Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-865/2021 16.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Vüqar oğlu və X1 ibarət tərkibdə, X3 oğlunun katibliyi, İddiaçı (həmçinin, digər iddiaçının nümayəndəsi) İddiaçı1, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı2 və İddiaçı1 Cavabdeh MMC-yə qarşı «əmək haqqının, vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(004)-4572/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı2 və İddiaçı1 Cavabdeh MMC-yə qarşı «əmək haqqının, vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, pozulmuş hüquqlarının bərpa edilərək, İddiaçı2 550 manat əmək haqqının, İddiaçı1 450 manat əmək haqqının, həmçinin 1250 manat vurulmuş maddi və mənəvi zərərin əvəzinin Cavabdeh MMC-dən tutularaq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı1 və İddiaçı2 xx.xx.2019-cu il tarixdə Cavabdeh MMC-də elektrik və elektrik köməkçisi vəzifəsində çalışmağa başlamışılar. İşlədikləri zaman əmək haqqları şirkət tərəfindən gecikdirilməsi və hissəhissə ödənilməsi səbəbindən İddiaçı2 xx.xx.2019-cu il tarixindən həmin şirkətlə əmək müqaviləsinə xitam vermişdir. Lakin İddiaçı2 hazıradək 550 manat əmək haqqı verilməmişdir. İddiaçı1 maddi vəziyyətnin çətin olmasını nəzərə alaraq həmin şirkətdə çalışmağa davam etmiş və əmək haqqını gecikmə ilə hissə-hissə almağa başlamışdır. Bu məsələ ilə bağlı Suraxanı rayon RPİ-nin 30-cu PB-nə şikayətlə müraciət etmiş, ifadələri alındıqdan sonra həmin şöbənin verdiyi cavabda işin onlara aid olmadığı qeyd edilmişdir. xx.xx.2020-ci il tarixdə İddiaçı1 Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət etmiş və bu müraciətdən sonra Cavabdeh MMC onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Həmin şirkətin digər tikinti sahəsində işə başlamağa çalışsa da, iki gündən sonra yuxarıda qeyd edilən məsələni səbəb göstərərək, oradan onu işlə təmin etməyə imtina etdilər. Beləliklə, Cavabdeh MMC əmək müqaviləsinə xitam verməklə İddiaçı1 gözləmədiyi anda gəlirsiz qoyaraq zərər vurmuşdir. İddiaçı1 3 ay ərzində yeni iş axtarmağa məcbur qalmış, daha sonra isə bütün dünyada və ölkəmizdə karantin rejiminin tətbiq edilməsi nəticəsində yaranmış vəziyyətə görə daha 2 ay işsiz qalmış, ailəsinə gəlir gətirə bilmədiyinə görə çətin vəziyyətdə olmuşdur. Əlavə olaraq bildirir ki, Cavabdeh MMC onunla əmək müqaviləsinə xitam verərək 450 manat vaxtında ödənilməyən əmək haqqını ödəməyib. «xxxx» ASC-nin əmək haqqı kartından təqdim etdiyi çıxarış işə əlavə olunmuş və həmin çıxarışda qeyd edilmişdir ki, xx.xx.2020-ci il tarixdə Dövlət Əmək Müffəttişliyi Xidməti apardığı araşdırmalar nəticəsində Cavabdeh MMC-ni cərimə edərək məsuliyyətə cəlb etmiş, lakin bu cərimənin cəmiyyətin ona borclu olduğu əmək haqqının ödənilməsinə təsiri olmamışdır. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(004)- 4572/2020 saylı qətnaməsi ilə (hakim Vahid Hacıyev) iddia qismən təmin olunmuş, İddiaçı2 işdən azad olunduğu xx.xx.2019-cu il tarixədək ödənilməmiş 550 (beş yüz əlli) manat əmək haqqının Cavabdeh MMC-dən tutularaq İddiaçı2 ödənilməsi, İddiaçı1 işdən azad olunduğu xx.xx.2020-ci tarixədək ödənilməmiş 450 (dörd yüz əlli) manat əmək haqqının Cavabdeh MMC-dən tutularaq İddiaçı1 ödənilməsi, işdən azad edildikləri vaxdan sonra əmək haqqının gecikdirilməsinə və vurulmuş mənəvi zərərin əvəzi olaraq Cavabdeh MMCdən iddiaçılar İddiaçı2 və İddiaçı1 hər birinin xeyrinə 150 (yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat pulun tutulması, Cavabdeh MMC-dən 30 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət olunmuşdur. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini – birinci instansiya məhkəməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, məhkəmə iclasında iştiraklarının təmin olunmaması, sübutları təqdim etmək imkanlarının olmaması, iddiaçıların əmək haqlarının ödənilməsi, onlara ziyan vurulmaması, iddiaçıların öz xahişləri işdən azad olunması, iddianın əsassız olması və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, orada göstərilən dəlillərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, birinci instansiya məhkəməsində işə onların iştirakı olmadan baxıldığından sübutlanı təqdim edə bilməmişlər. Hazırda apellyasiya şikayətinə iddiaçılarla bağlanmış əmək müqavilələrini, əmək müqavilələrinə xitam verilməsi barədə ərizələri, bildirişləri, iddiaçılara əmək haqqının ödənilməsi barədə çıxarışları və s. əlavə etmişlər. İddiaçılar öz xahişləri ilə işdən azad olunmuş, İddiaçı1 son dəfə 2019-cu ilin dekabr ayı üzrə, İddiaçı2 isə 2019-cu ilin avqust ayı üzrə əmək haqqı ödənilmişdir. İddiaçı1 ilə bağlanmış əmək müqaviləsinə xx xxxxxx 2020-ci il tarixdə, İddiaçı2 ilə bağlanmış əmək müqaviləsinə isə xx xxxxxxxx 2019cu il tarixdə xitam verilmişdir. İddiaçı1 2020-ci ilin yanvar ayı üzrə əmək haqqı ödənilməmişdir, çünki o, həmin ayda işə çıxmamışdır, lakin bununla bağlı məhkəməyə sübut təqdim edə bilmirlər. Eyni səbəblə, İddiaçı2 da 2019-cu ilin sentyabr ayı üzrə də əmək haqqı ödənilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini əsassız sayaraq, iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, əmək müqavilələrinə xitam verilənədək işdə olmuşlar, lakin cavabdeh təşkilat onların əmək hüquqlarını kobud surətdə pozmuş, əmək haqlarını tam ödəməmişdir. Bu hal Əmək Müfəttişliyi tərəifndən də müəyyə olunmuş, cavabdehin rəhbəri cərimə olunmuşdur. Qeyd edilələrə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.1ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan vəəlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, iddia ərizəsi qismən təmin olunmuş, iddiaçılar qətnaməni mübahisələndirməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası məhz cavabdehin apellyasiya şikayəti həddində (iddianın təmin olunmuş hissəsində) birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanmalıdır. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2020-ci il tarixli **********5 nömrəli məktubundan görünür ki, İddiaçı1 müraciəti əsasında araşdırma aparılmış və müəyyən edilmişdir ki, Cavabdeh MMC ilə İddiaçı1 arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə, İddiaçı2 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2019-cu il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən xitam verilmişdir. Eyni zamanda bildirilmişdir ki, son haqq-hesab Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin tələblərinə uyğun olaraq sonuncu iş günündə işəgötürən tərəfindən ödənilmədiyindən Cavabdeh MMC-nin rəhbəri barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tələblərinə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyanın 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ, İV, Vİ hissələri). Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra, ƏM) 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. ƏM-nin 9-cu maddəsinin «d» bəndinə əsasən işçinin qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq hüququ vardır. ƏM-nin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı seçkiliyə yol verlməməsi prinsplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir ƏM-nin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. ƏM-nin 154-cü maddəsinə əsasən əmək haqqı müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işgəbtürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylın məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. ƏM-nin 172-ci maddəsinin 1-ci hissəsinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. ƏM-nin 178-ci maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. İşin hallarından və təqdim olunmuş sənədlərdən görünür ki, əmək müqavilələri üzrə iddiaçıların hər birinin əmək haqqı 550 manat olmuş, əmək haqlarından çıxarışlara əsasən isə İddiaçı1 son dəfə 2019-cu ilin dekabr ayı üzrə, İddiaçı2 isə 2019-cu ilin avqust ayı üzrə əmək haqqı ödənilmişdir. Həmin sənədlərdən həmçinin görünür ki, İddiaçı1 ilə bağlanmış əmək müqaviləsinə xx xxxxxx 2020-ci il tarixdə, İddiaçı2 ilə bağlanmış əmək müqaviləsinə isə xx xxxxxxxx 2019-cu il tarixdə xitam verilmişdir (hər iki halda əmək müqavilələrinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin «a» bəndinə əsasən xitam verilmişdir). Göründüyü kimi, hətta cavabdehin özünün təqdim etdiyi sənədlərdən iddiaçılara əmək haqqının tam ödənilməməsi görünür (2020-ci ilin yanvar və 2019-cu ilin sentyabr ayları üzrə). Cavabdehin nümayəndəsi iddiaçıların həmin aylar üzrə işə çıxmamalarını göstərsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Eyni zamanda, işdə olan Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2020-ci il tarixli məktubundan da görünür ki, iddiaçılarla bağlanmış əmək müqavilələrinə xitam verilən zamanı son haqq-hesab Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin tələblərinə uyğun olaraq ödənilməmiş, bu səbəbdən də cavabdehin rəhbəri barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tələblərinə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi iddianı əmək haqqının ödənilməsi hissəsində təmin etməkdə haqlı olmuşdur. Cavabdeh tərəf bunun əksini sübut edə bilməmişdir Həmçinin qeyd edilməlidir ki, ƏM-nin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. ƏM-nin 288-ci maddəsinə əsasən işəgötürənin işçiyə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi fərdi əmək mübahisələrinin həlli zamanı nizama salınır. ƏM-nin 290-cı maddəsinin 3-cü bəndinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarında göstərildiyi kimi, mənəvi zərər qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlməklə, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi, ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib olan halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə əsasən müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2008-ci il tarixli, 7 saylı qərarının 10-cu bəndində göstərilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. İşin hallarından göründüyü kimi, iddiaçı tərəf pozulmuş əmək hüquqlarının bərpası üçün hüquq mühafizə orqanına, Əmək Müfəttişliyinə şikayətlər etmək, sonda isə məhkəməyə müraciət etmək məcburiyyətində qalmış, nəticədə onlara mənəvi ziyan dəymişdir. Beləliklə, işin faktiki halları və qanunvericiliyin qeyd edilən normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunmuş hissələrində əsaslı və qanunidir. Çünki, cavabdeh yoxlanılan hissələrdə etirazının əsası (həmçinin, apellyasiya şikayətinin dəlilləri) kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri qətnamənin yoxlanıdan hissələrdə ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Bu səbəbdən də, məhkəmə kollegiyası formal mülahizələrə söykənən apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq, onları əsassız hesab edir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı2 və İddiaçı1 Cavabdeh MMC-yə qarşı «əmək haqqının, vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(004)-4572/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(004)- 4572/2020 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən (yoxlanılan hissədə) dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-865/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-865/2021
16.02.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver