Məhkəmə qərarları › İş №2(103)-8659/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8659/2020

27.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8659/2020 27.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, 2(004)-5432/2020 saylı mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxxx 2020-ci il tarixli qərardadından İddiaçı verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək onun mülkiyyətində olan və Bakı şəhəri, Yasamal rayonu, 554-cü məhəllə, Şəhriyar küçəsi, bina 6-da yerləşə 34 saylı mənzilə dair onunla “xxxx” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış “İpoteka müqaviləsinə” xitam verilməsi və mənzilin ipoteka yüklülüyündən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində cavabdehlər kimi Cavabdeh1 və və “xxxx” ASC göstərilmişlər. İddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardad ilə iddia ərizəsini qaytarmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, iddia ərizəsində iki cavabdeh göstərilsə də, cavabdehlərə qarşı yönələn tələb aydın ifadə edilməmişdir. İddiaçı həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh İcra Şöbəsi məhkəmə qətnaməsinə əsasən həmin mənzilin açıq hərracdan satılması üçün hərracın təşkilini sifariş edən, Bank isə “İpoteka müqaviləsinə” xitam verməli olan təşkilatlar olduğu üçün cavabdehlər sırasına əlavə edilmişlər. Rayon Məhkəməsi isə bunu nəzərə almamışdır. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardad ilə şikayəti təmin etməmiş və baxılması üçün şikayəti, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayəti və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddia ərizəsini qaytarılması barədə qərardadda Rayon Məhkəməsinin istinad etdiyi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarına görə, iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir (maddə 149.2.3.). İddia ərizəsinin MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır (maddə 152.1.1.). Bununla bağlı Məhkəmə qeyd edir ki, Rayon Məhkəməsi iddia ərizəsini və ona əlavə edilmiş sənədləri qaytarmaqla iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir. Belə ki, iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı hər bir cavabdehin konkret hansı hərəkətləri etməli və ya hansı hərəkətləri etməkdən çəkinməli olmasını göstərməmişdir. Cavabdeh İcra Şöbəsinin hərracın qanunvericiliklə müəyyən edilmiş müddətlərə uyğun keçirilmədiyini təsdiq edəcəyini iddia edir. Göründüyü kimi, iddiaçının cavabdehlərin hər birinə qarşı irəli sürdüyü tələblər aydın deyil, cavabdehlərin hər birinə qarşı yönəlmiş tələblər iddia ərizəsində konkret olaraq göstərilməmişdir. Odur ki, Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar