Məhkəmə qərarları › İş №2(103)-8614/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8614/2021

10.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8614/2021 10.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova X4 Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balaban Nərgiz Cəlaləddin qızının katibliyi ilə iddiaçı X3 Cavabdeh qarşı “alimentin miqdarının artırılması tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 26 may 2021-ci il tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən mülki işə iş üzrə tərəflərin iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 14.09.2020-ci il tarixli, 2(002)-1882/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, 27.09.2018-ci il tarixdə doğulmuş X1 və 13.01.2021-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün, hər ay, hər uşağa görə 175 manat, cəmi isə 350 manat sabit pul məbləğində alimentin, habelə hər iki uşağın 3 yaşına çatanadək əlavə olaraq 150 manat sabit pul məbləğində alimentin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qaradağ Rayon Məhkəməsinin 14.09.2020-ci il tarixli qətnaməsi ilə iddiaçı ilə cavabdehin arasında bağlanmış 26.09.2017-ci il tarixli nikahın pozulması, 27.09.2018-ci il təvəllüdlü Rüqəyyənin iddiaçının yanında saxlanılması, uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay cavabdehdən iddiaçının xeyrinə cavabdehin qazancının 1/4 hissəsi miqdarında alimentin, habelə uşaq 3 yaşa çatana qədər 70 manat, habelə iddiaçının hamiləliyi nəzərə alınaraq əlavə olaraq 30 manat məbləğində alimentin tutulması qət edilmişdir. Nikah pozulduqdan 4 ay sonra, yəni 13.01.2021-ci il tarixdə iddiaçı ilə cavabdehin ikinci övladı doğulmuşdur. Cavabdehin yuxarıda qeyd edilən qətnamə əsasında ödəməli olan alimentin məbləği birinci uşağın saxlanılması üçün kifayət etmir. Bundan başqa cavabdeh ikinci uşağın saxlanılması üçün iddiaçıya yardım göstərmir. Uşaqlar körpə olduqlarından iddiaçı işləyə bilmir və iddiaçının özünün də maddi yardıma ehtiyacı var. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 26.05.2021-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, tərəflərin birgə nikahından olan 27.09.2018-ci il təvəllüdlü Rüqəyyənin və 13.01.2021-ci il təvəllüdlü Xədicənin yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay cavabdehdən iddiaçının xeyrinə cavabdehin qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin, eləcə də 13.01.2021ci il təvəllüdlü Xədicənin 3 yaşına çatana kimi saxlaması üçün hər ay 70 manat sabit pul məbləğində alimentin tutulmasını, bu qaydada alimentin tutulması vaxtının 26.04.2021-ci il tarixdən hesablanmasını, qətnamə dərhal icra edilməsini, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, hər uşağa görə ondan iddiaçının xeyrinə tutulmalı olan alimentin məbləğinin 120 manat olmaqla cəmi 240 manat məbləğində müəyyən edilməsi, qətnamənin 13.01.2021-ci il təvəllüdlü Xədicənin 3 yaşına çatana kimi saxlaması üçün hər ay 70 manat sabit pul məbləğində alimentin tutulması barədə hissəsinin isə ləğv edilərək həmin tələbin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh ayda 840-850 manat əmək haqqı alır. Bunun qarşılığında hər ay “Soliton LTD“-yə 123 manat, "xxxx" ASC-yə 294 manat, "xxxx" MMC-yə 214 manat, “Kontakt Home” Mağazalar Şəbəkəsinə 250 manat məbləğində kredit borcu ödəyir. Rayon Məhkəməsinin qətnaməsində qeyd edilən qaydada aliment ödəməli olduğu halda isə cavabdehin aylıq ödəniş xərci 1.300 manat təşkil edəcək. Cavabdeh apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi. İddiaçı apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin məzmununa uyğun izahat verdi. Məhkəmə, hazırki iş üzrə apellyasiya baxışının hədləri ilə bağlı qeyd edir ki, Rayon Məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilsə də, iş üzrə iddiaçı iddia tələbinin bir hissəsinin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmış, qətnamədən apellyasiya şikayəti verməmişdir. Cavabdeh də qətnamədən verdiyi apellyasiya şikayətində Rayon Məhkəməsinin iddia tələbinin bir hissəsinin təmin edilməməsi barədə nəticəni mübahisələndirməmişdir. Odur ki, bunu və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.6-ci maddəsinin tələbini nəzərə alan Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 14.09.2020-ci il tarixli qətnaməsindən (İş № 2(002)-1882/2020) görünür ki, həmin qətnamə ilə hazırki iş üzrə iddiaçı ilə cavabdeh arasında bağlanmış 26.09.2017-ci il tarixli nikahın pozulması, 27.09.2018-ci il təvəllüdlü Rüqəyyənin iddiaçının yanında saxlanılması, uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay cavabdehdən iddiaçının xeyrinə cavabdehin qazancının 1/4 hissəsi miqdarında alimentin, habelə uşaq 3 yaşa çatana qədər 70 manat, habelə iddiaçının hamiləliyi nəzərə alınaraq əlavə olaraq 30 manat məbləğində alimentin tutulması qət edilmişdir. 5 saylı Asan Xidmət Mərkəzinin Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 05.03.2021-ci il tarixli, AZ-lV seriyalı, 572053 saylı “Doğum haqqında şəhadətnamədən” görünür ki, nikah pozulduqdan 4 ay sonra, yəni 13.01.2021-ci il tarixdə iddiaçı ilə cavabdehin ikinci övladı – Xədicə doğulmuşdur. İddiaçı bildirir ki, cavabdehin yuxarıda qeyd edilən qətnamə əsasında ödəməli olan alimentin məbləği birinci uşağın saxlanılması üçün kifayət etmir. Bundan başqa cavabdeh ikinci uşağın saxlanılması üçün ona yardım göstərmir. Uşaqlar körpə olduqlarından o işləyə bilmir. Buna görə də, cavabdehdən onun xeyrinə hər iki uşağın onun yanında qalması nəzərə alınmaqla aliment tutulmalıdır (tələb apellyasiya baxışının həddi nəzərə alınmaqla göstərilir). Cavabdeh isə apellyasiya şikayətində bildirir ki, o, ayda 840-850 manat əmək haqqı alır. Bunun qarşılığında hər ay “Soliton LTD“-yə 123 manat, "xxxx" ASC-yə 294 manat, "xxxx" MMC-yə 214 manat, “Kontakt Home” Mağazalar Şəbəkəsinə 250 manat məbləğində kredit borcu ödəyir. Buna görə də, o xahiş edir ki, ondan iddiaçının xeyrinə tutulmalı olan alimentin məbləğinin 120 manat olmaqla cəmi 240 manat məbləğində müəyyən edilsin. Mövcud mülki mübahisənin həlli ilə bağlı Məhkəmə qeyd edir ki, “Uşaq hüquqları haqqında” Bəyannaməyə görə, uşaq, qanunla və digər vasitələrlə sosial müdafıə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi və sosial baxımdan sağlam və normal yolla, azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə görə, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunun 19-cu maddəsinə görə, valideynlərin uşağın tərbiyəsində bərabər hüququ və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında Konvensiyasının” 18-ci maddəsinin tələbinə görə, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşaqların ən yaxşı maraqları onların əsas qayğı obyektidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin 4-cü bəndinə görə, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1.2-ci maddəsinə görə, valideynlər arasında alimentin ödənilməsi barədə razılıq olmadıqda aliment ödəməli olan valideyndən digər valideynin xeyrinə 2 uşaq üçün aliment ödəməli olan valideynin qazancın və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutulur. BMT-nin “Uşaq hüquqları haqqında Konvensiyasının” 3-cü maddəsinə görə, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Nəzərə alınsa ki, cavabdeh ayda təxminən 850 manat məbləğində aliment alır onda müəyyən edilir ki, o, hər uşağa görə iddiaçıya təxminən 140 manat ödəyir. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunundan görünür ki, 2021-ci il üçün isə yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Qanunla uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini nəzərə almaqla, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını nəzərə alan Məhkəmə bu nəticəyə gəlir ki, Rayon Məhkəməsi cavabdehdən iddiaçının xeyrinə 2 uşağa görə cavabdehin qazancının və başqa gəlirinin 1/3 hissəsi miqdarında alimentin tutulması barədə nəticəyə gəlməkdə haqlı olmuşdur. Alimentin daha aşağı məbləğdə müəyyən edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin qətnamənin müzakirə edilən bu hissəsinə aid dəlili əsassızdır. İddia ərizəsində iddiaçı daha sonra bildirir ki, uşaqlar körpə olduqlarından o işləyə bilmir və özünün də maddi yardıma ehtiyacı var. Buna görə də, 13.01.2021ci il təvəllüdlü Xədicə 3 yaşına çatana kimi saxlaması üçün cavabdehdən onun xeyrinə hər ay 70 manat sabit pul məbləğində alimentin tutulmalıdır (tələb apellyasiya baxışının həddi nəzərə alınmaqla göstərilir). Cavabdeh isə apellyasiya şikayətində bildirir ki, onun maddi vəziyyəti qeyd edilən 70 manat sabit pul məbləğində alimentin ödənilməsinə imkan vermir. Buna gərə də bu tələbin tələb rədd edilməsini xahiş edir. Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi qətnamə ilə 13.01.2021-ci il təvəllüdlü Xədicənin 3 yaşına çatana kimi saxlaması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay 70 manat sabit pul məbləğində alimentin tutulmasını qət etmişdir. Məhkəmə hesab edir ki, müzakirə edilən bu nəticə əsaslıdır. Belə ki, Ailə Məcəlləsinin 84.2.2-cü maddəsinin mənasına görə, ümumi uşaqların valideynləri bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və valideynlər arasında alimentin ödənilməsi barədə saziş olmadıqda, hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində uşaqların anası buna zəruri vəsaitə malik olan uşaqların atasından aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. İşin hallarından müəyyən edilir və cavabdeh tərəfindən iddia edilmir ki, iddiaçı, onun yanında qalan Xədicə körpə olduğu üçün işləmir. Bu səbəbdən iddiaçı qazanc əldə edə bilmir. Uşağa baxmaq üçün iddiaçı normal qidalanmalıdır. Nəzərə alınsa ki, 17 gündən sonra digər uşağın – 27.09.2018-ci il tarixdə doğulmuş Rüqəyyənin artıq 3 yaşı tamam olacaq və Ruqəyyəyə görə cavabdehdən iddiaçının xeyrinə 70 manat məbləğində pul daha tutulmayacaq onda hesab edilməlidir ki, Rayon Məhkəməsinin müzakirə edilən bu nəticəsi də qanunidir. Apellyasiya şikayətinin qətnamənin müzakirə edilən bu hissəsinə aid dəlili də əsassızdır. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi və apellyasiya baxışının predmetini təşkil edən nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 26 may 2021-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar