaçı hesab edir ki, Rayon Məhkəməsinin bu yanaşması səhvdir. İddiaçı hesab edir ki, yeni qaydada aliment, o, hazırkı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etdiyi vaxtdan tutulmalıdır (bax: “apellyasiya şikayətinin dəqiqləşdirilməsi barədə” ərizəyə).

20. Apellyasiya şikayətinin bu dəlili ilə bağlı Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

21. İş materiallarından isə görünür ki, iddia ərizəsi Rayon Məhkəməsinə xx.xx.2024cü il tarixdə daxil olmuşdur.

22. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, iddiaçının müzakirə edilən dəlili əsaslı, bu dəlilə qarşı cavabdehin etirazı əsassız, Rayon Məhkəməsinin isə müzakirə edilən nəticəsi isə səhvdir. Uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəlki qətnamə ilə cavabdehdən tutularaq iddiaçıya ödənilən sabit pul məbləğində alimentin cavabdehin qazancının və başqa gəlirlərinin 1/4 hissəsinin tutulması ilə əvəz edilməsi qaydasında aliment tutulması xx.xx.2024-cü il tarixdən başlanmalıdır.

23. İddiaçı, iddia ərizəsində özünün saxlanması üçün uşaq 3 yaşına çatanadək hər ay 400 manat məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsini tələb etmişdir. Rayon Məhkəməsi həmin tələbi qismən təmin edərək, alimentin miqdarını hər ay 50 manat müəyyən etmişdir. İddiaçı “apellyasiya şikayətinə əlavədə” bu kimi alimentin miqdarının hər ay 150 manat müəyyən edilməsini xahiş etmişdir (bax: “apellyasiya şikayətinin dəqiqləşdirilməsi barədə” ərizəyə).

24. Cavabdehin mövqeyindən bəlli olur ki, o, bu kimi alimentin ondan iddiaçının xeyrinə tutulması ilə ümumiyyətlə (məbləğdən asılı olmayaraq) razı deyil. Çünki o, büdcə təşkilatında işləyir, aylıq stabil məvacib alır, əlavə gəliri yoxdur, himayəsində müalicəsinə külli miqdarda vəsait xərclədiyi onkoloji xəstə anası var. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçı özü də işləyir və yüksək məbləğdə əmək haqqı alır.

25. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinə görə, hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən aliment ödəməyi tələb etmək hüququna malikdir.

26. İşin hallarını nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, iddiaçının maddi yardıma ehtiyacının olub-olmamasından asılı olmayaraq, uşağın doğulduğu gündən üç il ərzində cavabdehdən aliment tələb etmək hüququ vardır. İddiaçının özünün də işləməsi və gəlirinin olması ilə bağlı cavabdehin apellyasiya şikayətinin dəlili tələbin rədd edilməsi üçün əsas təşkil etmir.

27. Bu tələbin təmin edilməsinin şərti cavabdehin bunun üçün zəruri vəsaitə malik olmasıdır. Lakin Rayon Məhkəməsi iş üçün əhəmiyyət kəsb edən bu halı qətnaməsində şərh etməmişdir.

28. Apellyasiya baxışı zamanı iddiaçının vəsatəti əsasında 2023-cü ilin yanvar ayından hazıra qədər cavabdehin (iş yeri: Azərbaycan Respublikasının Strateji X3 Agentliyi) əmək haqqı hesabına hər ay hansı məbləğdə əmək haqqı mədaxil edilməsi barədə məlumat "xxxx" ASC-dən götürülərək tədqiq edilmişdir.

29. Cavabdehin adına "xxxx" ASC-nin Qaradağ filialında açılmış ******************** saylı əmək haqqı hesabı üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək olan müddətdə aparılmış əməliyyatlara dair çıxarışdan məlum olmuşdur ki, cavabdeh çalışdığı təşkilatdan hər ay stabil əmək haqqı və müəyyən aylarda əmək haqqına əlavələr (mükafatlar) almışdır (2023-cü ilin yanvar ayında 2.736 manat, fevral ayında 945 manat, mart ayında 2.657 manat, aprel ayında 1.069 manat, may ayında 1.069 manat, iyun ayında 190 manat, iyul ayında 1.069 manat, avqust ayında 1.069 manat + 285 manat mükafat, sentyabr ayında 1.069 manat, oktyabr ayında 1.069 manat, noyabr ayında 1.069 manat + 475 manat mükafat, dekabr ayında 1.069 manat + 190 manat mükafat, 2024-cü ilin yanvar ayında 1.666 manat, fevral ayında 1.069 manat, mart ayında 1.069 manat, aprel ayında 1.069 manat, may ayında 1.069 manat, iyun ayında 1.587 manat + 190 manat mükafat, iyul ayında 1.114 manat, avqust ayında 1.114 m + 190 manat mükafat, sentyabr ayında 1.142 manat, oktyabr ayında 1.142 manat, noyabr ayında 1.142 manat + 1.142 manat + 190 manat mükafat, dekabr ayında 1.142 manat + 300 manat mükafat, 2025-ci ilin yanvar ayında 1.114 manat + 1.666 manat mükafat, fevral ayında 1.587 manat məzuniyyət pulu).

30. Beləliklə Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, cavabdeh iddiaçının öüzü üçün aliment ödəmək üçün zəruri vəsaitə malikdir. Cavabdehin apellyasiya şikayətində qeyd edilən dəlilləri cavabdehin üç yaşına çatanadək aliment ödənilməsini tələb etmək hüququnu aradan qaldırmır. Bundan başqa, həmin dəlillər mötəbər sübutlarla təsdiq olunmur.

31. Tutulmalı olan alimentin miqdarı ilə bağlı isə Məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin 86-cı maddəsinə görə, aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ərarvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir.

32. Məhkəmə cavabdehin aylıq gəlirini nəzərə alaraq hesab edir ki, uşaq 3 yaşına çatanadək tutulmalı olan alimentin aylıq miqdarının 50 manat müəyyən olunması barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ədalətli hesab edilə bilməz. Bu baxımdan müəyyən edilir ki, iddiaçının müzakirə edilən dəlili əsaslı, bu dəlilə qarşı cavabdehin etirazı isə əsassızdır.

33. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, cavabdehin apellyasiya şikayətinin müzakirə olunan dəlili əsassız, iddiaçının apellyasiya şikayətinin müzakirə edilən dəlili isə qismən əsaslı hesab edilməli, Rayon Məhkəməsinin qətnaməsi həmin alimentin miqdarının müəyyən olunması hissəsində dəyişdirilərək alimentin miqdarı 100 manat müəyyən edilməlidir. Bu alimentin tutulması da iddia ərizəsinin Rayon Məhkəməsinə daxil olduğu xx.xx.2024-cü il tarixdən hesablanmalıdır.

34. Məhkəmə, uşağın müalicə xərcinə görə pul tələbi ilə bağlı bildirir ki, Ailə Məcəlləsinin tələblərinə görə, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər (maddə 81.1.). Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur (maddə 81.2.). Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər (maddə 81.3.).

35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilənlərə əsasən, Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin “əmək qabiliyyəti olmayan” müddəası yetkinlik yaşına çatmış övladın bu və ya digər xəstəlik və ya ondan yaranan qüsurlar nəticəsində əlilliyə məruz qalaraq, peşəkar və ya ümumi əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətini, yaxud imkanını tamamilə və ya qismən itirməsi kimi başa düşülməlidir. Ailə Məcəlləsinin 81.1-ci maddəsinin “və digər hallarda” müddəası əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidməti və ya müalicə ilə bu və ya digər şəkildə əlaqədar olan tibbi xidmətləri ehtiva edir. Ailə Məcəlləsinin 81-ci maddəsinin “göstərilən kənar xidmət” müddəası birbaşa tibbi xidməti deyil, yetkinlik yaşına çatmış və maddi yardıma ehtiyacı olan övladlar üçün göstərilmiş və ya gələcəkdə göstərilməsi zəruri olan əlavə xidmətlərə görə xərcləri nəzərdə tutur.

36. “Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” X7 verdiyi arayışından görünür ki, hazırki iş üzrə tərəflərin birgə övladı olan xx.xx.2022-ci il təvəllüdlü Hüseynə “anadangəlmə yastıpəncəlik (ikitərəfli)” diaqnozu qoyulmuşdur.

37. İddiaçı, iddia ərizəsində bu xəstəliyin müalicə xərci olaraq cavabdehdən hər ay 150 manat məbləğində pul tutulmasını tələb etmiş, Rayon Məhkəməsi isə iddiaçının bu tələbini əsassız hesab edərək öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı uşağın əmək qabiliyyətinin olmaması, eləcə də xəstəliyi ilə əlaqədar göstərilən tibbi xidmətə, müalicəyə, yaxud kənar xidmətə görə hər hansı maddi vəsait tələb olunması barədə məhkəməyə sübut təqdim edə bilməmiş, əksinə, bildirmişdir ki, uşağa tibbi xidmətlər icbari tibbi sığorta hesabına həyata keçirilir. Ona görə də iddiaçı cavabdehdən uşağın müalicə xərci qismində pul tələb etməkdə haqlı deyil.

38. Apellyasiya şikayətində isə iddiaçı uşağın müalicə xərcləri üçün cavabdehdən müalicəsi bitənə qədər hər ay ən azı 50 manat pul yardımının tutulması xahiş etmişdir.

39. O, Məhkəməyə verdiyi izahatda bildirmişdir ki, uşağın ayaqlarını masaj etdirir və bunun üçün ayda 100-150 manat pul xərcləyir. Buna görə də, hesab edir ki, cavabdeh ən azından ona ayda 50 manat pul verməlidir.

40. Cavabdehin bu tələbə qarşı olan etirazı isə ondan ibarətdir ki, tələb əsassızıdır və bundan başqa nəzərə alınmalıdır ki, onun bu xərci qarşılamağa maddi imkanı yoxdur.

41. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, iddiaçının müzakirə edilən bu iddia tələbi qismən əsaslı, cavabdehin bu tələbə qarşı bildirdiyi etiraz əsassız, bu tələbin rədd edilməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə isə səhv hesab edilməlidir.

42. Buna görə də, müzakirə edilən tələbin rədd edilməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ləğv edilməli, bu tələb qismən təmin edilməli və uşağın müalicəsi üçün əlavə xərc olaraq cavabdehdən iddiaçının xeyrinə hər ay 50 manat məbləğində pulun tutulması barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir.

43. Müzakirə edilən tələb iddia tələbinə dəqiqləşdirmə verilməklə sonradan, yəni xx.xx.2024-cü il tarixdə irəli sürülmüş olsa belə, uşağın mənafeyi nəzərə alınaraq uşağın müalicə xərcinə görə ödənişin başlanğıcı xx.xx.2024-cü il tarixdən, yəni iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edildiyi vaxtdan hesablanmalıdır.

42. Məhkəmə uşağın 1 yaş 3 ayına qədər olan alimentin cavabdehdən tutulması barədə iddiaçının tələbinə münasibətdə qeyd edir ki, Ailə Məcəlləsinin 100.3-cü maddəsinə görə, məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər.

43. İş üzrə tərəflər arasında olan nikah hazırkı iş üzrə cavabdehin iddiası əsasında xx.xx.2024-cü il tarixli qətnamə ilə pozulmuş, həmin qətnamədə alimentin 2(008)-595/2024 nömrəli mülki işin məhkəməyə daxil olduğu xx.xx.2023-cü ildən başlayaraq tutulması qət edilmişdir. İddiaçı hazırkı iddiada uşağın 1 yaş 3 ayına qədər olan müddət dedikdə, məhz xx.xx.2023-cü ildən əvvəlki dövrü nəzərdə tutur.

44. MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. Hazırkı iş üzrə iddiaçının qeyd olunan müddətə görə aliment tələb edə bilmək üçün aliment almaq məqsədilə məhkəməyə müraciət edənədək tədbirlər görməsini, cavabdehin isə aliment verməkdən boyun qaçırmasını sübut etmək vəzifəsi iddiaçı tərəfin üzərinə düşür. Lakin iddiaçı bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də iddiaçının şərh olunan tələbini rədd etməklə Rayon Məhkəməsi düzgün nəticəyə gəlmişdir.

46. Buna görə də, qəbul edilməlidir ki, iddiaçının apellyasiya şikayətinin Rayon Məhkəməsinin bu nəticəsinə aid dəlili əsassızdır.

47. Cavabdeh apellyasiya şikayətində həmçinin qeyd edir ki, işə baxmış Rayon Məhkəməsi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə ona məlumat verməmişdir.

48. Bununla bağlı Məhkəmə iş materiallarına əsasən qeyd edir ki, işə baxmış Rayon Məhkəməsi məhkəmə baxışı iclaslarının yeri və vaxtı barədə məlumatı özündə əks etdirən (kağız daşıyıcıda olan) “məhkəmə bildirişlərini” cavabdehin rəsmi ünvanı üzrə göndərsə də, müvafiq rabitə orqanı həmin bildirişləri “evdə yoxdur”, “ünvan tam deyil” və “ünvan tapılmır” qeydi ilə Rayon Məhkəməsinə qaytarsa da, iş materiallarından görünür ki, məhkəmə baxışı iclaslarının yeri və vaxtı barədə məlumatı özündə əks etdirən (elektron daşıyıcıda olan “sms”) “məhkəmə bildirişləri” cavabdehin adına olan telefon nömrəsinə çatdırlmış, lakin cavabdeh məhkəmə baxışı iclaslarında iştirak etməmiş və bunun səbəbləri barədə Rayon Məhkəməsinə məlumat verməmişdir.

49. Odur ki, göstərilənləri və MPM-in 185-ci maddəsinin tələblərini nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi işə cavabdehin iştirakı olmadan baxmaqda haqlı olmuşdur. Cavabdehin müzakirə edilən dəlili əsassızdır. h) apellyasiya baxışının nəticəsi

50. Odur ki şərh olunanları, MPM-in 385-ci maddəsinin tələbini nəzərə alan və MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən Məhkəmə MPMin 392, 393, 402 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 08 oktyabr 2024-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə qismən ləğv edilsin və dəyişdirilsin. Cavabdeh İddiaçı xeyrinə xx.xx.2022-ci il təvəllüdlü X4 üç yaşına çatana kimi 09 avqust 2024-cü il tarixdən hesablanmaqla hər ay 100 (yüz) manat sabit pul məbləğində aliment tutulsun. xx.xx.2022-ci il təvəllüdlü X1 müalicəsi üçün əlavə xərc olaraq Cavabdeh İddiaçı xeyrinə 09 avqust 2024-cü il tarixdən hesablanmaqla hər ay 50 (əlli) manat məbləğində pul tutulsun. xx.xx.2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi Cavabdeh İddiaçı xeyrinə hər ay tutulmalı olan cavabdehin əmək haqqısının və digər rəsmi gəlirlərinin 1/4 hissəsi miqdarında aliment İddiaçı məhkəməyə müraciət etdiyi 09 avqust 2024-cü il tarixdən tutulsun. Hazırki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 08 oktyabr 2024-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan qalan hissədə, yəni iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh 7,81 manat dövlət rüsumunun alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Nəzərə alınsın ki, hazırki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 08 oktyabr 2024-cü il tarixli qətnamənin qalan hissəsi, yəni xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşınadək saxlanması üçün Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli 2(008)-595/2024 nömrəli qətnaməsi ilə Cavabdeh tutularaq İddiaçı ödənilən hər ay 220 manat sabit pul məbləğində alimentin cavabdehin qazancının və başqa gəlirlərinin 1/4 (dörddə bir) hissəsinin tutulması ilə əvəz edilməsi hissəsi apellyasiya baxışının predmeti olmamışdır. Hazırki qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar