Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8644/2020 17.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «alimentin tutulması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(008)-5559/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin tutulması» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx xxxx 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 300 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(008)- 5559/2020 saylı qətnaməsi ilə (hakim Zaur Hacıyev) iddia qismən təmin edilmiş, cavabdehdən iddiaçının xeyrinə, xx xxxx 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün xx xxxxxxxx 2020-ci il tarixdən başlayaraq hər ay 170 manat sabit pul məbləğində alimentin tutulması, həmçinin cavabdehdən 30 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə keçirilməsi, iddianın qalan hissədə rədd edilməsi, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi qət olunmuşdur. Cavabdeh qeyd edilən qətnamədən apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 112.1.3cü maddəsinin tələbinə görə aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Göründüyü kimi, hazırki iş üzrə iddianın qiyməti 500 manatdan yuxarıdır. «Dövlət rüsumu haqqında» Qanunun 8.1.1 və 8.1.2-ci maddələrinin tələblərinə əsasən iddia qiyməti 500 manatadək olduqda 20 manat, 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. «Dövlət rüsumu haqqında» Qanunun 8.4.1-ci maddəsinin tələbinə görə apellyasiya şikayətlərindən bu Qanunun 8.1-ci maddəsi ilə müəyyən edilmiş dövlət rüsumunun 50 faizi miqdarında dövlət rüsumu ödənilir (qeyd edilməldiir ki, «Dövlət rüsumu haqqında» Qanunun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə iddialar üzrə yalnız iddiaçılar dövlət rüsumunun ödənilməsindən azaddırlar). Apellyasiya şikayətinə əlavə edilmiş dövlət rüsumu haqqında qəbzdən isə görünür ki, cavabdeh dövlət rüsumu kimi 15 manat ödəməli olduğu halda, cəmi 10 manat pul ödəmişdir. Bu hal isə apellyasiya şikayətinin MPM-in 363.1.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən qaytarılması üçün əsas hesab edilir. Eyni zamanda, apellyasiya şikayəti qanunvericiliyin tələblərinə uyğun qaydada tərtib olunmamış, şikayətdə onu verən şəxsin ünvanı, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin tarixi və s. göstərilməmişdir. MPM-nin 361.1.2-ci və 361.1.3-cü maddələrinin tələblərinə görə apellyasiya şikayətində şikayəti verən şəxsin soyadı, adı, atasının adı, iş yeri, yaşayış yeri, yaxud olduğu yer və işdə prosessual vəziyyəti, habelə barəsində şikayət verilən qətnamə, onun qəbul edilmə tarixi, nəticə hissəsi, qətnaməni qəbul edən məhkəmənin adı göstərilməlidir. Göründüyü kimi, birinci instansiya məhkəməsi qeyd edilən hallara da diqqət yetirməmişdir (apellyasiya şikayətində şikayəti verən şəxsin yaşayış yerinin göstərilməsi məhkəmə sənədlərinin lazımi qaydada çatdırılması baxımından da xüsusi əhəmiyyət kəsb edir). Bununla yanaşı, iddia qismən təmin olunmuş, qətnamə tərəflərə xx xxxxxxx 2020-ci il tarixli reyestrlə göndərilmiş, cavabdeh qətnamədən xx xxxxxxx 2020-ci il tarixdə apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsi isə apellyasiya şikayətinin verilmə müddətinin bitməsini gözləmədən apellyasiya şikayətini baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Halbuki, MPM-in 360-cı maddəsinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. MPM-in 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Məhkəmə aktlarından apellyasiya şikayəti verildiyi halda MPM-in 361 və 363-cü maddəsinin tələblərinin yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətinə aid olduğundan, apellyasiya qeyri-mümkün hesab edilməli, mülki iş mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı «alimentin tutulması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(008)-5559/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya qeyrimümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8644/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8644/2020
17.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver