Məhkəmə qərarları › İş №2(103)-8651/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8651/2020

02.12.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8651/2020 02.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Cavabdeh iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2325/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbi ilə məhkəməyə müraciət edərək xx xxxxxx 2009-cu il təvəllüdlü X4 və xx xxxx 2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər uşağa sabit pul məbləğində 170 manat, cəmi 340 manat alimentin tutularaq iddiaçıya verilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə o, xx xxxxxx 2009-cu il tarixdə rəsmi nikaha daxil olaraq evlənmişlər, birgə nikahlarından xx xxxxxx 2009-cu il tarixdə X8 və xx xxxx 2012-ci il tarixdə X10 dünyaya gəlmişlər. Cavabdeh iddiası əsasında xx xxxxx 2015-ci ildə Yevlax Rayon Məhkəməsinin qətnaməsi əsasında iddia təmin edilmiş, iddiaçı Cavabdeh ilə cavabdeh X7 arasında bağlanmış xx xxxxxx 2009-cu il tarixli nikah pozulmuş, azyaşlı X8 və X10 yetkinlik yaşına çatana kimi analarının, yəni onun himayəsində saxlanılmışdır. Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment tutularaq azyaşlı uşaqların yetkinlik yaşına çatana qədər saxlanmaları üçün ona verilməsi qət edilmişdir. Daha sonra, Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qətnaməsi ilə Yevlax Rayon Məhkəməsinin qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək hər ay hər uşağa görə 117 manat, cəmi 234 manat sabit pul məbləğində alınması qət edilmişdir. Hazırkı məbləğ uşaqların saxlanılması üçün yetərli deyil. Ona görə də, cavabdehdən tutulan alimentin miqdarının artırılmasını xahiş edir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2325/2020 saylı xx xxxxxx 2020ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(010)- 4953/2016 nömrəli qətnaməsinə əsasən Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X8 və xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı xeyrinə tutulmuş alimentin məbləği artırılaraq hər uşaq üçün hər ay 170 manat olmaqla, hər ay cəmi 340 (üç yüz qırx) manat məbləğində müəyyən edilməsi, Cavabdeh dövlət rüsumunun əvəzi olaraq 10 (on) manat məbləğində pulun tutularaq dövlət büdcəsinə keçirilməsi, artırılmış aliment məbləğinin tutulmasının qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Suraxanı Rayon Məhkəməsində qətnamə qət edilərkən onun gəliri və digər təminatları nəzərə alınmamışdır. O, halhazırda işləyir və aylıq maaşı 380-390 manat civarında dəyişir. Belə olan təqdirdə qətnaməyə əsasən müəyyən edilmiş alimenti ödəməyi mümkün deyildir. Bundan əlavə o, İddiaçı boşandıqdan sonra yenidən ailə həyatı qurmuşdur. Faktiki nikahdan yetkinli yaşına çatmayan 1 övladı var. Məhkəməyə gəlirlərini, yenidən ailə qurduğunu, himayəsində azyaşlı uşağının olmasını və hər uşaq üçün 170 manat məbləğində alimentin ödəyə bilməyəcəyini bildirərək eiraz etməyinə baxmayaraq məhkəmə iddianı təmin etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apelyasiya şikayətini müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, qanunvericiliyin tələblərinə uyğun olaraq uşağın saxlanılması vəzifəsinin hər iki valideynin borcu olduğunu, hazırda ölkə ərazisində pandemiya olduğu üçün işlərin azaldığını nəzərə alaraq onun 340 manat məbləğində aliment ödəməsi real deyil. Hazırda mühafizəçi işləyir və aylıq qazancı 390 manat təşkil edir. X3 ilə ailə həyatı qurmuş və həmin nikahdan xx.xx.2018-ci il tarixdə Ayxan adlı övladı dünyaya gəlmişdir. O, övladlarının saxlanılması üçün alimenti ödəməkdən boyun qaçırmır və hazırkı aliment məbləğinin azaldılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2325/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi alimentin məbləği hissəsində dəyişdirilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli 2(010)-4953/2016 nömrəli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilərək sabit pul məbləğində müəyyən edilməsi tələbinə dair iddiası təmin edilmiş, Yevlax Rayon Məhkəməsinin xx xxxxx 2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx.xx.2016-cı il tarixindən başlayaraq, hər ay hər uşağa görə 117 manat, cəmi 234 manat sabit pul məbləğində alimentin alınması və İddiaçı verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İV № 469739 saylı “Doğum Haqqında” Şəhadətnamənin surətindən görünür ki, xx.xx.2018-ci il tarixdə doğulmuş X6 atası Cavabdeh anası X1r. İş materiallarına əlavə edilmiş “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli HR/20/0849 saylı arayışından görünür ki, Cavabdeh xx.xx.2014-cü ildən “xxxx” MMC-də Təhlükəsizlik işçisi vəzifəsində işləyir və vergilər tutulmadan aylıq əmək haqqı 390 manat təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 25-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. İş materiallarından müəyyən olunur ki, Nəzərov X2 Məhsəti Kərəm qızı ilə faktiki nikaha girmiş və həmin nikahdan xx.xx.2018-ci il tarixdə X11 dünyaya gəlmişdir. Göründüyü kimi, hazırki iş üzrə cavabdehin ailə vəziyyətində dəyişiklik olmuşdur. Cavabdeh alimet ödəməkdən imtina etmir və “xxxx” MMC-də Təhlükəsizlik işçisi vəzifəsində işləyir və vergilər tutulmadan aylıq əmək haqqı 390 manat təşkil edir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qətnaməsinin alimentin məbləğinə aid hissədə dəyişdirilərək xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 140 (yüz qırx) manat olmaqla, cəmi 280 (iki yüz səksən) manat sabit pul məbləğində müəyyənləşdirilməsini hazırki mübahisənin halları baxımından ədalətli və ağlabatan hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2325/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi alimentin məbləğinə aid hissəsində dəyişdirilərək həmin məbləğ hər ay hər uşaq üçün 140 (yüz qırx) manat olmaqla, cəmi 280 (iki yüz səksən) manat məbləğində müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh apelyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2325/2020 saylı xx xxxxxx 2020ci il tarixli qətnaməsi alimentin məbləğinə aid hissəsində dəyişdirilərək həmin məbləğ hər ay hər uşaq üçün 140 (yüz qırx) manat olmaqla, cəmi 280 (iki yüz səksən) manat məbləğində müəyyən edilisin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar